23 Dekabr 2015 11:15
4 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar incəsənət xadimi Cahangir Novruzov Azərbaycana gəlib. Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru olan |Cahangir müəllim babası Cahangir Zeynalovun 150 illik yubileyi ilə bağlı Akademik Milli Dram Teatrında tamaşa hazırlayır.

Cahangir Zeynalovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Cahangir müəllim, Akademik Milli Dram Teatrında tamaşa hazırlamaq üçün Bakıya gəlmisiniz...

- Hörmətli prezidentimiz İlham Əliyev Cahangir Zeynalovun 150 illik yubileyi ilə əlaqədar sərəncam imzalayıb. Sərəncama görə, prezidentimizə təşəkkürümü bildirirəm. Mədəniyyət və Turizm nazirliyinə, başda Əbülfəs Qarayev olmaqla təşəkkürümü bildirirəm. Mənim bir nəvə kimi borcum bu nəslin üçüncü nümayəndəsi olaraq babamın və Nəsibə xanımın adına, xatirəsinə layiq olmaq və onlara uyğun bir iş ortaya çıxarmaqdır. Bu səbəblə də Bakıya dəvət olunmuşam. Türkiyədə Çukurova Universitein rektoruna, konservatoriya müdirlüyünə çox təşəkkür edirəm ki, bura gəlməyim üçün şərait yatadılar. Bu yubileyi hazırlamaq üçün qısa, amma işdən icazə almaq üçün uzun müddət idi. Yubiley gecəsinin hazırlıqlarına başlamışıq. Bakıya gəlməyimin məqsədi budur. A.P.Çexovun “Kalxas” (“Qu quşunun nəğməsi”) əsəri əsasında tamaşa hazırlayırıq. Tamaşa, sadəcə, Cahangir Zeynalovla bağlı deyil. Cahangir Zeynalov Azərbaycan professional teatrının mənəvi, ədəbi anlamda qurucularından biridir. Amma maddi anlamda ən başlıca qurucusudur.

Çünki Azərbaycan sənət adamlarının - tarixdə hər kəsdən öndə gedən Hüseyn Ərəblinlinskinin adı çəkilir. Ki, Hüseyn Ərəblinskini oğlu kimi sevərdi. Hüseyn Ərəblinski isə Cahangir Zeynalovu müəllimi kimi qəbul edərdi. Babam onun maddi ehtiyaclarını qarşılayardı. Bütün istedadlı insanları Azərbaycan səhnəsində peşəkar şəkildə yer alması üçün dəstəkləyib, onlara maaş kəsib. Bu tarixdə yalnız sözdə qalmış bir şeydir. Çünki anamın və rəhmətlik nənəm Hüsniyyə xanımın da xatirələri var. Hüsniyyə xanım rəhmətə gedəndə mənim 16 yaşım var idi. O çox xatirələr danışmışdı. Anam atası rəhmətə gedəndə kiçik idi, amma 7-8 yaşında şahidi olduğu, gördüyü hadisələri danışırdı. 1920-ci ildə sovet hakimiyyəti quruldu. Sovet hakimiyyətində diriləri yerbəyer etdikdən sonra zəngin insanları hökumətin düşməni hesab edirdilər. Hacı Zeynalabdin Tağıyevi də düşmən hesab ediblər, amma görüblər ki, mümkün deyil. İnsanlara ayağa qalxır. Bu adam nəyi pis edib?!

Bütün var-dövlətini camaata verib. Yalnız bağında yaşamağa icazə veriblər. Ömrünün sonuna qədər orada yaşayıb. Cahangir Zeynalov artıq rəhmətə getmişdi.

Rəhmətə gedənlərin ailələrinə sıra çatdığı zaman - Nəsibə xanımın 7-8 yaşında - eşidiblər ki, varlı insanların evlərini axtarırlar. Məqsəd ölən insanlar deyil, onlardan qalan var-dövlətini ələ keçirmək idi.

Qanuni olaraq dövlət tərəfindən bir qarət var idi. Azərbaycan xalqını qarət edirdilər.

Adını başqa qoymuşdular. Amma evlərdən gedən şeylər muzeylərdə deyil, Allah bilir kimin evində olurdu, yaxud da kimlərəsə verilirdi. Ailəyə zərər gəlməsin deyə – bilirsiniz ki, xalq düşməni hesab edilən insanların ailələri də sürgün edilirdi, 1937-ci ildə bu daha şərt bir şəkil aldı – belə hallar baş verməsin deyə ailənin fərdləri (onlar da çox təhsilli və savadlı adamlar sayılmazdı) anamın dediyinə görə, sandıq kimi bir qutu vardı. Onun içərisində külli miqdarda sənəd, Cahangir Zeynalovun proqramları, afişaları, məktubları var idi. Nənəm babam rəhmətə getdikdən sonra kağızları sandığın içinə yığmışdı. Təhsili olmayan qadın idi. Amma Cahangir Zeynalov ona evdə müəllim tutub oxutmuşdu. Ona rəğmən beş dil bilən insanın səviyyəsində deyildi. O sənətlərin nə ilə bağlı olduğunu bilmirdi. Deyir ki, yazı-pozusu olan qohum-əqrəbadan adamlar gəldilər, axşam onları oxuyub yandırdılar. Söydülər. Bunlar əllərə düşsə bizi də Sibirə göndərərlər. Anam deyir ki, onlar siqaret çəkməyə çıxdılar. Xalam qızı Leyla ilə (onun 9, mənim 7 yaşım vardı) o sandıqdan 5-10 proqram oğurladıq. Götürmək deyildi. Oğurladıq o səbəbə yox ki, saxlayaq. Qız uşağı idik və bilirdik ki, proqramları suya qoyduğun zaman onun kraxmalı gedirdi və içindən təzim batis çıxır. Batisdən əl yaylıqları tikirdik və sonra rəngli saplarla üstünü tikirdik. Ona görə proqramlardan götürdük ki, onlardan çoxdu, anamgil başa düşməz. Onları götürdük və uzun müddət ortalığa çıxara bilmədik. Üzə çıxarsaydıq anam deyəcəkdi ki, yandırılmışdı, bunlar haradan çıxdı. Çünki onun proqram olub-olmadığını bilmirdi. Nənəm də çox ciddi xanım idi və bizi cəzalandıra bilərdi. Onun qorxusundan proqramları ortaya çıxara bilmədik. Amma proqramlar qaldıqdan sonra xatirəyə çevrilib. Anam xalası qızı ilə sandıqdan icazəsiz götürdüyü proqramlar, indi Azərbaycan teatrının muzeyindədir. Azərbaycan teatrının fəaliyyəti və Cahangir Zeynalov fəaliyyətində kiçik də olsa işıq saça biliblər. Amma kaşki Nəsibə xanımın və Leylanın imkanı olaydı, içindən “batis” çıxmayan və Azərbaycan teatrı üçün mənası böyük olan tariximizə, teatrımıza, Cahangir Zeynalovun həyatına işıq tuta biləcək başqa kağızlardan da götürmüş olardılar. Ona görə də Cahangir Zeynalov haqqında Azərbaycan teatr tarixində heç bir şey qalmayıb. Daha doğrusu az bir şey qalıb. O zaman rəhmətlik Qulam Məmmədli Cahangir Zeynalovun kitabı yazıldığı zaman, babamın tələbələrindən arxiv toplayıb. Qulam Məmmədli də azərbaycan teatr tarixini çox yaxşı araşdırmış insanlardan biridir. Cahangiz Zeynalovun çox tələbələri olub. Mirzə Ağa Əliyev, Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Mirmahmud Kazımovski, Hacıməmməd Qafqazlı və s.
H.Qafqazlı 1973-cü ildə “İnsan” tamaşasından çıxarkən, mən onun Cahangir Zeynalovun evində məşq edib, onun dərsləri alan adam olduğunu bilmirdim. Özü tamaşadan çıxarkən, mənə və bir neçə nəfər kurs yoldaşlarıma bir hekayə danışdı. “Cahangiz Zeynalovun evində məşqlər etmişik, onun süfrəsinin başında oturmuşuq. Ayda bir-iki dəfə onun evinə gedirdik. Çörək yeməkdən başqa, sonra paltolarımızı geyinəndə cibimizdə pul olurdu. Onlara maaş kəsirdi. O maaşı istedadlı insanlara verirdi ki, həyat çətinliyinə görə sənətdən qaçmasınlar. Teatrdan pul qazana bilməyəcəklərsə, ailələrinə pul qazanmaq üçün baqqala və başqa işə gedəcəklər.

Yavaş-yavaş “Nicat” və “Səfa” cəmiyyətlərində aktyorlar tamaşalar hazırlamağa başladılar. Beləliklə, teatr sənəti pul gətirməyə başladı və professional teatr quruldu. Yaradıcılıq prosesi başladı. Tofiq Kazımovun atası və bu günkü hörmətli nazirimizin qaynatası Səməd Mənsur da “Səfa” cəmiyyətində idi və Cahangir Zeynalovla çox yaxın dost idilər. O anlamda bu proses Azərbaycan teatr tarixinə çox təsiri oldu. Cahangir Zeynalov varlı adam oduğu üçün, onun maddi dəstəyi insanlar teatrdan qaçmadılar. Buna görə Cahangir Zeynalovun Azərbaycan Teatrında əməyi böyükdür və əvəzedilməzdir.

- Cahangir müəllim Siz Musiqili Teatrda da baş rejissor işləmisiniz. O, teatrın səhnəsində Sizi rejissor kimi görə bilərikmi?

- Məni hər yerdə görmək olar, amma vaxtım olsa... Hazırda Adanada Çukurova Universitetinin Dövlət Konservatoriyasında işləyirəm. Universitetin teatr bölümünün qurucularından biriyəm. Cahangir Zeynalov Azərbaycan teatrının, mən də Adanada teatr məktəbinin qurucularından biriyəm - universitetin 20 ildir ki, fəaliyyət göstərməsinin tək səbəbkarı mənəm deyərəmsə səhv etmərəm. Çünki oradakı müəllimlər ailə səbəbi ilə çıxıb getdilər. Mən orada qaldım və bu gün universitetin müəllimləri mənim yetişdirdiyim tələbələrimdir. Çukurova Universitetinin teatr bölümü Azərbaycan teatrının nəvəsidir.

- Siz Türkiyəyə 1995-ci ildə dəvət ilə getmisiniz. Amma bəzən qeyd edirlər ki, Azərbaycandan inciyib getmisiniz…

- İnsanlar çox şey danışa bilər... Azərbaycan 1990-cı ildə istiqlaliyyətinə çatdıqdan sonra maddi vəziyyəti çox ağır idi. 1995-ci ilə qədər hər kəs kimi mən də burada qaldım. Amma 1994-cü ildə atam rəhmətə getdikdən sonra, atamın rəhmətə getməsi səbəbi ilə, Nəsibə xanımın xəstələnməsi bir çox məcburiyyətlər doğurdu. Nəsibə xanımın dərmanları alınmalı, ailəyə baxılmalı idi.

Buradakı vəziyyət və digər tərəfdən də dəvət çox düşündüm ki, gedib-getməməyim. Amma həyat yoldaşım dedi ki, Cahangir vəziyyəti görürsən getməyin lazımdır. Mən də getdim. Yəni ki, Türkiyəyə getməyim incimək məsələsi deyil. Azərbaycan teatrında hər kəs o vəziyyətdə idi. Mən də onlardan biri idim. Nə inciklik ola bilərdi…Orada başqa şeylər də var idi. Mənim dediyim bir söz var: "Sözümün eşidilmədiyi yerdə sözün dəyişilməsinin mənası yoxdur. Yerimin dəyişməsinin mənası var”. Bu anlamda mən bir teatrın baş rejissoru kimi yalnız Musiqili Teatrın baş rejissoru deyil, Gənc Tamaşaçılar Teatrının da baş rejissorlarından biri oldum. O zaman Mədəniyyət və Turizm naziri, hazırda Rusiyadakı səfirimiz hörmətli Polat müəllimlə sənət baxımından bəzi fərqli görüşlərimiz vardı.

Mən onu da günahlandırmıram. Çünki o zaman sovet sistemindən qalmış, Azərbaycan müstəqiliyyini yeni qazanmışdı, hər şey dəyişmişdi. Amma məmur sistemində, bəzi strukturlarda hələ də sovet sistemindən qalan qayda ilə işləyirdilər.

Bir həftənin, bir ilin içərisində həyatı boyu sovet sistemində tərbiyə almış bir insan, azadlığına qovuşmuş Azərbaycanın yeni qanunlarını necə ortaya qoya bilərdi? Bu bütün imperiyalarda, Rusiya, Roma, Osmanlıda da belə olub. Osmanlı imperiyasının tərbiyəsini görmüş Mustafa Kamal Atatürk Türk cümhuriyyətini elan etdikdən sonra tərbiyəsini, təhsilinimi dəyişdilər. Osmanlının iş prinsipi bu günkü cümhuriyyətə yansımış vəziyyətdədir. Ona görə də burada başqa şey düşünmək olmaz. O insanları işdən çıxaran zaman isə işə bilməyənlər gələndə vəziyyət daha da pis olur. Bu hər bir dövrdə, dəyişiklikdə bütün siyasi istiqamətini dəyişmiş dövlətlərin yaşadığı haldır.

Polad müəllimin də o zaman etdiyi şeylərin məcburən olduğunu özü mənə demişdi. Vəziyyət elə idi. O vaxt da təklif gəldi. Həm imkan yox idi, həm insanlar işləməyə icazə vermirlər. Yalnız mən yox, hər kəs o vəziyyətdə idi.

Polad Bülbüloğlu məni Şəki Dövlət Dram Teatrından Bakıya Musiqili Teatra gətirəndə onunla elə söhbətlər etdik ki… Mən də ona söz verdim. Bir il, üç ay Musiqili Teatrda baş rejissor, bədii rəhbər işlədim. Musiqili Teatrın tarixində ən yüksək tamaşa qoyan rejissoram. Bir il, üç ayda 9 tamaşa hazırlandı.
Musiqili Teatrın ən gözəl zamanlarında, teatr, iş üslubuna görə - orkestr, balet, xoru, iki sektoru var. Musiqili əsərlər hazırlanır. Bu gün Musiqili Teatrda və Gənc Tamaşaçılar Teatrında 60-65 günə hazırlanan əsərlər orada aylarla hazırlanırdı. Çünki musiqi məsələləri var. 60 nəfərlik orkestr ilə 40 nəfəri birləşdirmək böyük bir prosesdir.

Biri il ərzində iki sektoru olan teatrda 9 tamaşa hazrladıq. 9 Tamaşanın, 4-ü original, 5-isə yenidən qurma tamaşalar idi. Gecə-gündüz çalışaraq teatrı ayağa qalıdırdıq. Amma sonradan bəzi şeylər dəyişdi. Özüm ərizəmi verdim və teatrdan çıxdım. Amma dedilər ki, olmaz, sən mütəxəssisən. Beləkilə, Gənc Tamaşaçılar Teatrına baş rejissor getdim. Ağakişi müəllim Azərbaycan sektorunda, mən isə rus sektorunda baş rejissor kimi işləməyə başladım. Sonra təklif gəldi və Türkiyəyə getdim.

- Böyük sənətkarımız Nəsibə Zeynalova ilə Musiqili Teatrda işləmək çətin deyildi ki?

- Nəsibə xanımla bütün rejissorlar çətinliklə işləyirdilər. Mənim üçün Nəsibə xanımla işləmək iki dəfə ağır olub. Çünki, mən onun oğlu olmuşam. Ev başqa, iş başqa...Anam deyərdi ki, cin başqa, şeytan başqa(gülür). Nəsibə xanım ciddi bir insan idi və işə ciddi, hazırlıqlı gəlirdinsə o zaman işin gedirdi. Əks təqdirdə, gözünün içinə baxıb sən hazır olanda gələrəm deyib, gedə bilərdi. O barədə bağışlamazdı. Dissiplini çox güclü bir insan idi. O dissiplini mənə yansıtdığı üçün ona minnətdaram. O dissiplinin səbəbidir ki, bu gün Türkiyədə bir teatr bölümü yarandı, Şəki Dövlət Dram Teatrını ayaqda saxlaya bildik. İnsanda dissiplin lazımdır. Dissiplim ilk əvvəl sənin özünə yansımalıdır ki, aktyorlar sənə baxsın ki, bu kişi gecə-gündüz çalışır. Yeyib yatmır ki? Aktyor rejissorun silahdaşıdır. Teatrı idarə etmək əsgəri idarə etmək qədər ağır bir işdir. Baş rejissor bir komandirdir. Teatr onun arxasınca gedir.

- Türkiyədəki fəaliyyətinizə görə nə vaxtsa peşmanlıq yaşamısınızmı?
- Xeyr, heç vaxt elə düşünməmişəm. Çünki məni peşman etməyiblər. Düzünü deyim Türkiyəyə getməyimin səbəbi sadəcə maddi vəziyyət deyildi. Məni Türkiyəyə dəvət edən Kayseri Dövlət Universitetinin sabiq rektoru Mehmet Şahin bəy idi. Allah ona can sağlığı versin. Türkiyəni, Kayserini düşünən vətənpərvər insanlardan biri idi. O vaxt Bakıda universitetlərin birində iqtisadiyyat fakültəsində dərs deyirdi. Azərbaycanda qarışıqlıq olmasına baxmayaraq ziyalılar Azərbaycanda idi. Başqa ölkələrə gedənlər yox idi. Mehmet bəy, Azərbaycandakı sənət və mədəniyyətini yüksək bilən, ağıllı, kayserili iş adamı idi. Kayseri Universitetinə rektor təyin edildikdən sonra gözəl sənətlər fakültəsini açdığı zaman azərbaycanlı mütəxəssislər təfəfindən qurulmasını istədi. Ona görə də burada mənimlə danışıqlar oldu, başqaları ilə də danışmışdı. Məhmət bəy, iki dəfə mənim evimdə oldu, söhbət etdik. Həyat yoldaşımla, o, məni Türkiyədə işləməyə yola gətirən insanlardırlar. Mənim aldadıb ora apardılar (gülür).

- Necə?
- Sabancı kültür hissəsi var, sənə verəcəm. Sənin üçün hər şey edəcəyik… Doğrudan da, getdim. Sabancının universitet üçün tikdirdiyi gözəl bir bina var idi. Bundan başqa, Türkiyədə işləyən sadəcə mən deyiləm, İncəsənət Universitetinin rəsm bölümünün dekanı Rəhim müəllim Kayseri Erciyəs Universitetində işləyir. 87 yaşı var. Hələ də Kayseri Erciyəs Universitetində çalışır. Hamı onun ətəyində namaz qılır, mələk kimi insandır. O, bölümü qurdu və indi də onun tələbələri universitetdə dərs deyir. Gözəl heykəltəraşımız, Allah ona rəhmət etsin, Qorxmaz Sücəddinovu, bəstəkar Nazim Mirişlini dəvət etdilər. Bir neçə adam Kayseri Erciyəs Universitetində gözəl sənətlər bölümünü yaratmaq üçün Türkiyəyə getdilər. Mən bir az gec getdim. O qədər uzatdım ki, Nisan qərarları vaxtı idi. Türkiyənin ekonomik vəziyyəti zəiflədi. Nə gedən, nə də gələn oldu. İşləyənlər qaldı, yeni adamlar işə götürmədilər. 1993-cü ildə yaranan problemlər 1995-ci ildə düzəldi. Bu vaxt mənə məktub gəldi ki, Türkiyəyə gəlin. Mehmet bəyə zəng edib dedim ki, iki il idi ki, harada idiniz? Dedi ki, siz bilmirsiniz burada nələr baş verdi. Bu il dekabrın 31-dək gəlin ki, sizi işə götürə bilək. Ondan sonra gəlsəniz, mən yenidən məktub yazmalı və sonra sizi işə götürməliyəm. Dekabrın 2-də Türkiyədə işləməyimin 20 ili tama oldu. Beləliklə, Türkiyəyə getdim. Orada siyasi vəziyyət elə oldu ki, kağız üzərində teatr bölümü oldu, amma tələbə qəbulunu etmədilər. Məndən üzr istədilər. Hətta rektor köməkçisinin maraqlı bir sözü vardı: “Biz mersedes alıb, onu sürməyə yer tapmayan bir dağ kəndçisinə oxşayırıq. Siz istədiyiniz yerə əlinizi qoyun ora göndərək”. Bu zaman, 1996-cı ildə Adanada teatr bölümü açıldı və qəbul imtahanlarının başında duran adam kimi oraya getdim. Ondan sonra dəvət aldım və Adanaya getdim. Adanada teatr bölümünün ayağa qalxmasında, indiyə qədər yaşamasında böyük rolum oldu.

- Görkəmli bir sənətkarın ailəsində dünyaya gəlmisiniz. Bilmək istərdik ki, sizin ailənizin qonaqları kimlər olurdu?

- Bizim ailəyə çox böyük sənətkarlar, eləcə də qohum-əqrəbalarımız gəlirdi. O vaxt Musiqili Teatrın kollektivində bir qrup aktyorların ailəvi dostluq münasibətləri vardı. Hər həftə birinin evində ailəvi toplanırdıq. Mən rəhmətlik Bəşir dayının kiçik daxmasına getmişəm. O, kiçik evində onun ürəyinin böyüklüyünü görmüşəm. Lütfəli əminin evində olmuşuq. Şəfiqə Axudova adlı xoş, vokalist aktrisamızın evində olmuşuq. Hamı bir-birilə yaxın dost idi və onlar arasında sənət söhbətləri olurdu. Musiqili Teatrın direktoru Şəmsi Bədəlbəyli heç zaman aktyorların dəvətini geri çevirməzdi. Bir xatirəni danışım: “Qaynar” tamaşasının ikinci-üçüncü premyerası idi. Tamaşanın premyerasından çıxdıqdan sonra Şəmsi müəllim Nəsibə xanıma dedi ki, sənin üçün bu qədər tamaşa hazırlamışıq. Axşam-axşam bizi nə ilə təəccübləndirə bilərsən? Nəsibə xanım isə dedi ki, Şəmsi müəllim sizin üçün “üç bacı” dolması hazırlayaram. Noyabr ayı olduğu üçün bütün meyvə-tərəvəzlər sezonunda gəlirdi. Anam dedi ki, “üç bacı” dolması hazırlayacam, amma bir az gözləyəcəksiniz. Nəsibə xanım dolma hazırladı və hər kəsin çox xoşuna gəldi. Nəsibə xanım həm də evdar mükəmməl bir xanım idi. Qonşularımız Hökümə Qurbanova, İmran Qasımov, Zöhrab Adgözəlzadə, Tahir Salahov, Mikayıl Abdullayev idilər. Cəmil Əliyev ilə bir-birimizi sevən qonşular idik.

- Nəsibə xanım sizin üçün necə bir ana idi?

- Möhtəşəm ana idi. Nəsibə xanım sadəcə ana deyildi. Müəllimim idi. Atam da, anam da elə idi. Mənə baxın necəyəmsə, valideynlərim də elə idi (gülür).

- Türkiyədə sənət adamlarından kimlərlə əlaqəniz var. Məlahət Abbasova da Türkiyədə fəaliyyət göstərir...

- Azərbaycanla bağlı olan insanların hamısı ilə gözəl münasibətimiz var. Məlahət bizim qızımızdır. Onun xətrini dünyalar qədər istəyirəm. Mənim qardaşım əməkdar rəssam Teymur Rzayev möhtəşəm rəssamdır. Dekabrın 23-də Cahangir Zeynalovun 150 illik yubileyi ilə bağlı Türkiyədən Azərbaycana gələcək. Cahangir Zeynalovun möhtəşəm portretini hazırlayıb. Portreti Azərbaycan Teatr Muzeyinə hədiyyə edəcəyik. Portret hazırdır.

- Azərbaycanda bir çox filmlərə çəkilmisiniz. Tanınırsınız, sevilirsiniz. Uğurunuzun düsturu nədir?

- Mənim uğurumun düsturu çalışmaq, işləmək, inanmaqdır. Gördüyün işin doğru olduğuna inanırsansa nəticəsi yaxşı olur. Ümumiyyətlə, işini heç kimə ziyan vermədən görməlisən. Gördüyün işin millətinə, xalqına xeyri, yararı olmalıdır. Uğurun və bacarığın isə düsturu vicdanını itirməməkdir. Yalnız özünü düşünməməlisən. İnsanlar xeyir götürdüyü kimi sən də xeyir götürəcəksən.Türkiyədə sə nət baxımından insanın qədrini bilirlər. Yaxın günlərdə Adanaya xidməti olan 25 nəfər üçün kitab çap edildi. Orada azərbaycanlı olaraq mənim də adım vardı. Universitetin yaradıcısı Mithan Özsanın 85 yaşında mən də səhnədə yer aldım. O, məni qucaqladı. Türkiyədə kitabım çıxdı və haqqımda adanalılara məlumat verildi. Türkiyə mədəniyyət nazirliyinin qərarı ilə haqqımda film çəkilməyə başladı. Hazırda çəkilişlər davam edir.

Rəqsanə


Müəllif: