31 Mart 2016 15:42
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün xalq artisti, bəstəkar Rafiq Babayevin doğum günüdür.

Teleqraf.com xəbər verir ki, 31 Mart Azərbaycanlıların soyqırımı günü olduğundan ona həsr olunan konsert təxirə salınıb. Konsert aprel ayının 12-də “Le Chateau” Music Barda “Rafiq Babayev gecəsi” adı altında baş tutacaq.

Rafiq Babayev 1937-ci il martın 31-də Bakı şəhərində anadan olub. 1943-cü ildə musiqi məktəbinə daxil olan Rafiq 1950-ci ildə həmin məktəbi bitirib və A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olub. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyib. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi.

1954-cü ildə buraxılış imtahanında onun ifa etdiyi proqrama klassik əsərlərlə yanaşı, amerikalı caz pianoçusu Bill Evensin kompozisiyası da daxil edilib. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır.

Rafiq Babayev Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur.

1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. Bu illər ərzində o, caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festifallarında iştirak edir.

1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun "Bayatı-kürd" ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir.

1991-ci ildə Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən səsyazma studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə - Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırıb.

Rafiq Babayev 1994-cü il martın 19-da erməni ekstremistlərinin Bakının “20 Yanvar” metrostansiyasında təşkil etdiyi qanlı terrorun qurbanı olub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər