11 Noyabr 2015 14:37
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsəd Cahangir: “Bunun 4 səbəbi var”

Son günlər Güney Azərbaycanda yenidən alovlanan milli-azadlıq hərəkatı mətbuatın və sosial şəbəkələrin əsas mövzularından biridir. Cəmiyyətin bütün təbəqələrinin – ziyalıların, ictimai-siyasi xadimlərin, jurnalistlərin diqqətlə izlədiyi mövzuya nədənsə ədəbiyyat adamlarının münasiəti hiss olunmur. Halbuki vaxtilə Azərbaycan ədəbiyyatının ən tanınmış şairləri bu mövzuda alovlu şeirlər yazır, milli oyanışa dəstək verirdilər.

Bəs bu gün niyə Güney mövzusu yazıçılarımızın, şairlərimizin yadına düşmür?

Bu suala cavab tapmaq üçün əvvəlcə tanınmış tənqidçi Əsəd Cahangirə üz tutduq. O, bunun səbəbini belə mövzulara ictimai sifarişin olmaması ilə izah etdi: “İkinci Dünya müharibəsi zamanı və ondan dərhal sonra Stalinin göstərişi ilə Azərbaycan şairləri İrana gedir, oradakı Azərbaycan milli hökumətinin işlərində yaxından iştirak edirdilər. Yəni mövcud siyasi vəziyyət bunu tələb edirdi. Həmin qələm adamların çoxu bir müddət orada yaşadı və sonralar Cənub mövzusunda şeirlər yazdılar. Bu, bir növ ənənəyə çevrildi.

Digər tərəfdən isə Sovet dövründə, yəni, XX əsrin 50-ci illərindən 90-cı illərinə qədərki dövrdə Şimali Azərbaycan haqqında siyasi həqiqətləri demək mümkün deyildi. Azərbaycan haqqında siyasi həqiqətləri Cənub mövzusu vasitəsilə demək mümkün olurdu. Yəni Cənub mövzusuna müraciət şairlər üçün həm də özlərini ifadə etmək, azadlıq və milli müstəqillik duyğularını təbliğ etmək üçün lazım idi.

Ümumiyyətlə, 90-cı illərdən sonra Azərbaycanda ictimai-siyasi həyat o qədər qaynadı ki, SSRİ dağıldı, siyasi hakimiyyət dəyişiklikləri oldu, iqtisadi problemlər meydana çıxdı və Cənub mövzusu sanki ikinci plana keçdi. Şimali Azərbaycan ədəbiyyatı sanki öz daxilindəki problemlər ilə uğraşmağa başladı.

Mən Cənubi Azərbaycan mövzusuna marağın azalmasının üç səbəbini dedim, amma dördüncü səbəb də var: 90-cı illərdən sonra biz postmodernist epoxaya qədəm qoymuşuq. Artıq bu epoxada məhəbbət, gözəllik, dostluq, səmimiyyət, qəhrəmanlıq anlayışları kimi vətənə məhəbbət və vətənpərvərlik anlayışlarına da münasibət dəyişir. Məsələn, bu günün gənc şairi vətən haqqında 20-ci, 40-cı illərin və ya 80-ci illərin gənci kimi düşünmür. Vətənpərvərlik mövzusu onun üçün artıq o qədər də önəmli deyil. Nəinki Cənub haqqında, heç Şimali Azərbaycan haqqında da yazanlar yoxdur. Əslində, bu gün gənclər demək olar ki, vətən haqqında yazmırlar. Yazsalar da mövzuya ironik münasibət bəsləyirlər. Necə ki, məhəbbətə, sədaqətə, dostluğa, vəfaya müəyyən bir ironik münasibətlər var. Yəni dövrün, zamanın psixoloji mentallığı dəyişir və klassik anlayışların deformasiyası başlayır”.

Yazıçı-ssenarist İlqar Fəhminin məsələyə münasibəti isə qısa oldu: “Cənub mövzusuna müraciət olunmur deməzdim. Bizim xeyli sayda Cənub mövzusu ilə bağlı əsərlərimiz, şeirlərimiz var. Amma geniş mənada yoxdur. Buna səbəb isə bəzi siyasi-diplomatik səbəblərdir. Ancaq yenə də müəyyən mənada var, “heç yoxdur” demək olmaz”.

Röya


Müəllif: