2 Dekabr 2015 12:46
3 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Azərbaycan gənclərinə nə arzuladı?

Bu dəfə “Heykəllərlə söhbət”də Sərvər Şirin Nizami Gəncəvinin heykəli ilə söhbətləşir

Bu dəfə dahi Nizami ilə görüşmək qərarına gəldim. Heykələ yaxınlaşanda nədənsə ilk növbədə şairin aşağıdakı misraları xəyalımda səsləndi:

– Özün tək diri bil məni cahanda
Mən də canlanaram, sən canlananda.

Salamdan sonra ilk sualım belə oldu:

- Ustad, sizin üzünüzdən də, əsərlərinizdən də nur tökülür, insanilik süzülür. Şübhəsiz, bu, insanlara olan məhəbbətinizlə bağlıdır...
- Elədir. Hər bir sənətkarın özünün başlıca məqsədi olur. Mənim yaradıcılığımın canını məhz insanpərvərlik təşkil edir.


- Ustad, mən sizdən əvvəl böyük şairimiz olan Məhəmməd Füzuli ilə söhbətləşmişdim. Onun üzündə dərin bir kədər, qəm var idi. Sizin üzünüzdə isə daha çox mərhəmət, mehribanlıq görürəm...
- İnsanların dərd-qəmi məni də, Füzulini də eyni dərəcədə məyus edir, kədərləndirir. Füzuli hamının dərdini əlindən alıb, özü çəkmək istəyirdi ki, onların dərdi azalsın. Mən də onun kimi... Ancaq dərdlərə görə mən daha çox qədim hökmdarları qınamış, onları xalqla yaxşı rəftar eləməyə, ədalətli və qayğıkeş olmağa, insanların nazını çəkməyə çağırmışam. Çünki hər insan hansısa cəmiyyətin üzvü, bir ölkənin sakinidir. Əgər həmin cəmiyyətdə insanlara qayğı, mərhəmət olarsa, qəm-kədər də olmaz.

- Siz danışdıqca mənim yadıma “İsgəndərnamə” poemasından bu misralar düşür:

– Öylə bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə

- Mən o misraları ona görə yazdım ki, təxminən 30 il qədim hökmdarlara öyüd-nəsihət verdim, lakin sadə insanların vəziyyəti, hökmdarların onlarla rəftarı, ölkələrin idarə edilməsi səviyyəsi məni qane etmirdi. Axırda İsgəndər kimi ideal hökmdar, “xoşbəxtlər ölkəsi” kimi ideal cəmiyyət yaratdım.

- Ancaq siz İsgəndəri xoşbəxtlər ölkəsinə gətirməklə onun özünü də utandırmısınız...
- Doğrudur. İsgəndəri mən elə bir cəmiyyətə gətirirəm ki, orada hökmdar yoxdur. Hamı hüquqca, sərvətcə bərabərdir. Burada xəstəlik, cinayət, kin-ədavət yoxdur. İnsanlar səadət və sevinc içində yaşayırlar. Onlar İsgəndərdən soruşurlar ki, sən kimsən, bura nə üçün gəlmisən? İsgəndər utanır desin ki, cahangirəm, fatehəm torpaq tutmağa gəlmişəm.

- Ustad, sizin əsərləriniz ideyalarla, mövzularla o qədər zəngindir ki, onların hər biri haqqında ətraflı söhbət eləsək, min bir gecə bəs etməz. Lakin bir-iki məsələ var ki, onlara özünüzün münasibətinizi bilmək istərdim. Məsələn, mən sizin fars deyil, Azərbaycan şairi olmağınızı öz dilinizdən eşitmək istərdim.
- Əlbəttə, mən azərbaycanlıyam, Azərbaycan şairiyəm. Gəncədə doğulmuşam, ömür boyu orada yaşamışam, orada da vəfat edib, dəfn olunmuşam. Xalqımız sağ olsun ki, qəbrim üstündə gözəl bir məqbərə ucaldıb. Atamın adı Yusif, anamın adı Rəisədir. Mənim fars şairi olmağımı bəzi alimlər onunla əlaqələndirirlər ki, əsas əsərlərimi fars dilində yazmışam. Əvvəla, bu həmin dövrün tələbi idi. O zaman ədəbi-bədii dil fars dili idi. Bu dildə yazmağa məcbur idim. Şirvanşah Axsitanın mənə məktubu yadındadırmı? O , “Leyli və Məcnunu” fars dilində yazmağı tapşırır və türk dilinin şah nəslinə yaraşmadığını qeyd edir.

- Bu məktub sizi qəzəbləndirmişdi...
- Elədir. “Qulağım qulluq halqasına düşdüyünə görə” qəzəblənmişdim. Lakin onu da deyim ki, mən türkcə-azərbaycanca da əsərlər yazırdım. Ancaq saraylar onları qəbul etmirdi. Əgər belə deyildisə, Axsitan niyə mənə deyirdi farsca yaz, türkcə yox. Azərbaycan alimləri mənim Azərbaycan şairi olmağımı çoxdan sübüt ediblər və bu mübahisə qalxanda yenə də rəqiblərinə əsaslı cavablar verirlər. Mən sənə bu barədə “Xəmsə”nin iki misrasını da xatırlatmaq istərdim:

– Almır türklüyümü həbəş ölkəsi

Olmuş xoş dovğadan məhrum cümləsi

Ancaq mənqürur duyuram ki, başqa xalqlar və ölkələr də məni öz şairləri hesab etməyə çalışırlar. Mən bütün xalqlara və ölkələrə hörmətlə yanaşıram.

- Bəli, ustad, siz Azərbaycan şairi olsanız da, bəşəriyyətə, bütün dünyaya məxsussunuz. Dünyanın bir çox alim və şairləri sizi “şeirin Allahı”, “Hər sözü birinci deyən”, “Söz sənətinin ən uca zirvəsi” adlanıb. Oğlunuz Məhəmmədə nəsihətinizdə də təxminən bu cür demisiniz:

– Şeirdən ucalıq umma dünyada
Çünki Nizamiylə qurtardı o da


- Mən erkən vaxtlarımdan söz sənətini sevmiş, ona könül bağlamış, güclü mütaliə etmiş, sözün sehrinə, möcüzəsinə inanmış və özüm də möcüzəli, qeyri-adi sözlər-şeirlər yazmağa çalışmışam.

- Ustad, sənətdən söz düşmüşkən elmi də xatırlatmaq yerinə düşər. Axı elmlə sənət qoşa qanaddır. Siz əsərlərinizdə sənətkarlarlarla yanaşı, alimlərə də yüksək qiymət vermişiniz:

– Kütlələr içində seçilir yeri
Hamıdan yüksəkdir alimin yeri

Bu məşhur və dəyərli misralar bu gündə aktualdır, əhəmiyyətlidir.

- Doğrudur. Böyük alimləri olan ölkələr həmişə tərəqqi edər, şöhrət qazanar. Mən istərdim ki, təbii sərvətlər diyarı olan Azərbaycan, həm də “elm ölkəsi”, “qüdrətli alimlər vətəni” olsun.

- Bakının bu gözəl guşəsində sizinlə söhbət eləmək xoşdur. Ətrafınızdakı insanlar da sizə hörmət və məhəbbətlə, heyranlıqla baxırlar. Onlar Azərbaycanın müxtəlif bölgələrindəndir. Siz də Azərbaycanın hər bir şəhərini, kəndini çox sevirsiniz. Lakin rayonlar içində biri var ki, siz onu iki poemanızda böyük ilhamla, məhəbbətlə təsvir və tərənnüm etmisiniz. Mən həmin rayondanam.
- Hə, bildim, bərdəlisən.

- Elədir. Ustad, mən Bərdədən olduğumu sürpriz kimi söhbətimizin axırına saxlamışdım.

– Bərdə nə gözəldir, necə qəşəngdir.
Yayı da qışı da güldür, çiçəkdir.

Bu misralar hər bir bərdəlinin dilinin əzbəridir.

- Çox gözəl. Mən Gəncədə anadan olmuşam, orda yaşamışam, doğma şəhərimə sevgi dolu misralar həsr etmişəm. Lakin bir məsələ ilə bağlı Bərdəyə getmişdim. Sakinlərlə görüşdüm və onları ürəkdən sevdim. “Xosrov və Şirin”də bu hadisəni həvəslə təsvir etmişəm. Belə ki, o dövrün ən böyük hökmdarı Məhəmməd Cahan Pəhləvan mənə bir həvəsnamə – yəni eşq dastanı yazmağı tapşırmışdı. Mən bir neçə məşhur məhəbbət macəralarını nəzərdən keçirdim. Nəhayət, Bərdə ilə – Azərbaycanla bağlı olduğu üçün “Xosrov və Şirin” əhavalatı üzərində dayandım. Böyük hökmdarın sifarişini layiqincə yerinə yetirmək istəyirdim. Bu məqsədlə Bərdəyə getdim, oranın qoca müdrik sakinləri ilə məsləhətləşdim. Onlar sağ olsunlar mənə ürək-dirək verdilər, üstəlik, Bərdə gözəli Şirinlə Sasani hökmdarı Xosrovun məhəbbəti haqqında bir qiymətli əlyazma bağışladılar. Bərdə qocaları məni bu dastanı yazmağa təşviq etdilər, xeyir-dua verdilər. Onların nəfəsi yüngül, xeyir-duaları uğurlu oldu. Mən məhz bərdəlilərin mənəvi köməyi ilə bədii cəhətdən şah əsərimi – “Xosrov və Şirin” poemasını yazdım. Bu əsərə görə Məhəmməd Cahan Pəhləvanın qardaşı Qızıl Arslan mənə Həmdünyan adlı kənd bağışladı.

- Ustad, Bərdəyə olan məhəbbətinizin nəticəsidir ki, siz “İsgəndərnamə” poemasında da parlaq bərdəli surətini – Nüşabəni yaratmısınız.
- Bərdədə hökmdar Nüşabə öz ağlı, bacarığı, gözəlliyi ilə misilsiz bir obrazdır. Bərdəli – Azərbaycanlı qızı dünya fatehi İsgəndərə dərs verir. “Aslanın erkəyi, dişisi olmaz” deyir. Böyük İsgəndər isə öz növbəsində Bərdəli qız haqqında qiymətli fikir söyləyir:

– Eşq olsun bu fikri sağlam qadına
Mərdliyin yolunu göstərir mənə!

- Ustad, hələlik, sağ olun. İnşaallah bir də görüşərik. Mənə əlavə sözünüz varmı?
- Sənin simanda bütün Azərbaycan gənclərinə, Azərbaycan vətəndaşlarına xoşbəxtllik arzulayıram. Müstəqil dövlətimizi daim inkişaf etdirin, sağlam və gözəl olun, firavan yaşayın. Vətənimizi sevin, onu yağılardan qoruyun. Bu işlərdə Ulu Tanrı daim sizə yar olsun!

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər