Teleqraf.com-un “Portret” rubrikasında mərhum yazıçı Ayvaz Əlləzoğlunu oğlu Ayxan Ayvaz xatırlayır:
– Ayxan, Ayvaz Əlləzoğlu sənin atandır, həm də yazıçıdır. Sizin münasibətiniz əsasən, hansı səviyyədə idi? Ata-bala, iki dost, qələm yoldaşı, ya necə?
– Atamı yazıçı kimi çox gec tanımışam. Onun hekayələrini 9-cu sinifdə oxudum. Mən yazmağa başlayanda isə ikimiz arasında qəribə bir uzaqlıq yarandı. Bir dəfə özü demişdi: “Bir evdə iki yazıçı ola bilməz”. Onunla dostluğumuz isə ölümündən bir-iki il əvvəl yarandı. Bir yerdə özəl tərcümə mərkəzlərinin birində işləyirdik. Atamın yanına çox adam gəlib-gedirdi. Mənə onu tərifləyirdilər. Açığı, qısqanırdım, paxıllıq eləyirdim. Tez-tez mübahisələrimiz də olurdu. Bir dəfə tərcümədən kalan pul qazandıq: Bir günə 40 manat. Dedi, gedək içək. O gün Ayvaz Əlləzoğlunu bir insan kimi tanıdım. Mənə uşaqlığından, gəncliyindən, sevgililərindən danışdı. Evə gedəndə dedi ki, pulu xərclədiyimizi anana demə. Razılaşdım, anam qapını açanda isə 20 manatı çıxarıb dedi ki, qalanını Ayxanla xərcləmişik. Mən hələ də bilmirəm ki, onunla ata-bala olmuşuq, ya yox. Çünki aramızda sərhəd yox idi. Qələm yoldaşı da ola bilməzdik. Ona görə ki, Ayvaz məni gözündə hələ də uşaq görürdü. Öləndən sonra isə anladım ki, o, mənim ən yaxın dostum imiş. Ayvaz Əlləzoğlu Prezident Aparatında da, Gürcüstan Səfirliyində də işləyib, amma heç vaxt məmur olmayıb. Yazıçı həyatı yaşayıb: ata olanda da, dostluq edəndə də.
– Maraqlıdır, sən onun yerini evdə çox axtarırsan, yoxsa cəmiyyətdə, daha dəqiqi, Ayvaz müəllimi daha çox ata kimi xatırlayırsan, yoxsa yazıçı kimi?
– O, bu cəmiyyətin adamı deyildi. Onun kodları üst-üstə düşmürdü bu insanlarla. Tiflisdə doğulmuşdu, oranın mühitini görmüşdü. Azərbaycanlıları başa düşmürdü. Bəlkə bizim ölkədə yaşayan xarici yazıçı idi atam. Burda yaşamağı bacarmadı, öz suyundan çıxardılmış balıq kimi çırpınırdı. Ata kimi çox mühafizəkar idi, yeniliyi qəbul etmirdi. Gec evlənmişdi və onda uşaqlarına göstərəcək qayğı da yaşlanmışdı. Əli Kərimin şeirindəki kimi, bizə sevdiyini deməzdi. Onun qardaşımın xəstəxanaya düşəndə evə girib qəfil hönkürməsi yadıma düşəndə tüklərim biz-biz olur. Eyni hal bacım itəndə də olmuşdu. Sovet höküməti dağılandan sonra dayanmadan işləmişdi. Evdəki hakimiyyəti mənə Elçibəyi xatırladırdı. Ürəyi yumşaq idi, uşaqlarının səhvlərini bağışlaya bilirdi. Atamı evdə tapa bilmirəm, nə şəkillərdə, nə divarlarda. Onu həmişə Tiflisdə axtarmışam, gürcülərin içində, çaxır çənlərində, müzeylərdə, teatrlarda və s. Ayvaz Əlləzoğlu mənim gördüyüm ilk məğlub olmuş adam idi.
– Səninlə yaxın dostuq, xasiyyətinə yaxşı bələdəm, ədəbi zövqünə də, qələminə inanıram. İnanıram ki, sualıma da səmimi cavab verəcəksən. Səncə, atan necə yazıçı idi?
– Atamı tərifləmək istəmirəm. Amma Ayvaz Əlləzoğlu 80-ci illər nəslinin ən parlaq nasirlərindən biridir. Onun bir neçə hekayəsi yeni nəsr mərhələsi yaradıb. “Bığlı Kərəm”, “Balıq günü”, “Doğum” və s. Hekayə ustası idi. Bir dəfə əlimə onun 25 yaşında yazdığı hekayələr düşmüşdü. Çox zəif idi. Cırnatmaq üçün özünə dedim, çünki məni lağa qoyurdu. Yazıya həssas adamdı və deyim ki, onu bəyəndirmək elə də asan deyildi. Onun üçün yazmaq sadəcə hava-su kimi lazımlı bir şeydi. Yalnız yazmaqla öz doğma yerlərinə, tanıdığı insanlara qovuşa bilirdi. Ancaq səmimi deyim ki, Ayvaz bir romançı kimi alındıra bilmədi. Həmişə deyirdim ki, bu ləhcəni bizim kənddəkilərdən başqa heç kim oxuyub başa düşməz. Sonra anladım ki, bu yazılan romanlar onun ölümünə işarəydi. Son zamanlar çox yazırdı.
– Bəs atan niyə yazıçı kimi tanınmadı? Bəzən deyirlər ki, ona mane oldular. Amma belə bir fikir də var ki, istedadsız adama heç nə kömək eləyə bilmədiyi kimi istedadlı adama da heç bir şey mane ola bilmir.
– 80-ci illər nəslinin ümumi bəlasıdı bu: qınına çəkilib yazmaq. Saday Budaqlı, Səfər Alışarlı, Ayvaz Əlləzoğlu həmin nəslin ən gözəl yazıçıları idi. Bəlkə də Sovetin qəfil çökməsi, sonradan müstəqilliyin əldə olunması onları çaşdırdı. Bu adamlar bizim kimi kefə qulluq eləmədilər. Birdən-birə xaosun içinə düşdülər. Gördükləri mənzərələrin birdən-birə başqaları ilə əvəz olunmasını həzm edə bilmədilər. Ailə qurdular, uşaqları oldu, onlara baxmaq üçün hərəsi bir yerə dağıldı. Nəticədə nə ailə istədikləri kimi alındı, nə dövlət, nə də ədəbiyyat. 60-cı illərlə döyüşməyə də çəkindilər. Çəkindilər də deməyək, ədəbiyyatın müqəddəsliyi onları qorxutdu. Təsəvvür eləyin ki, bir dəfə dostlarımızdan biri ədəbiyyat sorğusu keçirmək istəyib. Ayvazın cavabına baxın: “Ədəbiyyatı şouya çevirmə”. (gülür).
– Təxminən, 80-ci illər nəslinin hamısı belədi.
– Doğrudur. Ayvaz müsahibə almaq istəyən jurnalistə dəfələrlə şahidi olmuşam, deyib ki, mən fəhləyəm, səhv düşmüsünüz. Onlar dövrlə uyğunlaşa bilmədilər, bir ayaqları Sovetdə, digəri isə milli hökümətdə. Atam ölənə qədər də elə bilirdi ki, tarix onlara qiymət verəcək. Ayvaz Əlləzoğlunun tanınmasına mane olan heç nə yox idi. Maneə onun özü idi. Və bir şeyi də deyim. Gündəmə gəlmək yolları, ədəbi intriqalar və s. Heç birində yox idi. Ümumiyyətlə, Ayvaz özünü tənhalığa sürükləmişdi, özü qəsdən bunu etmişdi. Bəlkə özünü dahi hesab edirdi, bəlkə sadəcə, onun problemləri buna mane olurdu. Dəqiq bilmirəm. Sadəcə, onun haqlı olduğu tərəfi də özüm üçün müəyyənləşdirmişəm. Biz mətbuatda kimləsə “dava-qırğın”a çıxanda hamı deyir ki, yaza bilmirlər, ona görə də gündəm yaradırlar. Soruşuram sizdən, axı nə vaxt bizim ciddi yazımıza reaksiya bildirdiniz ki? Bu cəmiyyət, əslində, şounu istəyir və biz də onların bu istəyini reallaşdırırıq. Ayvaz isə bunu qəbul etmirdi. Əgər normal cəmiyyətdə yaşasaydıq Ayvaz Əlləzoğlu artıq dünyaya çıxmışdı. Atam isə bir şeydə səhv edirdi.
– Nədə?
– O, bilmirdi ki, gündəm yarada bilənlər həm də mətn yazmağı bacarlanlardır.
– Atan heç səni döyüb?
– Yox, döymək işlərinə anam baxırdı. (gülür). Bir dəfə bacımla oynayırdıq. Onu itələyəndə gedib televizora dəydi. Atamın pis günləri idi, işləmirdi, evdə kasıbçılıq. Bu televizoru da güc-bəlayla almışdı. Televizor döşəməyə çırpıldı, şüşəsi qırıldı. Ayvaz ikimizi də elə döydü ki, bacımla gecənin gec vaxtına qədər stolun altında qaldıq, bərabər ağladıq, ta ki atam yatana qədər.
– Atan bir anlıq geri qayıtsaydı, ona nə deyərdin?
– Ata, öz doğma yurdunu sevmədiyin Bakıya niyə dəyişdin?
– Ayxan, Ayvaz müəllimin yaxın dostları kimlər idi, kimlərlə oturub-durardı?
– Açığı deyim ki, Ayvazın dostu yox idi. Bir dəfə gəlib dedi ki, hamı gəlib dərdini mənə danışır. Atam məbəd idi, adamlar isə o məbədin ziyarətçiləri. Onun dostu öz ailəsi idi, bir də yazdıqları. Ciddi deyirəm. Həyat yoldaşı idi ən yaxın dostu, o da intihar elədi. Ayvaz istiqanlı adamdı, hamıyla dil tapırdı, onunla bircə saat danışan səhərisi gün axtarmalıydı atamı. Unudulmaz biri idi, şirin danışığı, hərəkəti...
– Onun hansı cəhətləri sənin xoşuna gəlmirdi və hansı xüsusiyyətlərini bir ömür özünlə yaşatmaq istərdin?
– Ən adi şeylərə əsəbiləşirdi, adamı durduq yerdə incidirdi. Lağ eləyirdi camaatın içində. Ancaq sonra könlünü almağı da vardı. Ən gözəl xüsusiyyəti hamı ilə bərabərhüquqlu danışmağı idi. Amma buna görə ondan xeyli istifadə elədilər, yalançı dostlar peyda oldu ətrafında. Onun kimi dözümlü olmağı istəyərəm həmişə, sınmamağı, yaltaqlanmamağı.
– Atanla anan evdə mübahisə eləyərdimi? Davaları ən çox nə üstündə düşərdi?
– Bakıya gəlməyimiz onların davası üstündə oldu. Uşaq idik, ilk dəfə anamın belində qırılan stulu gördük. Tiflisdəki son günümüz idi. Ayvaz səfirlikdən istefa vermişdi. Azərbaycana qayıtmaq səhvi onu ölənə qədər izlədi. Anam həmişə atamı fırıldaq, “zamana adamı” ola bilməməsinə görə qınayırdı. Davaları da bunun üstündə düşürdü. Sonra anamda peşmançılıq yaranırdı. Ağlayıb deyirdi ki, bu uşaqlara görə deyirəm. Mən dəqiq bilirəm ki, atam bizə heç vaxt haram çörək yedirmədi. Ona görə fəxr eləyirəm atamla. Anamın intiharı isə atama olan münasibətə, dəyişmiş, kirlənmiş dünyaya bir etiraz idi. Bu, həm də onların davasının səbəbi idi.
– Sənə ən çox nə məsləhətləri verərdi atan? Kimləri sənə nümunə göstərərdi?
– İnanın, Ayvaz məsləhət verməyi bacarmırdı. Bu, ona yad bir şey idi. Çünki özü də alınmayan bir həyat yaşayırdı. Sadəcə, ondan çox şey öyrənmişəm: ədəbiyyatı, kinonu, rəssamlığı. Danışmağı sevirdi, bildiyini başqaları ilə paylaşmaq kimi gözəl bir xasiyyəti vardı.
– Ölümü necə oldu, Ayxan?
– Biz onda Razində kirayədə qalırdıq. Həmin gün qardaşım Oğuzla Şabanın filminə baxırdılar. Keçdim otağıma, internetə girdim. Bir az keçməmiş qapımı açdı və soruşdu ki, nə işlə məşğulsan? Dedim ki, Rafiq Tağı ilə danışıram. Salam göndərdi, dedi, yat sabah dərsə gedəcəksən. Gec yatan idim, təzəcə yerimin içində yuxuya getmişdim ki, qapı açıldı və anam tələsə-tələsə dedi ki, dədənə nəsə olub. Onlar yerdən döşək salıb yatırdılar. Ayvazı görəndə sancılandım elə bil, o isə mənə baxıb gülümsündü. Tualetə getmək istəyib, qalxanda başı yavaşca divara dəyib. Tez-tez başını göstərir, mızıldayırdı. Ayaqları tutulmuşdu. Anamla köməkləşib qaldırdıq, ayaqda dura bilmədi. Sonra termosu gətirib isti suyu ayağına tökdüm, heç nə hiss eləmədi. Qəfil böyrümdə anam hıçqırdı, insult keçirib dedi. Qışqırdım üstünə, dedim, axmaq-axmaq danışma. Düşünmüşdüm ki, yəqin içib, çünki anamın gətirdiyi ləyənə qaytardı. Sevindim əslində onun qaytarmağına. Sonra bacım gəldi, gözlərini ovxalaya-ovxalaya. Onu yanına çağırdı və belə dedi: “Mən gedirəm, sağ ol”. Anam yenə ağladı, dümsüklədim ki, bacımı qorxutmasın, heç nə olmayıb. Birdən atam çay istədi, bacıma dedi ki, get gətir. Gecə saat dörd, ya beşi olardı. Mənə baxıb güldü, bunları yazarsan dedi, gözüm doldu, tez üzümü başqa tərəfə çevirdim. Bu vaxt bacım əlində çay içəri girdi. Mən onun dirsəklənməsi üçün kömək etdim, anam stəkanı ağzına yaxınlaşdırdı. Bir-iki qurtum içib gözlərini açıb-bağladı. Gedib təcili yardıma zəng vurdum. Atam nəsə danışmağa başladı. Əvvəl bir az başa düşülürdü. Təxminən belə: “Mən istədim durum ayağa...” Sonrakı sözlər yarımçıq, yeyilmiş, rabitəsiz oldu. Axır-axırda həkim gələndə ümumiyyətlə, nə dediyini anlaya bilmədik. Qardaşım da oyanmışdı onda. Köməkləşib aşağı düşürtdük, təcili yardım maşınına qoyanda əlimdən tutdu, alt paltarının batdığını gördüm. Həkim dedi ki, insultdu, amma qorxma, ölməyib.
– Heç atanın öləcəyi barədə əvvəlcə düşünürdünmü? Ağlından belə fikirlər keçirdimi?
– Bir dəfə yuxuda görmüşdüm atamın ölümünü. Yuxuda iki dəfə zəng gəldi, dedilər ki, atan ölüb, hardasan? Sonrasını xatırlamıram. Özü ölümü zarafata salırdı. Deyirdi ki, qəbirin içində adam necə uzanıqlı olur, çatmır mənə, darıxmır görən? Elə bilirdim atam heç vaxt ölməyəcək. Çünki onunla özümü yaşıd kimi hiss edirdim. Öləndə isə qorxuya düşdüm, düşündüm ki, mən də öləcəm.
– Bir qardaşın, bir də bacın var. Evdə üç uşaqsınız. Bacın, qardaşın və sən üçünüz bir yerdə atanızı necə xatırlayırsınız?
– Onu həyatımıza girmiş qəribə, möcüzəli adam kimi xatırlayırıq.
– Ayxan, sənin üçün atasız yaşamağın çətinlikləri nədir?
– Əvvəl çox çətin gəlirdi. Birdən bütün yükün sənin çiyinlərin üzərinə düşməyi məni qorxutdu. Dəhşətə gəldim. Anam təskinlik verdi yeddisində, səhər isə özünü asdı. Sonra isə düşündüm, çox düşündüm. Daha dəhşətli faciələr yaşamış adamlar düşündüm. Getdikcə laqeydləşən, mənasızlaşan insanların arasında atama yer tapa bilmədim. Dedim ki, bəlkə də vaxtında gedib. Bütün yaradıcı adamların bu cür öləcəyini düşündüm. Özümə təskinlik verdim. Amma həyatımda tək yalansız, saf, təmiz olan insanı – atamı itirmək asan gəlmədi. Onun yerini doldurmağa çalışdım, alınmadı. Sonra bunun da başını buraxdım. Anladım ki, elə ən çətin olanı – atamsız həyatı yaşamaq lazımdır.
– Hiss edirsənmi ki, atanı yavaş-yavaş unudursan? Səncə, unutmaq dövrü nə vaxta kimi çəkir, nə vaxt tamamilə başa çatır?
– Atamı unutduğumu düşünmürəm. Sadəcə, yarasınını hər vaxt göstərən, zıqqıldayan biri deyiləm. Nə vaxtsa unudacağımı da sanmıram. Ayvaz Əlləzoğlu tanıdığım ilk gözəl insan idi və onu itirəndə həyatım kirləndi. Tanıdığın ilk gözəl insanın ölümünü görmək. Yox, onu unutmamışam.... Ümumiyyətlə, unuda bilməmək mənim ən böyük zəifliyimdir. Elə atamın da...
Kəramət Böyükçöl