Özünü dalğaların qoynuna atılmış tıxacla müqayisə edirdi; üzür, burulğana düşür, sulara dalır, yenidən üzə çıxır, yosunlara ilişir, qarışır, ümidsiz cəhdlər edir və yenidən dalğaların qoynunda gözdən itirdi... Hər dəfə işə başlayanda eyni hissləri keçirirdi. Amma əsərləri təlaşsız, nikbin ovqatda doğulurdu,bu tablolar tamaşaçının fikirlərini dara çəkmirdi, əksinə seyr edənləri sevinc çulğayırdı. Onun fikrincə, sənət əsəri işıqlı, xoşagələn və gözəl olmalı idi. “Onsuz da həyatda cansıxıcı şeylər çoxdur, yenilərini “istehsal etməyə” nə lüzum var”,-deyirdi. Rəssam əmin idi ki, “ağrı keçir, gözəllik isə əbədi qalır”.
...Dahi fransız rəssamı Pyer-Ogüst Renuar 1841-ci ilin fevralında Limoj şəhərindədoğulub. O, ailənin dördüncü övladıydı. Belə şayiə gəzirdi ki, guya Renuar əslində zadəgan nəslindəndir və lap körpə ikən hansısa səbəbdən onu dərzi Leonar Renuara övladlığa veriblər... 1844-cü ildə ailə Parisə yerləşir. Yoxsul yaşasalar da, xoşbəxt idilər. Leonar sakit təbiətli adam idi, yeganə istəyi övladlarını təhsilli görmək idi. Həyatsevər və nikbin olan Ogüst məktəbdə ciddiliyi ilə seçilirdi. Oğlanın bariton səsi və əla musiqi duyumu vardı, musiqi müəllimi əmin idi ki, o mütləq müğənni olacaq. Renuar özü də düşünürdü ki, həyatda hər kəs öz nəğməsini oxumalıdır. Onun nəğməsi- rəssamlıq idi.
13 yaşından Renuar Sevr fabrikində rəssam kimi işə başlayır. O, qab-qacağa çiçək təsvirləri çəkirdi. Bir müddətdən sonra gənc rəssam özündə cəsarət tapıb çiçək təsvirlərini fiqurlarla əvəz edr. Ogüstün işləri ustalara xoş gəlir, onu “Rubens” ləqəbiylə mükafatlandırırlar. Renuar emalatxanada 4 il işləyir. Amma o, kiçik uğurlarla kifayətlənmir, fasilələrdə Luvra qaçıb antik əsərlərə tamaşa edir, ustadların texnikalarını öyrənirdi.
17 yaşında Renuar işindən məhrum olur. Belə ki, o dövrdə artıq xüsusi möhür alətləri ortaya çıxır, onlar isə əl işindən tez və ucuz başa gəlirdi. Renuar belə bir çıxış yolu tapır; yelpiklərin üstünə təsvir çəkməyə başlayır. Sonra isə pərdə istehsal edən fabrikdə çalışır.
1862-ci ildə Renuar Qleyrin atelyesində Sisley, Bazil, Pissarro və Sezan kimi gənc rəssamlarla tanış olur. Onlar təsviri sənətdə eksperimentlər edirdilər. Halbuki özləri də bilirdi ki, publikanın alışdığı maneradan imtina etmək həmişə anlaşılmamazlıq doğurur. Yenilikçi gənclər açıq havada işləyir və təbiət dəyişməsindən asılı olaraq, öz təəssüratlarını anbaan tabloya köçürürdülər. Tamaşaçıya qarışıq rənglər pallitrası qeyri-adi görünürdü; normal rənglərdən istifadə imkanı var ikən, belə “qatmaqarışıq rənglər xaosu” nəyə gərək idi ki? Hətta onlara ağıldan kəm kimi baxanlar belə vardı. Amma Renuarın işləri digər impressionistlərə nisbətən daha xoş qarşılanırdı.
“Əslində biz heç nəyə əmin deyilik”
Təəssüratçı gənclərin sərgisində Renuarın əsəri tənqidçilərin diqqətini cəlb edir. Yeganə nöqsan tablonun gözdən uzaq bir yerdən asılması idi. İmpressionistlərin himayədarı Pol Dyurant yazırdı: “Doğrudanmı siz elə düşünürsünüz ki, Renuar bu təhqiri sizə bağışlayacaq? O, cəsarətli addım atıb, eksperiment edib. Əlbəttə, tablo mükəmməl olmasa da, hər halda maraq doğurur. O, belə bir yerə layiq deyildi”.
60-cı illərin sonlarında Renuar Klod Mone ilə işləməyə başlayır. “Məndə döyüşçü ruhu yoxdur” deyən Renuardan fərqli olaraq, Mone güclü xarakterə sahib idi, Renuar dəfələrlə ruh düşkünlüyünə qapılıb əlinə fırça ala bilmədiyi günlərdə Mone ona mənəvi dayaq olur, yeni əsərlər yaratmağa ruhlandırırdı.
1870-ci ildə Renuarın daha bir neçə tablosu Paris Salonunda sərgiyə qoyulur və tənqidçilər tərəfindən heç də pis qarşılanmır.
Digər impressionistlərdən fərqli olaraq, Renuar köhnələri inkar etmirdi:“Köhnə ustaların işlərinə baxanda, özümüzü dahi kimi göstərməyə gərək yoxdur. Rəssamlıq xülya deyil, sənətdir. Sən bu sənətdə hər şeydən əvvəl vicdanlı işçi olmalısan. Bəzi rəssamlar isə öz işlərinin ustası olmaq əvəzinə, hər şeyi alt-üst ediblər; özlərini dağ başına qoyublar və elə bilirlər ki, əgər göy rəngin yerinə qara rəngi qoysalar dünyanın simasını dəyişəcəklər. Həqiqətdə isə biz heç nəyə tam əmin deyilik, əslində biz heç nə bilmirik. Hər bir ustaddan nəyisə əxz etmək olar. Məsələn, Pussenin müdrikliyi məni kifayət qədər təmin edir, mən ondan nə Tisianın hərarətini, nə də Veronezin möhtəşəmliyini gözləyirəm. Mən o tənqidçiləri sevmirəm ki, bəzilərini öyərək digərlərinin üzərinə kölgə salırlar”.
Renuar iddialı deyildi, sənətdəki mövqeyi ilə lovğalanmırdı, eyni zamanda öz əsərlərinin qiymətini bilirdi.
“Mənim etdiklərimi köhnə rəssamlar daha yaxşı ediblər”
Renuar bir neçə əsərinin uğurlu satışından sonra özünə Parisdə böyük bir emalatxana açır. 1873-cü ildə “Rədd edilən əsərlərin sərgisində” böyük uğurla çıxış edir. (1860-70-ci illərdə Paris Salonunun jürisi tərəfindən bəyənilməyən əsərlər “Rədd edilən əsərlərin sərgisində” nümayiş edilirdi).
Növbəti ildə isə o, impressionistlərin birinci sərgisinin təşkil edir. Bu sərgidə onun beş tablosu nümayiş olunurdu. “Rəqqasə”, “Parisli qadın”, “Qadın başı” və s. Renuar digərlərinə nisbətən daha az tənqid olunurdu. Hətta ona “Loja” əsərini 425 franka satmaq belə müyəssər olur.
“Loja”dan sonra Renuar öz manerasını dəyişir və kiçik yaxmalarla işləməyə başlayır. Bu üslub yeni təəssürat yaradırdı. Tamaşaçı bu işləri qavramağa hələ hazır deyildi, elə Renuar da öz “qanunlarını” incəsənətə aşılamaq fikrindən uzaq idi, amma bəyənilmək istəyini də gizləmirdi. O, özünü islahatçı hesab etmirdi. “Mən sadəcə olaraq, o işlə məşğulam ki, mənə qədər də onu ediblər və məndən də yaxşı ediblər”.
70-ci illərdə o özünün ən yaxşı əsərlərini yaradır. “Avarçəkənlərin səhər yeməyi” əsərində onun modeli gənc və gözəl Alisa Şariqa idi. Tezliklə Alisa rəssamın həyat yoldaşına çevrilir. Onların üç oğlu dünyaya gəlir.
1879-cu ildə “Madam Şarpantye və övladları” portreti Paris Salonunda nümayiş olunur. Renuar böyük uğur qazanır. Kastanyari yazırdı: “Madam Şarpantye” əsəri ən maraqlı işlərdən biridir. Palitra qeyri-adi dərəcədə rəngarəngdir. Renuar əla müşahidəçidir, füsunkar gözəlliyi ustalıqla vəsf edib. Rənglər insanın üzünə gülür. Rəssamın gələcək işlərini böyük ümidlərlə gözləyirik...”
“Hər kəs öz nəğməsini oxuyur”
Renuar bu fikirdə idi ki, rəngkarlığı muzeylərdə öyrənmək lazımdır. Amma kor-koranə deyil. “Bu o demək deyil ki, tabloların üst qatını təmizləyib və altındakı “tryuklara” baxıb Rafaelin əsərlərinin oxşarını çəkmək lazımdır. Hər kəs öz nəğməsini oxuyur. Hər bir rəssam öz dövrünün təsviri sənətini yaratmalıdır”.
Renuar əmin idi ki, yalnız muzeylər təbiətin verə bilmədiyini verə bilər. “Biz axı gözəl bir əsər önündə öz-özümüzə deyirik: Mən mütləq rəssam olacam!”
Renuar dramatizmi, faciəvi süjetləri sevmirdi, axı onsuz da gerçək həyatda bunlar kifayət qədər idi. Hansısa bir sənətşünas demişdi ki, Renuar yeganə rəssamdır ki, onun bircə dənə də olsun kədərli əsəri yoxdur! Amma Renuarın fikrincə, nikbin ovqata köklənən rəssamın özünü təsdiq etməsi çox çətin idi. “İnsanlar elə düşünür ki, ciddi əsərdə mütləq dramatizm olmalıdır və əgər belə süjetlər yoxdursa, deməli o tablonu ciddi qəbul etməyə dəyməz. “Surtuklu” incəsənət, istər musiqi olsun, istər rəssamlıq, istərsə də ədəbiyyat, insanları həmişə heyran edəcək”- təəssüflə deyirdi Renuar.
O, rəssamlıqda elə “manevrlər” edirdi ki, səbəbini açıqlamaqda özü də aciz idi. “Məndən soruşmayın, rəngkarlıq subyektiv, ya obyektiv olmalıdır. Mənə bu sual çox gülməli gəlir”. Gənc rəssamların sualları qarşısında isə əməllii-başlı özünü itirirdi:“Cənab Renuar, təsviri sənətin missiyası sizcə nədir?” Və yaxud “Tablonun mərkəz hissəsində niyə göy deyil, qırmızı boyadan istifadə etmisiz”? Renuar hesab edirdi ki, əslində çox da dərinə getmək lazım deyil. Sənət sadə, hətta daha çox “sadəlöhv” olmalıdır. “İncəsənətin missiyası nədir?” sualı qarşısında “aciz qalan” böyük rəssam belə düşünürdü.
Renuarla digər impressionistlər arasında olan fərqlərdən biri də bu idi ki, o, insan fiqurlarına daha çox yer verirdi, amma o sadəcə siluet yaratmırdı. O, qəhrəmanlarının əhval-ruhiyyəsini ən incə ştrixlərinə kimi qeyd edirdi. Tamaşaçının gözü önündə insanla təbiətin möhtəşəm harmoniyası yaranır, sanki insan bir məqamda təbiətə çevrilir, ovqatının yazını, yayını yaşayırdı. Rənglər isə məsafədən bir-birilə qaynayıb-qarışır, bir-birinə hopur, elə bil rəqs edirdi...
“Çoxdandır ki, Neopolitan yaşılı deyilən rəngdən istifadə edirəm. O, kifayət qədər sönükdür, amma təsəvvür edirsinizmi, mən parlaqlığı məhz bu rənglə əldə edirəm. Vasitə eynidir. Hər şey ondan asılıdır ki, mən o rəngin yanına hansı rəngi qoyacam”.
Renuar düşünürdü ki, tablo ilə mənzərə arasında sərhədləri dəqiq müəyyən etmək lazımdır. Yəqin ən çətin olan da budur. Axı tablo təbiəti tam olaraq təqlid etməməlidir. Amma mütləq vacibdir ki, tamaşaçı bu əsərə baxanda təbiətin qoxusunu hiss etsin...
Ən xoşbəxt gün
1883-cü ildə Renuarın həyatında dönüş baş verir. O, impressionizmin son həddinə gəlib çatdığını hiss edir. Və bu iş get-gedə mürəkkəbləşməyə başlayır. Açıq havada işıqlanma təbiətin hökmündən asılıdır. Bir də çox vaxt açıq havada rəssam nə çəkdiyini özü tam olaraq görə bilmir. Bir dəfə kətanda ağ divar çəkməli olan Renuar bir-birindən işıqlı rəngləri seçib, tabloya köçürürdü, amma emalatxanaya gələndə etüdün zil qara rəngdə olduğunu gördü. Belə çıxır ki, rəssam saxtakarlıq etməli, təbiətə özü düzəliş etməlidir-deyə rəssam düşünürdü.
Renuar belə vaxtlarda qoca Koronu xatırlayırdı. Koro açıq havada işləyirdi, amma tablo bütünlüklə emalatxanada ərsəyə gəlirdi. O, istədiyini edir, təbiətə düzəliş edirdi. Gənc impressionistər deyirdi ki, Koro haqlı deyil, emalatxanada tablolara düzəliş vermək tamaşaçıya yanlış təəssürat yaşatmaqdır. Amma Renuar başqa fikirdə idi: “Mənə bir dəfə Koroyla söhbət etmək səadəti nəsib olmuşdu, mən ona açıq havada işləməyin çətinliklərindən danışanda o dedi:- Ona görə ki, açıq havada sən özün nə etdiyindən heç vaxt əmin olmursan, çəkdiklərinə mütləq emalatxanada düzəliş vermək lazımdır... Koro bunu böyük məharətlə edirdi, tamaşaçı onun tablolarını təbiətin canlı bir parçası kimi qavrayırdı. Xatirimdədir, “Şartre kilsəsi” əsərini çəkərkən Koro kimi edə bilmək üçün necə böyük əmək sərf etmişdim!”
Renuar əmin idi ki, yaşlı nəslin rəssamları bu texnikadan- impressionizmdən xəbərdar olublar, sadəcə olaraq özləri bu yoldan imtina ediblər...
Renuar ahıl çağlarında xəstəliyə düçar olur, ömrünün son illəri əlil arabasında keçir. “Ancaq molbertin arxasına keçən kimi o, ağrılarını və xəstəliyi unudurdu,-deyə rəssamın oğlu Jak xatırlayırdı,- İş prosesi belə baş verirdi; model qadın çəmənlikdə, çiçəklərin arasında öz yerini alıb, rəssamın işə başlamasını gözləyirdi. Biz atamın əlil arabasındakı yerini rahlayır, onun göstərişlərini yerinə yetirirdik. Günəş şüaları zeytun ağaclarının yarpaqları arasından süzülüb qadının köynəyinə naxışlar salırdı... Atam zəif səslə tapşırıqlarını verirdi. Biz palitranı hazırlayarkən o, hərəkətsiz bədənini birtəhər kresloda dik tutmağa, ağrılarına üstün gəlməyə çalışırdı. Bir neçə dəqiqədən sonra ona fırça uzadan əlim havadan asılı qalırdı; Renuar peyzajı seyr edir, vəcdə gələrək “bu ki, ilahi bir mənzərədir”,- deyirdi. Sonra bizə göz vurub gülümsəyir, sanki bizi təbiətlə onun arasında olan hisslərin şahidi seçirdi... Bir neçə dəqiqədən sonra isə o, hansısa nəğməni zümzümə edə-edə növbəti şedevrini yaradırdı...
Və Renuar üçün xoşbəxt bir gün başlayırdı...
Günel Natiq