7 Mart 2016 12:15
1 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Nizami Hüseynovun Qan Turalının "Fələk qırmancı" romanı barədə yazdığı məqaləni təqdim edir:

Bu gün müasir Azərbaycan oxucusunun çoxdan gözlədiyi bir xəbər axır ki, paylaşıldı. Qan Turalın “Fələk qırmancı” romanı çap olundu. Oxuculardan daha çox həyəcan və maraqla kitabın çapını Qan Turalın özü gözləyirdi. Çünki XXI əsr ədəbiyyatımızda yeni tipli romandır “Fələk qırmancı”. Paralel xətt üzərində qurulan əsərdə müəllif klassik və müasir, qərbləşməkdə olan şərqi canlandırıb. Bu iki tarixi dövr iki Mehdinin həyat hekayələri fonunda açılır. Belə maraqlı sujetə oxucunun reaksiyası, kimin ağzından hansı avazın gələcəyi müəllifin də qulağını səsdə qoyub.

İlk növbədə qeyd etmək lazımdır ki, əsərin dili çox oxunaqlıdır. Roman intellektual ədəbiyyat nümunəsi kimi görünsə də, yenə də Turala xas sitatlar çox olsa da, sufizmin qəribə anlayışları, inancları izah olunsa da, qərb ədəbiyyatının ideologiyaları bir su daşqını kimi romanda görünsə də, əsər axıcıdır. Bu əsər, şəxsən mənim illər boyu qərb ədəbiyyatından aldığım həzzi yaşatdı, onlar kimi tutdu, bir neçə gün öz təsiri altında saxlamağı bacardı, dəfələrlə metro stansiyalarını düşəcəyimdən bir neçə stansiya o tərəfə apardı, hətta geri qayıtdığımda belə yenə əsərin təsirinə düşüb əlavə yol getməyimə səbəb oldu. Təkcə oxuduğum müddətdə deyil, həm də əsəri oxuyarkən verdiyim fasilələrdə belə diqqətimi başqa tərəfə yönəltməyə qoymadı.

O ki qaldı əsərə. Əsərin bir tərəfi Turalın çox sevdiyi və tez-tez kulisdə verdiyi qız-oğlan hekayələrinin genişləndirilmiş formasıdır. Bu hadisələr sufi romanın kölgəsində qalır, hətta müqayisə olunmayacaq dərəcədə zəif görünür. Ona görə də, əsər dadlı yeməyə qatılmış sevmədiyimiz ədviyyat kimi, qızardılmış kartof və üzərinə qoyulmuş kotlet kimi görünür. Müəllifin dediyi kimi, yəqin ki, əsərin sufi sujet xətti gələcəkdə ayrıca kitab kimi yenidən çap olunacaq.

Romanın bu hissəsində kənddən, bataqlıqdan “qamışlıqdan” xilas olmaq istəyən bir qızın yazıçı Mehdinin əsərlərinin və özünün dəlisi olduğu üçün şəhərə gəlməsindən və gələcəkdə onların başına gələcək hadisələrdən bəhs edilir. İllərdir ədəbiyyatda gördüyümüz “aydın” tiplərin xilas yolunu tapdığı kitablar burada da öz işini görür. Adətlərin qaba gücə çevrildiyi, atasının və qardaşının zorbalığının yaşandığı bir ailədə böyüyən Zeynəb xilasını kitablarda tapır. Dərsliklərlə yanaşı bədii ədəbiyyat da oxuyur, atasının razılığı olmasa da, birtəhər Bakıya oxumağa gələ bilir. Həmin vaxtda uğrunda hər şeyini qurban verməyə hazır olduğu Mehdi adlı gənc yazıçı qələmi yerə qoyur, bir daha yazmamaq sözü verir özünə. Kiflənmiş ədəbiyyatdan, ədəbiyyata, yazıya çörək pulu kimi baxan kolleqalarından, heç bir ciddi problemi olmayıb da problem içində batan dostlarından uzaqlaşır. Yazdıqlarının və yazacaqlarının onun gördüyü problemlərin heç birini dəyişməyə qadir olmadığını başa düşərək qələmi yerə qoyur. Bu qəhrəman tipi dünya ədəbiyyatında dəfələrlə rast gəldiyimiz yazıçı obrazıdır. Eyni zamanda yazmayan yazıçı Mehdi Bəyazidi də müəyyən qədər tapmaq olur Turalın Mehdisində. Amma Zeynəbin Mehdiyə olan sevgisi (bu ənənəvi Leyli-Məcnun sevgisi deyil), fədakarlığı ona özündən ixtiyarsız əsər yazdırır. Üsyanını “qırmanc”ı ilə çatdırır.

Turalın bundan əvvəl yazdığı bir neçə hekayəsində müşahidə olunan sərt keçidlər burada da özünü göstərir. Qızla oğlan içkili, sərxoş ikən birdən-birə sevişir, sonra sevişməyə ara verib Kafkadan, Folknerdən, fəlsəfi problemlərdən danışır (Mehdi danışır), daha sonra yenə sevişir.

Son illər çəkilən romantik türk filmlərinin qəhrəmanı (Məsələn: “İncir reçeli” – Halil Sezai) tipi görünür bəzən adamın gözünə (Mehdi o qədər bəsit deyil əslində). Bəzən də digər hekayələrdə yığılıb qalan obrazların cəmi kimi.

Bir sıra prototiplərin yarandığı əsəri oxuduqca son illərin bir çox simasını elə özünüz də orada tapacaqsız.

Əsərin müasir həyatı əks etdirən bu hissəsində xırda detallar da gözdən uzaqda saxlanılmır. Müəllif dayanmadan bir yerdən başqa yerə köçən qəhrəmanına lazım olan qədər gah topazda uddurur, gah da saytlardan maaaş aldırır. Əslində, bütün bunların adi göründüyünü düşünə bilərik, amma hər şey sanki layihənin büdcəsi kimi dəqiqliklə hesablanıb xərclənir. Bu detal sadə nümunədir, bütün əsərdə müəllif reallıqları bu cür diqqətlə izləyib, oxucunu sual altında qoymamaq üçün diqqətli olub.

Əsərin digər hissəsi olan sufi roman isə yuxarıda qeyd etdiyim kimi, daha peşəkar bir qələmin məhsuludur. Burada da müəllifin oxuduğu əsərlərin, baxdığı filmlərin izi görünür. Həm süjet və təsvirlərdə, həm də birbaşa gətirilmiş sitatlarda müəllif bunu gizlətmir, oxucusuna nəyi hardan gətirdiyini açıq-açıq söyləyir. Amma təkcə bədii ədəbiyyatın təsiri yox, həm də sırf bu əsərin yazılması üçün müəllifin nə qədər əziyyət çəkdiyi hiss olunur. Orta əsrlərdə sufilərin həyat şəraiti, çilə günləri barədə təsvirlər də ustalıqla təsvir olunur. Ərərin bir hissəsində Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”ndan iki obrazı seçərək, Azərbaycan oxucusunun beyninə həkk olunmuş hadisəni - lətifəni dekonstruksiya edərək yazır: “Kənddə də bəzi adamlar - misal üçün elə bu Xəbərçi Xəlillə Lağlağı Sadiq bir gün mənimlə məzələnmək istədilər. Sadiqin dükanında məndən soruşdular ki, cənabınız gərək ərəb dili dərsində çox güclü olsun, mən də dedim ki, ərəb dilini tamam eləməməmiş adamı minbərə qoymazlar. O da məndən lağcan soruşdu ki, çörəyə ərəbcə nə deyirlər? Mən də qəzəblə dedim ki, xubz. Onlar da gördülər ki, bu xına o xınadan deyil. Onlarla mənim davam elə bununla qurtardı”.

Bu tip hadisələr, digər əsərlərə göndərmələr, onlardan sitatlar əsərdə çoxdur. Və çox maraqlıdır.

Əsəri şiddətlə oxumağa tövsiyə edirəm. Oxuyun, zövq alacaqsınız.

PS.Əsərdə özünü yaradan Qan Turalı qəhrəmanına yazmağı qadağan edir, üsyan edərək qələmi əlinə almayacağına söz verdirir. Müəllifin bu qərarı qəbul etməməsi arzusuyla...


Müəllif:

Oxşar xəbərlər