14 Sentyabr 2015 18:59
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı baş tutub. Bu münasibətlə Gəncədə əsl incəsənət bayramı yaşanıb.

Mərasim başda Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev olmaqla nazirliyin məsul əməkdaşlarının, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin, tanınmış incəsənət xadimlərinin, Azərbaycanda fəaliyyət göstərən teatrların rəhbərlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. Ulu öndərin xatirəsi ehtiramla yad edilərək, abidə önünə gül dəstələri qoyulub. Sonra mərasim iştirakçıları milli-mənəvi dəyərlərimiz olan tarixi abidələri-çökək hamam, Şah Abbas məscidi, Cavad xan türbəsini ziyarət ediblər. Bayram tədbiri xalq qəhrəmanı Cavad xanın adını daşıyan küçədə davam etdirilib. Gəncə Dövlət Dram Teatrının aktyorları Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrinin əsərlərindən parçalar nümayiş etdiriblər. Tədbir iştirakçıları musiqi sədaları altında küçə boyu nümayiş etdirilən qədim el sənətkarlığı nümunələrinə baxıblar, məktəblilərin çıxışlarını dinləyiblər. Körpə fidanların ifasında səsləndirilən şeirlər, musiqi məktəbləri nümayəndələrinin çıxışları hərarətlə qarşılanıb.

Tədbir Məhsəti Gəncəvi Mərkəzinin qarşısında təşkil olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Dünya mədəniyyətinə əvəzsiz incilər bəxş etmiş Gəncənin şair və yazıçılarının, o cümlədən Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin, Nigar Rəfibəylinin obrazları canlandırılıb. Xalq artisti Şahnaz Haşımovanın ifa etdiyi mahnılar iştirakçılarda xoş ovqat yaradıb.

Sonra Məhsəti Gəncəvi Mərkəzi ilə tanışlıq olub. Nazir Əbülfəs Qarayev, Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev, eləcə də tanınmış teatr və incəsənət xadimləri mərkəzi gəzərək, burada yaradılan şəraitlə tanış olublar, gənc rəssamların əsərlərindən ibarət sərgiyə baxıblar. Mərkəzlə tanışlıqdan sonra dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəli önündə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı maraqlı proqramla çıxış edib.

143-cü teatr mövsümünün açılışı Gəncə Dövlət Kukla Teatrı kollektivi üçün ikiqat bayrama çevrilib. Belə ki, həmin gün əsaslı təmirdən sonra teatr binasının açılışı olub. Aktyorlar binanın qarşısında müxtəlif uşaq tamaşalarından səhnəciklər nümayiş etdiriblər. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev teatrın açılışını bildirən qırmızı lenti kəsiblər.

Teatr bayramı Gəncə Dövlət Dram Teatrında 143-cü teatr mövsümünün açılışı ilə davam edəcək. Açılışda Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.

Nərmin


Müəllif:

Oxşar xəbərlər