Bu gün böyük gülüş ustası Nəsibə Zeynalovanın 100 illik yubileyi münasibəti ilə Fəxri Xiyabandakı məzarı ziyarət olunub.
Teleqraf.com xəbər verir ki, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, eləcə də mərhum sənətkarın həmkarları, dostları, yaxınları iştirak edib.
Mərasimi açıq elan edən Ədalət Vəliyev Nəsibə Zeynalovanın sənət yoluna nəzər salıb, onun yaratdığı obrazların xalq tərəfindən sevildiyini deyib: "Dövlətimiz də hər zaman bu böyük sənətkarın xatirəsini əziz tutub. Təsadüfi deyil ki, dövlət başçımız Nəsibə xanımın yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb və sərəncamdan irəli gələn məsələlər həll olunub.
Biz artıq Nəsibə xanımı anım tədbirlərinə start vermişik. Bu tədbirlər ilboyu davam edəcək və noyabrda təntənəli yubiley tədbiri ilə başa çatacaq".
Nazir müavini qeyd edib ki, böyük sənətkarın yubiley tədbirinin noyabrda keçirilməsi oğlu Cahangir Novruzovun istəyinin nəzərə alınması ilə bağlıdır mağımızdır: "Onun xahişi ilə böyük tədbir noyabrda olacaq".
Azər Paşa Nemət Nəsibə Zeynalovanın yaratdığı obrazlar qaleriyasının zənginliyinə diqqət çəkib: "Nəsibə xanım Azərbaycan teatr və kinosunun çox istedadlı aktrisası idi. Yaratdığı hər rolu ilə diqqətləri üzərinə çəkməyi bacarırdı. Teatr Xadimlər İttifaqı da aktrisa hər zaman qayğı ilə yanaşıb, hələ sağlığında təsis etdiyi mükafatla təltif edib".
Aktyor İlham Namiq Kamal aktrisanın xalqla çox sıx ünsiyyəti olduğunu deyib: "Azərbaycanın elə bir ucqar yeri yoxdur ki,Nəsibə xanım orda olmasın və xalqla görüşməsin.O xalqı, xalq da onu sevirdi. Elə ona görə də ona "el anası" deyirdilər. Nəsibə xanım dünən də müasir idi,bu gün də müasirdi,sabah da müasir olacaq".
Nərmin