17 Dekabr 2015 13:42
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sənətkar bilir, kim kimdi, hansı xanəndə hansı potensiala, ifaya malikdir. Gəlin baxaq, səhnədə nə qədər qadın xanəndələrimiz var. Amma onları saf-çürük eləsək, əsl xanəndə kimi çox azının adını çəkə bilərik”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti, xanəndə Nəzakət Teymurova deyib. Onun fikrincə, hər muğam oxuyanı xanəndə adlandırmaq olmaz: “Mahnıların içində muğam oxuyan hər kəsi xanəndə adlandırmaq olmaz. Xanəndə odur ki, bütün muğamlarımızı, dəsgahlarımızı ifa etsin. Muğamı istər ritmik, istər dəsgah formasında ifa etməyə hər bir xanəndənin potensialı çatmalıdır. O mənada ekranda hər gördüyünüz xanəndə xanəndə deyil. Kimsə özünə o adı verə bilər. Amma potensialı yoxdursa, səhnəyə çıxıb muğamı tamaşaçıya çatdıra bilmirsə, o adam xanəndə deyil”.

Muğama son vaxtlar gənclərin axınının çox olduğunu deyən Nəzakət xanım bunu normal qarşılayır: “Muğam sənətinə hər zaman axın olub. Seyid əminin, Cabbar əminin, Xan əminin vaxtında da bu axın var idi. amma bu günlərə o axından ələnənlər gəlib çatıb. Xanəndə hər zaman yetişmir, buna vaxt, zaman gərəkdir. İndi dövlət tərəfindən muğama göstərilən qayğı əvvəllər heç vaxt olmayıb. Muğam ifaçılarını hər zaman xalq saxlayıb. Muğam xalqın malıdır, bizim deyil.

Azərbaycandan kənara addım atanda ancaq muğamımız tanınır. İtaliyaya gedib onların musiqisini onlara təqdim etməyəcəksən ki. Onun bünövrəsini italyan qoyub. Muğam həmişə xariciləri təəccübləndirib, onlara qeyri-adi təsir bağışlayıb. Muğamı hər bir ölkədə qəbul edib dinləyirlər. Bu növ musiqinin ən kamili bizdədir. Çünki digər ölkələrin muğamında nəsə çatmır. Bir dəfə Fransada konsert verirdim. Zalda olan yeganə azərbaycanlı tamaşaçı səslənən muğamlara o qədər həssaslıqla yanaşdı ki, mənə “Qarabağımın qara gözlü qızı” deyə xitab etdi. Fransızlar həmin adama etiraz etdilər. Onlar dedilər ki, biz muğamı sakitliklə dinləyirik, sənsə bizim sakitliyimizi pozursan. Ona görə deyirəm xaricdə muğama çox sakit və mədəni şəkildə qulaq asırlar. Bizdə elə deyil. Amma bu faktdır ki, gərək öncə Azərbaycanda tanınasan, qəbul olunasan ki, dünyaya çıxa biləsən. Bizi sevdiklərinə, sahib çıxdıqlarına görə mən xalqıma təşəkkür edirəm”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər