27 Avqust 2015 11:57
1 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cizgi filmlərimizə biganəliyin səbəbi nədir?

Texniki üsulla Azərbaycanda ilk animasiya 1933-cü ildə çəkilib. İlk bədii animasiya isə iki alman tərəfindən 1936-cı ildə çəkilən “Əhmədin bəlası” filmidir. Sovet dönəmini də əhatə etməklə bu zamana qədər Azərbaycanda 100-dən çox animasiya filmi istehsal olunub.

Öncə qeyd edək ki, ölkəmizdə bu sahə ilə rəsmi olaraq məşğul olan qurum “Azanfilm” animasiya filmləri studiyasıdır. Hər il dövlət büdcəsindən bu studiyaya maliyyə ayrılır və həmin maliyyə hesabına filmlər istehsal olunur. İlə ən çoxu iki film çəkilir və təhvil verilir ki, bunlardan da tamaşaçıların xəbərləri yoxdur. Bir sözlə, Azərbaycanda animasiya film sahəsində bədii film sahəsindən də acınacaqlı vəziyyət hökm sürür. Mütəxəssislərlə bu mövzunu araşdırmağa çalışdıq.

Kadr yoxdur

Animator-rəssam Elçin Hami Axundovun sözlərinə görə, Azərbaycanda bir animasiya filmini üç rəssamla çəkməyə məcburdurlar: “Biz cəmi 3 animatorla çalışıb, ildə iki ya üç animasiya filmi çəkə bilirik. Heç bir film də gəlir gətirmir, çünki kino bazarımız yoxdur. Müqayisə üçün deyim ki, Disney studiyasında bir cizgi filminin üzərində 200 nəfərə yaxın animator, rəssam: fazaçı-rəssam, cizgiçi-rəssam, fon rəssamı çalışır. Ona görə film tez təhvil verilir. Və hər bir film ona çəkilən vəsaiti asanlıqla çıxara bilir. Bizdə əsas problem maliyyə, kadr çatışmazlığıdır. Bizdə peşəkar kadr çox azdır”.

Animatorları necə yetişdirək?

Əvvəllər rəssam –animator peşəsi ilə bağlı təhsil verən qurum olmayıb: “Animatorlar ancaq hər beş ildən bir açılan kurslarda hazırlanırdılar. 30 nəfərdən ibarət sonuncu buraxılış 1989-cu ildə oldu. 90- ci illərdə isə peşəkar rəssamlar başqa ölkələrə getməyə məcbur oldular, çünki burda vəziyyət yaxşı deyildi, iş yox idi. Sonra bir vaxtlar çox az müddətə həmin kursları bərpa etdim amma o da uzun müddət yaşaya bilmədi. Əgər biz Azərbaycanda animasiya filmlərinin çoxalmasını, ümumiyyətlə isə bu sahənin inkişaf etməsini istəyiriksə, mütləq animasiya kursları açılmalıdır. Ancaq kurslar təşkil etməklə biz bu sahəni inkişaf etdirə bilərik. Nəticə də kadrlar çoxalacaq, bu sahə inkişaf edəcək, onlar da sonra animasiya studiyaları açacaqlar. Bütün bunlar da maliyyə istəyir. Mən uzun illər əvvəl Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycanda Milli Animasiyanın İnkişafına dair layihə təqdim etmişdim. Layihə üçün 150-160 min manat maliyyə vəsaiti lazım idi”.

“Azanfilm”in keçmiş direktoru Fariz Əhmədov deyir ki, ixtisaslaşmış kadrın hazırlanması 4-5 il vaxt tələb edir: “Bəzi adamlar animasiya sənətinə o qədər də maraq göstərmirlər. Hətta əvvəllər bu işlə məşğul olanlar da. Çünki dediyim kimi 1 ilə 10 dəqiqəlik film çəkilir. Yaradıcı insan üçün vacib amillərdən biri yaradıcı mübadilə mühiti ilə təmin edilməsidir. Biz il ərzində çəkilən filmləri festivallara göndərməklə yanaşı hər hansı kinofestival çərçivəsində özümüz də belə filmlərin nümayişinə yer ayırırdıq. Azərbaycan animasiya sənətinin inkişafını yalnız Azərbaycan mütəxəssisləri təmin etməlidirlər, bizim tamaşaçıya lazım olan obrazları yalnız onlar daha dəqiq yarada bilərlər. Ona görə bizim əsas dayağımız yerli mütəxəssislər olmalıdır. Amma başqa ölkələrin mütəxəssisləri ilə əməkdaşlığı da istisna etmək olmaz”.

Mədəniyyət və Turizm Nazirliyinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bu sahənin hər zaman nazirliyinin diqqət mərkəzində olduğunu deyir: “Əlbəttə ki, biz başa düşürük ki, cizgi filmlərimiz çox istehsal olunmalıdır. Uşaqlarımız bizim qəhrəmanlarımız əsasında yaradılan filmlərə baxmalıdırlar. Uşaqların tərbiyəsində, onların zövqlərinin formalaşmasında milli dəyərlərimiz əsas rol oynamalıdır. Ona görə nazirlik cizgi filmlərinin istehsalına diqqətlə yanaşır”.

Bəlkə də ara-sıra əvvəllər çəkilən animasiya filmlərinə efirlərdə rast gəlmək olar, amma müstəqillik qazanılandan sonra istehsal olunan filmlərin bu şansı qazanması çox müşkülə çevrilib. Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də dəfələrlə bununla bağlı narahatlığını dilə gətirib. O ki, qaldı serialların istehsalı kimi cizgi filmlərinə də maliyyə ayrılması məsələsinə... Nuşirəvan Məhərrəmli qeyd edib ki, milli cizgi filmlərinə maliyyə ayrılması ilə bağlı müraciət seriallara maliyyə yardımı başa çatandan sonra ediləcək.

TV-lərin cizgilərimizə biganəliyi nədəndir?

Elçin Hami Axundov animasiya filmlərimiz bizim televiziya kanallarında göstərilməməsinin səbəblərini belə şərh edib: “Kanallar bizim filmləri pul verib almaq istəmirlər. Onlara 1-2 manat verib prokatdan animasiya filmini alıb nümayiş etdirmək daha asan başa gəlir. 1966 –ci ildən animasiya sahəsində çalışıram. Bu vaxta qədər uşaqlara həsr etdiyim çoxlu sayda animasiya filmlərim var. Mənim elə bütün rəssamlıq fəaliyyətim uşaqlarla bağlıdır. Əvvəllər istehsal olunan animasiyaları ilk öncə uşaqlara nümayiş etdirərdik. İndi uşaqların “Məlikməmməd”, “Cırtdan”, “Təpəgöz”, “Cavanşir”, “Qızıl”, “Qarğa balası və özgə yuvası”, “Güzgü” kimi nağıllar əsasında çəkilən filmlərimizdən xəbərləri yoxdur. Axı niyə onlar bu filmlərə baxmasınlar? Uşaqlarımız öncə milli cizgi filmlərinə baxmalıdırlar. Biz bununla öz milli vətəndaşlarımızı yetişdirməliyik. Animasiya filmləri uşaqlarda daha güclü tərbiyəvi əhəmiyyətə malikdir. Müasir uşaqların zövqünü oxşamaqdan çox, onlara yeni estetik zövq aşılamaq lazımdır”.

“Azanfilm”in maddi bazasının zəif olduğunu deyən animator-rəssam Arif Məhərrəmovun fikrincə, bu sahəyə yalnız Mədəniyyət və Turizm Nazirliyi deyil, telekanallar da həvəsli olmalıdır: “Ancaq o zaman inkişaf ola bilər. “Azanfilm”in maddi bazası çox zəifdir. Son zamanlar kadrlar da məhv olub. İlk növbədə bazanı möhkəmləndirmək lazımdır. Bunun üçün lazimi texnologiyalarla studiyanı təmin etmək və kadrların yetişməsi üçün kurslar açılmalıdır. Həmçinin dövlət həmin kursları bitirən uşaqların daimi işlə təmin olunmasına da zəmanət verməlidir”.

Bəs sənət keyfiyyəti?

Arif Məhərrəmovun sözlərinə görə, indiyə qədər “Azanfilm”də çəkilən filmləri ortabab filmlər kimi qiymətləndirmək olar: “Bəzisi texniki, bəzisi bədii cəhətdən məni heç qane etmir. Bəsit ssenarilər də çox olub. Məsələn, “Cırtdan və təpəgöz” texniki cəhətdən daha mükəmməl olsa da animasiya cəhətdən bunu deyə bilmərəm. Bilirsiniz, bu sahə inkişaf etmək üçün yeni ssenaristlər, rejissorlar olmalıdır. Əfsus ki, bunların heç biri yoxdur. Əvvəlki kadrlarla da ortabab filmlər ərsəyə gəlir”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər