Azərbaycan Milli Müsavat Partiyasının Məhəmməd Əmin Rəsulzadənin vəfatından sonra lideri olan Mirzə Bala Məhəmmədzadə (1898-1959) mühacirətimizin və ümumilikdə xalqımızın ən parlaq simalarından biridir. 17-18 yaşlarından ömrünün sonuna qədər Azərbaycanın müstəqilliyi, azadlığı, rus işğalından xilası uğrunda həm siyasi, həm ədəbi, həm publisistik, həm də silahlı savaş aparan bu dahi şəxsiyyətin xalq qarşısında xidməti böyükdür. Daim təqiblərə məruz qalan, vətən sevgisini ürəyində daşıyaraq qürbət ölkələrdə yaşamağa məcbur olan Mirzə Balanın ölümü də həyatı qədər ağrılıdır. Bu yazıda son günlərində onun yanında olan İldəniz Qurtulanın Mirzə Balanın ölümü ilə bağlı yazdığı xatirəni oxuculara təqdim edirik.
“Mart soyuq idi, çox zaman olduğu kimi sisli. Və hər zamandan daha artıq cansıxıcı.
6 mart Məmməd Əmin bəyi itirdiyimizin 4-cü ildönümünü anarkən tərtiblədiyimiz tədbirə həyəcana dayana bilməz deyə götürülmədi. Yorulmasın, üzülməsin dedik. O, bircə incimiz, yeganə sərvətimiz idi. Onu deyil itirmək, ondan uzaq gəzməyə belə dözümümüz yox idi.
Ertəsi gün “üşütdüm deyəsən” deyirdi. “Ordakı evimiz çox qorunurdu, hər yer eyni dərəcədə isti idi. Hələ Münhen son günlərdə boğucu bir isti mövsüm yaşayır. Mart İstanbulda nə üçün bu qədər israr edir bilmirəm”.
Hava hiyləgərcəsinə gündən-günə pisləşir, rüzgar amansız əsir, dayananda da yağış başlayırdı.
7 mart. Xəstəlik davam edir. Təzyiqinə baxdım. 11.5. Yatağında oturmuş israrla danışmaq istəyir. Münhendəki müxtəlif cəbhələri saydı, sonra dünya ümumi əhvalı haqqında danışdı. Axşam yeməyini yeyəndə:
–Sinəmdə yenə ağrılar tutub, sol tərəfdə, - dedi.
–Sol çiyninə vururmu?
–Elə də yox, amma sol biləyim ağrıyır. Çox üşüyürəm, - və titrətməyə başladı.
Üstünü örtməyə çalışarkən təsəlli edirdik onu:
– Yox, bir şey yoxdu, maraq edəcək bir şey yoxdu, Bir az üşütmüsüz hər halda.
Yeməyini yarıda qoymağa məcbur oldu. Tir-tir titrəyirdi. Və iztirabı zaman keçdikcə artırdı. Hava kifayət etmirdi. Üstündəki yorğan çox ağırlaşmışdı onun üçün. Öz özünə: “Mənə nə oldu belə? Çox pisəm”, – deyirdi.
Həkim çağırdıq. Həkim vəziyyəti dəqiqliklə tədqiq etdi. Yazılan diaqnozları oxudu. İki iynədən sonra məni bir küncə çəkdi. “Sənə izah edə bilərəm, – dedi, – vəziyyət kritikdir. Bu, bir kriz ola bilər. İnfarkt krizi”.
Bunu düşünmək belə imkansız idi mənim üçün. “Nə edəcik” deyə düşündüm bütün vücudum titrəyərək.
Həkim 22:30-dan gecə 12-yə qədər bizimlə idi, əlindən gələni etdi. Sonra gözləyəcik dedi. Yaşamaqdan ümid kəsilməz.
Kəsilməz! Bəli, amma bir ömür iztirab çəkmiş, mücadilədə məhv olduqdan sonra bir az çətindir bu. Fəqət biz onu yaşatmaq üçün çalışdıq. “Daha böyük xəstəlikləri yendin sən, – dedik, – bu qripdən başqa bir şey deyildir”.
O da:
– Ölürəm, deyəsən, əlimi tut İldəniz, Bahirə yanımda dur, – deyirdi.
Vətən torpağına ayaq basmadan ölməkmi? Yox Mirzə Bala, yaşamaq gərək. Qeyrət et. Bizə yazığın gəlsin, hamımıza!
40 illik bir mücadilə və kəşməkəş ardından bir heç olan sabahamı baxacaqdı Mirzə Bala? Görəsən, başımızda olaraq bir Milli Azərbaycan Cümhuriyyəti qurmaq əzmiylə mücadiləsinə davam etməyəcəkdimi?
Solğun bənizindəki pırıl-pırıl parıldayan gözləri ilə üzümüzdəki ifadəni sökməyə çalışırdı... Və biz də dayanmadan təkrar etmək istədiyimiz: “Yaşa, yaşa, ey böyük Mirzə...”
Saat 12-də ağrıları dinmiş və bir az rahatlığa qovuşmuşdu. Krizi keçdi deyə həkim müjdələdi bizi. Təhlükə qismən aradan qalxmışdı. Ayrıldıq.
8 mart. Erkəndən otağına girdim ki, cansız bəyaz bir örtüyün altında yatırdı. Və həyat yoldaşı Bahirə xanım da başında idi. “Səhərə yaxın saat 4-də, – dedi, ağlaya-ağlaya, – soyuq səsinə oyandım, tərləmişdi. Üzünü, alnını silməyə başladım. Çox toxunma, yuxum qaçacaq dedi, uyudu”. Əbədi yuxusuna dalmışdı.
Hönkür-hönkür ağlamaq belə içimizdəki qəhr düyününü sökə bilmirdi. Hıçqırıq nəfəsimizi boğurdu. Çarəsiz, cansız vücudunu qucaqlayarkən çıxışları, hərəkətləri və bütün şəxsiyyəti canlandı gözümdə. Sıx-sıx əlini tutmuşdum...
Sandıqdan üç rəngli müqəddəs bayrağımızı çıxardıq sonra. Onu mənə ilk göstərdiyi günü xatırladım. Arnavut köyündə iki dənə idi bundan demişdi. Birini Əmin bəy istədi, göndərdim, o birini də bağrına basaraq: “Sənə vəsiyyətim olsun, üstümə çəkərsən”, – dedi.
Elə də etdik.
Və arvadı Bahirə xanım hıçqırıqlar içində: “Artıq rahatlığa qovuşdun, Mirzəciyim! Bax Bayrağın altındasan”, – deyir, ağlayırdı.
Üzünə baxdım, təzə və diri kimi idi. Bir Budda heykəli kimi sakit idi, sabahından əmin olaraq.
O, daima yaşayacaq!”
Hazırladı: Nizami Hüseynov