11 Sentyabr 2015 18:33
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli teatrın yeni mövsüm hazırlıqları ilə bağlı suallarımızı cavablandırıb. İlin sonuna kimi iki yeni tamaşanı təqdim edəcəklərini bildirən rejissor onlardan birinin TÜRKSOY-un xətti ilə ərsəyə gəldiyini deyib: “Bilirsiniz ki, hər il teatr mövsümü dövlət teatrlarının birində başa tutur. Bu il Azərbaycan teatrının yeni mövsümünün açılışı sentyabr ayının 14-də Gəncə şəhərində olacaq.

Mövsümün təntənəli açılışı nəzərdə tutulub. Açılışdan sonra Gəncə Teatrının bir tamaşası nümayiş olunacaq. Bu, Cəlil Məmmədquluzadənin ”Dəli yığıncağı" əsərinə hazırlanan yeni tamaşadır. Bundan sonra biz Şəkiyə qayıdacağıq və burda mövsümün açılışını sentyabrın 16-17-i “Sevgililərin cəhənnəmdə vüsalı” ilə gerçəkləşdirəcəyik. Bu tamaşaya görə teatrımız Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görüldü. Ondan başqa teatrımızda yeni tamaşaya hazırlıq işlərinə start verilib. Bu il TÜRKSOY məşhur türk dramaturqu Haldun Tanerin yüzilliyini elan edib. Və bizim teatrın da bu mərasimə bir töhfəmiz var. Buna görə Haldun Tanerin “Haldun Taner və dəyirman dönərdi” əsərini səhnələşdirməyə qərar verdik. İlin sonuna kimi daha bir tamaşanın üzərində işə başlayacağıq. Bu dəfə Şəfayət Mehdiyevin “Vicdan yükü” əsərini səhnələşdirəcəyik".

Baş rejissor həmçinin teatrda əcnəbi həmkarlarla mübadilə prosesinin olacağını da bildirib: “Gələcəkdə teatra əcnəbi ölkələrdən rəssam, baletmeyst və rejissor dəvət edəcəyik. Dəvət etməyin ən gözəl variantı mübadilə zamanı olur. Məsələn, ordan bir rejissor gəlib burda tamaşa hazırlayır, əvəzində bizdən də bir rejissor ora gedib orda tamaşa hazırlayır. Bu, çox yaxşı ənənədir. Çox güman ki, belə mübadilə üçün yeni layihələrimiz olacaq”.

“Gənclərlə işləməyə maraqlıyıq”

Teatrın gənc dramaturqlarla işləməyə həvəsli olduğunu bildirən M.Səlimli hazırda sənət ocağı üçün sifarişlə əsərlər yazıldığı qeyd edib: “Gənc dramaturqlarla işləməyə maraqlıyıq. Hətta bizim sifarişimizlə yazılan əsərlərimiz var. İndiyə qədər teatra 10-a qədər əsər təqdim olunub. Hamısını oxuyub, Bədii Şurada müzakirəyə çıxaracağıq”.

Qastrol və festivallarda iştiraka gəlincə, rejissor bunun gələn ilin planları sırasında olduğunu deyib: “Biz bu il iki festivalda: Konya şəhərində keçirilən Türkdilli dövlətlərin beynəlxalq teatr festivalında və Gerasun-Aksu Teatr Festvalında iştirak etmişik. Ona görə qastrol və festivallar gələn ilə qalacaq. Əcnəbi ölkələrə getmək, orada teatrla bağlı müzakirələrdə iştirak etmək böyük stimul verir. Əgər biz Konyaya getməsəydik, Haldun Tanerin yüzilliyində iştirak etməyəcəkdik. TÜRKSOY-un sədri bizim teatrmızı yaxşı tanıdığına, tamaşalarımızı bəyəndiyinə görə belə bir təkliflə çıxış etdi və biz də bunu yüksək qiymətləndirdik. Tamaşaya baxmaq üçün TÜRKSOY-un xəttiylə Haldun Tanerin həyat yoldaşı və bir qrup türkiyəli teatr xadimləri Şəkiyə gələcəklər”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər