Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın prodüserliyi ilə 2015-ci ildə çəkilmiş “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin ABŞ-ın Los-Anceles şəhərində premyerası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi, eləcə də Los-Ancelesdə fəaliyyət göstərən, tanınmış kardioloqların toplaşdığı “Bir Ürək Xilas Et” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə mayın 15-də keçirilmiş premyera faşizm üzərində qələbənin 71 illiyinə həsr olunub. Tədbirdə çoxsaylı qonaqlar, o cümlədən, kimya üzrə Nobel mükafatı laureatı Arie Uorşel, müxtəlif ölkələrin baş konsulları və konsulluq əməkdaşları, Azərbaycan, yəhudi və digər icmaların fəalları, alimlər, eləcə də yerli KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində “Bir Ürək Xilas Et” Xeyriyyə Cəmiyyətinin sədri, tanınmış kardioloq həkim İzhar Xaruzi çıxış edib. O qeyd edib ki, belə yüksək keyfiyyətli filmin istehsalı əlamətdar hadisə olmaqla yanaşı, tarixi-ictimai yaddaşın qorunması, İkinci Dünya Müharibəsinin geniş ictimaiyyətə məlum olmayan tərəflərinin işıqlandırılması baxımından da önəmlidir.
Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev İkinci Dünya Müharibəsində ədalətin zəfər çalmasında Azərbaycan və azərbaycanlıların həm ön, həm də arxa cəbhədə misilsiz xidmətlərinin olduğunu vurğulayıb. Müharibəyə gedən 700 min azərbaycanlıdan 400 mininin geri qayıtmadığını bildirən baş konsul, Azərbaycanın bu müharibədəki qurbanlarının sayının təxminən ABŞ-ın qurbanlarının sayına bərabər olduğunu qeyd edərək, bunun o vaxtkı Azərbaycan əhalisinin 10 faizini təşkil etdiyini söyləyib. Müharibənin qələbə ilə nəticələnməsində Azərbaycan xalqının rəşadəti və Bakı neftinin strateji rol oynadığını qeyd edən diplomat, bütün bunlardan bəhs edən filmin Heydər Əliyev Fondunun mühüm dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi sayəsində ərsəyə gəldiyini diqqətə çatdırıb.
O bildirib ki, filmin yaradılmasında məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəsilə və dünya ictimaiyyətinə çatdırmaqdır. N.Ağayev, həmçinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətindən danışaraq, Qarabağ müharibəsində Ermənistan ordusunun azərbaycanlılara qarşı törətdiyi cinayətlərin nasistlərin cinayətlərindən o qədər də fərqlənmədiyini, bəzi hallarda daha da dəhşətli olduğunu vurğulayıb.
Çıxışlardan sonra filmin nümayişi keçirilib. Film tamaşaçıların alqışları və rəğbəti ilə qarşılanıb. Daha sonra isə baş konsul sualları cavablandırıb.
Səxavət