24 Oktyabr 2015 14:21
2 687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış bəstəkar, xalq artisti Arif Məlikovla müsahibəni təqdim edir.

- Arif müəllim, uşaqlıq illərinizdən başlayaq. Bildiyimizə görə, valideynləriniz uşaqlıq illərinizdə size tez-tez Opera və Balet Teatrına apararmış. Musiqiyə həvəs bundan sonra yaranmağa başladı?
- 4-8 yaşlarında uşağın düşüncələri tamamilə başqadır. Uşaqlıqdan musiqi ilə məşğul olmuşam. Həmişə evimizdən kamança səsi gəlib. Çünki anam çox gözəl kamança çalırdı, amma Azərbaycan dili və ədəbiyyat müəlliməsi idi. Gözəl muğam ifa edərdi. Ona görə də tar ifaçıları, müğənnilər bizim evə gələrdilər. O vaxt insanlar çox dolğun mədəni həyat keçirirdilər, musiqi ilə, ədəbiyyatla, şeiriyyatla. Bu gün bu hal bizim ziyalılarımızda yoxdur. Mənim 14 yaşım vardı və bizim ailə dostumuz mənə tar bağışladı. Bundan sonra həyatımda dönüş yarandı. Qısa müddətdə yaxşı tar çalmağa başladım. Elə bir səviyyəyə çatdım ki, Asəf Zeynallı adına Musiqi Məktəbinə oxumağa dəvət etdilər və orada imtahan verdim. Ondan sonra musiqi ilə ciddi məşğul olmağa başladım. Ciddiliyin də dərəcəsi var, bir var musiqi ilə məşğul olasan, bii də var dünya musiqisi ilə, böyük əsərlərlə tanış olasan. Musiqi ilə məşğul olmağıma anamın böyük təsiri oldu. Mən tar sinfini bitirdikdən sonra Şuşaya gedib, müəllimlik etdim. Məqsədim orada hazırlaşıb, Bakı Musiqi Akademiyasına daxil olmaq idi. O zaman hesab edirdim ki, musiqi biliyim azdır. Beləliklə, qısa vaxtda 10 illik məktəb proqramını oxudum və fortopianoda da çalmağa başladım. Orada bir il işlədikdən sonra imtahan verib Bakı Musiqi Akademiyasınını bəstəkarlar sinfinə daxil oldum. (1958-ci ildən isə Bakı Musiqi Akademiyasında dərs deyirəm.) O zaman dahi bəstəkar Qara Qarayevin sinfində oxuyurdum. Eelə bir dahi sənətkarın sinfində oxumaq mənim üçün böyük xoşbəxtlik idi. Həyatda çox şeyə nail olmağım onunla ünsiyyətimin nəticəsidir. Konservatoriyanı bitiridikdən sonra balet musiqisi yazmağa başladım. Notun səsi gələndə insan əsər yazmağa hazır olur. Mən Leninqrada gedəndə yaradıxcılığımı qəbul etdilər. Mənim istəyimlə Mariinskiy Teatrında "Məhəbbət əfsanəsi" baletini qoydular. Niyazini dirijor kimi dəvət etdilər. O, ə ilk və sonrakı tamaşalara dirijorluq etdi. Marİinskiy Teatrdan İngiltərə, Fransa və bir çox ölkələrə qastrol səfərlərinə getdilər. "Məhəbbət əfsanəsi” o illərdən indiyə qədər aktuallığını itirməyib. Bundan sonra çox maraqlı həyat başladı. Sonra həmin əsər Moskvada Böyük Teatrda səhnəyə qoyuldu. Elə bu günlərdə "Məhəbbət əfsanəsi”ni yaxın günlərdə yenidən teatrın rpertuarına saldılar. Çünki kostyumlar köhnəlir, musiqiçilər, ifaçılar dəyişilir. Baletin yeni premyerası oldu və tamaşa 7 teatrın səhnəsində təqdim edildi. Bir həftə əvvəl məktub gəldi ki, Mariinskiy Teatrında “Məhəbbət Əfsanəsi”ni yenidən tamaşaya qoyacaqlar.Qastrol səfərlərinə gedəcəklər. Yaradıcılığımla bağlı dünyanın bir çox ölkələrində olmuşam. Tamaşalarım yaşayır və yaradıcı insan üçün də əsas məsələ budur.

- Nazim Hikmətin liberettosu əsasında 28 yaşınızda "Məhəbət əfsanəsi" baletini yazmısınız. Bu əsər sizə böyük şöhrət qazandırdı. Belə gənc yaşda şöhrət qazanacağınızı gözləyirdinizmi?
-"Məhəbbət əfsanəsi” Qrand Opera, Böyük Teatr, Mariinskiy Teatr, eləcə də Türkiyə və Rusiyanın bütün teatrlarında səhnəyə qoyulub. Bununla yanaşı, Avropada da bu tamaşa həm səhnəyə qoyulub, həm də qastrol səfərlərə gedən zaman oynanılıb. Moskvada "Məhəbbət əfsanəsi" üçün kitab nəşr edilib və 55 il ərzində tamaşada iştirak edənlərin adı yazılıb. O baletdə dünyanın bir nömrəli balerinaları iştirak ediblər.

- Bildiyimizə görə, Nazim Hikmət sizi oğlu qədər çox sevərmiş. Hətta Bakıya gələrkən “öncə oğlumun yanına getməliyəm” deyərmiş. Nazim Hikmətlə münasibətiniz necə yarandı?
- Nazim Hikmət dahi insan və şairdir. "Məhəbbət Əfsanəsi" Nazim Hikmətin libberettosu əsasında yazılıb. Baleti yazarkən liberettodan bəzi şeyləri çıxardım. Yəni liberettonu baletə uyğun yazdım. Buna görə bir dəfə də olsun, narazılıq etməyib. Leninqrada məşqlərimizə, premyeraya gedirdi. Hətta uşaq kimi sevinirdi və həmişə deyirdi ki, ay camaat, məni təbrik etməyin, təbrik ediləcək adam baletin müəllifi Arif Məlikov və xoreoqraf Yuri Qriqoriyeviçdir. Arzu edərdim ki, mənim "Yusif və Züleyxa" pyesimi də onlar səhnəyə qoysunlar. Bu arzusu hələ yerinə yetməyib və yerinə yetirməyə çalışacağıq.

- Bəs, Nazim Hikmətlə ilk tanışlığınız necə başladı?
- Bir gün eşitdim ki, Nazim Hikmət Bakıya gəlib. Qaldığı otelə getdim. Orada bir çox yazarlar vardı. Mənə dedi ki, cavan oğlan, gəlməkdə məqsədin nədir? Dedim ki, sizin "Məhəbbət əfsanəsi" pyesi əsasında balet yazıram. “Çox gözəl” dedi. Mənim sözüm qurtardı və Nazim də bilmir ki, məndən nə soruşsun. “Çalırsan, gəncsən, gənclər həmişə istədiyinə nail olur” kimi poetik sözlər dedi. Bildirdim ki, artıq əsəri işləyirəm. Dedi ki, gözəl əsər olacağına inanıram. Gedən zaman stula ayağım dəydi və yıxıldım. Mən gedəndən sonra rejissor Əjdər İbrahimova deyib ki, bu cavan oğlan əsəri yazacaq, onun böyük üstünlüyü var, çünki cavandır. İnanırdı ki, cavanlıq böyük əsər yaratmaq üçün ən aparıcı amillərdən biridir.

- Arif müəllim, sizin Üzeyir Hacıbəyli ilə də qarşılaşmağınız haqqında maraqlı xatirəniz var…
- O dövrdə böyük dahilər çox idi. Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda küçədə təsadüfən Üzeyir Hacıbəylini gördüm. Üzeyir müəllimin arxasınca gedən zaman qəflətən kiməsə toxundum və "Korsan" deyə sual eşitdim. Üzeyir bəyi görmək mənə15 yaşımda qismət oldu.

- Fəxri adlara, bir çox mükafatlara layiq görülmüsünüz. Amma bilmək istərdik ki, nə vaxtsa bu sahəni seçdiyinizə görə peşman olduğunuz anlar olubmu?
- Xeyr, peşmançılıq yaşamamışam. Daha çox xoşbəxt anlarım olub. Hərdən o qədər böyük xoşbəxtlik yaşamışam ki, sözlə deyə bilmirəm. Mən yaşayan bəstəkarlardan heç birinin əsərlərinin 55 il dünya teatrlarında oynanılmasını görməmişəm. Hərdən mənə deyirlər ki, bu sənət sənə nə verdi? Deyirəm ki, "Məhəbbət əfsanəsi"ni. O balet mənə dünyanın bütün qapılarını açdı. Hara gedirdim, məni yaxşı qarşılayırdılar, mətbuatlarında düzgün təbliğ edirdilər. Onu da deyim ki, xarici ölkələrdə qonaq gedəndə bizi gənclərlə görüşdürürlər ki, onlar nəsə öyrənsinlər. Bu hal bizdə yoxdur. Universitetlərimiz nə Qara Qarayev, nə Səttar Bəhlulzadə, nə də yaşayan Arif Məlikovu görüb. Təqsir onlarda yox, universitetlərdədir. Tələbələr dahilərimizi tanımalıdırlar.

- Əsərləriniz dünyanın 60-dan çox ölkəsində tamaşaya qoyulub. Amma Azərbaycan teatrında qoyulmayıb. 1962-ci ildə “Məhəbbət əfsanəsi” qoyulub, amma saxlanılmayıb…
- 1961-ci ilə Leninqrad teatrında "Məhəbbət əfsanəsi"ni tamaşaya qoyduq. 3-4 ildən sonra kostyum, parik və çəkmələr yaramır.Tamaşanı saxlayırlar, sonra yenidən başlayırlar. Həm ardıcıllıq olur, həm də yenidən başlayır. Belə ki, "Məhəbbət əfsanəsi"ni 1962-ci ildə yüksək səviyyədə Bakıda tamaşaya qoyduq. Amma teatrda çox qısa yaşadı. Tamaşanı burada qoyduqdan sonra Moskvaya getdik, Maya Plisetskaya kimi dahi insanlar baleti izləməyə gəlmişdilər. Onlar təəccübləndilər ki, bu cür komandamız var. Biz çox xoşbəxt millətik ki, özgənin nailiyyətlərinə sevinirik.

- Sizin 8 simfoniyanız var. Amma xalqa onlardan 7-si məlumdur…
- Bəli. O simfoniya 5-ci simfoniyadır. Demək olar ki, o simfoniya da var, ya kağızda, ya da beynimdə. Hər dəfə deyirəm ki, o işi tamamlamaq lazımdır.

- Deyilənə görə, 5-ci simfoniyanızı üzə çıxartmamısız...
- Hərdən elə olur ki, hansısa iş onun yerinə oturur və öz tərəfinə çəkir. 5- ci simfoniya da yerinə oturacaq.

- Bethovenlə başlamış 9-cu simfoniya ənənəsi var. Sizin necə, 9-cu simfoniya yazmaq fikriniz var?
- Var. Hətta iki əsər üzərində işləyirəm. Düşünürəm ki, o əsərləri də bitirsəm, yaradıcılıq normamı doldurmuş olaram. 9-cu simfoniyanı və “Yusif və Züleyxa" baletini yazsam, planlarım yerinə yetirilmiş olacaq.

- Müsahiblərinizin birində qeyd etmisiniz ki, bəstəkar olmaq üçün istedad azdır. Fədakar olmaq və çətinliklərə dözmək lazımdır. Siz hansı çətinliklərdən keçmisiz və fədakarlıq etmisiniz?
- Bütün sahələr belədir. Hərdən çox işləyəndə yorğunluq olur. Amma işimin uğurlu alınması məni xoşbəxt edir. Mənim həyatımda bir dövr oldu ki, boş vaxt tapa bilmirdim. Hətta 10-15 gün yatmadığım və əsər yazdığım günlərim olub. Yaradıcı heyətdə nəyinsə axsaması yaxşı hal deyil. Özümü elə öyrəşdirmişdim ki, təyyarədə, yolda da əsər yazırdım. Əsər yazmaq asan məsələ deyil. Hətta tələbəlik illərimdə dahi Niyazi “Nağıl” simfoniyasında iştirak etdi. Birinci simfoniyamdır. O dövrdən başlayaraq aktiv bəstəkar həyatı yaşamışam. Başqa yol yox idi, ya heç bir iş bacarmayanlara qoşulmalı, ya da çox işləməli idin.

- Dünyada tanınan azərbaycanlılardan biri də sizsiniz. Daim sizi yaradıcılığa həvəsləndirən stimul nə olub?
- Bilmirəm... Düzü, tanınmaq məni heç vaxt maraqlandırmayıb. Hərdən kimsə deyəndə ki, səndə filan mükafatlar var. Deyirdim, vallah yadıma gəlmir. Yaxın günlərdə Nizami adına qızıl medalla təltif edildim. Ümumiyyətlə, bir çox mükafatlara layiq görülmüşəm. Heydər Əliyev Mükafatı, “İstiqlal” ordenim və fəxri adlarım var. Dostum deyir ki, ordenlərini bir dəfə tax və şəkil çəkdir. Nəvələrin üçün yadigar qalsın.

- Öz əsərlərinizə tamaşa edən zaman hansı hissləri keçirirsiniz?
- Hər dəfə əsərlərim nümayiş edildikdə yenidən xoş hisslər yaşayıram. Bununla bağlı sizə bir xatirə danışım. Tamaşadan sonra hamı bir-birini təbrik edir, öpür. Mən də müəllif kimi pərdə bağlanandan sonra səhnə arxasına gedib baş rol ifaçılarını öpürdüm, bu vaxta qədər isə pərdə açılırdı. Baş əyirik, çiçəklər gətirirlər. Bunlar təbii ki, sevincdir. Hərdən adamlar deyirlər ki, ay Arif, bu qədər qızları öpdün, bəs deyil? Böyük Teatrın səhnəsində Maya Plisetskayanı necə öpməyəsən?! O, “Məhəbbət əfsanəs” barədə deyir ki, “mən dramatik obraz baxımından ondan yüksək tamaşa tanımıram”. Hətta xanınıma da deyirlər ki, necə dözürsüz, Arif Məlikov bütün tamaşadan sonra balerinaları öpür. O da deyir ki, onun işidir.

- Heydər Əliyev sizin yaradıcılığınızı çox sevirmiş və onunla bir çox xarici ölkələrdə səfərdə olmusunuz….
- Bəli, dəfələrlə Heydər Əliyevlə xarici ölkələrə getmişik. Çox müdrik insan idi. Biz onunla dövlət başçısı və ondan asılı olan bəstəkar kimi görüşmürdük. İki insan kimi görüşürdük. Heydər Əliyevə söz verdim ki, onunla bağlı əsər yazacam.

- “Əbədiyyət simfoniyası”nı…
- Bəli, hər dəfə soruşurdu ki, mənim “Əbədiyyət simfoniya”m necə oldu? Deyirdim ki, yazılır. Simfoniyanı ilk dəfə anadan olduğu gün səsləndirmişik.

- Arif müəllim sizi mətbuatda, televiziyalarda görmürük. Səbəb nədir?
- Çox müsahibə də vermək lazım deyil. Verilişlərə baxanda getmədiyimə görə də özümə bəraət qazandırıram. Hazırda televiziya məkanlarında mədəni səviyyə aşağı düşüb.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər