15 Fevral 2016 11:59
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu ilə müsahibəni təqdim edir:

- Möhsün müəllim, necə oldu ki, sizdə dilçiliyə həvəs yarandı?

- Mən orta məktəbdə oxuyanda meylim daha çox riyaziyyata olub. Sonra ana dili müəllimim olan Qüdrət müəllimin təsiri ilə dil və ədəbiyyata həvəsim artdı. Bununla da mənim həyatımda dönüş yarandı.

- Yəni filologiyaya meyil elədiniz...

- Və sənədlərimi Bakı Dövlət Universitetinin filologiya fakültəsinə verdim. Birinci ili müsabiqədən keçmədim. İkinci il isə yüksək bal topladım, amma şərqşünaslıq fakültəsinə qəbul oldum.

- Niyə?

- Həmin il şərqşünaslıq fakültəsinə qəbul olan tələbələrin sayı az oldu. Ona görə də yüksək bal toplayanları ora keçirirdilər. Hidayət Orucovla Sabir Rüstəmxanlı da o vaxt bu fakültəyə keçirilmişdi. Amma sonra onlar ərizə verib filologiyaya qayıtdılar. Mən isə şərqşünaslığın fars dili və ədəbiyyatı bölümündə qaldım.

- Şərqşünaslıqda qalmağınıza nə təsir elədi?

- Bizim fars dili müəllimimiz məndə çox böyük təəssürat yaratdı, məni ruhlandırdı. Beləcə, yeni bir dili öyrəndim. Onsuz da şərqşünas olmaqla həm dilçi olursan, həm də Azərbaycan dilinin incəliklərini bilirsən.

- Həvəsiniz əvvəlcə riyaziyyata, sonra filologiya, daha sonra şərqşünaslıq fakültəsinə olub. Bəs diplomunuzda nə yazılıb?

- Mənim diplomumda belə yazılıb: Şərqşünas, filoloq, fars dili və Azərbaycan dili müəllimi. Ona görə mən həm də Azərbaycan dili müəllimiyəm. Azərbaycan dili fənnini Qafqaz universitetində, “Araz” hazırlıq kurslarında, Bakı özəl türk liseyində də tədris eləmişəm.

- Universitet illəriniz necə keçib?

- Birinci il universitetə qəbul olmayanda İrəvanda, sonralar təhsil aldığım illərdə fəhləlik eləmişəm. Çox ağır günlər görmüşəm, çətinliklə oxumuşam. Soyuq, şaxtalı qış günlərini bir pencəklə keçirmişəm. Yəni adi bir kəndli balası olmuşam. Atam da kolxozçu idi.

- Necə düşünürsünüz, bu çətinliyin qarşısında həyatda iz qoya bilmisinizmi?

- Mən Allaha inanan adamam. Ona görə də düşünürəm ki, bu ixtisasda olmaq mənim taleyimdir. Ümumən, həyatımdan razıyam, mənalı ömür sürmüşəm. Mən hesab edirəm ki, kitablarımla, yazılarımla, şagirdlərimlə, tələbələrimlə həyatda iz qoymuşam. Kəndimizdən çıxan ilk elmlər doktoru olmuşam.

- Fars dilini bilmək sizə hansı üstünlükləri verdi?

- Uzun müddət Əfqanıstanda fars dili tərcüməçisi işləmişəm. Bunu da deyim ki, universiteti səkkiz ilə qurtarmışam, amma fərqlənməylə. Deməli, beşinci kursda təhsilimi yarımçıq qoyub tərcüməçi kimi Əfqanıstana getmişəm. O vaxt SSSR-i məni ora Qaz sənayesi xətti ilə göndərmişdi. Üç il Əfqanıstanda tərcüməçi işləmişəm. Ordan gələndən sonra universitet təhsilimi davam eləmişəm.

- Müəyyən dövrlərdə Əfqanıstanda olmusunuz. Hətta müharibə illərində də orda tərçüməçi işləmisiniz.

- Hə, Əfqanıstandakı axırıncı illərim müharibə olan vaxta düşüb. Ümumilikdə, orda üç dəfə olmuşam. 1972-75-ci illərdə də Neft Sənayesi Nazirliyinin xətti ilə aspriant kimi orda tərcüməci işləmişəm. Sonuncu dəfə 1982-85-ci illərdə Kabulda tərçüməçi işləmişəm. O zaman elmlər namizədi idim və Moskva şəhər soveti xətti ilə getmişdim.

- Fars dilini bilməyiniz tərcüməçi kimi əlinizdən tutub. Bəs bu dildən bir dilçi kimi necə yararlandınız?

- XVI əsr Azərbaycan tərcümə abidəsi var: “Şühədənamə”. Əsər Azərbaycanca dilindədir, amma hələ çoxdan fars dilinə tərcümə olunub. Mən də aspiranturada oxuyanda “Şühədənamə”nin orijinalı ilə fars dilində olan tərcüməsini müqayisə eləmişəm. Eləcə də tərcümənin orfoqrafiyası, paleoqrafiyası, tərcümə xüsusiyyətlərini araşdırmışam. Doktorluq müdafiəm də XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri oldu.

- Fars dilindən tərcümələriniz də var?

- Quranın qissələrini tərcümə eləmişəm. Qissə Adəm peyğəmbərdən tutmuş sonuncu peyğəmbərə qədər aid olan hekayələr və rəvayətlərdir.

- Azərbaycan dilinə əsərlər tərcümə edəndə bəzən hansısa sözün qarşılığını tapmaqda çətinlik çəkirik. Bununla bağlı nə deyə bilərsiniz?

- Əvvəla deyim ki, tərcümə dili zənginləşdirir. Ümumiyyətlə, bu problemi həll eləmək üçün söz yaradıcılığı üzərində axtarışlar aparılmalıdır. Klassik tərcüməçilər bu istiqamətdə müəyyən işlər görürdü. Tutaq ki, “zərgər” sözünün yerinə “quyumçu” sözünü tapırdılar. Yəni belə sözlər yaradırdılar.

- Klassik tərcümə ilə müasir təcümənin hansısa fərqi varmı?

- Klassik tərcümənin özünəməxsus xüsusiyyətləri var. Klassik ədəbiyyatı tərcümə eləyəndə bir çox çətinliklər olur. Məsələn, Nizami Gəncəvinin əsərlərini tərcümə eləmək üçün gərək mətni yüksək səviyyəli şairə verəsən ki, onu Nizami səviyyəsində çatdıra bilsin. Tutaq ki, “Leyli və Məcnun”u Səməd Vurğun, “Xosrov və Şirin”i Rəsul Rza tərcümə eləyib. Onlar şair idilər. Amma deyim ki, bu da hələ qənaətbəxş sayılmır. Çünki onlar fars dilini bilmirdi. Fars dilini bilənlər əsəri sətri tərcümə eləyib veriblər, onlar da şeir formasına, poetik şəklə salıblar. Hətta bəzən qafiyə xətrinə əsərdəki hansısa bir şeyi başqa cür verməli olursan. Ona görə də Nizaminin eyni poemasını bir neçə nəfər tərcümə edib. Hamısı da bir-birindən fərqlidir.

- Nizamini əsərlərini farsca oxumusunuzmu?

- Təbii ki, oxumuşam.

- Sizcə, Nizaminin əsərlərinin Azərbaycan dilində tam şəkildə, olduğu kimi verilməməsinin səbəbi təkcə bayaq dediklərinizdirmi?

- Dediyim kimi, Nizamini gərək tam şəkildə qavrayasan ki, yaxşı nəsə tərcümə edəsən. Tutaq ki, Səməd Vurğun “Yevgeni Onegin”i iki ilə tərcümə edib. Yəni Səməd vurğun onun ruhunu duyub, qavrayıb, onu ana dilində poetik səviyyədə elə yüksək səviyyədə verib. Bizim dövrümüzdə - sovet dövründə Quran, sufizm yasaq idi. Ona görə də həmin dövrdə tərcümələr Nizaminin mətnini tam şəkildə olduğu kimi verə bilmirdilər.

- Artıq Nizaminin əsərlərinin filoloji tərcüməsi var. Bunu uğurlu saymaq olar?

- Olar. Ona görə ki filoloji tərcümə mətnin məğzini nisbətən verə bilir. Çünki orda əlavə şərhlər də yazılır. Tutaq ki, hansısa bir beyt verilirsə, orda şairin nə demək istəyini ayrıca izah eləyirlər.

- Sözümüz ədəbiyyatdan düşmüşkən... Ədəbi prosesi izləyirsinizmi?

- Doğrudan da, hamı üçün yaralı yerdir. Mənim də düzünə qalanda vaxtım azdır. Müasir günümüzdə vaxt, zaman məsələsi var. Amma çox arzulayıram ki, yeni çıxan əsərləri oxuyum. Amma hələ çoxdan bir çox əsərləri oxumuşam. Dünya ədəbiyyatından Drayzerin “Cenni Herhart, “Dahi”, “Amerika faciəsi” və başqa əsərlərini oxumuşam. Əyyub Abbasovun iki hissəli “Zəngəzur” romanını oxumuşam. Bu romanı üç gecəyə bitirmişdim. Düzü, son zamanlar müasir ədəbi prosesi izləməyə vaxt olmur. Daha çox Anarın, Elçinin əsərlərini oxumuşam.

- Son zamanlar hansısa teatr tamaşasına getmisiniz?

- Bu yaxınlarda “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasına getmişdim. Dəhşətə gəldim. Zalın yarısı boş idi. Hansı ki, bu, bizim klassikimiz Mirzə Fətəli Axundzadənin əsəridir.

- Möhsün müəllim, bir az da Dilçilik İnstitutundan danışaq.

- Bizim qarşımıza məqsəd qoyulub: Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı. Bu, bizim ölkə prezidenti cənab İlham Əliyevin dilimizə olan qayğısının ən bariz göstəricisidir. Ulu öndər Heydər Əliyev də vaxtında dillə bağlı bir neçə önəmli fərman vermişdi. Bizim də qarşımızda bu proqrama uyğun olan böyük vəzifələr dayanır. Bunu həyata keçirmək üçün var gücümüzlə çalışırıq.

- Bəs sizin bu işlərlə bağlı hansı planlarınız var?

- Bir neçə ideyam var. Onlardan biri son 20-30 ildə dilimizə keçən yeni sözlər lüğətini hazırlamaqdır. Məsələn, bankomat, sayt, fləş və bu kimi başqa sözlərin lüğəti.

- Azərbaycan dilinin etimoloji, dil tarixi lüğəti diqqətdən kənarda qalıb. Bu gün Dilçilik İnititutu bu barədə nə planlaşdırır?

- Elədir. Azərbaycan dilində etimologiya lüğəti, Azərbaycan dilinin tarixi lüğəti yoxdur. Düzdü, müəyyən işlər görülüb. Amma daha fundamental şəkildə ortada heç nə yoxdur. Yaxın gələcəkdə ən birinci növbədə Azərbaycan dilinin etimoloji lüğətini hazırlamalıyıq.

- Dilçilik İnstitutu qalmaqallı bir yer kimi yadda qalıb. Mətbuatda da bu barədə tez-tez yazılır. Sizcə, burda sağlam mühit yaratmaq olacaqmı?

- Mən təzə gəlmişəm. Amma birinci məqsədim burda sağlam ab-hava yaratmaqdır. Yəni belə olmasa, buranın məhsulu da olmaz. Axı Dilçilik İnstitutunun strateji əhəmiyyəti var. Məsələn, mən günün sonunda özüm-özümə hesabat verirəm. Bu gün nə iş gördüm, yəni vaxtım nəylə keçdi? Ümumən, mən təbiətən mülayim, yumşaq adamam. Ona görə də quruplaşmalara, intriqalara olduqca mənfi yanaşıram. Bunlar mənlik deyil.

- Quruplaşmaların qarşısını almaq üçün konkret olaraq nə planlaşdırırsınız?

- Mənə elə gəlir ki, burda şəffaflıq, demokratiya, ədalət olsa, nə inciklik, nə çəkişmə, nə dedi-qodu, nə də intiriqa olacaq.

- Möhsün müəllim, Tofiq Hacıyevi necə xatırlayırsınız?

- Tofiq Hacıyev mənim opponentim olub. Elmi müdafiəmdə on səkkiz səhifəlik yüksək bir rəy yazmışdı. Çox böyük alim idi. Mən Dilçilik İnstitutunaTofiq müəllimin yerinə təyin olunanda da bizim münasibətlərimiz çox yaxşı olub. Bu il onun səksən illiyini böyük təntənə ilə qeyd edəcəyik.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər