27 İyun 2015 13:51
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 26-da Ordu günündə Avropa Oyunlarında Azərbaycan idmançılarını dəstəkləyən azarkeşləri sevindirən cüdoçulardan biri də Zakir Mislimov oldu. O, Avropa Oyunlarında qazandığı bürünc medalla Azərbaycanın medal sırasına birini də əlavə etdi. Onun bürünc medal uğrunda görüşdən sonra göz yaşlarını saxlaya bilməməsi də diqqətlərdən yayınmadı.

Görüşdən sonra Z.Mislimova müsahibə almaq üçün yaxınlaşdığımız zaman həyəcanı, sevinci sanki bir-birinə qarışmışdı. Elə özünün də ilk cümləsi “sevincimdən nə deyəcəyimi bilmirəm” oldu.

Zakir Mislimovun Teleqraf.com-a qısa müsahibəsini təqdim edirik.

- Avropa Oyunlarında bürünc medal qazanmaq özü də böyük mükafatdır. Təəssüratlarınız necədir?

- Çox sevinirəm, çox xoşbəxtəm... Bu cür mötəbər turnirə - Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşmışdıq. Biz əlimizdən gələni etdik və medallar qazandıq. Mən 3-cü oldum, İlham Zəkiyev qızıl medal sahibi oldu, Səbinə gümüş qazandı. Bir idmançı kimi çox sevinirəm.

- Bürünc uğrunda görüşdə qalib gəldikdən sonra göz yaşlarınızı saxlaya bilmədiz...

- Elədir, özümü saxlaya bilmədim, kövrəldim. Həm də zədəli idim, bir ara məşqləri buraxmışdım, 3 ay idi ki, məşq edə bilmirdim. Demək olar ki, son anda bu yarışa hazırlaşdım.

- Nə qədər müddətə Avropa Oyunlarına hazırlaşdız?

- 1 ay ərzində hazırlaşdım. Davamlı, güclü təlim-məşqlər keçdik. Burada medal qazanmağı çox istəyirdim. Şükürlər olsun ki, buna nail oldum, medal qazandığıma görə çox xoşbəxtəm. Təbii ki, məşqçilərimiz sağ olsun, onların rəhbərliyi ilə yüksək səviyyədə təlim-məşqlər keçdik. Zədəli olsam da, medala sahib olmaq üçün var gücümlə çalışdım.

- Zədədən sonra yenidən qayıdıb hazılaşmaq çətin deyildi? Həm də bu cür turnirə...

- Təbii ki, oldu. Çətinliyimiz var idi. Amma şükürlər olsun ki, Allah çəkdiyimiz əziyyətləri, çətinlikləri qiymətləndirdi.

- Qarşıda sizi hansı yarış gözləyir?

- Noyabrda Avropa çempionatı keçiriləcək. Bundan sonra ora hazırlaşacam. Orada da yaxşı nəticə vermək üçün çalışacam.


Müəllif:

Oxşar xəbərlər