Tanınmış aktyor Fərda Xudaverdiyev Teleqraf.com-a müsahibə verib. Aktyor mayın 5-də Nizami kino Mərkəzində baş tutacaq “Selfinaz” adlı konsertindən danışıb.
- Fərda bəy, “Selfinaz” adlı konsert proqramı ilə çıxış edəcəksiniz. Konsertinizə necə hazırlaşırsınız?
- Bəli, mayın 5-də “Selfinaz” adlı konsertimiz olacaq. Konsertə çox yüksək səviyyədə hazırlaşırıq. İndiyə qədər bir çox konsertlərimiz olub, amma bu səviyyədə ilk dəfə olacaq. Söhbət ssenaridən deyil, səhnə tərtibatından, çəkilişdən, səhnə texnikasından gedir. Mayın 5-də “stand-up”da hər kəsi gözləyirəm. Sizə söz verirəm ki, konsertimiz nəticəsində “stand-up” formatını bütün Azərbaycan sevəcək və bir gün hər kəs “stand-up” deyəcək.
- Konsertə görə həyəcan varmı?
- Həyəcan olmayan gün səhnəni tərk etmək lazımdır. Tamaşaçı məsuliyyətini bir aktyor, sənətçi hiss etmirsə, bu, qudurğanlıq deməkdir. Tamaşaçı qarşısında hər zaman məsuliyyətli olmağa çalışıram. Həyəcan yoxdursa, deməli, sən insan kimi yoxsan.
- Eşitdiymizə görə, konsertinizdə heç kimə dəvətnamə verməyəcəksiniz... Hətta demisiniz ki, “Heç bir həmkarım məndən dəvətnamə gözləməsin”...
- Bu günə qədər verdiyim bütün konsertlərimdə dostlarıma yetərincə dəvətnamə vermişəm. Bunu onlar da təsdiqləyə bilərlər. Hətta ön sırada iki bilet istəyənə üç bilet vermişəm ki, dostunu da dəvət etsin. Amma bu konsertin reklamlarını görürsünüz. Konsert zamanı isə peşəkar səhnə tərtibatını, səs effektini görəcəksiniz. Konsertimizə sponsorluğu edən şirkət Türkiyədə fəaliyyət göstərir. Filialı isə yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərməyə başlayıb. Onlar tərəfindən mənə konsert təklifi gəldi. Məmuniyyətlə təklifi qəbul etdim. Konsertə vəsait baxımından nə lazımdırsa, artıqlaması ilə veriblər ki, yüksək keyfiyyətli bir “stand-up” hazırlansın. Nəyə görə türkiyəli aktyor Cem Yılmazın “stand-up”larına baxanda gözəl bir görüntü görürük. Amma Fərdanı iziləyəndə ondan da maraqlı “stand-up”danışsa belə görə, görüntü o qədər cəlb etmir. Ona görə də bu dəfəki konsertimizdə görüntü və reklamın üzərinə yüklənmişik. Əzizlərim odur ki, məndən inciməyin, hər birinizi çox istəyirəm. Ona görə də keçən konsertlərin hallalığı üçün gəlin bilet alın!
- Deyəsən konsertin biletləri baha qiymətə satılır?
- Biletlərin qiyməti düşünürəm ki, normaldır, 100, 50, 30, 20 və 15 manat arasındadır.100 manatlıq bilet ön sıranın qiymətidir. Bütün dünyada standartlar var, pulun varsa, ön sırada oturursan, yoxdursa, arxa sırada. Yaxud da pulun varsa və az pul xərcləmək istəyirsənsə, arxa sıranın biletini alırsan. O tamaşaçıların “stan-up”a olan marağının göstəricisidir. Ümumiyyətlə, pulun yoxdursa da efirə çıxmağımızı gözləmək lazımdır. Mənim özüm də gənclik illərimdə zirzəmilərdə video zallar var idi, oraya cəmi iki dəfə filmə baxmağa getmişəm. Çünki pulum yox idi. Gedim hamı ilə mübahisə edim ki, mən niyə kinoya baxa bilmirəm. Bunlar maddi vəziyyətə bağlı olan məsələlərdir. Konsertdə biletin qiymətlərini isə mən deyil, şirkət təyin edib. Vəsait xərcləyir və onun qarşılığında bu addımı atıb. Mən özüm də dedim ki, deyəsən, bilet qiymətləri yüksəkdir. Dedilər ki, qətiyyən yüksək deyil, özünə dəyər ver. 17 ildir ki, aktyor kimi fəaliyyət göstərirsən. Eləcə də aparıcı, şoumen olaraq çalışırsan. 6-7 ildir ki, “stand-up”lar üzərində işləyirsən. Hətta biletlərin qiyməti 100 manatdan da yuxarı olmalıdır.
- Bəs, biletlərin satışı necə gedir?
- Şükürlər olsun ki, bilet satışı normaldır, yaxşıdır. Bir az çətinlik 50-100 manatlıq biletlərlə bağlıdır. Onlar bir az gec satılır. 15-20 manatlıq biletlərimizin çoxu satılıb. İnanıram ki, konsertə iki gün qalmış bütün biletlərimiz satılacaq.
- “Stand-up”larınızda tənqid hədəfləriniz nələr olacaq?
- Tənqid hədəfimiz 20 mövzunu əhatə edəcək. İnsanları yormamaq şərti ilə. Konsert iki saatlıq olacaq. Ümumiyyətlə, “stand-up”larda bütün mövzulardan danışa bilərsən. Onu da deyim ki, “stand-up”larımız 16 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulur, digərləri 18 yaşdan yuxarı nəzərdə tutur (gülür). Biz 16 yaşla başladıq. Cem Yılmaz kimi yaş həddi 25-dən yuxarı olmayacaq.
- Belə anladıq ki, vulqar sözlərdən istifadə edəcəksiniz...
- Bəli, vulqar mövzular var ki, tamaşaçılar onları səhnədə də qəbul etməlidir. Hər mövzuya toxunmuşuq. Tamaşaçılar çox güləcəklər. O konsertə gələn adam həyatında o qədər gülməyəcəyini anlayacaq.
- Bəs, “stand-up”larınızın tamaşaçılar tərəfindən qəbul edilməyəcəyindən qorxursunuzmu?
- Xeyr, qətiyyən qorxmuram. “Receb İvedik”i 70-80 min tamaşaçı izləyibsə, mənim konsertim kinoteatrlarda nümayiş olunsa 100 min tamaşaçı izləyər. Çünki bizim “stand-up”da “Receb İvedik”dən çox mədəniyyətli, mərifətli və səliqəli sözlər olacaq. Bütün tamaşaçıları “stand- up” sevənləri konsertimdə gözləyirəm.
Rəqsanə Həsənova