Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Teatr günü qeyd ediləcək.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, bununla əlaqədar olaraq martın 10-da teatrda aktyorların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcək, 143 yaşlı Azərbaycan Milli Teatrı haqqında çıxışlar olacaq. Çıxışlardan sonra Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək. Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.
Tamaşada rolları Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar İradə Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Elnur Kərimov, Aydın Dəmirov, Kərəm Hadızadə, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcəklər.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulub. Elə bu tamaşa ilə də Azərbaycanda milli teatrının təməli qoyulub.
Nərmin