Tanınmış şair Salam Sarvan gənc yazar Kəramət Böyükçölün Bəxtiyar Vahabzadə və Əhməd Cavad haqda yazdığı fikirlərə münasibət bildirib.
Teleqraf.com-un məlumatına görə, S.Sarvan K.Böyükçölün fikirlərinə görə tənqid edilməsini haqsızlıq sayıb.
S.Sarvan deyib: “Bu, kimin ağzından çıxıbsa, kişi adam olub ki, bir “burcutmaq” sözü vardı. Yəni sözü deyəndə birbaşa deyin, burcutmayın. Kəramət Böyükçölün Bəxtiyar Vahabzadə və Əhməd Cavad haqda fikirləri yüzdə yüz düzdür. Özü də heç kəsi təhqir etmədən deyib. Mən cavanlıqda xarratlığla məşğul olmuşam deyə, ağacları bir-birindən ayıra bilirəm. Sonra yaradıcılıqla məşğul olduğumdan yazını da tanıya bilirəm: yəni Kəramətin o fikirlərində hətta ironiya da yox idi. Yaxşı, bunları buraxın bir yana, keçək Mirzə Ələkbər Sabirə. Əziz həmvətənlər, əgər dostlarımızdan biri Əhməd Cavad haqda qəti bir fikir deyibsə, deməli, o arxayındı düşüncələrində, yəni onu axıracan oxuyub. İndi mən sizə desəm ki, Mirzə Ələkbər Sabir bizə təqdim olunduğuna rəğmən, talantsız və faydasız şair olub, o dəqiqə məni söyməyə girişməyin. Əvvala, mənim kimi zəhmət çəkib, Sabiri axıracan oxuyun. Oxuduz? Həə, indi qayıdın ilk səhifəyə və təzədən oxumağa başlayın. Bu zaman baş barmağınızı şəhadət barmağınıza birləşdirin. Vəssalam, qalanıyla işiniz olmasın, öz-özünə çırtma alınacaq. Və siz Sabiri oxumağa davam etdikcə bu dəhşətli çırtma səslərini eşidəcəksiz. Ona görə də biz deyəndə ki, Mirzə Sabirin də yaradıcılığı aldanışdı, biz deyəndə ki, indiki meyxanaçılar onun düşünüb yazdığını indi bədahətən deyə bilirlər, əsəbləşməyin”.
Qeyd edək ki, Kəramət Böyükçöl Facebokda yazdığı statusunda Bəxtiyar Vahabzadə və Əhməd Cavad haqqında tənqidi fikirlərini qeyd edib. Bundan sonra gənc yazara bəzən təhqirlərlə müşayiət olunan hücumlar başlayıb.