23 Noyabr 2015 12:00
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Portret” rubrikasında rejissor Ramiz Həsənoğlu mərhum Yaşar Nurini xatırlayır.

- Ramiz müəllim, Yaşar Nuri ilə dost olmusunuz, onu necə xatırlayırsınız?

- Yaşarın adı gələndə bütün insanların üzündə təbəssüm yaranır, oynadığı obrazlar gözünün qabağında canlanır. O, mənə doğma insandır. Yaşar tək mənim yox, əksər rejissorların sevimli atyoru idi. Amma tale elə gətirib, ən çox mənimlə işləyib. Hər dəfə yeni işə başlayanda maraqla gözləyirdi ki, bu dəfə ona hansı rolu verəcəm.

Bir gün Ruhəngiz Qasımovanın "Qonşu qonşu olsa" pyesi üzərində işləməyə başladım. O əsəri başlamaq üçün iki il gözləməli oldum. Rejissorların ən böyük problemi təkcə əsər seçmək deyil, həm də aktyor seçməkdir. O əsərdə xırda, amma məzəli, dolğun personajlar var idi. Biz bu əsəri geniş kütləyə təqdim etməli idik. Ona qədər tamaşaçılar işlərimi görmüşdülər və sanballı aktyor oyunu gözləyirdilər. Ona görə bir az çətinlik çəkirdik. Yaşar kimi aktyorlar çox azdır. O personajlar haqqında düşünəndə fikir verdim ki, bu personajların heç biri-birinə uyğun deyil. İdeya yarandı ki, bu obrazların hamısında Yaşar oynasın. Belə ki, "Qonşu qonşu olsa" filmi Yaşarın 13 obrazı ilə tamaşaçıların yadında qaldı. O tamaşanı ildə üç-dörd dəfə bayramlarda göstərirlər. Hər dəfə tamaşanı izləyəndə o günlərə qayıdıram. Təsəvvür edin ki, hər obraz üçün aktyor bioqrafiyası lazım idi. Bioqrafiyanı da tapmaq üçün aktyor xarakterini müəyyənləşdirməli idi. Bu xüsusiyyətlərə görə Yaşar usta idi. O elə bir aktyor idi ki, çox izah etməyə ehtiyac yox idi. İşarədən başa düşürdü ki, nə demək istəyirik. O mənada Yaşar unikal idi.

Onu hər zaman çox böyük sevgi və nostalji hisslərlə xatırlayıram. Çünki Yaşar cavanlıq illərindən tanıyırdım və sənətə birlikdə gəlmişik. O sənətdə tanınmağa məndən bir az tez başlayıb. Uşaqlıq illərində televiziya verilişlərində çıxış edirdi. O vaxtdan tamaşaçıların sevimlisinə çevrilmişdi. Böyüdükdən sonra professional aktyor oldu. Mən də professional rejissorluqla məşğul olduqdan sonra yollarımız qovuşdu. Bunun nəticəsində onunla çəkdiyim əsərlər tamaşaçıların yaddaşında həkk edildi. Yaşar heç kimə bənzəmirdi və əvəzedilməz aktyor idi. Onun istedadı o dərəcədə dərin idi ki, Allahın verdiyi vergidən nə özü nə də rejissorlar sona qədər bəhrələnə bilmədilər. İstedadı aşıb daşırdı, ona görə də Yaşarla işləmək böyük zövq verirdi.

- Sizin üçün Yaşar Nurinin bir aktyor kimi əsas özəlliyi nə idi?
- Allah Yaşara fitri istedad vermişdi. Ona obraza girmək üçün çox vaxt lazım deyildi. O, istənilən məqamda rejissora lazım olan emosiyanı, hissi çatdıra bilirdi. Ona görə də bütün rejissorları cəlb edirdi, tamaşaçıların sevimlisi idi. Dramaturqlar onun adı ilə əsər yazırdılar ki, əsərdə o çəkilsin. Onda olan aktyor palitrası heç kimdə yox idi. O faciədən komediyaya qədər oynayırdı və bütün obrazları da son dərəcə inandırıcı alınırdı.

- Müsahibələrinizin birində onun hansısa xarakterindən xoşunuz gəlmədiyini demişdiniz…
- Əslində, xoşuma gəlməyən xüsusiyyət bütün istedadlı, tamaçıların sevimlisi olan insanların hamısında, həmçinin Yaşarda da var. Hara gedirdisə iki dəqiqədən sonra mövzu obyekti olurdu. Mən hətta zarafat edirdim, Yaşar içəri girəndə saatı qolumdan çıxarıb stolun üstünə qoyurdum və deyirdim ki, 15 saniyədən sonra bütün mövzular Yaşarın ətrafında fırlanacaq. İnanın ki, elə də olurdu. Mən onu zəiflik heab etmirəm. Yaşar lider idi, hər yerdə də özünü təsdiq etmək yox, özünü nümayiş etdirmək eşqi var idi. Onu da əlindən almaq lazım deyildi. Çünki Yaşar məzəli insan idi və insanlar tərəfindən çox sevilirdi. Danışmağı, hətta susmağı, baxmağı tamaşaçılar üçün cəlbedici idi. O da bunu bilirdi və tamaşaçılarını çox sevirdi.

