9 Oktyabr 2015 11:37
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış sənət adamları efirdə qeyri-etik sözlər işlədən aparıcı və müğənniləri tənqid edib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası ANS-in efirində aparıcı və sənət adamları tərəfindən səslənən etikadan kənar işlətdikləri ifadələri təqdim edib.

Bu barədəTeleqraf.com-a danışan xalq artisti Mübariz Tağıyev televiziya məkanında efir mədəniyyətinin gözlənilməsinin vacib olduğunu bildirib: “Mən şou aləmində deyiləm. “Efir mədəniyyəti”ndə “mədəniyyət” sözü var və televiziyaya milyonlarla insan baxır. Bu səhnədən zala olan müraciət deyil. Yeni nəsil gəlir və bizlərə baxıb nə öyrənməlidirlər deyə düşünməliyik. Efir etikasını qorumalıyıq. Ayıbdır, bizim kanalları Azərbaycandan kənarda da izləyirlər”.

Xalq artist Canəli Əkbərov isə dedi ki, o tip müğənni və aparıcıların efirə çıxmasına icazə verənlər bu problem bardə düşünməlidirlər: “Mən bu məsələyə qarışmıram. Onları televiziyaya çıxaranlar bu haqda düşünsünlər”.

Xalq artist Aygün Bayramova vurğuladı ki, efir məkanında qeyri-etik sözlərə yol verilməməlidir: “Efir mədəniyyəti tamamilə başqadır və efirdə həyatda olduğumuz kimi davranmamılıyıq. Demirəm ki, efirdə başqa, həyatda isə başqa cür olaq. Amma insan kimi daxili mədəniyyətimiz olmalıdır. Xüsusilə, müğənnilər və aparıcılar bu kimi hallara yol verməməlidirlər. Düzdür, mən iştirak etdiyim verilişlərdə bu kimi hallar baş verməyib və ola da bilməz”.

Bəstəkar Gövhər Həsənzadə efirə tez-tez çıxmaqdan imtina etdiyini bildirdi: “Məhz müzakirə olunan mövzular, eləcə də uyğun qonaqların dəvət edilməməsi səbəbindən efirə çıxmıram. Proqramların redaktə işlərindən də xoşum gəlmir. Eləcə də proqram hazırlananda qoyulan mövzulara uyğun qonaqlar dəvət etmirlər. Kimin kiminlə dialoq qurması və tərəf müqabilini seçəndə böyük problemlər yaşanılır. Məsələn, şəxsən məni elə verilişlərə dəvət edirlər ki, mövzu və tərəf müqabilimə görə şoka düşürəm. Bəstəkar yaradıcılığını, müğənni isə sənətini göstərməlidir. Hər insan öz sənətinə uyğun danışmalıdır. Amma bu gün bəzi müğənnilər üzərlərinə düşməyən , peşəkarlığa aiddiyatı olmayan mövzularda fikir bildirirlər. Maraqlı mövzular olarsa, çıxaram”.

Rəqsanə


Müəllif: