"Brifinq"in qonağı gənc opera ifaçısı, əməkdar artist Afaq Abbasovadır. Dövlət Akademik Opera və Balet Teatrının solisti olan Afaq xanımla klassik musiqinin incəliklərindən, dünya və Azərbaycan tamaşaçılarının operaya münasibətindən danışdıq. Gənc vokalçı bu yaxınlarda Milanda keçirilən mədəniyyət günləri çərçivəsində Azərbaycan pavilyonundan ətraflı söz açdı, gələcək planlarından bəhs etdi. Gənclərə geniş imkan yaradıldığını deyən əməkdar artist gənclərin operaya münasibətinə aydınlıq gətirdi.
Nərgiz Ehlamqızı: Afaq xanım, Siz Azərbaycanı beynəlxalq tədbirlərdə təmsil edirsiniz, önəmli mərasimlərdə çıxışlarınız olur. Amma mətbuatda müsahibəniz barmaqla sayılacaq qədərdir. Niyə jurnalistlər üçün bu qədər əlçatmazsınız...
- Vaxt azlığı ucbatından müsahibələr alınmır. Səfərlərdə çox oluram, Azərbaycanda olanda da tamaşalar, konsertlərdə çıxış edirəm. Hətta televiziya verilişlərinə belə çatdırıb gedə bilmirəm. Jurnalistlərə dəvət etdiyi, müsahibəyə çağırdıqları üçün təşəkkür edirəm, vaxt azlığından çox müsahibələr verə bilmirəm.
"Teatrda çalışdığım müddətdən bəri elə baş rollar oynayıram"
N.Ehlamqızı: Opera sənətinə gəlişiniz barədə məlumat verin, necə oldu bu sənətə gəldiniz?
-Bakı Musiqi Akademiyasında opera sinfini bitirəndən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmağa başladım. Opera üzrə professor Fidan Qasımova, rejissorluq üzrə isə ölkəmizin birinci xanım rejissoru professor Gülcahan Güləhmədova-Martınovadan dərs almışam. Teatrda gənclərə çox şərait yaradılır. Teatrın rəhbəri Akif müəllim Məlikova çox minnətdaram. O, özü, truppa müdiri və baş dirijor məni dinlədi, sonra oxumaq üçün partiya verdilər. Cüzeppe Verdinin "Traviata" operasını sınaq üçün oxudum. Opera və Balet Teatrında oxumaqla yanaşı, aktrisalıq da önəmlidir, çünki bura konsert zalı deyil. Mənə tapşırılan partiyanı ifa etdim və sınaqdan uğurla keçdim. Ardınca böyük operalarda baş rollar aldım. Teatrda çalışdığım müddətdən bəri elə baş rollar oynayıram (gülür).
Nərmin Muradova: Səsinizi kim kəşf edib?
- Valideynlərim ziyalıdır, ailədə musiqiçi yox idi. Mən rəssamlıq üzrə təhsil almışdım. Sonra Asəf Zeynallı adına musiqi kollecində oxudum, orada gördüm ki, klassik musiqi tamam fərqli şeydir, tək musiqi ilə kifayətlənməməlisən, oxumalı, dünyagörüşünü genişləndirməlisən. 17 yaş insanın özünü dərk edən bir dövrüdür, o yaşda fikirləşdim ki, musiqidən ayrı qala bilmərəm. Daha sonra Bakı Musiqi Akademiyasına qəbul oldum. Hər kəs orta məktəbdə dərnəklərdə, xorda oxuyur. Mən oxuyanda deyirdilər, Afaq, sənin səsin var. Mən də deyirdim ki, olsun da, onsuz da musiqiçi olmayacağam ki. Həyat belə gətirdi ki, musiqiçi oldum. Nə yaxşı ki, professional opera ifaçısı oldum, indi səhnəsiz yaşaya bilmərəm.
N.Muradova: Gənclərin çoxu operaya getmir. Gəlirli sahə olmadığına görə bu sahədən qaçırlar. Bu barədə Siz nə düşünürsünüz?
- Bu, hər kəsin özündən asılıdır. Hamı özünə uyğun peşə seçir. Deməzdim ki, mən operanı kənara ataram. İndi toy bazarı var, belə şeylər məndən tamamilə uzaqdır. Mənim indi 17 yaşlı tələbələrim var, operada oxumağı arzulayırlar. Düzdür, onların səsi inkişaf etməlidir ki, sonra oxuya bilsinlər. Belə gənclərin sayı az olsa da, var. Opera elə musiqi janrıdır ki, onu hər kəs dinləyə bilməz. Onu yalnız yüksək savadı olan insan qavraya bilər.
Dilqəm Əhməd: Operanı çəngəl-bıçaq səsi gələn yerə salmaq olmaz?
- Mən belə düşünürəm. Əslində, bu sənətin təbliğata da ehtiyacı var.
D.Əhməd: Hansı musiqi məktəbində dərs deyirsiniz?
- Asəf Zeynallı adına musiqi kollecində dərs deyirəm.
N.Muradova: Bu yaxınlarda yeni tamaşanı təqdim etdiniz. "Manon Lesko" tamaşasında baş rol ifaçısı idiniz. İlk baş rolunuz hansı olub?
- Cüzeppe Verdinin "Traviata" operasında Violetta obrazını oynamışam.
N.Muradova: Gənclərə baş rolda oynamaq üçün şərait yaradılır?
- Opera və Balet Teatrına gələndə gənclər sınanır. Səsə uyğun partiya verilir. Vaxt ötdükcə hər kəs inkişaf edir. Mən özüm də bir yerdə dayanmıram, yaşım artdıqca inkişaf edirəm. Hər yaş düşüncəni, oxu tərzini dəyişdirir. Düzdür, əsas baza olmalı və onun üzərində işləmək lazımdır.
"Puççininin "Tosko" operasından yaşıma görə imtina etmişəm"
N.Muradova: Sonuncu tamaşanız barədə təəssüratlarınız necədir?
- Sonuncu dəfə Cakomo Puççinin "Manon Lesko" tamaşasını oynadım. Bu əsər o qədər möhtəşəmdir ki, sözlə ifadə etmək mümkünsüzdür, onu ancaq dinləmək lazımdır. Bu tamaşada baş rolu - Manon Leskonu ifa etdim. Məndə belə xüsusiyyət var, rol təklif ediləndə dərhal ondan imtina etmirəm. Əsəri araşdırıram, sonra qərar verirəm. Elə opera var ki, yaşla bağlıdır, onu ifa etmək üçün yaşa dolmaq lazımdır. Manon Lesko rolu ilə bağlı təklif gələndə bir az çəkindim, düşündüm ki, öhdəsindən gələ bilərəmmi? Özlüyümdə fikirləşdim ki, bir az öyrənim, əvvəl partiyaya baxım, hazır olsun, sonra qərarımı verim. Şükür Allaha, öhdəsindən gələ bildim (gülür).
N.Muradova: Azərbaycan klassiklərindən kimlərin əsərlərində oynamısınız?
- Üzeyir Hacıbəyovun "Arşın mal alan" tamaşasında dəfələrlə Gülçöhrə rolunu oynamışam, Fikrət Əmirovun "Sevil" tamaşasında Sevil rolunu canlandırmışam, Firəngiz Əlizadənin "İntizar" tamaşasında Mələk rolunu ifa etmişəm.
“Səsimdə problemlər yaranmasın deyə bəzi roldan imtina etmişəm”
N.Ehlamqızı: İmtina etdiyiniz rollar olub?
- Bəli, olub. Puççininin "Tosko" operasından yaşıma görə imtina etmişəm. Bu yaşımda oxumağı özüm üçün tez saymışam, Allah qoysa, zamanı gələndə oxuyacağam. İndi də oxuya bilərəm, bilirəm ki, öhdəsindən də gələrəm. Amma istəmirəm, çünki səsimdə problemlər ola bilər. Deyirlər çox istəyən azdan da olar. Hələ ki gəncəm, hər şey qabaqdadır.
"Bakısız yaşaya bilmirəm"
N.Ehlamqızı: Xaricdə tez-tez səfərlərdə olursunuz. Hansısa ölkə tərəfindən qalıb orada işləmək təklifləri almısınız?
- Bəli, Avropa ölkələrindən belə təkliflər olub. Bu yaxınlarda məni Vyana opera teatrına dəvət elədilər. Hətta 3 il qabaq da Vyanada konsertdə ifa edəndə məni dinləyişə çağırmışdılar. Amma tərəddüd edirəm. Bakısız yaşaya bilmirəm. Məncə, sınamaq da lazımdır. Mənim kimi bütün gənclər öz vətənimizdə hər şeyi atıb getsək, o zaman bizdə nə qalar?
N.Muradova: Şərait daha yaxşı olduğu üçün çox gəncə belə təkliflər cəlbedici görünür...
- Düzdür, şərait çox yaxşıdır. Orada insanların klassik musiqiyə diqqəti tamam fərqlidir.
D.Əhməd: Həm də bütün sənətkarlarda dünyada tanınmaq eqosu olmalıdır. Xaricdə çalışsanız, bu, Sizə daha rahat olmazdı?
- Orası düzdür, bəlkə də, gələcəkdə olacaq (gülür).
N.Muradova: Bakısız qalmaq problemdir, yoxsa gedib özünüzü orada təsdiq etməkdən çəkinirsiniz?
- Hazırda Avropada belə tendensiya cərəyan edir: irqindən, dinindən asılı olmayaraq gənclər, yaxşı səsi olanlar tanınmış teatrlara dəvət edilir. Vaxtilə dinin bu məsələdə təsiri vardı. Mən Avropada olanda gedib mütləq tamaşalara baxıram. Görürəm, zəif də, yüksək səviyyədə ifa edən vokalistlər də var. Deməzdim ki, Avropaya getsəm, orada kənarda qala bilərəm. Yox, özümü göstərəcəyimə əminəm. Bəlkə, müvəqqəti olaraq getdim.
N.Ehlamqızı: Dinin nə kimi təsiri vardı?
- Bir vaxtlar müsəlman ifaçılara Avropa teatrlarında yer verilməzdi. İndisə, hər hansı fərq qoyulmur, yalnız gözəl səslər axtarılır.
Aqil Lətifov: Filmlərdə çəkilmək təklifi almısınız?
- Bu yaxınlarda bir xanım belə təklif irəli sürmüşdü, çəkilmək istəmədiyimə görə təklifi rədd elədim. Komik filmdə ciddi qadın obrazı yaratmağı təklif etmişdi, imtina etdim.
N.Muradova: Niyə imtina etdiniz? Səhnədə aktrisalıq edirsiniz, kamera önündə çəkiləcəksiniz...
- Hər sahənin öz mütəxəssisi olmalıdır. Mən axı opera sinfini bitirmişəm, opera teatrı aktrisalığı ixtisası üzrə təhsil almışam, necə gedib film aktrisası ola bilərəm? Mənə elə gəlir ki, çəkilmək üçün mütləq məktəb oxumalıyam.
A.Lətifov: Amma opera aktrisalığı daha çətindir...
- Çünki həm oxuyursan, həm dirijorla əlaqədəsən, həm oynayırsan, həm partnyorunu dinləməlisən. Hətta öz partiyanı bilə-bilə partnyorunun da partiyasını bilməlisən.
“Elə bir gün olmayıb ki, operadan yorulduğumu deyim”
N.Muradova: Operadan yorulduğunuz anlar olub?
- Yox, elə bir gün olmayıb ki, operadan yorulduğumu deyim.
"Münhendə ifamızı yarım saat alqışladılar"
D.Əhməd: İstərdim, səhnələrin müqayisəsinin aparasınız, Avropada səhnəyə çıxmaqla Türkmənistanda səhnəyə çıxmaq necə duyğudur?
- Bu yaxınlarda əvvəl Milanda, Fransada, sonra Türkmənistanda konsertdə oldum. Əslində, simfonik orkestrlə çıxıb ifa edirsənsə, hansı ölkədə olduğunun fərqi yoxdur. Amma tamaşaçının dinləmə mədəniyyətinin də təsiri var. Almaniyada bir konsertdə idik, almanlar opera sənətinə çox dəyər verir. Münhendə konsertdə idim, biz ifamızı bitirəndə yarım saat alqışladılar. Biz də proqramı bitirmişdik, bizi bu dərəcədə qarşılayacaqlarını düşünməzdik.
Ruslan Xəlil: Türkmənistanda tayfa başçılarının operaya münasibəti necədir?
- Türkmənistanda olan konsert dövlət tədbiri idi, Vyana operasının orkestri ilə birgə ifa edirdik. La-Skaladan vokal ustaları gəlmişdilər, Türkiyədən də ifaçı vardı, Azərbaycandan mən oxuyurdum.
Tamaşaçılar ifalarımızı çox yaxşı qarşıladı. Amma Sizə bir söz deyim, Türkmənistanda da klassik musiqi dinləyənlər var. Hətta orada bizə yaxınlaşıb master-klasslar istəyənlər oldu.
R.Xəlil: Bəs, Azərbaycanda operaya münasibət hansı səviyyədədir?
- Hər musiqi janrının öz dinləyicisi var. Opera dinləyicisi o qədər də çox ola bilməz.
A.Lətifov: Konsert zalında həmişə eyni adamlar olur?
- Eyni adamlar da, fərqli adamlar da olur.
R.Xəlil: Opera musiqinin hansı janrı ilə rəqabətdədir?
- Məncə, opera janrının heç bir musiqi ilə rəqabətə ehtiyacı yoxdur. Opera musiqinin ən sintetik janrıdır ki, möhtəşəm zirvədir.
R.Xəlil: Yəni, musiqidə inkişafın sonuncu mərhələsidir?
- Bəli, ali səviyyədədir. Bütün musiqi janrları özünə görə gözəldir, bəlkə də, opera ifaçısıyam deyə belə düşünürəm.Opera baleti, simfonik orkestri, xoru, solisti özündə birləşdirir. Bəstəkarların da düşüncəsi elə yüksək dərəcədə olmalıdır ki, opera yaza bilsin. Opera yazmaq hər bəstəkara nəsib olmur.
A.Lətifov: Opera ifaçısı kimi digər janrda olan musiqilərə münasibətiniz necədir? Aşıq mahnısına, meyxanaya, muğama sonadək qulaq asa bilirsiniz?
- Aşıq musiqisi professional mahnı janrıdır. Biz aşıq musiqisindən bəhrələnib bu günə kimi gəlib çıxmışıq. Muğamımız bütün dünyada tanınır, dövlət rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılır.
R.Xəlil: Hansı musiqi janrına qulaq asmırsız?
- Daha çox vokal musiqi janrına qulaq asıram. Hərdən televiziyada muğam ifa olunur, dinləyirəm. Estrada janrında musiqini çox dinləməyə səbrim çatmır. Düzdür, estrada janrında musiqinin də professional forması var.
A.Lətifov: Sizin sənətdə fonoqram ifalar olur?
- Ancaq məcburən televiziya proqramında fonoqram olur. Çünki şərait olmayanda canlı ifa etmək olmur.
D.Əhməd: Sentyabrın 18-dən bu yana Üzeyir bəyin anadan olmasının 130 illiyi ilə bağlı silsilə tədbirlər keçirilir. Bu tədbirlər çərçivəsində çıxışınız oldumu? Bir sənətkar kimi Üzeyir Hacıbəyov haqda düşüncələrini bölüşmənizi istərdim...
- Allah ona rəhmət eləsin, Üzeyir bəy haqqında hər adam fikir söyləyə bilməz. O, dahi bir insandır, o, olmasaydı, biz klassik musiqiçilər yox idik. Yaxşı ki, Üzeyir Hacıbəyov başda olmaqla möhtəşəm bəstəkarlarımız olub. Buna şükür etmək lazımdır. Heydər Əliyev adına Sarayda Üzeyir bəyin anadan olmasının 130 illiyi ilə bağlı tədbirdə iştirak etdik. Azər Zeynalovla birgə “Arşın mal alan” tamaşasından bir parça ifa etdik. “Manon Lesko” operasını da bu tədbirlər çərçivəsində oynadıq.
R.Xəlil: Hər bir sənətin inkişaf mərhələsinin kuliminasiya nöqtəsi və tənəzzülü olur. Operanın dünyada inkişaf mərhələsi neçənci illərə təsadüf edir? İndi opera hansı səviyyədədir: aşağı düşüb, sabit qalıb, yoxsa yuxarı qalxır?
- İlk opera XVI əsrdə “Orfey və Evridika” operası olub. Ondan sonra inkişaf edə-edə gedib. Bəzi ölkələr var ki, orada opera tənəzzülə uğrayır. Hətta bəzi ölkələrdə insanların qınağına səbəb olur, operanın quruluş formasını tənqid edirlər. Əvvəllər rejissorlar hansı dövrdə yazılıbsa, o dövrə uyğun da qoyurdular. İndisə rejissorlar onları müasirləşdirirlər. İndi çox dəyişikliklər olduğuna görə bəzi ölkələrdə bunu qınaqla qarşılayırlar. Elə ölkələr də var ki, klassikanı qoruyub saxlayır.
N.Muradova: Bizdə opera müasirləşib?
- Yox, bizdə hələ ki müasir deyil. Keçən il bir müasir formada bir operamız qoyuldu. Alman dirijoru tərəfindən Puççinin “İl tabaro” operası təqdim olundu.
N.Muradova: Opera və Balet Teatrına xarici ölkələrdən gələn solistlər də olur və baş rolu ifa edilər. Əməkdaşlıq çərçivəsində bu cür alınır, yoxsa operanın tamaşaçısını artırmaq məqsədi daşıyır?
- Xarici ölkələrlə teatrımız arasında əməkdaşlıq aparılır. Bizim solistlər də Belarus, Ukrayna teatrına gedirlər.
N.Ehlamqızı: Milanda Azərbaycan pavilyonu açıldı, opera ifaçıları da tədbirdə iştirak edirdi. Həmin tədbir barədə danışardınız və operaya dövlət səviyyəsində diqqətdən razısınızmı?
- Milanda konsertdən sonra çox pavilyonları gəzdim. Azərbaycanın pavilyonu Heydər Əliyev Fondu tərəfindən çox yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirimiz də gözəl keçdi. Pavilyonu gəzən insanlar bizim tədbirə yığılmışdı. İtaliyanın pavilyonuna getdim baxdım, orada bir o qədər adam yox idi. Halbuki, Fransa ilə qonşu dövlətdir, adətən, orada insanlar daha çox olur. Bizdə iki konsert oldu. Biri klassik konsert idi, kamera orkestri ilə birgə bağlı məkanda keçirildi. İkinci konsertdə xalq çalğı alətlərinin müşayiəti ilə ifalar, rəqslərimiz oldu, güləşçilərimiz çıxış etdi. Pavilyonun yuxarısından dayanıb baxırdım, orada o qədər insan var idi ki. Pavilyonlararası gəzişdə belə soruşurdular ki, Azərbaycandansınız? Doğrudan da, fərəh hissi duyurduq ki, bu qədər insan başqasına yox, məhz gəlib sənin ölkənin pavilyonuna baxırlar. Cənab Prezident gəlib açılış elədi. Onun, Mehriban xanım Əliyevanın zəhməti sayəsində bunlar oldu, buna görə onlara minnətdarıq. Klassik musiqiyə dövlət tərəfindən qiymət olmasaydı, muğam ifaçıları ilə yanaşı biz vokalistlər gedib Azərbaycanı dünyada təmsil etməzdik.
D.Əhməd: Əməkdar artist adı almısınız, prezident təqaüdçüsünüz. Özünüzə qarşı diqqətdən razısınız, yoxsa daha başqa şeylər gözləyirsiniz?
- Özümə qarşı diqqətdən, doğrudan da, razıyam. Nəinki mənə, mənim kimi gənclərə çox böyük diqqət və qayğı var. Vaxtilə illərlə əziyyət çəkənlər vardı. Zəhmət heç vaxt yerdə qalmır, qiymətləndirilir.
N.Muradova: Təqdimetmədən də çox şey asılıdır. Çalışdığınız teatr Sizi dəyərləndirib adınız müvafiq qurumlara təqdim edir...
- Azərbaycanda neçə milyon insan yaşayır, öz sahəsi üzrə professionallar çoxdur. Əlbəttə, təqdimetmədən də çox şey asılıdır. Bizim teatr rəhbəri bu işdə həmişə öndədir.
N.Muradova: Opera və Balet Teatrında məvacib o qədər də çox deyil. Toylara getmirsiniz, kənardan məvacibiniz yoxdur. Necə dolana bilirsiniz, aldığınız məcavib Sizi qane edir?
- Məni qane edir.
R.Xəlil: Əksər teatrlarda rəhbərliklə işçilər və ya işçilər arasında qruplaşmalar olur. Sizdə necədir, diskriminasiya, qısqanclıq halları olur?
- Vallah, mənə belə mövzular maraqlı deyil. Sirkə nə qədər tünd olsa, öz qabını çatladır.
N.Muradova: Siz baş rollarda oynayırsınız, həmişə baş rol ifaçılarına qısqanclıq münasibəti olur..
- Özümə qarşı belə münasibət görməmişəm. Belə münasibət olsa da, əhəmiyyət vermərəm.
N.Muradova: Hansı dünya səviyyəsində obraz var ki, onu canlandırmaq istəyərsiniz?
- Yaşıma görə gələcəkdə “Toska”nu ifa etmək istəyərəm.
N.Muradova: Səsinizi necə qoruyursunuz?
- Allah qoruyur. Xüsusi bir şey etmirəm. Sadəcə hər bir ifaçı özünü birinci növbədə əsəbdən qorumalıdır.
N.Muradova: Səsin batması kimi anlar olur, musiqiçilər buna görə depressiyaya da düşür...
- Məndə belə məqam olub. Bir neçə il əvvəl xəstələnmişdim, qızdırma ilə səhnəyə çıxmışdım, ifa məni qane etməyib, buna görə travma almışdım.
N.Ehlamqızı: Sosial şəbəkələrdə aktivsiniz?
- Facebook-da hesabım var, İnstagram-da da hesab açmışam, amma heç nə paylaşmıram.
N.Ehlamqızı: Sənətdən əlavə nə ilə məşğul olmağı xoşlayırsınız?
- Elə ancaq musiqini xoşlayıram (gülür).
N.Ehlamqızı: Ancaq musiqi ilə darıxmırsınız?
- Yox, biz də bazar ertəsi günü istirahət günləridir. Həmin gün evdə otura bilmirəm, çırpınıram. Elə özlüyümdə deyirəm, səhər açılsaydı, işə gedərdim, oxuyardım, partiyaya baxardım. Yay tətilində dəhşət darıxdım, dözə bilmirdim.
N.Muradova: Ailəlisiniz?
- Bəli.
N.Muradova: Həyat yoldaşınız qrafikinizə necə dözür?
- Dözür də (gülür).
N.Ehlamqızı: Həyat yoldaşınız hansı sahənin adamıdır?
- O da musiqiçidir.
N.Muradova: Bu mövsümdə hansı yeni obrazlarınız olacaq?
- “Manon Lesko” operası təqdim etdik, təzəlikcə bitdi. “Trubadur ” operası üzərində işləyirik. Noyabrın 21-də təqdim edəcəyik.
N.Muradova: Tərəf müqabilləriniz tez-tezmi dəyişir?
- Tərəf müqabillərim elə olur ki, Belarusdan, yaxud Ukraynadan da dəvət olunur.
N.Ehlamqızı: Fidan Qasımovadan məsləhət alırsınız?
- Fidan xanım Bakıda az olur, xarici səfərləri çoxdur. Son vaxtlar məsləhət almamışam, amma məsləhətləşmək lazımdır. Fidan Qasımova mənim müəllimim olub, onun məsləhətinə hər zaman ehtiyacım var, ona ustad kimi minnətdaram.
D.Əhməd: Milli Konservatoriyada dərs demək üçün elmi dərəcəniz imkan vermir?
- Akademiyada dərs deyən müəllimlərimiz var. Allah canlarını sağ eləsin, hər biri çalışır. İnşallah, gələcəkdə mən də orada dərs deyərəm. Təhsilimə gəlincə, magistr dərəcəsi almaq niyyətindəyəm.
N.Muradova: Tələbələrinizə opera sənətində uğur qazanmaq üçün ən önəmli məsləhətiniz nə olur?
- Ən önəmli məsləhətim o olur ki, opera sənəti ilə mükəmməl məşğul olun. Mən Asəf Zeynallı adına kollecdə oxuyanda bütün günü məşq edirdim. Evə axşam saat 21.00-da gedirdim. Hələ Konservatoriyaya qəbul olmamışdım, nə isə əldə etmək istəyirdim. Orta musiqi təhsilim yox idi, fikirləşirdim ki, musiqi ilə məşğul olmaq istəyirəmsə, bunu professional etməliyəm.
R.Xəlil: Professional opera musiqiçisi olmaq üçün istedad önəmlidir, yoxsa təcrübə?
- Birincisi səs və istedad olmalıdır. Təcrübə də çox önəm daşıyır.
N.Muradova: Kitablarla aranız necədir?
- Hansısa operanın liberettosunu oxuyuram. Şekspir, Düma, Moemin əsərlərini oxumuşam.
R.Xəlil: Səhnədə başınıza ekstremal, maraqlı hadisə gəlib?
- İlk tamaşamda pərdə açıldı, dəhşət həyəcanlı idim. Violetta öz evindədir, geyiminin yaxasında gül var, onu sevdiyi oğlana - Alfredə verməlidir. Qonaqlar qarşılanıb, masa musiqisi ifa olundu, sonra öz görüş səhnəmizdir, xor, qonaqlar otaqlara dağılıb, biz ikimiz otaqda dayanmışıq, mən də gül verməliyəm. Qonaqlar getməzdən əvvəl gül düşdü, mən də əyilə bilmərəm. Bir də gördüm, solistlərdən biri gətirib gülü mənə verdi. Əslində, verməli deyildi (gülür). Mən də oxuya-oxuya düşünürəm ki, bu gülü mənə niyə verdi. Mən də gülü əlimdə oynadıb Alfredə verdim. Əlbəttə, liberettonu oxuyan tamaşaçı bilir ki, gül düşməməli idi.
Nərgiz EHLAMQIZI
Foto: Rəşad ABBASOV