10 Fevral 2016 12:30
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com yeni rubrikaya başlayır: “Sirrin sirri”. Bu rubrikada Mərkəzi Kəşfiyyat İdarəsinin tarixi ilə bağlı maraqlı faktlar təqdim olunacaq, sirr haləsinə bürünmüş bu qurumun indiyə qədərki fəaliyyətinə işıq tutulacaq. Birinci araşdırmanı təqdim edirik:

Nasist liderləri İkinci Dünya Müharibəsində məğlub olacaqlarını başa düşəndə Hitlerdən xəbərsiz ABŞ-la danışıqlara başlamışdılar.

CİA (Mərkəzi Kəşfiyyat İdarəsi) yaradılanda nasist agentlərini maliyyələşdirməyin vacib olduğunu dərk edirdi. Həmin dövrdə agentlərlə birlikdə Alman alimlər də ABŞ tərəfə keçdilər (Paperclip Əməliyyatı). Hitlerin şərq cəbhəsinin kəşfiyyat rəhbəri General Reinhard Gehlenin ABŞ-la razılaşan zaman gizli sənədlərdən istifadə etməsi heç kəsdə şübhə yaratmırdı.

Gehlen Virciniyadakı Hunt qəsrinə qaçırıldı. General onu təslim alanları Sovet İttifaqının Qərbi Avropaya hücum edəcəyinə inandıra bildi və ABŞ ordusu ilə Gehlen “centlmenlik müqaviləsi” bağladı.

Gizli müqaviləyə görə, Gehlenin casus təşkilatı Almaniyada yeni hökümət qurulana kimi ABŞ üçün işləyəcək və ABŞ tərəfindən maliyyələşdiriləcəkdi. Bu müddət ərzində ABŞ-la Almaniyanın maraqları toqquşacağı təqdirdə o, Almaniyanın xeyrinə qərar verməkdə sərbəst idi.

1947-ci ilin 18 sentyabrında ABŞ prezidenti Harri Truman tərəfindən imzalanan Milli Təhlükəsizlik Qanunu ilə İkinci Dünya Müharibəsi zamanı fəaliyyət göstərən OSS-nin əsasında CİA quruldu. Qurumun ilk rəhbəri Roskoe H.Hillenkoetter oldu.

General Gehlen isə 10 il ərzində CİA-nin Qərbi Avropadakı tək kəşfiyyat mənbəyi oldu. 1955-ci ildə Almaniyanın CİA-sı BND-yə çevrildi.

Gehlen CİA-nin işlətdiyi tək nasist hərbi cinayətkar deyildi. Onların arasında “Lion qəssabı” Klaus Barbie, soyqırımı ideyasının müəlliflərindən və Eichmannın yaxın dostu Otto von Bolschwing, Hitlerin sevimlisi olan SS Polkovniki Otto Skorzeny də var idi. Hətta Almaniyada Hitlerdən sonra ikinci adam sayılan Martin Bormannın da CİA ilə əməkdaşlıq etdiyi, özünü ölmüş kimi qələmə verib Latın Amerikasına qaçdığına dair sübutlar var.

1949-cu ildə qurumun gizli məlumat toplamasına və əməliyyatları məxfi olaraq həyata keçirməsinə icazə verilib. Bu qərar CİA-yə təşkilatın quruluşunu, vəzifəsini, əməkdaşlarını, maaşlarını və şəxsi heyətini ictimaiyyətdən gizli saxlamasına icazə verib. CİA hələ həmin vaxtı Qərbi Almaniya Kəşfiyyat Təşkilatı BND-ni də idarə edirdi.

Yarandığı ilk illərdə CİA, KQB-yə qarşı xidmət göstərən qurum idi. Ancaq 1970-ci illərdə baş verən “Uotorqeyt” skandalı ilə bərabər təşkilatın əməliyyatları, xarici ölkələrin liderlərinə qarşı keçirdikləri sui-qəsdlər, suiqəsd cəhdləri, ölkə daxilində qeyri qanuni olaraq dinləmələr aparması araşdırılmağa başladı. Prezident Niksonun CİA-yə seçkilərdəki rəqibi Demokrat partiyasının mərkəzi ofisini dinləməyi tapşırması, “Uotorqeyd” qalmaqalı qurumunda imicinə mənfi təsir göstərmişdi. Ceyms R.Şlesingerin (CİA-nin 1973-cü il 2 fevral - 2 iyul rəhbəri olub) CİA-nin keçirdiyi gizli əməliyyatlarla bağlı hesabatı jurnalist Seymour Heşin işlədiyi Nyu-York Tayms qəzetində çıxdı. Konqres CİA-nin araşdırılmasını istədi və 1975-ci ildə Anqolada keçirilməsi planlaşdırılmış gizli əməliyyatı dayandırdı. Həmin ildə idarənin xarici ölkə liderlərinə qarşı sui-qəsd təşkil etməsi qadağan edildi. Prezident Gerald Ford etirazlardan sonra CİA-nin Amerika vətəndaşları ilə bağlı əməliyyatlar həyata keçirməsi hüquqları azaldıdı və bu vəzifə Federal Tədqiqatlar Bürosuna verildi. 1991-ci ildə təşkilatın bəzi məxfi əməliyyatlar keçirmək hüquqları əlindən alındı. Ancaq 2001-ci ildə baş verən 11 sentyabr hadisələrindən sonra “Uotorqeyt” skandalından bəri təşkilatın əlindən alınmış hüquqları bərpa olundu.

CİA dörd idarədən ibarətdir:

Kəşfiyyat Bölməsi hər vasitə ilə məlumat toplayır, casusluq fəaliyyəti yerinə yetirir, havadan çəkilən (peyk, pilotsuz təyyarələr...) şəkilləri, radio, telefon, televiziya, teleqraf vasitəsilə toplanan məlumatları dəyərləndirir. Bu məlumatlar hesabat formasında aidiyyəti orqanlara göndərilir.

Əməliyyat Bölməsi məxfi əməliyyatları təşkil edir.

Elm və Texnologiya Bölməsi təşkilat əməkdaşlarına sonuncu texnoloji məlumatların öyrədilməsini həyata keçirir. İstifadə olunan avtomobilləri inkişaf etdirmək, əməliyyatlara elmi və texniki dəstək vermək bu bölmənin vəzifəsidir.

İdarə Bölməsi təşkilatın heyətinin, toplanan məlumatların, obyektlərin təhlükəsizliyini təmin edir.

CİA-nin heyətində təxminən 16 min insan işləyir.

Ramal


Müəllif:

Oxşar xəbərlər