Teleqraf.com tanınmış sənət adamları arasında sorğu keçirib: “İlhamə Quliyeva ilə Aygün Kazımovanı barışdırmağı öz üzərinizə götürərsinizmi?”
Tarix Əliyev (Tolik): "Aygün Kazımova və İlhamə Quliyeva sənətdə olanda mən yox idim. Ona görə bu işə qarışmamağım məsləhətdir. Kimlərsə yekəxanalıq edib özlərini ortalığa atırlar ki, mən İlhamə Quliyeva ilə, Aygün Kazımova ilə danışdım. Vallah, nə A.Kazımova, nə də İ.Quliyeva onlarla oturub-durur. Ona görə də özlərini bilən adamlar kimi ortaya atmasınlar. Çünki kənardan çox pis görünür. Mənim İlhamə xanımla da, Aygün xanımla da şəxsi münasibətim var. Amma bu davada özümü ortaya salmamışam və heç vaxt da qarışmaram. Mənim buna haqqım çatır. Digərləri İlhamə Quliyevanı görəndə ayağa dururlar, ayda bir dəfə Aygün Kazımovanı görəndə yalandan efirdə deyirlər ki, onlarla danışdım, barışdıracam. Siz kimsiniz? Sizin özünüzü barışdıran lazımdır. Bəzi müğənnilər efirə çıxıb özlərini bilən adam kimi aparırlar. Xahiş edirəm, davalarını və dostluqlarını özləri aparsınlar. Mən bu məsələyə qarışmıram".
Roza Zərgərli: "Bu məsələyə münasibət bildirmək istəmirəm. Sonra səhv başa düşəcəklər".
Xatirə İslam: "Bu haqda danışmaq istəmirəm”.
Elariz Məmmədoğlu: "Aygün xanımla İlhamə xanımın münasibəti və problemləri haqqında xəbərim yoxdur. Maraqlanaram…"
Ülvi Qılınc: "Əlbəttə ki, İlhamə xanımla, Aygün xanımın barışmasını istəyirəm. Küsülülük nəyə lazımdır? Bu hadisə hər insanın həyatında ola bilər. İnsan fikrini səhv də ifadə edə bilər. İlhamə xanımla münasibətimiz yaxşıdır. Amma Aygün xanımı da görəndə öpüşüb-görüşürəm. Hər ikisi öz janrında mənim üçün böyük sənətkardır. İlhamə xanım illərini bu sənətə həsr edib. Aygün xanım çox gözəl şeirlər yazır, ona təşəkkürümü bildirirəm. Davamının gəlməsini istəyirəm. Çox obyektiv şeirlərdir və məmuniyyətlə oxuyuram".
Aytən Səfərova: "Bu qədər yaşı, övlad anası olan, sənətdə öz sözünü demiş iki xanım özünü idarə etmək istəmirsə, istəyir el-aləm yığışsın, barışdırmaq mümkün olmayacaq. Davanı mətbuatdan oxuyuram və onların yerinə utanıram. Bir-birlərini qırırlar. Vaxtilə təzə müğənnilər gələndə bir-birinə söz atıb reklam olunurdular. Onların reklama ehtiyacları yoxdur axı. Barışdırmaq haqqında düşünmürəm, nəyimə lazımdır? Onlar məndən neçə yaş böyükdür. Biz görmüşük ki, böyüklər kiçiklərə yol göstərər, kiçikləri barışdırarlar. Kiçiklər böyükləri barışdıracaqlar?”.
Mətanət Əsədova: "Hər ikisi Azərbaycan xalqının görkəmli nümayəndələridir və hər birinin ayrı-ayrılıqda öz sənət ordusu, gözəl sənəti var. İkisi də gözəl, tanınmış, hörmətli xanımdır. Əlbəttə ki, barışdırmaq istəyərəm. Vallah, insan bilmir ki, nə qədər ömrü var. Mən istəyərəm ki, mehriban olsunlar. İlhamə xanım hamımızdan böyükdür, ona yol göstərə bilmərəm. Aygün xanım da həmçinin. Sadəcə, istəyirəm ki, barışıq olsun. Hər ikisi hər zaman mehriban olublar. Allah şeytana lənət eləsin. Nə deyim, onlar şou-biznesin, Azərbaycanın gözəl ulduzlarıdır".
Rəqsanə