- Bəs bir aktyor kimi kaprizləri vardımı?
- Xeyr, böyük kaprizləri yox idi. Çünki o sənəti üçün yaşayırdı, sənətinə dəyər verirdi. “Mən bunu belə istəmirəm” kimi kaprizləri yox idi. Çünki hər ikimiz aktyor ailəsində dünyaya gəlmişdik və o, dövrün, mühitin şəraitsizliyin içində yaşayırdıq. Yaşar da hamımız kimi çətin böyümüşdü. Yəni yaxşı şəraitdə, kef içində dünyaya gəlməmişdi, ərköyün böyüməmişdi.

- Dostunuzun ömrünün son illəri yaddaşınızda necə qalıb?
- Ünsiyyətcil adam idi, bir anın içində istənilən məclisdə insanlarla ünsiyyət qura bilirdi. Ancaq ömrünün sonuna yaxın hərdən özünə qapanırdı. Dərin fikrə gedirdi. Hətta son müsahibələrində filosof kimi danışmağa başlamışdı. Axır illər verdiyi müsahibələrin hamısı yadımdadır. Sanki həyatın dərinliklərinə baş vuran insan, xəstəliyini yola verə-verə həyat, ömür gerçəklik haqqında mülahizələrini qeyd edirdi. Onun fikirləri şəxsən mənim üçün çox maraqlı idi.

- Sizin bir çox filminizdə çəkilib. Yaradıcı mövzuda mübahisələriniz olurdumu?
- Yaşar iki ayağını bir başmağa dirəyən adam deyildi və onunla işləmək asan idi. Yaşara işarə eləyən kimi nə dediyini anlayırdı. Aktyorlar var ki, onlara çox şeyi – hərəkət etməyi, danışmağı, baxmağı, gülməyi, obrazı yaşamağı başa salırsan. Amma Yaşar elə deyildi. Qeyd etdiyim kimi, sadəcə, bir işarə kifayət edirdi ki, personajı tutsun. Poeziyada şah misra olduğu kimi aktyor oyununda da şah jest, intonasiya var. Yaşar isə o nüvəni çox tez tapırdı. İstedadı imkan verirdi ki, tez bir zamanda obrazı özününkü hesab etsin. Bu da onun sənətinin inkişafına və irəliləməsinə kömək edirdi.

- Yaşar Nurini aktyor kimi hansı məqamda görürsünüz?
- Aktyorluq sənətinin zirvəsində. Onu da deyim ki, O, səhnədə bacardıqlarının yarısınının yarısını edə bilmədi, çox tez dünyasını dəyişdi. Böyük sənətkar idi. Teatr, kino, televiziya tamaşalarındakı rollarının hamısı bir-birindən fərqli idi.

Oynadığı rollar ciddi tədqiqat tələb edən obrazlar idi. Yaşar Nuri adı hər zaman Azərbaycan incəsənətində zirvədə qalacaq və yaşayacaq. Müqtədir sənətkarlarımız var, Yaşar da o sıradadır, Mirzəağa Əliyev, Ağa Sadıq Gəraybəyov, Mövsüm Sənani kimi sənətkarların sırasında.

- Aktyor kimi xarakterizə etdiniz. Dost və ailə başçısı kimi necə idi?
- Bizim Yaşarla ailəvi dostluq münasibətimiz var idi. Bir-birimizin evinə gedib-gəlirdik.

- Ailəvi münasibətləriniz davam edirmi?
- Yaşar dünyasını dəyişməmişdən bir az əvvəl yoldaşım vəfat etdi. Ona görə də onun ömrünün son illərində bir-birimizin yanında deyildik. Amma ruhən həmişə birlikdə olmuşuq. Həyat yoldaşı Rəhimə xanımı tədbirlərdə görəndə hal-əhval tuturuq. Çox isti münasibətimiz var. Təbii ki, o illəri hər zaman xatırlayıram. Həyatımızın ən gözəl illəri idi.

- Bu sualı soruşmaya bilmərəm: Yaşar Nurinin Firəngiz Mütəllimova ilə münasibətlərinin əsasında nə dayanırdı: Sənət dostluğu, yoxsa sevgi?
- Bunu Firəngiz xanımın özündən soruşun. Mən mövzuya toxunmaq istəmirəm.

Rəqsanə


Müəllif: