24 Oktyabr 2015 15:30
3 490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filmləri bizə sevdirən obrazı canlandıran aktyor və aktrisaların məharətli oyunu, ssenari, rejissor işi və hər bir filmdə özümüzə yaxın bildiyimiz kadrlar, obrazlar, hadisələrdir. Bəzən filmlərin yaradıcıları - ssenaristlər, rejissorlar, prodüserlərin adlarını belə bilmirik. Dialoqları eşidir, aktyor, aktrisaların oyununun intizarını çəkirik. Amma filmlərin necə ərsəyə gəlməsindən xəbərsiz qalırıq. Halbuki çəkiliş meydançaları ekran hadisələrindən heç də maraqsız olmur, əksinə bəlkə də daha maraqlı olur...

Dəfələrlə çəkilən kadrlar, bu əsnada yaşananlar, filmə salınmayan səhnələr, aktyor-aktyor, aktyor-rejissor narazılıqları və səhnələrin çəkiliş zamanı aktyorların başlarına gələn məzəli əhvalatlar təbii ki, ekranlara çıxmır. Beləliklə, “Kino xatirələr” rubrikamızda filmlərin maraqlı, məzəli, gərgin kadrarxası məqamlarını sizə təqdim edirik.

Bu dəfə 1970-ci illər filmlərini xatırlamağa çalışdıq...

“Rejissor dedi, hansı rolu istəyirsən seç”

1971-ci ildə YUNESKO-nun qərarı ilə Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da bu yubiley münasibətilə “Nəsimi” adlı bədii filmini çəkməyə qərar verirlər. İsa Hüseynovun “Məhşər” romanı əsasında çəkilən filmin rejissoru Həsən Seyidbəyli olur. Bu film iki gənc aktyorun Rasim Balayev və Xalidə Quliyevanın parlamasına gətirib çıxarır. Aktrisanın bu, kinoda ilk işi olmur, çünki daha öncə 1972-ci ildə o, Tofiq Tağızadənin quruluşunda lentə alınan “Qızıl qaz” filmində çəkilib. Amma “Nəsimi”də yaratdığı Fatimə rolu onu kino cameəsinə tanıdan və sevdirən obraz kimi yaddaşlarda qalıb. Əməkdar artist Xalidə Quliyeva filmin çəkilişlərini və filmə dəvət almasını belə xatırlayır: “Karyeramın ilk dönəmlərində belə bir filmdə belə bir obrazda oynamaq mənim üçün böyük xoşbəxtlik idi. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin ikinci kursunda oxuyurdum. Bir gün rejissor Əşrəf Mamayev mənə yaxınlaşıb, Həsən Seyidbəylinin mənimlə görüşmək istədiyini dedi. Həsən müəllimlə şəxsi tanışlığım yox idi, amma onun böyük və istedadlı rejissor olduğunu əlbəttə ki, bilirdim. Səhəri gün Kinematoqrafçılar İttifaqına getdim, Həsən müəllim məni çox xoş qarşıladı və dedi ki, məni filmə çəkmək istəyir. Ssenarini mənə göstərdi və söylədi ki, hansı obrazı yaratmaq istəsən seç və mənə de. Gəldim evə, ssenarini başdan-ayağa oxudum. Doğrusu, Fatimə ruhuma daha yaxın gəldi. İstəmədən yaşadığı həyat, mübarizələri, çəkişmələri, üstəlik onun bir oxşar cəhətimiz də var idi. Fatimənin anası edam edilir, mən də çox erkən yaşda anamı itirmişdim. Ona görə o səhnələri bacardığım qədər təbii oynamağa çalışırdım. Filmin çəkilişləri müxtəlif yerlərdə aparıldı. Film isti havalarda çəkilirdi ki, bu da işimizi xeyli çətinləşdirirdi. Əynimizdəki geyimlər tarixi geyimlər idi və bilirsiniz ki, onlar da çox qalın olurdu. Filmin bir yeri var idi, kütləvi səhnədə çəkilməli idik və hamımız at çapmalıydıq. Səhv etmirəmsə, çəkilişlər Qobustanda aparılırdı. At çapa bilmirdim, çəkiliş zamanı isə hamı atlarla sanki yarışa çıxmağa çalışırdı. Ona görə çox çətinlik çəkdim, hətta iki dəfə atdan yıxıldım. Xoşbəxtlikdən çəkilişləri dayandıracaq qədər çox əzilmədim. ”Nəsimi" filmindən sonra mənim üçün kinoda yaşıl işıq yandı. Amma o roldan sonra məşhurluğumu hiss etmədim, sadəcə, kinoda yolum açıldı. Heç zaman ulduz xəstəliyinə tutulmamışam. Düşünürəm ki, Azərbaycan kinosunda, teatrında məşhurların ulduz olmağına illər lazımdır. Biz hələ ki, öz qazanımızda qaynayırıq. “Nəsimi” mənimlə yanaşı Rasim Balayev üçün də uğurlu oldu. Hətta mən deyərdim ki, Rasim Balayev o filmdən sonra əməlli-başlı dirildi. O, bu filmə çəkilməmişdən əvvəl xəstəxanada yatırdı, depressiya keçirirdi. Mən bunları indi bilirəm. Deyirdi ki, xəstə idi, həyatına qəsd etmək dərəcəsinə çatmışdı. Heç kim onu filmə çəkmirdi. Bu zaman Həsən Seyidbəyli dada yetişdi. Buna görə Rasim bir Tanrıya, bir də Həsən Seyidbəyliyə minnətdar olmalıdır. Həsən müəllim işinə çox ciddi yanaşan biri idi. Azərbaycan kinosuna həyatabənzər kino estetikasını gətirdi və bu estetika ilə məhz tarixi filmi çəkdiyinə görə uddu. Danışıqlar, davranışlar o qədər səmimi idi ki, pafosdan əsər-əlamət yox idi. Bir də filmdə düzgün aktyor seçimi müvəffəqiyyətin 50 faizini təşkil edir. Bütün bu keyfiyyətlərinə görə “Nəsimi” filmi indiyə kimi sevilir".

Şeyxzamanov rejissorun fikri ilə razılaşmır və...

1975-ci ildə ekranlara çıxan “Tütək səsi” filmi İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestlərinin motivləri əsasında ekranlaşdırılıb. Hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda, mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər. Film özünün sarsıdıcı mövzusu və heç şübhəsiz “Ruhani” havasıyla hər zaman yaddaşlardadır. Bu epizod 9 dubla çəkilib. 1976-cı ildə Bişkekdə IX Ümumittifaq kinofestivalında ssenari müəllifi İsa Hüseynova Qırğızıstan Yazıçılar İttifaqının Diplom və prizi verilib. Filmin quruluşçu rejissoru Rasim Ocaqov, operatoru Teyyub Axundov olub.

Rejissor Rasim Ocaqov müxtəlif vaxtlarda verdiyi müsahibələrində film barədə çox maraqlı faktlar açıqlayıb. O, filmin ən təsirli səhnəsinin böyük çətinliklər və Məmmədrza Şeyxzamanovun xəsarət alması hesabına başa gəldiyini bildirib. Bu, Şeyxzamanovun yaratdığı İsfəndiyar obrazının əsgərin dalınca getməsi səhnəsi idi: “Biz bu epizodu Qusarda çəkirdik. Bu, çox çətin epizod idi. Çünki çay dərin idi, axın da sürətliydi. Aktyor çayı keçməlidi idi, çünki səhnənin təsirli alınması üçün belə qərara gəlinmişdi. Amma çayın dərinliyindən mən Şeyxzamanova dedim ki, çayın bir əvvəlində, bir də axırında bir az yürüsün və bu kifayətdir. Amma o bununla razılaşmadı. Dedi ki, rolun təbii alınması üçün çayın içərisindən mütləq keçməlidir. Elə də etdi, amma çəkiliş zamanı Şeyxzamanov xəsarət aldı. Çay axını ilə hərəkət edən daş onun ayağına dəydi. Zərbədən də aktyor yıxıldı və çay axını ilə çəkiliş qrupundan uzaqlaşdı. Əlbəttə, onu xilas etdik, amma zərbə ağır idi. Ona görə üç gün aktyorun ayağa durmasını gözlədik. Nəhayət, o səhnəni çəkdik, amma bu dəfə mən deyən kimi”.

Şura qəbul etmir...

Qeyd edək ki, o zaman bütün çəkilən filmlər Moskvada Bədii Şuranın yoxlanışından keçəndən sonra təsdiq edilirdi. Şura filmi ilk baxışdan qəbul etmədi. Belə ki, onlar filmdən bir epizodun çıxarılmasını tələb etdilər. Filmin qəhrəmanı Cəbrəyıl işdən öz ərizələri ilə çıxan gənclərin yanına gəlir və onlarla sərt davranır hətta bəzilərinə əl də qaldırır. Məhz bu epizod Bədii Şuranın xoşuna gəlmir. Rasim Ocaqov xatirələrində qeyd edir ki, məhz bu epizodu o, yenidən çəkməli olub. Şuranın fikrincə, bu, sovet vətəndaşına yaraşmayan hərəkət idi. Ona görə həmin epizodu filmdən çıxaran rejissor onu yenidən və cüzi fərqlə ekranlaşdırır. Yeni epizodda Cəbrayıl həmin gənclərə yaxınlaşır, onları danlayır, sonra birini köynəyindən yapışaraq bərk silkələyir. Bu epizoddan sonra film qəbul edilir və birinci kateqoriyaya layiq görülür.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər