29 Dekabr 2015 10:41
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Qılman İmanın şeirlərini təqdim edir:

Soruşsalar savabımı,
Batıb günaha deyəcəm.
Yol yox, dünənə getməyə,
Nə də sabaha deyəcəm...

Düzlük görmədim düzündə,
Günlər azır gündüzündə.
Mən burdayam – yer üzündə,
Axtarma daha, deyəcəm.

Fatma nənənin qurşağı,
Sevindirmir ta uşağı.
Göyüzündən düş aşağı,
Gedib allaha deyəcəm.

***

Dünyaya ümidli olub yaşarıq,
Maaş aldığımız iş yeri kimi.
Ömrümüz içində günlər görünər,
Çəkilib atılmış diş yeri kimi.

Ay bulud, sənə də ağlamaq olmaz,
Ağlasan, göz yaşın saxlamaq olmaz,
Allahı bu qədər dağlamaq olmaz,
Göyüzü qaralıb şiş yeri kimi.

Sevincin asanı, zülmün çətini,
Görən çoxmu tapıb öz qismətini?
Bizsiz anaların darıxır bətni,
Qoyub gəldiyimiz köç yeri kimi.

***

Ürəyimdən keçənlər də,
Gəlib könlümdən addıyır.
Sevinc sevincnən yeriyir,
Zülüm zülümnən addıyır.

Ay göndərən, yanmadı şam,
Olmayacaq sabah axşam.
Odeyy, bir körpü salmışam,
İçim çölümnən addıyır.

Ömür düşəndə qəzaya,
Əcəlimiz yetir haya.
Bu dünyadan, o dünyaya,
Hamı ölümnən addıyır.

***

Yaşayırıq can boğaza,
İlahi, yığılan yerdə.
Saman çöpü də tapmadıq,
Ümidlər boğulan yerdə.

Əllərimiz əlcək-əlcək,
Cibimizdə can verəcək...
O dünyanı kim tikəcək,
Bu dünya dağılan yerdə?

Adəmdən, Həvvadan bəri,
Alnımızda əcəl təri.
Dəfn elədik sevgiləri,
Adamlar doğulan yerdə.

***

Səfərimiz uzun çəkir,
Mənzilə yolumuz çatmır.
Özümüzü təsdiq üçün,
İmzaya qolumuz çatmır.

Əcəl qəza kəndirimdi,
Ölüm dərdə endirimdi.
Satdığımız ömrü indi,
Almağa pulumuz çatmır.

Gördük hər dərddən betəri,
Qəza gətirən qədəri.
"Ol"duq ölməkdən ötəri,
Ölmüşük, "ol"umuz çatmır.

***

Bu səmanın altı evim,
Üstü də eşik yeridi.
Ulduzları oyuncağım,
Gecəsi beşik yeridi.

Oyundu, oyun bu həyat,
Beşikdən al, məzara sat.
Biz gözətçi, can amanat,
Dünya da keşik yeridi.

Bu zülmət qara yuxudan,
Ayılıb doğmur axı dan!
Başımıza su axıdan,
Göylərin deşik yeridi.


Müəllif:

Oxşar xəbərlər