19 Fevral 2016 14:27
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə 54 gün erməni mühasirəsində qalmış müəllim, yazıçı-publisist Əli Əliyev hazırda Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasının (“Semaşko”) reanimasiya şöbəsində ağır vəziyyətdədir.

Əli Əliyev bu il fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən ağır qəza keçirib. Bakının “Koroğlu” metro stansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan 70 yaşlı Əli Əliyev həmin gündən komadadır.

Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşən ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda təqaüdçüdür. Altı övladı var. Böyük oğlu İmdad Əlizadə ölkənin tanınmış jurnalistlərindəndir.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. “54 gün mühasirədə” sənədli filmində Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edilir. Film 2012-ci ildə çəkilib, ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.

Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.


Müəllif:

Oxşar xəbərlər