4 Sentyabr 2015 15:39
4 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan mühacirət irsinin araşdırılması” adlı yeni layihəyə başlayırıq. Layihə çərçivəsində Sizlərə dörd yazı təqdim ediləcək. Layihənin ən önəmli cəhəti budur ki, yazıda ilk dəfə görəcəyiniz fotolar yayımlanacaq.

Layihə çərçivəsində Azərbaycan Cümhuriyyətinin önəmli simalarından Məhəmməd Əmin Rəsulzadəyə aid yeni məktublar, fotolar, eləcə də, Rəsulzadə ilə birlikdə Türkiyəyə mühacirətə getmiş silahdaşları Abbasqulu Kazımzadə, Məhəmmədəli Rəsulzadə, Mirzə Bala Məmmədzadə kimi şəxslərə aid yeni fotolar, məlumatlar təqdim ediləcək.

Əslində, bu layihəni hələ ötən il Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı verilmiş fərmanına əsasən hazırlamaq istəyirdik. Lakin fotoları, məktubları əldə etməyimiz bir qədər gec olduğu üçün bu ay ərzində baş tutası oldu.

İlk yazımız Abbasqulu Kazımzadənin Azərbaycanda və mühacirətdəki mübarizəsi və onun Türkiyədə açdığı “Azərbaycan Kırtasiye mağazası” haqqında olacaq.

Abbasqulu Kazımzadə haqqında materiallar demək olar ki, yoxdur. Tapa bildiyimiz əsas material mərhum tarixçi Mövsüm Əliyevin araşdırmaları oldu.

Dəftərxana dükanındakı gizli toplantı

Bu araşdırmalardan məlum olur ki, Abbasqulu Kazımzadə 1882-ci ildə Bakının Maştağa kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, sonralar üçüncü müsəlman-rus məktəbində davam etdirib.

A.Kazımzadə M.Ə.Rəsulzadə ilə eyni dönəmdə siyasi fəaliyyətə başlayıb. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (RSDFP) nəzdində yaradılan Zaqafqaziyada ilk müsəlman sosial-demokrat qrupu “Hümmət” təşkilatında M.Ə.Rəsulzadə N.Nərimanov, M.Əzizbəyov, M.H.Mövsümov, M.H.Hacınski ilə yanaşı Abbasqulu Kazımzadə də var idi.

O, həmçinin ictimai işlərdə də fəal adam idi. Bakıda yeni tamaşaların səhnəyə qoyulmasına, “Molla Nəsrəddin” jurnalının yayılmasına dəstək göstərib.

1904-cü ildə Abbasqulu bəy Çar hökuməti tərəfindən həbs olunub.

Bu dövrlərdə onun indiki İstiqlaliyyət küçəsi ətrafında dəftərxana dükanı vardı. Bu dükan həm də gizli yığıncaq yeri idi. Sonralar Abbasqulu bəy Türkiyəyə mühacirətə gedəndə yenidən dəftərxana dükanı açır ki, təqdim edəcəyimiz fotolar da bununla bağlıdır.

1911-ci il mayın 15-də Abbasqulu Kazımzadə yenidən həbs edilir. O, pantürkist ideyaları yaymaqda təqsirləndirilərək tutulur, həmin ilin iyulun 14-də azad edilir.

1911-ci ilin oktyabrında isə Bakıda Məhəmmədəli Rəsulzadə, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə tərəfindən “Müsəlman Demokratik Partiyası – Müsavat” yaradılır. Bununla bağlı Məhəmmədəli Rəsulzadə yazır: “1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: “Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım”- dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra Müsavat partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Əmin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi”.

Beləliklə, M.Ə.Rəsulzadə Azərbaycana qayıtdıqdan sonra partiyanın əsas simalarından birinə çevrilir, 1917-ci ildə isə bu partiya Nəsib bəy Yusifbəylinin sədri olduğu “Türk-ədəmi-mərkəziyyət” Partiyası ilə birləşdikdən sonra gələcək Cümhuriyyətin əsas simvoluna çevrilir.

Cümhuriyyət dönəmində 1918-ci il oktyabrın 7-də Bakı qubernatorunun müavininin icazəsi ilə A.Kazımzadənin rəhbərliyi ilə “Türk ocağı” adlı mədəni-maarif cəmiyyəti yaradılır.

1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamenti yaradıldıqdan sonra Kazımzadə Bakıdan millət vəkili seçilir. O, parlamentdə Müsavat fraksiyasının Təsərrüfat quruculuğu komissiyasına rəhbərlik edir.

Həbsxanada davam edən dostluq

Abbasqulu Kazımzadə Rəsulzadənin ən çətin günlərində yanında olur. Cümhuriyyətin işğalından sonra Rəsulzadə onunla birlikdə Lahıca sığınır. Onlar burada bir neçə ev dəyişir və ən son Əliabbas Səfərbəyovun evində qalırlar. Lakin evində qaldıqları adamın satqınlığı nəticəsində çekistlər onları İsmayıllının Aşıqbayram kəndinin yanında ələ keçirirlər. Bu xidməti müqabilində ona qoşalülə tüfəng hədiyyə edirlər. Rəsulzadəni satan bu adam 1927-ci ildə zindana atılaraq öldürülür.

Ələ keçirilən müsavatçılar “Çeka” adlanan siyasi polis müəssisəsinin fövqəladə işlər Şöbəsi olan “Osobı otdel”ə təslim edilirlər.

Rəsulzadə “Stalinlə ixtilal xatirələri” adlı əsərində Abbasqulu bəylə həbsdə nələr yaşadıqlarını qeyd edir: “İlk düşüncəmiz quru asfalt üzərində yatmamaq üçün bir çarə aramaq idi. Qaryola-filan (çarpayı) aramaq əbəsdi. Mən də, arkadaşım Abbasqulu da çarlıq dövrünün həbsxanalarını boylamış adamlar idik. O zaman da asfalt zəmin üzərinə yataqlarımızı sərər, eləcə yatardıq. Fəqət indi sərəcək yataq da yoxdu.

Qardiyanlara (gözətçilərə) vücudumuzu soyuq yerdən ayıracaq bir şey bulunamazmı, deyə maraqlandıq. Bir çarə bulundu. Həyətdə bir neçə yeşik vardı. Bunları bizim ricamız üzərinə Qızıl Ordu nəfərləri dərhal sökdülər və parçalarını bizə verdilər. Bunları altımıza döşəyərək eləcə yatdıq”.

Lakin vaxtilə Stalinlə olan münasibətləri Rəsulzadəni ölümdən xilas edə bilir. Onu yanına çağıran Stalin Rəsulzadəyə açıq şərt qoyur: “Buradakılar (yerli kommunistləri nəzərdə tutaraq) Sizdən qorxurlar, bir qismi “Müsavat” rəisi öldürülməlidir deyir, bir qismi də yox, ömrü olduqca həbsdə qalsın, təklifi edir. Fəqət mən bu iki ehtimalın heç birini Sizə rəva görmürəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insansınız. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz burada qalın, istəsəniz mənimlə bərabər Moskvaya gedək – ki bunu mən Sizə şəxsən tövsiyə edirəm, çünki buradakılar Sizi rahat buraxmayacaqlar və zühur edəcək hər hansı bir hadisəni bəhanə edərək, Sizi məsuliyyətə çəkəcəklər – istəsəniz dünyanın seçdiyiniz hər hansı bir tərəfinə gedin, bir sözlə, azadsınız”.

Rəsulzadə razılaşır və bir neçə gündən sonra Stalinlə birlikdə Moskvaya gedən qatarla yola düşürlər.
Lakin verilən vədə baxmayaraq Abbasqulu Kazımzadəni Rəsulzadədən ayırırlar:

“Abbasqulu Stalinin mənə verdiyi ilk sözə görə Moskvaya bizimlə bərabər gələcəkdi. Son dəmdə ona bu “şərəfi” vermək istəmədilər. Yerli kommunistlərin ona qarşı xüsusi bir nifrəti vardı. İdeoloji mübarizə illərində onları ən çox pozan, məğlubiyyətə uğradan o, olduğundan onu mütləq incitmək və hər cür həqarətlə “alçaltmaq” istəyirdilər. Abbasqulunu Moskvaya canilərə məxsus adi sürgün eşolonunda göndərmişdilər; həbsxanadan-həbsxanaya keçə-keçə o, nəhayət, Moskvanın Lubyanka deyilən meydanındakı məşhur Butırka zindanına salınmışdı. Bir müddət burada da “staj” keçdikdən sonra qapıları açmış, onu küçəyə atmışdılar. Abbasqulunu bir işə qoymaq lazım gəlirdi. Onun üçün Berzanovskinin bələdçiliyi ilə yenə Stalinin yanına getdik, bu zaman o, Millətlər Komissarlığı, qısaca Narkomnats (rusca Narodnıy komissariat nasionalnostey sözlərinin baş hərflərindən ibarətdir) Nazirliyi Xalq komissarı (naziri) idi. Millətlər Komissarlığı nazirinin otağında görüşdük. Əvvəllər məşğul olduğu dəftərxana məmulatı ticarətinə münasib olaraq Abbasquluya yeni yaranmaqda olan komissarlığında təchizat məmurluğu verilməsi üçün Stalin Berzanovskiyə təlimat verdi…”.

Rəsulzadə Abbasqulu bəyin sonrakı taleyinə də əsərində aydınlıq gətirir: “Mən Moskvadan məzuniyyət alıb, Leninqrada yola düşdüyüm zaman Məhəmməd Əli Narkomnats yanında mövcud olan bir kooperativin nümayəndəsi kimi Bakıda idi. Abbasqulu da sonradan bir məzuniyyət uyduraraq mən Leninqradda ikən Moskvadan Bakıya getmişdi. Fin sahilinə çıxdığımı aramızda qərarlaşdırdığımız bir vasitə ilə Bakıya bildirəcəkdim. Mənim fin qayığı ilə salamat sahilə çıxdığım xəbərini alınca, hər iki yoldaş dərhal əvvəlcədən hazırlanmış olan bir türkmən qayığına minərək Xəzər dənizinə çıxmış və günlərlə su üzündə qalaraq, nəhayət, İranın Pəhləvi (o zaman Ənzəli) limanına varmışdılar”.

Əziz Alpoudun xatirəsi

Onu da qeyd edək ki, digər bir mühacirimiz, “Əhrar” partiyasının üzvü, 2 min km məsafəni İrandan Türkiyəyə velosipedlə gedən Əziz Alpoud “Həyatımın hekayətləri” kitabında Bakıda məhbəs günlərini yazarkən Rəsulzadə və Abbasqulu Kazımzadə haqqında da qeydlər verir. Müəllifin hər iki şəxsdən xoşunun gəlməməsi qeydlərindən açıq görünsə də, bu dönəm haqqında bilgi verməsi baxımından maraqlıdır:

“Bir ara Abbasqulu mənim qarşıdakı hücrədə olduğumu öyrənmişdi. Tualetə gedəndə, qapısının ağzından keçdiyimi görüb, dönməyimi gözləmişdi və içəridən mənə: “Ya cədda!” deyə qışqırdı. Dostlarım seyid olduğuma görə, məni çox vaxt “Ağa” və ya “Ya cədda” deyə çağırardılar. Onu tanıdığımı bildirmək üçün mən də: “Xoş gəlmisən, “Əcəba” – deyərək hücrəsinin önündən keçdim. Abbasqulu danışanda tez-tez “əcəba” ifadəsini işlətməkdən xoşlanırdı. Buna görə də dostları ona “Əcəba” adı vermişdilər”.

Əziz Alpoud özünün həbsxanada çətin şəraitdə qaldığını, Rəsulzadə və Abbasquluya isə yaxşı şərait yaradıldığını iddia edir. Amma Rəsulzadənin əsərindən aydın olur ki, vəziyyət heç də belə deyildi.

Qürbətdə yenidən dəftərxana işi

Cümhuriyyətin işğalından sonra Müsavat Partiyası xaricdə fəaliyyət göstərməyə başlayır. M.Ə.Rəsulzadə 1922-ci ildə Türkiyəyə gələrək Müsavat Partiyasının Xarici Bürosunu təşkil edir. İstanbulda fəaliyyət göstərən Xarici Büronun sədri Məhəmməd Əmin Rəsulzadə, katibi Mirzə Bala Məmmədzadə, xəzinədarı Xəlil bəy Xasməmmədov idi. Məmmədsadıq Axundzadə və Abbasqulu Kazımzadə Büronun üzvləri idilər.
1929-cu il 27 dekabrından etibarən Türkiyədə Rəsulzadəgil “Odlu Yurd” adlı bülleten çap etməyə başlayırlar. “Odlu Yurd” bülleteni Abbasqulu Kazımzadənin sahibi, Kamalın isə məsul müdir olduğu gündəlik yayın orqanı idi.

A.Kazımzadənin sahibi olduğu digər bir qəzet “Bildiriş” idi. 1930-cu ilin avqustun 7-dən İstanbulda nəşrə başlayan və 1931-ci ilə qədər nəşr edilən bu qəzetin imtiyaz sahibi A.Kazımzadə, redaktoru M.B. Məmmədzadə olub.

Abbasqulu Kazımzadə sağda

Abbasqulu Kazımzadə mühacirətdə ikən İstanbulda Bəyaziddə “Azərbaycan Kırtasiye mağazası”nı açır. Bu mağazanın hazırda üç fotosunu əldə etmişik. Fotoların birində Abbas bəy mağazanın qarşısında bir şəxslə dayanıb. Fotonun arxasında yazılıb: “28 mayın ildönümü günü çəkilən foto”

Digər bir foto isə mağazanın ümumi görüntüsüdür. Fotodan görünür ki, mağazanın vitrinində Azərbaycan Cümhuriyyətinin liderlərinin fotoları, üçrəngli bayrağımız, gerbimiz, müxtəlif bülletenlər asılıb. Mağazanın taxta qapısınını üzərindən lövhə asılıb. Lövhədə yazılıb: “Azərbaycan Kırtasiye mağazası. Kazımzadə Abbas bəy”.

Fotoda mağaza qıfıllı görünür. Bunun səbəbi isə vitrindəki yazıdan aydın olur: “27 nisan Azərbaycan Cümhuriyyətinin ruslar tərəfindən işğal altına alındığı məşum günə təsadüf etdiyindən mağazamız bu gün qapalıdır”.

Həmin mağazada satılan bayraqlardan və həmçinin mağazaya aid rəsmi bir sənədi də əldə etmişik.
Sənədin mətnini yazıldığı formada təqdim edirik:

“İstanbul Kırtasiye deposu Baş memurluğuna.
“Efendim. Bendeniz Azerbaycan türklerindenim ve kırtasiye levazimatında ihtisasım vardır. İdareniz dahilinde münhal bulunan Depo memurluğuna tayinim hakkında muktazi muamelenin icrasını istirham eylerim, efendim”.

Kazımzade Abbas

Adres: “Büyük Reşit paşa caddesi Kurultay sokak N 1, İstanbul Beyazit”.

Göründüyü kimi, məktub Abbasqulu bəyin işlə təmin olunması ilə bağlı müraciətidir.
Daha öncə əldə etdiyimiz Rəsulzadəyə aid bir poçt açıqcası da Polşadan Abbasqulu bəyə Kırtasiye mağazasına göndərilmişdi. Həmin məktubun mətnini bir daha təqdim edirəm:

Abbas Bey

Beyazitte Havuz karşısında "Azerbaycan" kirtasiye mag. İstanbul (Turquie)

24/VII/32
“Azizim Abaskuli!
Mektubunu aldım. Temennilerine ve vefakar tavsiyelerine teşekkür ederim. Lehistanın bu şirin yaylağında istirahattayım. Yeriniz malum. 3 hafta daha gezeceğim. Şeker yoktur. Fakat daha taplamadım. Mektubuna tafsilen sonra cevap vereceğim. Şu kadar yazayım ki, hiç te merak etme! Baki gözlerinden öperim azizim!

M.Emin”

Sağdan: Abbasqulu Kazımzadə, Mirzə Bala Məmmədzadə, naməlum, Məhəmmədəli Rəsulzadə

Əldə etdiyimiz digər bir fotoda isə Abbasqulu Kazımzadə Mirzə Bala Məmmədzadə və Məhəmmədəli Rəsulzadə çəkilib. Fotodakı dördüncü şəxs isə “arzuolunmazlardan” idi.

Abbasqulu Kazımzadə 1932-ci ildə Berlində çıxan “İstiqlal”, 1934-cü ildən nəşrə başlayan “Qurtuluş” jurnallarında Abbas Eldəniz imzası ilə yazılar yazıb. İkinci Dünya müharibəsi başlayanda yenidən Türkiyəyə qayıdıb.

1947-ci il iyulun 29-da vəfat edib, Əsri məzarlığında dəfn olunub.

Qaynaqlar:

1. Mövsüm Əliyev - “Abbasqulu bəy Kazımzadə”
2. M.Ə.Rəsulzadə - “Stalinlə ixtilal xatirələri”
3. “Rəsulzadə ensiklopediyası”
4. Şəxsi arxiv materialları

Dilqəm Əhməd

Yazıda istifadə olunan fotolar “Bakcell” şirkətinin maliyyə dəstəyi hesabına əldə edilib.


Müəllif:

Oxşar xəbərlər