Hazırda aktiv naşirlik fəaliyyəti ilə məşğul olan Bəhram Bağırzadə az qala hər il yeni kitabını nəşr etdirir.
“Yazıçı” sözündən çəkindiyini deyən Bağırzadə Teleqraf.com-a açıqlamasında bu işlə sevə-sevə və peşəkarcasına məşğul olduğunu bildirib:
“O sözdən qorxuram. Mən naşirəm. Vaqif Səmədoğlu, Çingiz Abdullayev, Anar müəllimin yanında özümü yazıçı adlandırmağım ayıbdır. Bir də ki, kitablarımı özüm yazmıram. Onların hamısı insanlarla müsahibələr, söhbətlər üzərində qurulur. Mən daha çox naşirəm. Kitablarımı nəşr etdirməklə ürəyimi boşaldıram. O, mənim tribunamdır. Əvvəllər tribunam səhnə idi, indi yaşlaşıram, hiss edirəm ki, istədiklərimi KVN səhnəsində edə bilmirəm. Kitabda isə özüməm, mənim daxili mənimdir. ”Cavanlığımız şəhəri" kitabıma görə qazandığım Humay mükafatı təsdiq etdi ki, yazdıqlarıma tələbat var. Mən heç düşünməzdim ki, siravi KVN aktyorunun yazdığı kitabı nə vaxtsa alıb, oxuyarlar. Amma alırlar. Və mən hesab etmirəm ki, kitabların satışına aktyorluğum çox təsir edir. Çünki burda tanınmaqdan daha çox yazıdan söhbət gedir. Əgər KVN diskini alsaydılar, başqa məsələ. Artıq yazıçı, naşir kimi kitabımı alırlar. İnanın, neft satıb, milyonlar əldə etsəydim, o qədər sevinməzdim. Amma oxucuların 6-7 manata kitabımı alıb, oxuduğunu görəndə uşaq kimi ağlayıram. Həmişə hərəkətdə, fəaliyyətdəyəm. Məşhur bir fikir var: məqsəd heç nədir, əsas hərəkətdir. Puşkinin də bir sözü var: şair olmasam da, vətəndaşlıq mənim birinci borcumdur. Kitablarımda, karikaturalarımda, rəsm işlərimdə, foto layihələrimdə, KVN və kinodakı fəaliyyətimdə birinci növbədə vətəndaş mövqeyimində çıxış edirəm. Sadaladığım bu sahələrdə özümü həvəskar adlandırıram, bircə rejissorluqdan başqa. Çünki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. Vaxtı gələndə kinoda da öz sözümü deyəcəm. Sadəcə olaraq, indi buna hazır deyiləm. Dövlətin maliyyəsiylə kino çəkib, onu da Biləcəridən o yana çıxarda bilməyəcəmsə, çəkməsəm daha yaxşıdır".
Nərmin