29 Fevral 2016 19:47
4 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Vilayət Quliyevin Mikayıl Mirzə barədə yazdığı xatirə essesini təqdim edir:

Çox-çox illər bundan əvvəl tanıdığım unudulmaz sənətkarımız, xalq artisti, millət vəkili Mikayıl Mirzə ilə bağlı mənə daha munis olan bir xatirəm dəqiq tarixi ilə yadımdadır. 1996-cı ilin aprel ayı idi. Qızım Humayı dərsə aparırdım. Sükan arxasında özüm idim. İnqilab küçəsində svetoforda dayananda maşının açıq pəncərəsindən şimşək kimi şaqqıldayan qeyri-adi və bənzərsiz səs salona doldu: "Dostum və qardaşım Vilayət Quliyevə eşq olsun! Axşam altıda gözləyirəm!" Ani olaraq Mikayılın nurani saqqalını və sürücüsü Aydın kişinin təbəssümünü gördüm. Bizi ötüb keçdilər.

Həmin axşam görüşüb bir məclisə getmək üçün əvvəlcədən vədələşmişdik. Mikayıl təsadüfi rastlaşmağımızdan istifadə edib bunu özünəməxsus çılğınlıq və orijinallıqla bir daha yada salırdı.
Mənim üçün burada qeyri-adi və gözlənilməz heç bir şey yox idi. Amma hələ Azərbaycanın ünlü sənətkarı Mikayıl Mirzəni tanımayan, onun çəkildiyi filmləri, oynadığı rolları görməyən kiçik yaşlı qızım təəccüblənmişdi. Heyrətlə mənə baxıb uşaq sadədilliyi və təmizliyi ilə "Ata, o kişi dəlidi?"- deyə soruşdu.

Azərbaycan türkcəsində "dəli" sözünün müsbət yükü mənfi yükündən qat-qat çoxdur. Əbəs yerə "şeir dəlisi", "eşq dəlisi", "səhnə dəlisi" və s. ifadələri işlətmirik. Əbəs yerə qorxmaz, cəsarətli adamlar haqqında danışanda "dəli-dolu" epitetindən istifadə etmirlər. Əbəs yerə Koroğlunun ətrafındakı mərd, cəsur, qətiyyətli insanlara "dəli" demirdilər. Əbəs yerə folklorumuzun həqiqət carçısı, haqq-ədalət müştaqı olan qəhrəmanlarına Dəli Domrul, Dəli Alı adını verməmişdilər. Dəlilik, məcnunluq, vurğunluq qeyri-adi və təkrarsız olmağın, kütlənin fövqünə yüksəlməyin, hər sahədə ruhi, əqli, mənəvi maksimalizmin rəmzidir.

Mikayıl Mirzə bu mənada "dəli" idi. O, Azərbaycan torpağının, şerinin, mədəniyyətinin, Azərbaycan insanının, dostluğun, səmimiyyətin, mərdliyin kişiyana münasibətlərin dəli-divanəsi idi.

O, tükənməz enerjisi ilə yatmış ürəkləri və beyinləri hərəkətə gətirməyə çalışırdı, bəzilərinə çılğın, ölçülüb-biçilməmiş görünən sözləri və hərəkətləri ilə sükunətə, ətalətə, boşluğa və bozluğa meydan oxuyurdu.

Bütün bunları ibtidai sinif şagirdi olan qızıma izah etmək o qədər də asan deyildi. Amma mənim izahatım olmasa da, hər şey aydın idi. “İncil”dəki məşhur ifadədə deyildiyi kimi, həqiqət uşaqların dili ilə söylənir...

Tanışlığımız 1980-ci illərin əvvəllərində başlamışdı. Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı idim. İmzam təzə-təzə mətbuatda görünürdü. Şairlərin, yazıçıların bəziləri ilə tanışlıq, münasibət yaranmışdı. İmkan daxilində ədəbi tədbirlərindən, yaradıcılıq gecələrindən kənarda qalmamağa çalışırdım. Yaşıdlarımın çoxu kimi gəncliyimdən və arzularımdan başqa heç nəyim olmasa da, həyatın həqiqətən də ən gözəl, yaşamalı çağları idi.

Bir dəfə şair Çingiz Əlioğlu məni özünün hansısa texniki peşə məktəbində keçirilən yaradıcılıq gecəsinə dəvət etmişdi. Sabir Rüstəmxanlının, Mikayıl Mirzənin də orada olacaqlarını demişdi. Sabirlə daha əvvəldən tanış idim. Mikayılı isə o vaxta qədər həyatda, üzbəsurət görməmişdim.
Aradan illər keçməsinə baxmayaraq belə yaradıcılıq gecələrinin nostalgiyası indi də ürəyimdə yaşayır. Madiyyat baxımından o qədər də zəngin olmayan insanlarımız mənəvi sərvətlərə necə də böyük sayğı göstərirdilər, ədəbiyyata, alimə, şairə, yazıçıya nə qədər diqqət və ehtiramla yanaşırdılar?! Ağıllı bir sözə, yeni, fərqli bir fikrə nə qədər böyük maraq vardı?! Sanki adamlar bütün çətinliklərini, problemlərini belə məclislərdə unudurdular. Balaca uşaqların təqdim etdikləri sadə gül dəstələri, uzun-uzadı alqışlar, heyran baxışlar, üzlərdə-gözlərdə oxunan həqiqi sevinc və maraq... Bir də tədbirdən sonra mütləq idarə, yaxud müəssisə rəhbərinin otağında açılan mütəvazi çay süfrəsi, söhbətin daha səmimi, qeyri-rəsmi ahəngdə davamı... Yaradıcı şəxsə bundan artıq nə lazımdır? Məncə, söz və qələm əhli olan hər kəs həyatının ən xoş anlarını belə görüşlərdə, saxtalıq və riyakarlıqdan uzaq insanlarla belə səmimi ünsiyyətdə yaşayırdı. Günümüzdə yerli-dibli yoxa çıxan bu yaradıcılıq xoşbəxtliyini nə pulla, nə fəxri adlarla, nə də cild-cild kitablarla əldə etmək mümkündür.

İndi adını unutduğum o texniki peşə məktəbində (bəlkə də texnikumda?!) həmin axşam bir ədəbiyyat fırtınası yaşandı. Mənim təqdimat xarakterli çıxışıma (belə yerlərdə tənqidçilərin atı heç yerimir!) bəlkə də nəzakət xatirinə gözlənildiyindən daha çox əl çaldılar, Çingizlə Sabiri artıq müəyyən qədər tanınan, poeziyada sözü, izi olan şairlər kimi həvəslə, ürəkdən alqışladılar. Mikayıl Mirzə isə ərkyana ədaları, gözəl ifası, şaqraq səsi, insanların ürəyinə yol tapmaq bacarığı ilə zalda həqiqi tufan qopardı. Çingizin şerlərini dinləyicilərə onun özündən daha ürəklə, daha ilhamla təqdim etdi. Mikayıl:


Nar, nar, nargilə,
Gəlin gedək yargilə, –



deyib pauza verəndə və sanki sözlərinin əks-sədasını eşitmək istəyəndə bütün salon qəribə mütəşəkkilliklə bir an əvvəl qulaq asdığı misraları təkrarlayırdı. O, hamını hərəkətə gətirməyi, prosesin iştirakçısına çevirməyi bacarırdı. Mikayıl kollektivizm ruhundan həmişə kasadlıq çəkən auditoriyalarımızda kütləni yerindən oynatmağı, ardınca aparmağı bacaran azsaylı, bəlkə də yeganə ifaçı idi.

Çingiz öz şeirlərində Azərbaycan türkcəsinin fonetik imkanlarından çox bacarıqla yararlanırdı. Bəlkə də adi vaxtda dil incəliklərinə o qədər də önəm verməyən oxucu bunun fərqinə varmır. Mikayıl kimi sözün sehrinə bələd olan, onu görümlü obraza çevirərək dinləyiciyə, tamaşaçıya çatdıran sənətkarların ifasında isə bu şeirlərin poetikliyi, ifadəliliyi, fikir yükü bir beş artırdı. Bir sözlə, həmin axşam Mikayıl hamını Cingizin şerləri ilə uyutmağı, indiki nəslin təsəvvürünə belə gətirmədiyi sovet həyatının adi, boz reallıqlarından uzaqlaşdıraraq nə isə xəyali, ülvi, əlçatmaz aləmə aparmağı bacardı.

Nə gizlədim, ürəyimdə şairlik, yaxud aktyorluq istedadımın olmadığı üçün hətta bir balaca həsəd, yaxud paxıllıq hissi də keçirdim. Və həmin axşamın ən yaddaqalan hadisəsi Mikayılla tanışlığım oldu.

Görüşdən çıxıb Mikayılın o dövr üçün hələ, İlf və Petrovun dedikləri kimi, hərəkət vasitəsindən daha çox, cah-cəlal nişanəsi sayılan "Jiquli"sinə əyləşdik və yaradıcılıq gecəsinin qeyri-rəsmi hissəsinə yollandıq.

Bakı yollarının vəziyyəti o vaxt da yaxşı deyildi. Maşın hər dəfə çala-çuxura düşəndə Mikayıl çox cani-dildən sovet hökumətini söyürdü. Təbii, mən bu adi məişət detalını gözəl aktyorumuzun dissidentliyi, rejimə qarşı mübarizəsi kimi qələmə vermək firkindən uzağam. Sadəcə, Mikayılın təbiətindəki üsyankarlığın, barışmazlığın, haqlı narazılığın ən adi məqamlarda da kəskinliklə üzə çıxdığına diqqəti çəkmək istəyirəm. O, yaxşı, yaxud pisliyindən asılı olmayaraq diqqətini cəlb edən heç nəyin yanından laqeyd ötüb keçə bilmirdi.

Həmin axşam tam bir ədəbiyyat havası üstdə köklənən o məclisdə mən özümdən bir neçə yaş böyük olan və təbii ki, daha çox tanınan qələm yoldaşlarıma "siz" deyə müraciət edirdim. Görünür, bu rəsmiyyət ruhən özünə yaxın saydığı adamlar arasında leksikonunun normativliyinə o qədər də əhəmiyyət verməyən Mikayılı darıxdırıb hövsələdən çıxardı. Və o, ərklə sözümü kəsib:

- Kişi oğlu, bu sizi-bizi bir tərəfə burax. Biz hamımız eyni adamlarıq. Bura bir tikə çörək kəsmək üçün gəlmişik. Həm də bir Allah bilir ki, sabah kim harada olacaq?! - dedi.

Sonralar təsadüfdən-təsadüfə görüşsək də, münasibətlərimizin "sən" dövrü elə həmin axşamdan başlandı.

Mikayıl sadəcə aktyor deyildi. Adətən aktyor deyəndə gözlərimiz önündə daha çox ustalıqla rola girməyi bacaran adamlar canlanır. Mikayıl isə heç zaman mexaniki ifaçı olmamışdı. O, mahir ədəbiyyat bilicisi idi. Gözəl bədii təhlil qabiliyyəti, incə söz duyumu, cəlbedici yazı üslubu vardı. Yaratdığı obrazları ədəbiyyatdan və səhnədən həyata gətirməyi, adiləşdirməyi və insaniləşdirməyi çox yaxşı bacarırdı. Allah ona qeyri-adi səs, qədd-qamət, yaraşıqlı sima, cəsarət və ötkəmliklə birlikdə həm də yüksək intellekt, duzluluq, ən başlıcası isə insanı öz sehrinə sala bilmək istedadı bəxş etmişdi.

Mikayıl müstəqilliyimizin ilk illərində indi adı yaddaşlardan silinən hansısa partiyanın rəhbərliyinə daxil olsa da, heç zaman özünü siyasətçi saymamışdı. Ağı qara, yalanı həqiqət kimi qələmə verməyi bacaran siyasətçi istedadı da yox idi. Lakin o, öz tribunluğu, yüksək pafoslu və ehtiraslı ifaçılıq məharəti ilə inandığı və haqq bildiyi mətləbləri siyasiləşdirməyi, minlərlə insanın gündəminə gətirməyi, günün mövzusuna çevirməyi çox yaxşı bacarırdı.
O, öz səsi ilə insanların ürəyində ən müxtəlif hisslər: sevinc, həyəcan, narazılıq, hətta üsyan doğura bilirdi.

1984-cü ilin noyabr ayında Nizami adına Ədəbiyyat İnstiutunda mərhum xalq şairi Xəlil Rzanın 50 illiyi qeyd olunurdu. Mən də Xəlil müəllimlə eyni şöbədə işlədiyimdən rəhbərliyin tapşırığı ilə təşkilati məsələlərə bacardığım qədər kömək edirdim. İnstitutun direktoru, görkəmli ədəbiyyatşünas-alim Əziz Mirəhmədov Xəlil Rzanın çılğın, dəli-dolu təbiətinə yaxşı bələd olduğundan tədbirə bir az ehtiyatla yanaşırdı. Hətta bir-iki dəfə yubilyara Akademiyada nəzərdə tutulan yığıncaq zamanı hisslərini cilovlamağı, rəsmiyyət dairəsindən kənara çıxmamağı tövsiyə etmişdi. Amma yubiley toplantısı keçirilən gün Xəlil Rzanın yanında Mikayıl Mirzəni də görəndə kabinetində bizə axırıncı tapşırıqlarını verən Əziz müəllim başını bulayıb "Yaman yerdə axşamladıq", – dedi.

Doğrudan da bu iki çılğın insan məclisin həm rəsmi, həm də "bədii" hissəsində köhnə Mərkəzi Komitə işçisi olan Əziz Mirəhmədova xeyli narahat dəqiqələr yaşatdı. Onlar həmin axşam sanki bir-birlərinin səsinə səs verərək vahid Azərbaycan haqqında, insanların ürəyində heç zaman ölməyən müstəqillik və azadlıq duyğusu haqqında, əsarət zəncirinin qırılmasının qaçılmazlığı haqqında, sözü və sənəti dar bürokratik çərçivəyə salmaq istəyən kütbaş məmurlar haqqında şeirlər oxuyurdular. Yadımdadır, Mikayılın səsi EA-nın səkkizinci mərtəbəsindəki zalın pəncərə şüşələrini cingildədirdi. Son dərəcə nəzakətli davranışı və aristokrat ədaları ilə seçilən Əziz müəllim hətta özünü saxlaya bilməyib aktyora ərklə irad da tutdu. Amma belə yerdə vulkan kimi püskürən, yalnız dinləyiciləri deyil, özü də poeziyadan, sözdən sərməst olan Mikayılı dayandırmaq olardımı?

Teatrda və kinoda yaratdığı rolları izləyirdim. Nədənsə həmişə mənə elə gəlirdi ki, səhnə və ekran repertuarında ona bir aktyor kimi qol-qanad açmağa, özünü göstərməyə imkan verən əsərlər azdır. Xüsusi ilə sovet dövrünün sükunət və durğunluq mühiti ilə Mikayılın Şiller və Şekspir qəhrəmanlarına xas sənət ehtirası arasında tam bir ziddiyyət vardı. Çox güman elə bu səbəbdən də yaradıcılığının son dövrlərində o, mono ifaya, bədii qiraətə daha böyük üstünlük vermişdi.

Tanışlıq münasibətlərimiz Milli Məclisdə dostluğa çevrildi. Hər gün də olmasa, günaşırı görüşürdük. Mikayıl olduqca əliaçıq, səxavətli, son tikəsini dostdan əsirgəməyən adam idi. Səmimiyyətinə, dost uğuruna sevinməyinə isə söz ola bilməzdi. Qiybətdən, kiminsə kölgəsini qılınclamaqdan uzaq idi. Onun dilində hər bir adam üçün yetərincə xoş söz tapılırdı. İnsanlarda müsbət, işıqlı cəhətləri görməyə və göstərməyə daha meyilli idi. Dost dediyi adamlardan ürək dolusu danışmağı bacarırdı. Hətta bəzən "böyük", "görkəmli", "qüdrətli" və s. kimi epitetlərdən ifrat səxavətlə istifadə edirdi. Buna irad tutanda "Mən avans verirəm, qoy o adam həmin sifətlərə layiq olmağa çalışsın" - deyirdi.

Milli Məclisdəki qeyri-ordinar çıxışlarına görə bəzən Mikayıl Mirzəyə də yersiz hücumlar olurdu. Bir dəfə, yanılmıramsa, “Hürriyət” adlı qəzet onu əksərən həqiqətdən uzaq, bəzən hətta şəxsi təhqirə qədər gedib çıxan əsassız hücumlara hədəf seçmişdi. Bəlkə həmişə insanlardan etimad və məhəbbət gördüyündən, ya da siyasətdə bütün yaramaz və çirkin vasitələrin məqbul sayıldığını unutduğundan belə hallarda o, daxilən sarsılır, sıxılır, inciyirdi.

Bir dəfə Milli Məclisdəki emosional, bir az da əsəbi və patetik çıxışından sonra aşağıdakı misraları yazıb arxa sırada oturan Mikayıla ötürmüşdüm:


– Coşub Mikayıl Mirzə,
Sığmır kürreyi-ərzə.
Hər sözü neştər, nizə
Sancılır sinəsinə
Əqidəsi lütlərin,
Yaltaqların, kütlərin,
Yala hürən itlərin...



Zarafatyana misralarım Mikayılın yamanca xoşuna gəlmişdi. Bir-iki dəfə yarızarafat-yarıciddi şəkildə "Bunun davamını da yaz, bir yerdə çap elətdirək" - demişdi. Şairlik fikrinə düşməyimin qeyri-ciddi və gülməli görünəcəyini əsas gətirib boyun qaçırmışdım. İndi aradan illər keçəndən sonra təbii ki, həqiqi poeziyaya heç bir dəxli olmayan bu "şeir"i burada verməklə həm də mərhum dostumun yəqin eyni dərəcədə zarafatyana və şuxluqla dolu istəyini yerinə yetirmiş oluram...

Akademik Milli Dram Teatrında repertuar kasadlığı hiss olunduğu dövrdə Cəfər Cabbarlının "Aydın" dramını yeni quruluşda tamaşaya hazırlayırdı. Bir neçə ay bütün söz-söhbəti Aydın haqqında idi. Əvvəlcə baş rolda özü çıxış etmək istəyirdi. Dəfələrlə məni də məşqlərə dəvət etmişdi. Amma sonda nədənsə fikrini dəyişdi. Dramatik aktyor üçün böyük yaradıcılıq imkanları açan bu rolun ifasını səmimiyyət və ürək genişliyi ilə sənət dostu Nurəddin Mehdixanlıya etibar etdi. Cabbarlı yaradıcılığının hələ siyasi konyukturaya və sosial sifarişə boyun əymədiyi dövrdə yazılan "Aydın"da Mikayılı ən çox cəlb edən əsərdəki haqsızlıqlara, saxtakarlıq və riyakarlığa qarşı barışmaz üsyan ruhu, ədalət axtarışı və "Aydın"ın sərt həqiqətlərin tərənnümçüsü olması idi.

Milli mədəniyyət tariximizdəki Mikayılları yada salıram: Mikayıl Müşfiq, Mikayıl Rəfili, Mikayıl Mirzə...

Bilmirəm, valideynləri öz övladlarına Mikayıl adını seçərkən Müşfiqi və Rəfilini göz önünə gətirmişdilər, yoxsa bu eynilik adi bir təsadüfdür. Amma mənə elə gəlir ki, hər üç Mikayılı birləşdirən ümumi cəhətlər var: pafos, coşqunluq, mübarizə ruhu, tükənməz yaradıcılıq ehtirası, həqiqətin və gözəlliyin təntənəsinə inam... Və yaradıcılıqlarının ən məhsuldar, verimli çağında hər üçünü haqlayan kəmfürsət ölüm... "Dəliyə döndüm Rəfili, Ölüm xəbərini alanda" - Nazim Hikmətin ürəyin dərinliklərindən axıb gələn kədərli misraları yəqin ki, eyni əsasla xalqımızın XX yüzillikdə yetirdiyi hər üç Mikayıla şamil edilə bilər.

Bir insan və vətəndaş kimi Mikayılın xarakterini açan daha bir səciyyəvi məqamın üzərindən sükutla keçmək istəməzdim. Mən Xarici İşlər Nazirliyinə gələndə Mikayılın oğlu Mətin Mirzə artıq bir neçə il idi ki, orada çalışırdı. Təbii ki, bir dost kimi onun tezliklə yeganə övladı ilə bağlı özünəməxsus ərkyanalıqla ağız açacağını gözləyirdim. Və burada qəribə, qeyri-adi heç bir şey görmürdüm. Hamımız ən kiçik imkan yarananda da övladımız üçün nə isə etməyə çalışırıq. Amma ara-sıra Milli Məclisin iclaslarında görüşsək də, Mikayıl bu məsələ ilə bağlı heç nə demirdi. Fikirləşdim ki, bəlkə dost kimi təşəbbüsü mən tərəfdən gözləyir. Ona görə də növbəti görüşlərimizdən birində oğlu üçün nə edə biləcəyimi soruşdum. Mikayıl onun yaxşı mütəxəssis kimi yetişməsinə yardımçı olmağımı, bir də yazı-pozusu ilə maraqlanmağımı xahiş etdi...

İndi ölkəmizin İndoneziyadakı səfirliyində çalışan Mətin Mirzə arabir elektron ünvanıma məktublar göndərir, müxtəlif məsələlərlə bağlı fikirlərini bölüşür. Bu ilin yanvar ayında yazdığı məktubda sevinc hissi ilə ailələrində yenə də Mikayıl Mirzənin olduğunu, yeni doğulan ilk övladına atasının adını verdiyini bildirirdi. Balaca Mikayıl üzünü görmədiyi babasından 61 il sonra eyni ilə onun kimi yanvar-ocaq ayında dünyaya gəlmişdi.

Bəlkə də nə zamansa indiki balaca Mikayıl ailə arxivlərində ünlü babası ilə bağlı digər materiallarla yanaşı bu yazını da oxuyacaq. Və bir daha Mikayıl Mirzə adını daşımaqla öz çiyinlərinə neçə ağır, eyni zamanda, şərəfli yük götürdüyünün fərqində olacaq, bu adı doğrultmağa, yaşatmağa, şöhrətləndirməyə can atacaq.

Gözəl insan və sənətkar kimi Mikayıl Mirzənin şərəfli ömür yolu, halal tərcümeyi-halı bunun üçün tam əsas verir.



2009


Müəllif:

Oxşar xəbərlər