3 Dekabr 2015 11:24
1 905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şadlıq evləri, restoranlar, iaşə obyektlərinə verilən adlar vaxtaşırı müzakirə mövzusu olur. Kimi həmin məkanlara əcnəbi adların qoyulmasına qarşı çıxır, kimi də tarixi yerlərimizin və şəxsiyyətlərin adının verilməsinə etiraz edir.

"Mona Liza", "Madonna" "Neapol", "Neolit", "Lido", "Kleopatra", "Flaminqo", "Prins", "İmperator", "Niaqara", "İmperial" kimi yad isimlərdə şadlıq saraylarının adları əcnəbi dildə olduğuna görə hədəfə alınır.

Son illər qınağa rast gəlinən obyekt adları qismində itirilmiş torpaqlarımızın adlarının da şadlıq saraylarına, restoranlara, mağazalara verilməsi ilə bağldır. "Şuşa", "Xudafərin", "Xarı bülbül", "Xan qızı" (istər-istəməz Natəvan yada düşür), "Laçın" və digər bu kimi adların restoranlara verilməsi cəmiyyətdə birmənalı qarşılanmır. Bəziləri bunu tarixi məkanlarımızın yaddaşlardan silinməməsi üçün başadüşülən olduğunu desə də, bir qisim tarixi adları daşıyan yerlərin profilinə uyğun olmadığını əsas gətirir.

Toxunacağımız mövzu tarixi şəxsiyyətlərin adlarının şadlıq evlərinə, iaşə obyektlərinə verilməsi ilə bağlıdır. Məsələn, şadlıq evinə "Oğuz xan", "Çingiz xan", klinikaya Tusinin adını vermək hansı anlama gəlir? Mövzunu aidiyyəti şəxslərlə müzakirə etdik.

"Çingiz xanın aşpazlıqla, şadyanalıqla əlaqəsi yoxdur"

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, professor Qulu Məhərrəmli qanunvericilikdə boşluq olduğu üçün məsələnin ayrı-ayrı şəxslərin istəyinə bağlı olduğunu deyir: "Belə olanda da hər kəs öz dünyagörüşünə uyğun seçim edir. Sahibkarın gərək o şəxsiyyətlərin həyatı barədə məlumatı olsun, dərk etsin ki, Çingiz xanın aşpazlıqla, şadyanalıqla, ictimai iaşə ilə əlaqəsi yoxdur. Çingiz xan dünya miqyaslı sərkərdədir və onun adını şadlıq evinə vermək məqbul deyil.

Bu məsələlər qanunla tənzmilənmədiyi üçün istənilən şəxs öz mülkiyyətinə istədiyi adı verir. Amma sizi inandırım ki, o sahibkarların çoxu bu addımı anlamadan atır. Biz monitorinqlər zamanı bu insanlarla ünsiyyətdə oluruq, sahibkarlara bunu irad tutanda bilmədən ad seçdiklərini deyirlər. Yəni, onları başa salan olsa, qoymazlar belə adları. Bilənlər bilməyənləri məlumatlandırsa, yaxşı olar".

Qulu Məhərrəmli şəxslərə ad qoymada tətbiq olunan qadağanın obyektlərə də şamil oluna biləcəyinə aydınlıq gətirdi: "Bu, bütün hallarda mübahisə doğuran məsələdir. Fikir verirsizsə, şəxslərə verilən adlara qadağanın tətbiqi ilə bağlı narazılıq yaranıb. İstər müsbətə, istərsə də mənfiyə doğru olsun, bütün hallarda insanlar qadağaları qəbul etməkdə çətinlik çəkirlər. Amma hər kəs bilməlidir ki, bu məsələ qadağa ilə tənzimlənməli deyil. Şəxsin adı toplum üçün maraqlıdır, bu da gülməli yox, xoşagələn olmalıdır. Yəni o adamın gələcəyi üçün hər hansı çətinlik yaratmamalıdır. O cümlədən iaşə obyektlərinə verilən adlar profilinə uyğun olmasa da, zidd olmalı da deyil".

"İaşə müəssisələrinə belə adların verilməsi qadağandır"

Tarixçi Tariyel Faziloğlu Azərbaycanda olmasa da, beynəlxalq səviyyədə tarixi şəxsiyyətlərin nüfuzunun qorunması baxımından onların adlarının iaşə obyektlərinə verilməsinin qadağan olunduğunu deyir: "Ölkə daxilində olmasa da, beynəlxalq səviyyədə bu məsələ qanunla tənzimlənir. İaşə müəssisələrinə tarixi şəxsiyyətlərin adlarının verilməsi qanunla qadağandır. Beynəlxalq qanunvericiliyə görə, ictimai siyasi, tarixi şəxsiyyətlərin adları xidmət sahələrinə, iaşə obyektlərinə verilə bilməz. Bu yalnız iki halda ola bilər ki, həmin müəssisə təlim-tərbiyə, təhsillə məşğul olur və yaxud inzibati ərazi bölgüsünə aid olmalıdır". Müsahibimiz hökumət qarşısında məsələ qaldırmaqla beynəlxalq qaydanın ölkəmizdə də tətbiqinin mümkünlüyünü deyir: "İndiki halda isə sahibkar qarşısında şərt qoymaq olmaz ki, sən tarixi şəxsiyyətin, yaxud hansısa ictimai xadimin adını əbədiləşdirə bilməzsən". Obyektinə məşhur şəxsiyyətlərin adını qoyan sahibkarla əlaqə saxlamaq istədik. Paytaxtdakı "Çingiz xan" restoranı ilə əlaqə saxladıq. Restoranın əməkdaşı bildirdi ki, məkanın adı heç də hamının düşündüyü monqol xanının adı ilə bağlı deyil: "Bunun tarixi şəxsiyyət Çingiz xanla heç bir əlaqəsi yoxdur, xan olanda nolar ki? O monqol, biz azərbaycanlı, bizim nəyimizə lazımdı onun adını götürmək. Bura restoran sahibinin oğlu Çingizin adıyla bağlıdır".

Restoran əməkdaşı onu da vurğuladı ki, hazırda restoranın adı dəyişib, Çingiz xan adında deyil: "Artıq restoran "Çingiz Plaza" adlanır".

"Oğuz xan" restoranından isə mövzu ilə bağlı açıqlama vermək istəmədilər.

Məsələ Milli Məclisdə müzakirəyə çıxarıla bilər

Millət vəkili Fəzail İbrahimli mövzuya bir qədər fərqli münasibət bildirdi. O, heab edir ki, tarixi şəxsiyyətlərin adını tarix boyu yaşatmaq üçün ən yaxşısı elə onların adlarının müvafiq qurumlara verilməsidir: "Əgər biz tarixi şəxsiyyət deyiriksə, onların adının bundan sonrakı tarixdə də qalmağına çalışmalıyıq. Bunun da bir yolu adlarının əbədiləşdirilməsidir. Onlar bizim tarixmizi yaradan şəxsiyyətlərdir. Məncə onların adını harasa vermək bizə bir yük olmur. Əksinə, onların adı daşıdıqları yerə şərəf gətirir, amma bu uyğunsuz olanda bir qədər xoşagəlməz olur. Götürək sovet dönəmindəki vəziyyəti. Məşədi Əzizbəyovun adına Dövlət Dram Teatrına vermişdilər və əlbəttə, bu, uyğunsuz bir yanaşma idi. Politexnik İnstitutu Çingiz İldırımın adını daşıyırdı. Hərbçinin adının bura verilməsinin nə əlaqəsi vardı?

Amma Respublika Klinik Xəstəxanasına Topçubaşovun adınının verilməsinə heç kəs heç nə deyə bilməz. Adam elə xəstəxananın həyətində onun büstünü görən kimi uyğunluğu da görür. Yusif Məmmədəliyevin adının Kimya İnstitutuna verilməsi də uğurlu seçimdir".

Fəzail İbrahimli deyir ki, hər hansı qurumun fəaliyyət istiqaməti adını daşıdığı şəxsiyyətin fəlaiyyətinə qismən də olsa uyğun gəlsə, narazılıq olmaz: "Istiqamət düzgün olmalıdır. Əlinin papağını Vəlinin başına, Vəlinin də papağını Əlinin başına qoymaq gülüncdür. Mən düşünmürəm ki, tarixi şəxsiyyətlərin adını şadlıq evlərinə verməklə onları təhqir etmiş sayılırıq, amma ümumi götürəndə məqbul görünmür".

Millət vəkili ehtiyac olduğu təqdirdə mövzu ilə bağlı parlamentdə məsələ qaldırıla biləcəyini də istisna etmir: "Əslində bu, elə məsələdir ki, hökmən hansısa qadağa, qanun lazım deyil. Belə məsələlər düşüncə tərzi ilə tənzimlənir. Təbii ki, belə xoşagəlməz hallar kütləviləşərsə, onun parlamentdə qaldırılması qaçılmazdır".

Qeyd edək ki, ictimai iaşə obyektləri qeydiyyatdan keçiriləndə onların adına da diqqət edilir. Adın mənası ilə bağlı sahibkara yalnız tövsiyə verilməsi nəzərdə tutulub. Bunun üçünsə səlahiyyət və təsdiqləmə mərhələsi Ədliyyə Nazirliyinə məxsusdur.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər