4 Aprel 2016 10:24
1 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

1920-ci ildə Cümhuriyyətin işğalından sonra Türkiyəyə mühacirətə gedən siyasilərimiz bolşevizmlə ideoloji mübarizə, işğal olunmuş Vətənin qurtuluşu uğrunda savaş aparmaqla yanaşı, Azərbaycan mədəniyyəti və ədəbiyyatının tanıdılması istiqamətində də işlər görürdülər. Bu məqsədlə onlar həm çap etdikləri jurnallarda məqalələr yazır, həm də kitablar çap edirdilər. Həmin kitabların və jurnalların əksəriyyətini toplaya bilmişik.

Mühacirlərdən Əbdülvahab Yurdsevər bu mövzuda “Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri” (1950), “Azərbaycan dram ədəbiyyatı” (1950), “Sabirin Azərbaycan ədəbiyyatında yeri” (1951), Məhəmmədəmin Rəsulzadə “Azərbaycan kültür gələnəkləri” (1949) kimi konfrans nitqlərindən hazırlanmış kitablar yayımlayır.

Şübhəsiz ki, bu kitablar arasında Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri daha önəmli yer tutur.
Bu əsərin girişində maraqlı bir məqam var. Müəllif ötən əsrin ilk 50 ilində klassik Şərq şairlərinin, mütəfəkkirlərinin yubileylərinin keçirilməsinin artıq ənənəyə çevrildiyini, Firdovsi, Nəvai, İbn Sina kimi şəxsiyyətlərin bu məqsədlə təbliğ edildiyini yazır. Lakin bu insanların hələ indiki kimi millət amilinin önə çıxmadığı bir dövrdə yaşadıqları, İslam və Şərq dünyasının ortaq dəyərləri olduqları üçün ərəb, fars, türklər arasında ixtilaflara səbəbiyyət yaratdığını qeyd edir.

Bu ixtilaflardan biri də Nizami Gəncəvi ilə bağlı idi.

Bilirik ki, Sovet Azərbaycanında Nizaminin yüksəldilməsi üçün xüsusi plan hazırlanıb, onun qəbri bərpa edilib, “Xəmsə” tərcümə edilib, şairin heykəli ucaldılıb.

“Azərbaycan öz təbii haqqından necə keçsin?”

Sovetin bunu hansı məqsədlə edib-etməməsindən asılı olmayaraq maraqlıdır ki, mühacirətdə olan Rəsulzadə də bu dönəmdə “Azərbaycan şairi Nizami” əsərini yazaraq öz mövqeyini ortaya qoymuşdu. Belə ki, Rəsulzadə uzaqgörənliklə yazırdı: “Nizamiyə həsr olunmuş bu qələm təcrübəsinə şairin 800-cü ildönümü münasibətilə girişilib. Çox ehtimal ki, bu ildönümü sahibinin milliyyəti də bir sıra münaqişələrə səbəb olacaq və kitaba verdiyimiz “Azərbaycan şairi” adı onu “İran şairi” kimi tanıyanların bir qismində etiraz da olmasa, adət etdiklərinin pozulmasından doğan bir narahatlıq hissi doğuracaq. Fəqət nə etməli: dünya böyüklərinin adları ətrafında millətlər arasında çəkişmə yeni bir şey deyildir. Bir də başqalarının yanlış adətlərini pozmamaq üçün Azərbaycan öz təbii haqqından necə vaz keçsin?!”

Bir zamanlar Avropada mütəfəkkirlərin latınca əsərlər yazdığını xatırladan Rəsulzadə sonralar bu şəxslərin hansı millətə mənsub olması haqqında Avropada da qızğın müzakirələrin getdiyini xatırladır, eləcə də, Nizamidən əvvəl və sonra da Azərbaycanın farsdilli ədəbiyyata Xaqani Şirvani, Fələki Şirvani, Mücirəddin Beyləqani, Əbülüla Gəncəvi, Qətran Təbrizi, Əhməd ibn Məhəmməd Təbrizi, Qasım Ənvar, Sadıq Əfşar, Saib Təbrizi kimi şəxsləri bəxş etdiyini yazır. Nizami ilə bağlı isə fikrini qəti bildirir: “Əsərlərini araşdırdıqca Nizaminin fars millətçiliyindən uzaq olub, türk sevgisi ilə dolu, Zaqafqaziya mühit və şəraitinə bağlı, yurdunun tarixi müqəddərat və geosiyasətindən doğan daimi qayğılarda məşğul olduğu aydın görünür ki, beləliklə də, o, əlbəttə, bir Azərbaycan şairidir.

Farsdilli Azərbaycan ədəbiyyatı

Rəsulzadə “Azərbaycan kültür gələnəkləri” adlı başqa bir kitabında isə XI-XII əsr farsdilli ədəbiyyatın inkişafına türk sülalələrinin dəstək verdiyini yazır. Qeyd edir ki, Eldənizlər, Şirvanşahlar sülalələri farsdilli ədəbiyyata göstərdikləri himayə ilə məşhurdur: “Fransız şərqşünası Darmsteter Şirvan sarayını ədəbiyyata verdiyi qiymət baxımından Qəznəli Sultan Mahmudun sarayı ilə müqayisə edir”.
Rəsulzadə bu dönəmə aid şairlərdən biri kimi Xaqani Şirvanini xatırladır: “Nizami ilə bərabər Şirvan sarayının baş şairi Xaqani də Azərbaycanın farsca yazan şairlərindəndir. Xanıkov onun yaradıcılıq qüvvətini fransız şairi Viktor Hüqo ilə müqayisə edir. Şirvan şahı Axsitanın ruslar üzərinə çaldığı zəfər (XII yüzil) onun parlaq bir qəsidəsində təsbit olunub. Onun da dili farscadır. Fəqət, türkcə sözləri, məzmunlu beytləri vardır”.
Rəsulzadə bu dövrdə formalaşan xalq ədəbiyyatına da diqqət edir, “Dədə Qorqud” dastanındakı dil ilə bugünkü Azərbaycan türk dilinin demək olar ki, eyni olduğunu bildirir.

Xətai - “Türki-tacdar”

Orta əsr ədəbiyyatında Rəsulzadənin öygü ilə bəhs etdiyi şairlər içərisində Xətai və Füzuli önəmli yer tutur. Xətai haqqında Rəsulzadə yazır: “Şah İsmayılın sarayı azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şeirdə “Xətai” təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi. Rəsmi türk dövlətlərində misali yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi”.

Hər bir azərbaycanlının şairi

Füzulinin Kərbəla hadisəsi ilə bağlı türk dilində məqtəl yazmasının səbəbindən bəhs edən Rəsulzadə Şərqi yaxşı bilən avropalıların ona heyran olduqlarını yazır. Həmçinin artıq farsdilli ədəbiyyatdan sonra Füzulinin həm də türk dilində əsərlər yazmasını mühüm hal kimi qiymətləndirir: “Atəşli hürufi Nəsimi ilə Şərqin ən böyük liriki Füzuli yalnız Azərbaycan deyil, türkcə oxuyan bütün dünyanı həyəcanlandırır... Mister Gibbə görə, duyumunun səmimiliyi ilə ifadələrindəki şairanə şəkil baxımından bütün Şərqdə Füzuliyə bərabər ikinci bir şair yoxdur... Ustad M.F.Köprülüyə görə, ən böyük türk şairi sayılacaq müstəsna bir şəxsiyyətdir”.
Rəsulzadəyə görə, Azərbaycan ədəbiyyatı XIX əsrin əvvəllərinə qədər tamamilə Füzulinin təsiri altında qalıb: “Onun külliyyatı indi də hər azərbaycanlının masası üstündə duran bir kitabdır”.

Vaqif və “Vaqif”

Azərbaycanın XVII-XVIII əsrlərinin qarmaqarışıqlıq, böhran içərisində olduğunu yazan Rəsulzadə bu hadisələrin ədəbi fəaliyyətin səngiməsinə, mədəniyyətin böhran keçirməsinə səbəb olduğunu yazır, Koroğlu ilə bağlı şeirlərin də bu dönəmin məhsulu olduğunu qeyd edir. Rəsulzadə həmçinin xanlıqlar dönəmində ədəbiyyatda xüsusi janrın önə çıxdığını bildirir: “Heca vəzniylə yazılan bu janrın ən böyük nümayəndəsi Qarabağ xanının talesiz vəziri, XVIII əsrin şairi Molla Pənah Vaqifdir… Vaqifin elm və fəzilətinə qiymət verən müasirləri onun üçün “hər oxuyan Molla Pənah olmaz” deyiblər... Şairin tarixi şəxsiyyəti son zamanlarda şöhrət qazanan Səməd Vurğunun “Vaqif” adındakı mənzum dramına mövzu olub”.

Şərqin Molyeri

Rəsulzadə Rusiyanın Qafqazı işğal etdikdən sonra XVIII əsrin mütərəqqi fikirlərinin ölkədə yayılmağa, bununla da mövcud düşüncələrin tənqid edilməyə başladığını yazır. Belə bir durumda isə Azərbaycan ədəbiyyatında yeni hadisələrin baş verdiyini bildirir: “Bu şərtlər altında Azərbaycanda Avropa tərzində yeni bir ədəbiyyat yaradılır. Bu məktəbin ən böyük ustadı isə Mirzə Fətəli Axundzadədir. Onun simasında biz Azərbaycan rasionalist ədəbiyyatının böyük banisinə malikik. Klassik ədəbiyyatımız üçün Füzuli nədirsə, çağdaş ədəbiyyatımız üçün Mirzə Fətəli odur. Müsəlman dünyasının bu ilk dramaturquna avropalı tənqidçilər Şərqin Molyeri, ruslar isə Qoqolu deyirlər”.

“Mirzə Fətəli Sovet dövründə yaşasaydı…”

M.F.Axundzadə haqqında digər bir mühacir Əbdülvahab Yurdsevər “Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri” adlı əsərində onun əlifba islahatından, Şərqin tərəqqi yolunda çalışmasından bəhs edir. Yurdsevər yazır ki, əgər Mirzə Fətəli Sovet dönəmində yaşasaydı, o da Firudin Köçərli, Hüseyn Cavid, Əhməd Cavad və digərləri kimi ya güllələnəcək, ya da Sibirdə çürüdüləcəkdi: “Çünki Mirzə Fətəli də bu saydıqlarımız kimi kommunizm əqidəsinə, milli əsarət politikasına və fərdin basqı altına alınması sisteminə tamamən yad və şiddətli müxalif idi. Lakin Mirzə Fətəli nisbətən uzaq bir keçmişdə yaşamış və yazmış olduğuna görə kommunist idarəçilər onun müqəddəs ismini çirkin məqsəd və əməlləri uğrunda istismar edirlər”.

Mirzə Fətəlidən sonra ikinci dramaturq kimi Nəcəf bəy Vəzirlini qeyd edən Rəsulzadə onun “Müsibəti-Fəxrəddin” əsərinin məşhur olduğunu bildirir: “Fəqət Azərbaycan ədəbiyyatının ən yetkin əsərlərini Əbdürrəhim bəy Haqverdili təqdim edir. Nöqsansız ədəbi bir azəricə yazılan “Dağılan tifaq” pyesi güclü, orijinal və əxlaqi bir əsərdir”.

Rəsulzadəyə görə, Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi Azərbaycan tənqidçi ədəbiyyatının şah əsəridir, Sabir isə Füzulidən sonra bütün azərbaycanlıların qəbul etdiyi ikinci bir şairdir.

Romantik axında isə Məhəmməd Hadinin adını çəkən Rəsulzadə çadrasız müsəlman qadınının şairin gözündə xilas olunan Şərqin simvolu olduğunu yazır.

Əbdülvahab Yurdsevər isə “Sabirin Azərbaycan ədəbiyyatında yeri” adlı əsərində Sovetlərin Sabiri istismar etdiyini bildirir: “Sabir türkçüdür. Sabir həqiqi bir müsəlmandır. Sabir xalqçıdır. Sabir hürriyyət aşiqidir. Sabir Qərb mədəniyyətinin heyranıdır. Sabir rusçuluğa və rus hökmranlığına düşməndir. Sabirin gerçək xüsusiyyətləri bundan ibarətdir. Sovet-bolşevik yazarlarının Sabiri təhrif edərək başqa şəkildə göstərmələri, böyük şairimizin yüksək və əziz xatirəsinə xəyanət və həqarətdən başqa bir məna ifadə etməz”.
Yurdsevər 1919-cu ildə Bakıda Sabirin adına bir kitabxana təsis olunduğunu, 1922-ci ildə isə keçmiş “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin önündə heykəlinin qoyulduğunu bildirir. Yurdsevər “Azərbaycan dram ədəbiyyatı” adlı kitabçasında isə bolşeviklərin Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalının başına açmaq istədikləri oyundan bəhs edir: “Mirzə Cəlil Bakıya gələr-gəlməz kommunist basqısı altında qaldı. Ondan “Molla Nəsrəddin”in adını dəyişdirərək “Qırmızı Molla Nəsrəddin” adlandırılmasını tələb etdilər. Fəqət ədib bu tələbi kəskin şəkildə rəddedərək “qırmızılaşan sizsiniz, Molla Nəsrəddin qırmızılaşmayıb, qırmızılaşa bilməz də. Çünki Molla Nəsrəddin hər dövrdə, hər rejimdə Molla Nəsrəddindir””.

Beləliklə, Sovet dönəmində Azərbaycan şairləri yazıçıları bir tərəfdən güllələnir, sürgün edilirdisə, Çar dönəmində şöhrət qazananları isə bolşevik siyasətinə uyğun şəkildə istismar edilirdi. Bu baxımdan mühacirlər Türkiyədə təkcə siyasi mübarizə deyil, həm də təhrif edilən Azərbaycan mədəniyyətinin, ədəbiyyatının qorunması üçün mübarizə aparırdılar.

Rəsulzadə haqlı olaraq yazırdı:

“Çar Rusiyasında olduğu kimi bolşevik Rusiyasında da ruslaşdırma dəyişməz bir siyasətdir. Milli mədəniyyətimiz amansız surətdə məhv edilir, ən böyük şairlərimiz, ən böyük mühərrirlərimiz, xalqın sevdiyi məşhur adamların adları artıq çəkilməz olub. Hamısı ya sürgün edildi, ya da öldürüldü”.

Dilqəm Əhməd


Müəllif:

Oxşar xəbərlər