Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümə digər teatrlardan daha tez - sentyabrın 10 -da start verəcək.
Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Telqraf.com-a açıqlamasında bildirib ki, teatrın ilk iş günündə Bədii Şuranın üzvləri 2015-ci ilin sonuna qədər olan müddət üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrın repertuarında olan təqribən 20 tamaşa 60 dəfəyə yaxın nümayiş etdiriləcək. Yeni teatr mövsümünün açılışı ötən mövsüm Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazanmış “O olmasın, bu olsun” tamaşasıyla baş tutacaq. Dahi Üzeyir Hacıbəylinin bu ölməz sənət əsəri 10 sentyabr tarixində Bakıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə keçirilən Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə “Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasının iştirakçılarına ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunacaq.
Qarşıdakı dörd ay ərzində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, xalq artistləri Afaq Bəşirqızının, İlham Namiq Kamalın, Fatma Mahmudovanın, iki il ard-arda “İlin ən yaxşı gənc aktrisası” nominasiyasının qalibi olmuş Gültac Əlilinin, tamaşaçıların gördükləri zaman simalarını təbəssüm bürüyən əməkdar artistlər Əkbər Əlizadənin, Novruz Qartalın, Nərgiz Kərimovanın, Ələkbər Əliyevin, Çingiz Əhmədovun iştirakıyla “Toya bir gün qalmış”, “Qızıl toy”, “Bankir adaxlı”, “Ər və arvad”, “www-ferzeli-kef.com”, “Kimdir müqəssir” və başqa tamaşaları izləyə biləcəklər. Habelə rus dilli və balaca tamaşaçılar üçün “Fransız sayağı qarnir”, “Skapenin kələkləri”, “Düyməcik”, “Yağış göbələyinin macərası”, “Dəcəl çəpişlər” və başqa səhnə əsərləri nümayiş olunacaq. Sentyabr ayının son günlərində SSRİ xalq artisti, böyük bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” tamaşasının premyerası nəzərdə tutulur. Oktyabr ayında teatrda məşhur Robert Sturuanın rəhbərlik etdiyi Rustavili Teatrının qastrolu planlaşdırılır. Noyabr ayında isə ölməz gülüş ustası Bəşir Səfəroğlunun 90 illik və bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilən Afaq Bəşirqızının 60 illik yubiley tədbirləri keçiləcək. 25 dekabr tarixindən isə 2016-cı ilin gəlişiylə bağlı Yeni İl şənliklərinə start veriləcək.
Nərmin