1 Mart 2016 14:12
4 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ ötən əsrdə dahi Cəfər Cabbarlı “M.F.Axundov haqqında” məqaləsində yazırdı: “Şairlər, ədiblər, Füzulini ötməyə deyil, bəlkə ona yetişməyə və var qüvvələri ilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətməyə və beləliklə, ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa və orada bərkitməyə çalışırdılar. “Füzuliyanə” qəzəllər yazmaq şairlərin idealı olmuşdu”.

Bu sözlərdə müəyyən həqiqət olduğunu qeyd edib onu deməliyik ki, Füzuli qəzəl məktəbinə daxil olub bu məktəbin ənənələrini yeni tarixi-ictimai-ədəbi şəaritə uyğun sürətdə davam etdirə bilən, dahi şairimizin ümman kimi geniş və dərin yaradıcılığından öz üslubuna müvafiq incilər seçib lirikasını ziynətləndirə bilən qəzəlxanımız məhz Əliağa Vahiddir.

Füzulinin təsvir və tərənnümü mahiyyət, məzmun etibarilə lirik-fəlsəfidirsə, Vahidin təsvir və tərənnümü lirik-fəlsəfi deyil, yalnız lirikdir. Məlumdur ki, Füzuli həm lirik şair, həm də filosof şairdir, mütəfəkkirdir:


Bu qəmlər kim, mənim vardır, bəyirin başına qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar.

və ya:

Degil bihudə gər yağsa fələkdən başıma daşlar,
Binasın tişeyi-ahimlə viran etdiyimdəndir.

Bu beytlərdə Füzuli kədər hissini dərin fəlsəfi düşüncə ilə yoğurub öz oxucusuna təqdim edir. Bu beytlərdə ifadə olunan fikir mübaliğədir, həm də elə mübaliğədir ki, bu, məhz dahi və mütəfəkkir şairlərin qələmindən çıxa bilər... Vahid isə özünün qəm, həsrət hissini lirik-realistik üslubda belə tərənnüm edir:

Sənsiz ey şux, mənim xoş güzaranım yoxdur,
Sən ki, yoxsan elə bil cismdə canım yoxdur.
Bu yaman gündə mənim bircə ümidim sənsən,
Sənsiz heç bir kəsə aləmdə gümanım yoxdur.

Füzulinin fəlsəfi tərənnümünün mayası kədərdir. Füzulinin kədəri bədbinlik deyil, fəlsəfi kədərdir, “fəqrlərin” kədəridir. “Füzuli aləmi-insaniyyətdə bütün qəmzadələrin və möhnətkeşlərin yüklərini götürmək üçün xəlq olunubdur” (Firudin bəy Köçərli).

Bu kədərlə bağlı olaraq, Füzuli qəzəlləri ağır, təmkinli, ciddi ruha maliksə, Vahidin lirikasına şuxluq və xəfiflik hakimdir. Əgər Füzulinin qəzəllərində yüklü dəvə karvanlarının ləngərli, ağır və təmkinli gedişinin ahəngi varsa, Vahid qəzəllərində dağ çayına məxsus itilik və həzin bir musiqilik var. Siz dağ çayının öz sahilində duran sal bir qayanı öpdüyünü görmüsünüzmü? Dağ çayı aşiq isə, sal qaya məşuqədir. Sanki dağ çayı öz sevgilisinin – qayanın ayaqlarına yıxılıb onu öpür, onu mədh edir, pıçıltılarla ona öz eşqini izah edir. Fəqət qaya isə məğrurdur. O, dağ çayına əyilmir, ona etina belə etməyir. Vahidin qəlbindən süzülüb gələn beyt və misralarda dağ çayına məxsus fədakarlıq, kövrəklik və ahəngdarlıq vardır:

Sənin gözəlliyinin mübtəlasıyam, gözəlim,
O qara gözlərinin can fədasıyam, gözəlim.
Bəlalı aşiqinəm, baxma qeyrilər sözünə,
Məhəbbət aləminin binəvasıyam, gözəlim.
Yolunda müntəzirəm, can verim görəndə üzün,
Cəfa çəkənlərin əhli-vəfasıyam, gözəlim.
Elə nə zülüm varındır, əgər dilim yansın,
Desəm cəfalarının narizasıyam, gözəlim.

Əfsanəvi aşiq surətləri olan Məcnunun, Fərhadın adına Füzulinin qəzəllərində tez-tez rast gəlirik. Füzuli öz eşqinin şiddət və mahiyyətini ifadə etmək üçün bu əfsanəvi aşiqlərin adından böyük sənətkarlıqla istifadə etmişdir:

Olsaydı məndəki qəm Fərhadi-mübtəladə,
Bir ah ilə verərdi min Bisütuni badə.
Versəydi ahi-Məcnun fəryadımın sədasın,
Quşmu qərar edərdi başındakı yuvadə.

Bu ənənəvi vasitəni qəbul edən Vahid də orijinal və dolğun ifadələr yaratmaq üçün ondan tez-tez istifadə etmişdir:

Mən indi ki, varam, aləmdə ölməyib Məcnun,
O yaxsa da deməyin öğrəbası yoxdur onun.

Füzuli dövründə baş verən bütün ictimai-siyasi hadisələri öz lirikasında parlaq şəkildə əks etdirmişdir. Dahi şair müharibələrə, müharibə törədən padşahlara, sultanalara, xalqı acınacaqlı vəziyyətə salan feodallara, riyakar ruhanilərə, mənfəətpərəst tacirlərə qarşı mənfi münasibətini, “füqəra” təbəqəsinə isə hüsn-rəğbətini dönə-dönə qələmə almışdır.


Fəqr imiş, fəqr Füzuli, şərəfi-əhli-vücud,
Özünə eyləmə həmdəm füqəradan qeyri.

Füzulinin ictimai məzmunlu qəzəllərinə üsyan, kədər və şikayət hakimdir. Əgər:

Dust bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun

beyti ilə başlayan qəzəlində Füzuli idbarların rütbəsi ali olan, biliyə yüksək qiymət verilməyən bir cəmiyyətdə yaşadığını söyləyirsə, Vahid də ustadının yaradıcılğındakı bu gözəl xüsusiyyəti – ictimai motivi davam etdirərək öz dövrünün xarakteristikasını verir:


Vahid, elə bir dövrdə gəldi ki, cəhana,
Bir gözdə göründü bütün insan, əcəb oldu.

Vahid Füzuli ənənələrini və müasir şeirin tələblərini öz qəzəl yaradıcılığında birləşdirə bildiyi üçündür ki, özünün bədii irsi də qəzəl yazan başqa şairlərimiz üçün bir örnəyə çevrildi. “Naşıyam mən hələ Vahid kimi ustadə görə” – deyən şair Zeynal Cabbarzadə həmkarlarının mövqe və fikirlərini çox gözəl ifadə etmişdir.

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər