Filmləri bizə sevdirən obrazı canlandıran aktyor və aktrisaların məharətli oyunu, ssenari, rejissor işi və hər bir filmdə özümüzə yaxın bildiyimiz kadrlar, obrazlar, hadisələrdir. Bəzən filmlərin yaradıcıları - ssenaristlər, rejissorlar, prodüserlərin adlarını belə bilmirik. Dialoqları eşidir, aktyor, aktrisaların oyununun intizarını çəkirik. Amma filmlərin necə ərsəyə gəlməsindən xəbərsiz qalırıq. Halbuki çəkiliş meydançaları ekran hadisələrindən maraqsız olmur. Dəfələrlə çəkilən kadrlar, bu əsnada yaşananlar, filmə salınmayan səhnələr, aktyor-aktyor, aktyor- rejissor narazılıqları və səhnələrin çəkiliş zamanı aktyorların başlarına gələn məzəli əhvalatlar təbii ki, ekranlara çıxmır.
“Kino xatirələr” rubrikamızda filmlərin maraqlı, məzəli, gərgin kadrarxası məqamlarını sizə təqdim edirik.
“Dedim, məni aldadırlar”
1987-ci ildə ekranlara çıxan “Kişi sözü” filmi Əməkdar artistlər Əjdər Həmidov və Sənubər İsgəndərlinin kinoda ilk işidir. Ssenari müəllifi İsi Məlikzadə olan filmin quruluşçu rejissoru Cahangir Mehdiyevdir. O həm də filmdə idmançı Niyazi rolunu canlandırır. Ömrü kişi kimi yaşamaq, öz sözünün ağası olmaq asandırmı? Adam həyatda öz yerini necə tapmalıdır? Film bu suallara cavab verir. Müasir Azərbaycan kəndindən bəhs edən kinolentdə namus, ləyaqət və şan-şöhrət kimi məsələlərə toxunulur. Həyatın özünəməxsus qanunları var. Ona görə bəzən həyat hər kəsin arzuladığı kimi olmur. Filmin qəhrəmanı Qasım üçün də həyat sınaq məktəbinə çevrilir. Filmə 15 ay vaxt ayrılmasına baxmayaraq 10 aya hazır olur.
Əjdər Həmidov: “Kişi sözü” filmi mənim vizit kartım oldu. İlk işlədiyim teatr Sumqayıt Teatrı olub. Ordan sonra Akademik Milli Dram Teatrına gəldim. Bir gün teatrın həyətində rejissor Mərahim Fərzəlibəyovu gözləyirdim. Gördüm ki, kimsə kənardan diqqətlə mənə baxır. Sonra o “Azdrama”nın aktyorlarından məni xəbər alıb, yanıma gəldi. Eləcə rejissor Cahangir Mehdiyevlə tanış olduq. Sən demə, xarici görkəmim rejissoru tutmuşdu. Mənə yaxınlaşdı, özünü təqdim etdi və dedi ki, film çəkilişi üçün “prob”a çağırır. O vaxt məndə inamsızlıq var idi. Elə fikirləşirdim ki, yalandan hamının şəklini çəkirlər və sonda özləri istədiklərinə filmdə rol verəcəklər. Ona görə çox həvəs göstərmədim, sonra qərarımı dəyişdim. Cahangir müəllimlə o söhbətin üstündən 10 gün keçmişdi, gəldim teatra, rejissoru tapdım, şəklimi çəkdilər. Bir müddət keçdi, zəng elədilər ki, gəl, epizodları çəkirik. Deyəndə ki, səni baş rol üçün sınaqdan keçiririk, inanmadım, dedim, məni dolayıblar. Sənubərlə məni bir “prob” etdilər. Fotolarımızı əlinə alan rejissor dedi ki, gedirəm Moskvaya, müəllimim Daneliyaya göstərəcəm, kimi təsdiqləsə, onu da çəkəcəm. Cahangir müəllim onun fikrinə çox önəm verirdi. Çünki onun tələbəsi olmuşdu. O, ssenarini də seçilmiş aktyor heyətini də bəyənir və hətta təklif edir ki, filmdəki idmançı Niyazi obrazını Cahangir müəllim özü yaratsın. Beləcə, Qasımla mənim kino karyeram başlamış oldu. Qasımın kinodakı həyatı ilə mənim həyatım bir çox məqamlarda oxşardır. Filmdə mən baytar həkim rolunu oynayıram. Həyatda mənim atam baytar həkimi idi. Və mən atamın arzusu ilə aktyor olmuşam. Özümə qalsaydı, rəssam olacaqdım. Filmdəki kimi həyatda da nakam sevgi yaşamışam. Yalnız onu deyə bilərəm ki, həqiqətən bu əhvalat olub. Mən kinoda Sənubəri, həyatda başqa adamı sevmişəm. Bilirsiniz, Qasım mənim özüməm, xarakterimdir. Rejissor Cahangir Mehdiyev Qasım obrazını mənim xarakterimə yaxınlaşdırdı. Qasımın o məşhur papağını indiyə kimi evdə saxlayıram".
“Çaya düşməyimiz ssenaridə yox idi”
O, daha sonra bunları deyib: “Filmin çəkilişləri zamanı çox maraqlı hadisələr baş verirdi. Amma ən yaddaqalanı filmin son səhnəsinin çəkilişi idi. Kəmalə Hüseynova Tovuz rolunu oynayırdı. Ssenari gərəyi Qasımla Tovuz taxtanın üzərində çayda üzürlər. Mənim əlimdə ud, Kəmalənin əlində quzu var idi. Film bizim ekrana əl sallamağımızla bitməli idi. Amma biz bunu edəndə ikimiz də çaya düşdük. Rejissor isə çəkilişi davam etdirdi və o səhnəni çəkdi. Filmdə də tamaşaçılara elə təqdim olundu”.
“Rejissor fikrimlə razılaşmadı”
Xalq şairi Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında çəkilən və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunan “Yeddi oğul istərəm” filmi 1970-ci illərdə ekranlara çıxıb. Film inqilabın qələbəsinə inanan 20-ci illərin komsomolçuları haqqında romantik hekayədir. Elə bu səbəbdən filmin yaradıcıları Azərbaycan komsomolu mükafatına layiq görülüb. Ekran əsərinin ssenari müəllifi Yusif Səmədoğlu, quruluşçu rejissoru Tofiq Tağızadədir. Əməkdar artist Ənvər Həsənov: “Bu filmə çəkiləndə 19 yaşım var idi. Mən kinostudiyaya gələndən həm aktyor, həm də rejissor assistenti kimi çalışırdım. Dəvət Tofiq Tağızadədən gəldi. Amma filmin ilk rejissor Kamil Rüstəmbəyov idi. Yəni o çəkəcəkdi, lakin sonra nə baş verdisə kino Tofiq Tağızadəyə həvalə olundu. Cəlaldan başqa bütün obrazların aktyorları seçilmişdi. O filmdə çox maraqlı aktyor ansamblı var idi. Başımıza o qədər maraqlı hadisələr gəlirdi ki... Bir hadisəni deyim: Cəlal Mirpaşanın ölümündən sonra Gəray bəyin qapısına dayanır. Orada Kələntər dayını görür və Cəlala deyir ki, sənin yavrunu apardılar. Ssenariyə görə mən də hirslənib ona şillə vururam. Şilləni vurdum Kələntər dayını oynayan İsmayıl dayı mənə dedi ki, vurduğunu hiss etmirəm. Axırda mən də ona yaman bir şillə vururam. Zərbədən İsmayılın protezi düşür. Amma nə qədər etsəm də o səhnə ürəyimə sinmir. Fikirləşirəm ki, bizim adət-ənənələrimizdə böyüyə əl qaldırmaq yaxşı hal deyil. ”Yeddi oğul"la söhbət etdim onları inandırdım, sonra hamımız getdik Tofiq müəllimin yanına. Tofiq müəllim o kadrın çıxarılmasına razı deyildi. Deyirdi ki, bu, çox vacib və güclü kadrdır. Və məntiqidir. Amma sonuna qədər israr etdim, mənim dəstəkləyən dostlarımın da təkidi ilə rejissor kadrı filmə salmadı. Film döyüş səhnələri ilə bol idi, ona görə gözlənilməz hadisələr tez-tez baş verirdi. Filmə salınmayan bir kadrım daha var. O da ölüm səhnəm idi. Ssenariyə görə məni əl qolumu bağlayıb, ata mindirərək qayalıqlarla aparmalı idilər. Amma birdən at ürkdü və sürətlə qaçmağa başladı. Təsəüvvür edin, əlim qolum bağlı atın belindəyəm, çəkiliş meydançasında hamı qorxmağa başladı. O an insan nə fikirləşər... Atı o zaman kimsə saxlamasaydı, hər şey dəhşətli sonluqla bitərdi, mən ölə bilərdim. Uçuruma az qalmış kimsə atı saxladı. Rejissorumuz çox qorxmuşdu, ona görə o səhnəni yenidən çəkmək istəmədi. Qərar verdi ki, o səhnəni filmə salmayacaq".
Nərmin Muradova