Əməkdar artist, istedadlı müğənni Tünzalə Ağayeva “Brifinq”in qonağıdır. Vətənpərvərlik mövzusunda ən yaddaqalan və tutumlu mahnılar ifa edən Tünzalə xanım bu mövzuya daha çox diqqət ayırmasının səbəblərinə aydınlıq gətirdi. Bir vaxtlar baş örtüyü ilə səhnəyə çıxan müğənni şalların dəbə gəlməsindən, simvolikadan, hətta mediadan uzaq tutmağa çalışdığı qızı Fidandan danışdı. 2015-ci il parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə suallarımızı da cavablandırdı.
Naibə Qurbanova: Sizi kifayət qədər peşəkar mahnı müsabiqəsindən tanıdıq. Maraqlıdır, vətənpərvərlik mövzusuna istiqamətlənməyiniz necə oldu?
- Bu, təbii və normal istiqamətdir. Çünki ən azı bu ölkənin vətəndaşı, bu torpağın övladıyam. Əslində bu, düşünülmüş bir şey deyil. Yaradıcılıqda hər zaman bir imic seçirsən. O sənin xarakterindən, musiqiyə, həyata baxışından asılıdır. Amma vətəndaşlıq mövqeyi bunların hamısından üstündür. Bu gün gənclər oxuduğum mahnıdan bir mesaj götürə bilirlərsə, bu çox sevindirici haldır. 15 ildir ki, Azərbaycan səhnəsindəyəm. Amma 15 ildən öncəyə baxanda hər zaman belə olmuşam. Bəlkə də meqapolis ortamında yox...
“Saatlarla zirzəmilərdə gözləyirdik”
Taleh Şahsuvarlı: Elə onu soruşmaq istəyirdim ki, bəlkə sərhədyanı bölgədən olmağınızın təsiri var?
- Bəli, mən atışmalar görmüşəm. Beşmərtəbəli hökumət binasının dördüncü mərtəbəsində yaşayırdıq, amma elə vəziyyət yaranırdı ki, biz saatlarla zirzəmilərdə gözləyirdik. Qəlpələr atılırdı, insanlar həyət-bacasına çıxa bilmirdi. Yəqin ki, bu da minlərlə azərbaycanlı kimi mənim də alın yazım olub, bəlkə də o sınaqları, dəhşətləri görməyim mənə güc verib. Lap uşaqlığıma gedəndə gözümü açandan torpağa bağlı olmuşam. Mənim ilk tamaşaçılarım dağlar, ağaclar, quşlar olub. Çıxıb dağlara oxuyurdum, düşünürdüm ki, bu dağların tanıdığı müğənniyəm, onlar da mənim tamaşaçılarımdır. Belə bir dünyam olub. Bundan başqa gözümü açıb evimizdə zəngin kitabxana görmüşəm. Uşaqlıqda kimi başa düşürdümsə, hansı kitabdan nə götürə bilirdimsə, onları vərəqləyirdim. Pafosla şeir oxumağı sevərdim. Mən rusdilli məktəbdə oxuyurdum, dərsə gəlib Molla Pənah Vaqif, Əliağa Vahidin qəzəllərini söyləyərdim. Rus bölməsində təhsil alan şagirdin Azərbaycan dili dərsində dərsdən əlavə olaraq qəzəllərə, şeirlərə maraq göstərməyimə təəccüblə baxırdılar. Kimsə bunu müsbət qarşılayırdı, başqası düşünürdü ki, bunun dərdi-azarı yoxdur, deyəsən. Mən özümü rahat hiss etmişəm, eləcə də musiqidə. Vətənpərvərlik hissi məndə yaşayırsa, bu, o qədər təbii bir şeydir.
“Şəhidim" mahnısını ağlaya-ağlaya yazmışdım"
N.Qurbanova: Son günlər çətin günlər yaşadıq. Radio və televiziyalarda Sizin mahnılarınız səsləndirilirdi, hamı da ona köklənmişdi sanki. İndi vətənpərvərlik mahnıları çox oxunur. Arasında bayağısı da çoxdur. Amma Sizdə və Azərin xanımda bütün nəsillər tərəfindən qəbul olunan üslüb var...
- “Efirdə danışa bilən sənət insanlarımız azdır, yaxud vətənpərvərlik mahnılarını oxuyanlar o qədər də qəbul olunmur” deyiləndə bu hal məni sevindirmir. Hər ifaçının repertuarında çoxlu vətənpərvər mahnılar var. Amma niyə birində ruh yoxdur, o birisində var? Bu da yəqin ki, musiqiçinin özünə bağlı məsələdir. Vaxt var idi Mübariz İbrahimovun xəbəri yeni çıxmışdı, təbii ki, hamımızı dəhşət bürümüşdü, biz bir tərəfdən ağlayırdıq, bir tərəfdən də qürurlanırdıq. Bu anda bizim hörmətli millət vəkilimiz, əziz dostum Qənirə xanım Paşayeva Mübarizin öz valideynlərinə qoyduğu məktubun əsasında böyük şeir yazdı. Biz o zaman görüşdük, onun da içindən gəlirdi, mənim də. Əl-ayağım bağlı qalmışdı. Ki, o boyda qəhrəmanlığı 3-4 dəqiqədə necə vəsf edə bilərəm? Yaxud məndən istək olaraq səsləndirəndə ki, ulu öndərimizin söylədiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlməsinə mahnı yazsın, deyirdim, ay Allah, mən nə edə bilərəm? Bu o qədər məsuliyyətli və ağır bir şey idi ki. “Şəhidim” mahnısının yazılma prosesini xatırlamıram, melodiya yazılıb və mən bunu ağlaya-ağlaya yazmışdım. Göz yaşı içində ayıldım, sanki 10- 15 dəqiqəlik meditasiyaya düşmüşdüm. O mahnı çox uzun zamana yazılmadı, “Şəhidim” dəqiqələrin mahnısıdır. Yəqin burada professional tərəflər də işləyir. Musiqiçi kimi qarşıma hədəf qoyuram və s. Amma inandırım sizi ki, bu, Allahın lütfüdür. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı ilə bağlı həm ölkədə, həm də xaricdə yaşayan azərbaycanlılar mənə yaxınlaşıb deyirlər ki, Tünzalə xanım bu, bizim gənclik himnimizdir. Bu söz mənim üçün bilirsiniz, nə deməkdir? Elə bil ki, dünyanın musiqisini yazmışam.
T.Şahsuvarlı: Formalaşmaqdan danışdınız, dediniz dağlarda oxuyurdunuz, özüm də kənd uşağıyam. Yadımdadır ki, yeniyetmə qızlar qaz, hinduşka otarırdılar, heç Siz otarmısınız?
- Mən otarmamışam. Nənəmgilin həyətinə gedirdim, onun bol toyuq-cücəsi vardı. Bir çubuq götürürdüm, tərpədirdim, elə bilirdim onlar mənim orkestrimdir. Hinduşkaya azca səsini ucalt, 10 dəfə artıq qaytaracaq.
T.Şahsuvarlı: Yəni hinduşkalara dirijorluq etmisiniz?
- Bəli (gülür). Bunu mən dəfələrlə demişəm, öz də sevinc hissi ilə danışıram. Sənətçinin üzdə olan halı var ha, niyə danışma qabiliyyəti yoxdur, bir sıra məsələlərə biganədir, dar düşüncədədir, niyə fəlsəfə və strategiyası yoxdur, bunlar bizim öndə gördüyümüz nəticədir. Amma arxaya baxanda niyə insan bu nöqtəyə gəlib? Orada o qədər səbəblər ortaya çıxacaq ki.
Ü.Bağırova: Bu, həm də bizim sənətçilərin dünya arenasına çıxmasına maneədirmi?
- Əslində, bu sualın cavabı da çoxşaxəlidir. Youtube sosial şəbəkəsində qeyri-adi hərəkət və ya fikrini çəkib yükləyəndə, əxlaqdan kənar bir şey edə bilərsən, dünya səni ona görə tanıya bilər. Sən bununla dünyada tanına bilərsən. Bunun üçün böyük elm, zəhmət, təhsil tələb olunmur. İnternet imkan yaradır ki, sən məşhur olasan, hamı tanısın. Sənət baxımından tanınmaq üçün təhsil və istedad tələb olunur.
“TRT ilə münasibətlərimin qurulmasında Türkiyə səfirliyinin köməyi olub”
T.Şahsuvarlı: Türkiyədə tez-tez olursunuz və AKP tədbirlərində çıxış edirsiniz.
- Türkiyənin baş naziri Ərdoğan Bakıya gələndə, bizim prezidentlər görüşəndə həmin qala gecələrində olmuşam. Necə ki muğam sənətkarlarımız, orkestrlərimiz, şairlərimiz, o cümlədən sayılıb seçilən ifaçıları dövlət başçılarının tədbirində iştirak edir. Bu, gözəl şeydir. Türkiyə ilə məni oranın dövlət kanalı - TRT bağlayır. “Bir səsin cazibəsi” adlı musiqi yönlü layihə ilə bu televiziya kanalında çıxış etdim. TRT-nin özünün xahişi olmuşdu ki, heç bir siyasi mesajlar verilməsin. İncəsənət istər Türkiyənin içində, istərsə də Türkiyə ilə Azərbaycan münasibətlərində beynəlmiləl gücdür.
T.Şahsuvarlı: Mətbuat kuluarlarından belə fikirlər səslənir ki, Sizin və Azərin xanımın Türkiyəyə çıxış imkanlarının yaranmasında məşhur telejurnalist Sevil Nuriyevanın rolu olub. Bu xəbərlər nə qədər doğrudur.
- Sevil xanımı çox istəyirəm, o, mənim yaxın dostumdur. Sevil xanımın qətiyyən rolu yoxdur. Onu sadəcə, çox gözəl ziyalı kimi tanıyıram. Mənim TRT kanalı ilə münasibətlərimin qurulmasında Türkiyə səfirliyinin köməyi olub. Onların tədbirlərinə qatılmışıq, Azərbaycan TRT nümayəndələrinin mənim üçün ciddi qatqısı olub. “TRT müzik” bu layihəni təklif edəndə 1 ilə yaxın danışıqlar apardıq. Azərinlə, Qənirə xanımla, Sevil xanımla isti münasibətlərimiz var. Bu da müxtəlif insanlarda fikirlər oyadır ki, görəsən, Tünzalənin TRT-yə bağlılığında onların təsiri varmı. Fürsətdən istifadə edib demək istəyirəm ki, qətiyyən elə deyil. Biz eyni insanları, çevrələri tanıyırıq. Heç şübhə etmirəm ki, Sevil xanım, Azərin, çox yaxın dostum Qənirə xanım Azərbaycan sənətçilərindən söz açılanda, təbii ki, mənim adım çəkilə bilər. Amma "Tünzalənin filan layihəsində əlim var, onu mən gətirdim", - sözünü kimsə deyə bilməz. TRT mənim yaradıcılığımı izləyir, dedilər ki, hər bir formatda bizə yaxınsınız.
T.Şahsuvarlı: 2015-ci il parlament seçkiləri olacaq. Sizi də nədənsə millət vəkilliyinə iddiası olan xanım kimi təqdim edirlər...
- Hər parlament seçkiləri ərəfəsində mənim ətrafımda qəribə hadisələr baş verir. Əslində, bu xəbərlərə çox üzülürəm. Mənim timsalımda bir sənətçi müxtəlif mövzularda normal fikir irəli sürə bilirsə, nəyə görə cəmiyyət onu qeyri-adi qəbul edir. Mənim kimi minlərlə ziyalı var. Özümü bəsit insan sayıram, öz işimdə professional olmağa çalışıram. İnanın ki, heç nəyə iddiam yoxdur. Mənim normal fikir söyləməyim niyə cəmiyyətdə təəccüblə qarşılanır? Axı nə baş verir?
“Mən yaradıcı insanam, azad həyat sürmək istəyirəm”
Ü.Bağırova: Siz sənət adamı olaraq çox fərqlənirsiniz...
- Amma bu, o demək deyil ki, mən nəyəsə, hansısa vəzifəyə, kresloya hədəflənirəm. Mən yaradıcı insanam, azad həyat sürmək istəyirəm.
N.Qurbanova: Bəlkə müğənni də deputat kimi danışdığından insanlar belə düşünür?
- Siz mənim suallarınıza cavablarımı deputatın cavablarına bənzədirsiniz? Mən istəyərəm ki, evdar xanımlarımız da fikrini düzgün izah edə bilsin.
“İnsanların məni deputat postunda görməsinə minnətdarlıq etməliyəm”
T.Şahsuvarlı: Azərbaycan parlamentində artistlərə kvota verilib. Amaliya Pənahova deputat olub, Zeynəb Xanlarova millət vəkilidir. Sizdə də seçiciləri inandırmaq qabiliyyəti var...
- İnsanların məni deputat postunda görməsinə bəlkə də haradasa minnətdarlıq etməliyəm.
“Parlamentə iddialı deyiləm”
T.Şahsuvarlı: Belə iddianız olsa, namizədliyinizi Bakıdan, yoxsa Tovuzdan verərdiniz?
- Doğrudan da, çalışmışam ki, maksimum ictimai insan olum. Əslində, musiqi özü də buna imkanlar açır, musiqi özü də ictimai qüvvədir. İnsanları Qarabağ döyüşünə, vətənpərvərliyə, düşmənlərimizi tanımağa, gənclərimizin güclü ruhla böyüməsinə musiqimlə çağıra bilərəm, başqa şeylə yox. Deyirsiniz ki, danışığınızla insanlara təsir edə bilərsiniz. Bunu özümə o qədər az hal hesab edirəm ki. Çünki millətin səsini toplayıb ona cavab verəndə sadəcə danışmaq yetməyəcək. Seçicilərin problemlərini həll etməyi bacarmaq lazımdır. Sənin sözün yalnız sadə tamaşaçılara ünvanlanmayacaq. Müxtəlif qurumların, vəzifəlilərin, o işi həll edə biləcək qapıları döyməyi bacarmalısan. Orda sənin sözün keçməlidir. Bax burda mən özümü nə ona hazır hiss edirəm, nə də güclü hesab edirəm. Düşünürəm ki, mənim iddia etdiyim məkan incəsənətdir, musiqidir. Bəli sabah bəlkə filmdə yaxşı obrazı ifa edərəm, orada da insanlara təsir göstərə bilərəm. Vətənpərvər ruhlu qadını, ananı, faciəni oynayaram. Bunu açıq etiraf edirəm. Topluma yaxşı mesaj verən serialda oynaya bilərəm, amma mən vəzifədə oynamaq istəmirəm (gülür). Mən orada oyun oynaya bilmərəm. Orada dürüst olmalıyam. Səsini aldığın toplumun problemlərini çatdırmayacaqsa o, səni məhv edər.
Ü.Bağırova: Demək istəyirsiniz ki, bizim millət vəkilləri çatdırmır?
- Yox, niyə çatdırmır? kimin gücü nəyə çatırsa, gedib orada otursun. Mən parlamentə iddialı deyiləm. Amma rusların bir sözü var, “heç vaxt heç vaxt demə”. İxtiyar Allahdadır. Bu gün durub desəm ki, yox bu vəzifəyə mütləq gələcəyəm, bəlkə o qapı mənim üçün bağlıdır, onu Allah-təala açmayacaqsa, özümü yüz dəfə öldürüm, xeyri yoxdur. Yaxud mən desəm ki, filan şeyi etməyəcəyəm, qismət elə yerə gətirib çıxaracaq ki, onu doğrudan da, yerinə yetirmiş insan sayılacağam.
Ü.Bağırova: Qismətə inanırsınız?
- Bəli. Həzrəti Geylaninin gözəl sözü var: “Allahın Sizə verdiyi özgürlüyü ona qarşı kullanmayın”. Allah insana iradə verib. Bizim qismət qapılarımız müxtəlifdir. Mən müğənni yox, sırf bəstəkar ola bilərdim, səsimi heç kəsə göstərməyə bilərdim, böyük sinfonik musiqi, opera yazardım. Ki, bu, mənim arzularımdan biri olub.
“Kitabı da modaya çevirmək lazımdır”
T.Şahsuvarlı: Opera yazsaydınız, nəyi operalaşdırardınız?
- XXI əsrin bəstəkarı olsaydım, əlbəttə ki. Qarabağ mövzusuna müraciət edərdim. Necə ki, 3-4 dəqiqəlik mahnılarımda onu vəsf eləməyə çalışıramsa, böyük janrın bəstəkarı olsaydım, mütləq şəkildə Xocalı soyqırımına, iki cütlüyün melodramasına müraciət edərdim ki, orada Qarabağ münaqişəsi onların taleyinə necə təsir göstərdi və s.
T.Şahsuvarlı: Türk roman yazarları son dönəmlərdə çox populyardırlar...
- Bəli, mən hazırda Elif Şəfəqin “Şəms parəsi”ni oxuyuram.
T.Şahsuvarlı: Başqa kimləri oxuyursunuz?
- İsgəndər Pala ilə çox maraqlanıram. Yunus Əmrəyə ithaf etdiyi əsəri oxuyuram. Bilirsiniz, Türkiyənin nəyini xoşlayıram, bu ölkə hər şeyi dəbə çevirə bilir. Biz hələ ora gəlib çıxmamışıq. Mən istərdim ki, bizim yazıçılarımız da modanın içində olsunlar. Operalarımız, muzikıllarımız olsun, gənclərin maraq dairəsində olaq. Bu gün gənclərin istəyinə göz yumub onlar düz fikirləşmir, biz ağıllı davranırıq söyləmək doğru deyil. Biz onların nəbzi ilə oturub duracağıq. Bu gün geyim tərzi, imic dəbdədirsə, kitabı da modaya çevirmək lazımdır.
“Qənirə Paşayeva qadınlar üçün örnəkdir”
Nərgiz Ehlamqızı: Sosial şəbəkələrdə tez-tez Siz Qənirə Paşayeva və Gülnarə Xəlilovanın birgə fotolarına rast gəlirik. Maraqlıdır, bu üç qadını daha çox nə birləşdirir. Tovuz amili yoxsa?
- Gülnarə Xəlilova ümumiyyətlə, tovuzlu deyil. Bir neçə gün öncə Gülnarə xanımla bir yerdə idik, qayıtdı ki, Tünzalə xəbərin var, hamı məndən soruşur ki, sən də Tovuzdansan? Dost olmaq üçün eyni bölgədən olmaq şərt deyil, hamımız azərbaycanlıyıq. Biz gec-gec görüşürük, amma bir-birimizi çox istəyirik. Gülnarə xanımın sahəsi maraqlı sahədir, onun müasir günümüzdə geyim mədəniyyətimizə qatqısı var, milli geyimlər üzrə fəlsəfə doktoru adı aldı, elmi zəhməti var. Biz üç qadını birləşdirən hər bizimizin işimizdə professional olmağımızdır. Mən Gülnarə xanımla əməkdaşlıq edirəm, o, mənim səhnə imicimin üzərində çalışır. Bu gün əynimdə gördüyünüz libas onun libasıdır. Daima onunla işləyirəm, biz dostuq. Qənirə Paşayevanı mənimlə qadın, vətəndaş, millət vəkili, dost kimi çox şey bağlayır. O, qadınlar üçün örnəkdir.
Ü.Bağırova: Deyirlər ki, qadınların dostluğu alınmır...
- Vallah bizdə alınır (gülür). Bir-birimizin kaprizlərini də, mənfilərini də bilirik.
T.Şahsuvarlı: Simvolikalara münasibətiniz necədir?
- Bəzi simvolikalar var ki, iradəsi zəif olmayan insanlara mesaj göstərir.
T.Şahsuvarlı: Siz daha çox hansı simvolika ilə mesaj göndərmək istəyərdiniz?
- Mənim sevdiyim işarələrdən biri butadır ki, qolumda çalışmışam ki, onu yaradım. Bunu mənə Türkiyədə ediblər. “Body art” deyirlər, xına ilə buta həkk etdirmişəm. Dəhşətli suallar eşidirəm ki, döyməmi, butamı edirsiniz? Xına ilə qadınların bəzənməsinin min ildən çox tarixi var, niyə bunu bu qədər şişirdirlər? 2011-ci ildə baş yaylığı ilə səhnəyə çıxanda buna çox qeyri-adi baxdılar. Halbuki hər birimizin çantamızda, evimizdə çoxlu şallarımız var. Türkiyə hər şeyi dəbə gətirir. Əgər mən bəsit əşyaları modaya gətirə bilirəmsə, nə mutlu mənə. Xanımlar yaylığa məndən sonra daha çox diqqət etməyə başladılar. Bu barədə çox eşidirdim, deyirdilər ki, Tünzalə xanım, küçədə baş yaylıqları çoxaldı. Mən təzə-təzə inanmırdım, deyirdim şişirdirsiniz. Mənim baş yaylığımı hicablı deyə başa düşənlər də vardı. Hətta bu gün də şərh yazırlar ki, axı o, hicablı xanım idi, niyə belə elədi (gülür). Ay balam, siz nə danışırsınız, bu məsələləri qarışdırmayın. Sonra başa düşdüm ki, nəhayətdə xırda şey cəmiyyətə təsir göstərir. Bu gün döymə edə bilərdim. Amma bu, mənim xarakterimə uyğun deyil. Bilirəm ki, ən xoş mesajlı işarəti döymə ilə əlimdə gəzdirə bilərəm və hamı bunu görə bilər. Mən dəyişməyi tez-tez sevirəm. Döymə mənim müsbət qarşıladığım bir şey deyil. Baxmayaraq ki, bu, hər kəsin öz ixtiyarındadır. Daha qədim bir üslubdan istifadə etdim. Hamını çaşdırdım, eyni zamanda cavab bu oldu ki, bu axı bizim qədim ənənəmizdir, burada nə qeyri-adi bir şey var? (gülür)
“Vətəndaşlıq mövqeyi bunların hamısından üstündür”
N.Ehlamqızı: Yenidən baş örtüyü olan imicinizə qayıdacaqsınız?
- Zaman-zaman qayıdıram. Baş örtüyü ilə yeni fotolar, videolar da paylaşıram. Bir də baş örtüyü mənim dadıma çatır. Saçımı düzəltdirməyə çatdırmayanda baş örtüyü ən gözəl çarəmdir. Xanımlara tövsiyə edirəm (gülür).
T.Şahsuvarlı: Ən çox sevdiyiniz musiqi aləti nədir?
- Daha çox fortepianodur. Çünki mən orada mahnılarımı, əsərlərimi yazıram. Mənə doğmadır, ailə üzvlərimdən biridir. Gözümü açıb onu görmüşəm. Balabanı, tütəyi, udu sevirəm. Mən musiqiçiyəm, necə deyə bilərəm yalnız balabanı sevirəm, udun, sazın gözəlliyini necə kənara qoya bilərəm? Neyi sevirəm, bizim mədəniyyətdə tar, kamançadır. Ney məni bir az başqa yerlərə, ilahiyyətə aparırır. İçimdə bir az dərvişəm.
Ü.Bağırova: Dinə münasibətiniz necədir?
- Mənim üçün dinə münasibət deyə anlayış yoxdur. Din nə bir fəndir, nə də sahədir ki, mənim ona münasibətim olsun. Din və həyat sözləri mənim üçün sinonimdir. İnsanın əxlaqı onun dinidir.. 100 dəfə Allah-Allah deyək, kim nəyə itaət edirsə, dini odur. Mənim dinim nədirsə, onu Allah və mənim vicdanım bilir. Din mənim əxlaqım, vicdanımdır, qarşı-qarşıya oturub Sizə dürüst cavab verməyim, yaxud nadürüstlüyümdür.
T.Şahsuvarlı: Dindardan daha çox ateist cavabı verdiniz...
- Yox, ateistlik deyil. İnsan gözəllik və sevgidən yaranıb. Biz onu qəbul etsək də, etməsək də bir sistem altında yaşayırıq. Bu sistemin adı gözəllik, əxlaq, sevgidir.
Ü.Bağırova: Bayaq qismətə inanırsınızmı, deyə bir sual verdim. Quranda da deyilib ki, sizə muxtariyyat verdim. Sizə görə seçim bizdədir, yoxsa Allahın yazdığı qismətdədir?
- Bunlar hamısı bir-birinə bağlı şeylərdir. Onsuz da Allah bilir biz nəyi seçəcəyik, hansı qapıya gedəcəyik. Bizi yaradan bizim haradan gəlib hara gedəcəyimizi bilir.
Ü.Bağırova: O zaman seçim nəyə lazım idi?
- Gözəllik də elə o imtahandadır. Seçmək olmasaydı, zombi kimi olardıq.
N.Ehlamqızı: Sənət adamlarının ailə üzvləri, xüsusən övladları tamaşaçılar üçün maraqlıdır. Gərgin iş rejimində çalışan sənətçilərdənsiniz, öz qızınıza vaxt ayıra bilirsiniz?
- Ən həssas yerimə toxunursunuz. Çünki qızımla daha çox ünsiyyətdə olmaq istəyirəm. Amma qızım elə bir yaşa gəlib ki, artıq onu özümlə harasa apara bilirəm. Düzdür, çalışıram mətbuat nümayəndələrinin qarşısına az çıxarım. Çünki axırıncı dəfə Heydər Əliyev sarayında bir konsertə gəlmişik, məni qızımla birgə dəvət ediblər. Özünə dedim ki, Fidan, üzün gülsün. Evdə sərt söhbətimiz olmuşdu, qanı qara halda evdən çıxmışıq, deyirəm ki, camaat baxır, kameralar çəkir. Qayıdır ki, ey, çəkməsinlər məni. Deyirəm istəsən də, istəməsən də kiminsə kamerasına düşəcəksən. Səhəri gün də portalların birində xəbər çıxdı: “Tünzalənin hər kəsdən gizlətdiyi qızının fotoları”. O da elə oturub ki, elə bil gəmiləri batıb. Dedim Fidan xoşuna gəldi? Artıq səni çəkib, barı pozitiv dur.
Ü.Bağırova: Neçə yaşı var?
- 16 yaşına keçib.
Ü.Bağırova: Atalar və oğullar kimi qızlar, analar problemi də olur. Sizdə bu problem var?
- Bu gün onun elə dövrüdür ki, hər valideyn hazırlıqlı olmur. Gərək onu yaşayasan. O nöqtəyə gələndə başa düşürsən ki, sənə valideynlərin əslində nə deyirmiş. Uşaqların keçid dövrü mənim üçün asan deyil, deməyəcəyəm çətindir, amma asan da deyil. Bir az əziyyət çəkirəm.
T.Şahsuvarlı: Sənədlərini hansı ixtisasa vermək istəyir?
- Bizim Fidanımız yəqin ki, I qrup üzrə imtahanlarda iştirak edəcək. SOCAR-ın Ali Neft Məktəbində oxumaq istəyir. Tamamilə incəsənətdən uzaqdır.
Ü.Bağırova: Siz istəyirsiniz, yoxsa özü istəyir?
- Özü istəyir. Bir həqiqəti etiraf edəcəyəm, bu uşaq dünyaya gələndə qulağına pıçıldayırdım ki, sən incəsənət adamı olmayacaqsan, olmayacaqsan ( gülür), Allah-təala mənim duamı eşitdi.
T.Şahsuvarlı: Həm də praqmatik seçimdir. Neft ölkəsində neftçi olmaq...
- Mühəndislik istəyirik, bilmirəm bəlkə də kimya, yaxud yol mühəndisi, yaxud arxitektor olacaq. Dedim, Fidan, ağıllı-başlı fikirləşək, elə sahəni seçək ki, sənin ürəyincə olsun. Dizaynerliyə meyli var, bütün uşaqlar fotomakina ilə çox yaxşı işləyə bilirlər. Çox gözəl ideyalı uşaqdır. Onun özünə demişəm ki, istedadının qarşısını almayacağam, sabah foto studiya açmaq istəsə sənə kömək edəcəyəm. Amma öncə sabah səni ayaqda tutacaq peşə seç...
Nərgiz Ehlamqızı
Foto: Elçin Murad