5 Avqust 2015 20:33
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taleyim belə gətirib ki, rol seçməmişəm, hər zaman baş rollar təklif ediblər. Sevmədiyim rol təklifi də almışam, amma bacardıqca o roldan, təklifdən uzaqlaşmışam”.

Bunu Teleqraf.com-a açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kəmalə Hüseynova deyib. Onun sözlərinə görə, heç vaxt təklif olunan rollara kəskin formada etiraz etməyib: “Sadəcə, onlara demişəm ki, bu rolu oynayacaq teatrda çoxlu sayda aktrisa var. Bir dəfə teatrda mənə şahzadə obrazını oynamağı təklif etdilər. Bəlkə də başqa aktrisalar o rolu oynamaq üçün özlərini öldürərdilər. Amma mən oynamadım, iki məşqdən sonra imtina etdim. Səbəbi çox sadə idi. Aşağı keyfiyyətli qələmə malik olan bir yazıçı özündən bir şahzadə uydurub və rol cəmiyyətə heç bir mesaj ötürmür. Bu Kleopatra deyil, bu Antiqona deyil, bu Tomris, bu Natəvan, bu Məhsəti deyildi. Tamaşa və rol mən düşündüyüm kimi heç bir mesajı olmayan bir səhnə əsəri oldu. Keyfiyyətli tamaşa alınmadı, yəni seçimim doğru idi. Nə yaxşı ki, rejissorlar az-çox məni tanıdıqlarından çox vaxt özümə uyğun rolları verirlər. ”Pəri Cadu, “Qatarın altına atılan qadın”, “Müharibə”, “Ana qaz” tamaşalarından sonra ən azından keyfiyyətsiz bir rola heç vaxt yiyə durmaram.

Cəmiyyətə heç bir söz deyə bilməyən rolla nəyə görə səhnəyə çıxmalıyam. Ondansa sənətimi donduraram, bir, iki il oturub gözləyərəm. Çünki keyfiyyət mənim üçün əsasdır. Yaxşı obrazdırsa, nə dəxli var o küçə qadınıdır, yoxsa ev qadınıdır. Cəmiyyətə, insanlığa rol vasitəsilə mesaj ötürmək olursa, böyük məmnuniyyətlə onu oynayacam. Mən aktrisayam və istənilən gözəl rolları oynamağa hazıram".

Nərmin


Müəllif:

Oxşar xəbərlər