2 İyul 2015 12:33
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı-2015" I Avropa Oyunları bir neçə gündür başa çatsa da, yerli media və dünya mətbuatı hələ də bu idman bayramından yazır.

56 medalla ikinci yer tutan Azərbaycan idmançıları bu cür mötəbər yarışmada iştirak etdikləri üçün sevinc hissi duyduqlarını açıqlayır, tamaşaçı dəstəyinə görə minnətdarlıq bildirirlər. Qəzetlər, saytlar bu cür yarışın keçirilməsində xidməti olan şəxslərlə reportajlar hazırlayırlar. Bir sözlə, yarış həyəcanı bitsə də, təəssüratlar bölüşülür. Hələ Oyunlar başlamazdan əvvəl bəzi qüvvələr ilk Avropa Oyunlarının qarşısını almağa cəhdlər göstərir, qarayaxma kampaniyalarına start verməyə çalışırdı. Lakin Azərbaycan Birinci Avropa Oyunlarını uğurla başa çatdırdı. Bəs qazandıqlarımız nə oldu?

Ekspertlər Avropa Oyunları zamanı əldə etdiyimiz divindendlərdən danışır.

"Oyunların Azərbaycanda keçirilməsi elə qalibiyyət deməkdir"

Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova Avropa Oyunları haqda təəssüratlarının həddən artıq çox olduğunu deyib: "Bunları danışmaqla bitən deyil. Bu, bir faktdır, təkcə mənim fikrim deyil. Avropa Oyunlarında iştirak edən hər bir Azərbaycan vətəndaşının, o cümlədən yarışları izləməyə gəlmiş xarici ölkə nümayəndələrinin və televiziya ekranından bu mötəbər turnirə baxan hər bir xalqın nümayəndəsi "Bakı-2015"in çox yüksək səviyyədə keçdiyinin şahidi oldu. Bu fikirlər artıq bu gün söylənməkdədir. Avropa Oyunlarının Azərbaycana gətirdiyi dividendlərdən danışarkən ilk növbədə bu Oyunların ölkəmizdə keçirilməsi haqda qərarın verilməsinə diqqət yönəltmək lazımdır. Çünki belə miqyaslı tədbiri keçirmək, təşkilatçılıq işini öz üzərinə götürmək onun texniki və maddi tərəflərini təşkil etmək imkanlarının olduğunun göstəricisidir. Bu Oyunların bizdə keçirilməsinin özü qalibiyyət deməkdir".

Onun sözlərinə görə, idmançıların hər biri təşkilatçılıqdan, Oyunların səviyyəsindən, Azərbaycanda gördüklərindən böyük razılıq ifadə etdilər: "Azərbaycan öz idmançı komandasının əldə etdiyi nailiyyətinə görə qalib ölkələrdəndir. Medal sıralanmasında Azərbaycan ikinci yerdə dayanırdı. 50 ölkə içərisində bizim idmançıların belə yüksək göstəricilər nümayiş etdirməsi, doğrudan da, hər kəsə Azərbaycanın bir idman ölkəsi olduğunu vurğulamağa imkan verir. Bu, həm də bizə bu istiqamətdə göstərilən səylərin hədər getmədiyini, Azərbaycanın nəinki idman infrakstukturları, gözəl idman obyektlərinə malik ölkə olduğunu, həm də yaradılan imkandan istifadə edərək yüksək nəticələr əldə edən idmançılarımızın olduğunu da göstərir".

"Növbəti Avropa Oyunlarını keçirən ölkələr qoyduğumuz standartları qorumalıdır"

Vitse-spikerin fikrincə, I Avropa Oyunlarının bünövrəsi Azərbaycanda qoyuldu, onun ən yüksək standartı da burada müəyyən olundu: "Hesab edirəm ki, Azərbaycandan sonra Avropa Oyunları keçirən ölkələri bu standartlarını qoruyub saxlama məsuliyyətini öz üzərinə götürməli olacaqlar. Bu səviyyəni qorumaqsa məsuliyyətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ölkəni ən yüksək səviyyələrdə təmsil edən bir insan olaraq idman sahəsində də dövlətimizin inkişafını dünyaya təqdim etdi. Birinci xanım Mehriban Əliyevanın timsalında Oyunlar yüksək səviyyədə təşkil olundu, yüksək zövqlə, Azərbaycan mədəniyyəti, tarixi, nailiyyətlərimiz təbliğ olundu, həm də bütün bunların idman həyəcanı ilə vəhdətdə təqdim edilməsi imkanlarını ortaya qoydu. Həm Prezident, həm birinci xanım, həm də bu sahəyə cavabdeh olan qurumlar, icraçı funksiyaları həyata keçirən şəxslər komanda şəklində işlədi və dünyaya yeni standart nümayiş etdirdi. Bu, əlbəttə, bizim uğurumuzdur".

"Ölkəmizə gələn avropalılar faktiki olaraq Azərbaycanı gördülər"

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə Azərbaycanın bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini xatırladıb. O söyləyib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Avropa Oyunlarının əhəmiyyəti çox böyükdür: "Bu mötəbər tədbir Azərbaycanda olan iqtisadi inkişafın, ictimai həyatdakı sabitliyin, xalqla iqtidarın bir yerdə olmasının bariz nümunəsi idi. Yarışların həm açılış, həm də bağlanış mərasiminə bütün dünya ölkələri, o cümlədən 1 milyarddan çox insan baxdı. Ölkəmizə çoxlu sayda turistlər, idmançılar gəldi. Bəzi ölkələrdə ermənilər tərəfindən Azərbaycan haqda dezinformasiyalar və mərkəzlər tərəfindən həqiqətə uyğun olmayan məlumatlar yayılsa da, ölkəmizə gələn avropalılar faktiki olaraq Azərbaycanı gördülər. Turistlərin xərclədiyi vəsait hesabına Azərbaycanın ayrı-ayrı strukturları turizmdən gələn gəlirləri formalaşdırdı. Bu, gələcəkdə də turistlərin sayının artmasına xidmət edəcək. Yeni idman qurğuları tikilib istifadəyə verildi. Bundan sonra vətəndaşlarımızın istifadəsinə veriləcək. Azərbaycan gələcəkdə də bu cür tədbirlərə ev sahibliyi edə biləcəyini bir daha nümayiş etdirdi. Gördülər ki, Azərbaycan necə təşkilatçı dövlətdir".

"Bakı-2015"-in Azərbaycanda keçirilməsi təsadüfi deyildi"

O qeyd edib ki, bu ilk Oyunlar standartlar müəyyənləşdirib: "Əslində, Azərbaycan elə bir standartlar müəyyənləşdirdi ki, hansısa ölkə, inanmıram bu səviyyədə Avropa Oyunları keçirsin. "Bakı-2015"-in Azərbaycanda keçirilməsi heç də təsadüfi deyildi. Azərbaycanda keçirilən beynəlxalq idman yarışları, dünya, Avropa çempionatları, lisenziyalı oyunlar, Azərbaycanda tikilən idman qurğuları və avadanlıqlar imkan verirdi ki, ölkəmiz bu Oyunları çox yüksək şəkildə həyata keçirsin. Rusiyaya Olimpiya Oyunlarının keçirilməsi üçün 7 il vaxt verilmişdisə, Azərbaycana bunun üçün 2 il yarım zaman ayrılmışdı".

"Avropa Oyunları təhlükəsiz şəraitdə keçirildi"

S.Novruzov qeyd edib ki, ilk Avropa Oyunları təhlükəsiz şəraitdə, təhlükəsizlik məsələlərinin tamamilə təmin olunması şərti ilə baş tutdu: "Bununla bağlı ayrı-ayrı telekanallar, idman aləmi, mütəxəssislər də öz fikirlərini bildirərək qeyd edirlər ki, Azərbaycan bu Oyunları yüksək səviyyədə keçirdi. Açılış mərasimi də çox yüksək səviyyədə keçirildi. Xüsusilə, açılış mərasimində Azərbaycanın təbliğatı özünü yüksək formada göstərmişdi".

"Azərbaycanın dünyaya tanıdılmasının yeni mərhələsi başlandı"

İqtisadçı-ekspert, millət vəkili Əli Məsimlinin sözlərinə görə, Azərbaycan I Avropa Oyunlarını möhtəşəm idman bayramına çevirə bilib: "Oyunların yüksək səviyyədə təşkili ilə Azərbaycan dünya idman tarixinə möhtəşəm bir səhifə yazdı. Birinci Avropa Oyunları Azərbaycanın dünyaya tanıdılmasının yeni mərhələsini başlatdı. Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti, mətbəxi dünyaya təqdim edildi. Azərbaycan bir daha özünün dünyaya yüksək səviyyəli mədəniyyətə malik ölkə və qonaqpərvər bir xalq olduğunu nümayiş etdirə bildi".

"Azərbaycan bundan sonra da az xərclə nəhəng tədbirlər keçirə biləcək"

İqtisadçı bildirib ki, Oyunlardan Azərbaycana müasir idman infrastrukturları, irimiqyaslı beynəlxalq tədbirlərin təşkili və keçirilməsi təcrübəsi qaldı: "Bu Oyunlar Azərbaycanda idman hərəkatının genişlənməsinə yeni vüsət verəcək. Müasir infrastruktur imkan yaradacaq ki, Azərbaycan bundan sonra az xərclə nəhəng tədbirləri ölkəmizdə ən yüksək səviyyələrdə təşkil edə bilsin".

"Avropa Oyunlarının açılışı Olimpiya Oyunlarından yüksək səviyyədə idi"

"Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov deyib ki, I Avropa Oyunları Azərbaycan və Avropa üçün çox önəmli tədbir idi: "Azərbaycan qısa zamanda I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşa bildi. Ölkəmizdə bütün idman infrastrukturları təşkil olundu. Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan böyük tarix yazmış oldu. İlk Avropa Oyunlarının vətəni kimi daim Azərbaycan xatırlanacaq. Açılış mərasiminin ən yüksək səviyyədə təşkil olunması, bütün beynəlxalq idman ictimaiyyəti, Avropa Olimpiya Komitəsinin rəhbərliyi, ekspertlər, Azərbaycanın vətəndaş cəmiyyəti, "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası tərəfindən çox yüksək qiymətləndirildi. Həqiqətən də, I Avropa Oyunlarının açılış mərasimi Olimpiya Oyunlarından da yüksək səviyyədə idi".

"Heç bir idman yarışına "Bakı-2015" qədər maraq olmayıb"

QHT rəhbəri söyləyib ki, 17 gün ərzində idmançılarımız şücaət göstərdi: "50 ölkənin içərisində Azərbaycan idmançılarının ikinci yeri tutması və bu müddət ərzində atletlər və media nümayəndələri, bütün idmansevərlər üçün ölkəmizdə yaradılan şərait yüksək səviyyədə idi. Azərbaycanın əleyhinə anti-təbliğat aparan qara qüvvələr qeyd edirdilər ki, Azərbaycan Birinci Avropa Oyunlarına hazır deyil, ev sahibliyi edə bilməyəcək. Bütün bu deyilənlər alt-üst oldu. Heç kəsə xətər toxunmadan bu idman bayramı baş tutdu. Ölkəmizə çoxlu sayda turist axını oldu. Otellərimizdə, digər istirahət mərkəzlərində 1 yer belə boş deyildi. Bu, onu göstərirdi ki, Azərbaycana, I Avropa Oyunlarına böyük maraq var. Heç bir idman yarışına "Bakı-2015" qədər maraq olmayıb. Hətta bilet axtaranların sayı elə çox idi ki, təəssüf, biletlər vaxtından əvvəl satılıb qurtarmışdı. Bu fakt onu göstərirdi ki, Azərbaycan və xarici vətəndaşlar tərəfindən bu yarışlara böyük diqqət və coşqu var. Həqiqətən də, bayram əhval-ruhiyyəli günlər yaşadıq. Bu müddətdə Azərbaycan polisi, mediası, QHT-lər, siyasi partiyalarımız, könüllülərimiz özlərini Oyunlara kökləmişdi, onların böyük vətənpərvərliyinin şahidi olduq. Mənə elə gəlir ki, dünyanın hər hansı qara qüvvəsinin fikri keçərli ola bilməz. Həmin mərkəzlər də gördü ki, Azərbaycan müstəqil dövlət kimi müstəqil siyasət yürüdür, öz ölkəsində istədiyi tədbiri ən yüksək səviyyədə keçirməyə qadirdir".


Nərgiz EHLAMQIZI


Müəllif:

Oxşar xəbərlər