"Brifinq"in qonağı əməkdar artist, populyar bəstəkar Gövhər Həsənzadədir. Redaksiyamıza ayaq basandan telefonu susmaq bilməyən Gövhər xanım yalnız vacib zənglər gələcəyi halda dəstəyi qaldıracağına söz verdi. Telefonunu səssiz rejimə keçirib "Gündəlik Teleqraf" qəzetinin əməkdaşlarının suallarını cavablandırmağa hazır olduğunu deyən bəstəkarımız, sən demə, "ağıllı" cihazlarla bir o qədər dostlaşa bilməyib. Qayıtdı ki, "yazsanız, Gövhər telefonda mesaj yaza, telefonu səssizə ala bilmir, biabır olacam".
Elə söhbətə də texnika ilə arasının olub-olmadığı barədə sualla başladıq.
Nərgiz Ehlamqızı: Gövhər xanım, deyəsən, texnika ilə aranız elə də yoxdur.
- Yox, elə də yoxdur. 30 ildir aranjimançı Yaşar Baxışla çalışıram, bu illər ərzində aparatla, pultla ünsiyyətdəyəm, bu günədək deyirlər ki, Gövhər, nə lazımdırsa, bizə de, heç nəyin üstünə basma.
N.Ehlamqızı: Elə adamlar var, kompüterdə Facebook-a, elektron poçtuna da girə bilmir.
- Onlara girə bilirəm. Sadəcə, yazmağa hövsələm çatmır. Bir də gördün, Facebook-a uzun bir məktub yazırlar, ancaq sonunu oxuyuram görüm nə deyir. Çünki əvvəldə yazır ki, Sizi filan yerdə görmüşəm, filan məkanda salamlaşdıq və s. Bir az əsəbiyəm deyə belə şeyləri oxuyanda ağlamağım gəlir. Ən axırda da yazır ki, çox ümidvaram ki, şeirlərimi oxuyub fikrinizi söyləyəcəksiniz. Ürəyimdə deyirəm, Allah evini tiksin, bunu elə əvvəldən yaz da.
N.Muradova: Facebook-a gələn mesajların hamısına cavab verirsiniz?
- Mütləq. Özüm də olmasa, kiməsə deyirəm ki, cavab yazın. Çünki insandır, nə bilmək olar, hansı məkanda, hansı ab-havadadır. Bəlkə, onun həyatının elə məqamıdır ki, bu cavaba ehtiyacı var. Adminlərə deyirəm ki, deyin, şeirlərini şirkətə gətirsin. Çalışıram heç kəsi diqqətdən kənara qoymayım. Başım da ona görə çox ağrıyıb.
"Pafoslu və süni şeirlərə mahnı yazmıram"
Dilqəm Əhməd: Təsadüfi göndərilən şeirlər arasında bəyəndikləriniz olub?
- Çox olub. Xanım Aydın təsadüfən şeir göndərmişdi, onun şeirlərinə musiqi bəstələnib. Məsələn, Xatirə İslamın "Biri var burda", Kərimin "Yox, unutmadım" onun şeirlərinə yazılan mahnılardır. Bəlkə, o vaxt əhval-ruhiyyəmə düşdü, götürüb musiqi bəstələdim. Pafoslu və süni şeirlərə mahnı yazmıram.
D.Əhməd: Seçimi necə edirsiniz?
- Şeirdə məntiq olmalıdır. Məntiqsizlik mənim düşmənimdir. Hər şeydə məntiq axtarıram, hətta insanın gözəlliyində də.
N.Muradova: Nədənsə, həmişə eyni saç düzümündəsiniz, bu stilə öyrəşmisiniz?
- Təzəlikcə saçımı kəsdirmişəm, amma yenə yığıram. Cəmi bircə dəfə italiyalı müğənni İnqrid gələndə saçımı açdım. Tədbirə gedirdim, vaxtım yox idi deyə yığmadım, onu da dərhal fotoqraflar çəkib saytlara yerləşdirdilər. Düzü, saçımı stilimi dəyişmək üçün kəsdirmədim, sadəcə, çox uzun saçı saxlamaq çətindir, tökülür, bəzən yanır. Bir sözlə, saçlarıma istirahət verdim.
N.Muradova: Dəyişikliyi sevmirsiniz?
- Daha çox dəyişikliyə baxmağı sevirəm. Məsələn, evdə mebelin yerini dəyişməyi dəyişiklik saymıram. Özümü aldada bilmirəm, mebel əvvəlki yerində məni bezdiribsə, evin başqa küncündə də bezdirəcək. Ümumiyyətlə, onu çıxarmağın tərəfdarıyam (gülür).
N.Ehlamqızı: Musiqini hansı şəraitdə bəstələyirsiniz?
- Sakit yerdə yazıram. Gərək otaqda heç kəs olmasın. Qonşuda səs-küy ola bilər, yuxarıda təmir də gedə bilər, amma yanımdan səssizcə kimsə keçsə, fikrim dağılacaq. Qapalıyam, elə bilirəm ki, nəsə edirəmsə, gizli olmalıdır. Onu ancaq mən bilməliyəm.
"Müğənnilər icarəyə götürdükləri geyimlərlə müsahibələr verirdilər"
N.Ehlamqızı: Bəstənizin ilk dinləyicisi kim olur?
- Əvvəllər evdəkilər olurdu. İndi qızım Nilgünün reaksiyasından bilirəm ki, mahnı yaxşı alınıb, ya yox. Qızım durub mahnıya qulaq asırdısa, bilirdim ki, normaldır, əgər uşağın diqqətini cəlb etmirdisə, görürdüm gəlib məndən nəsə soruşur, anlayırdım ki, uşaq heç fikir vermədi. Axır vaxtla, sözün açığı, əvvəlki kimi işləmirəm. Faiq Ağayevin "Get, dönmə geri", Almaz Ələsgərlinin "Yazığım gəlir sənə" mahnılarının yazıldığı dövr başqa idi. Sözsüz, pul maraqları da vardı, aranjiman, işıq pulu və s. lazım idi. Amma onu deyim ki, əvvəl şou-biznesdə daha kasıb idik, müğənnilər icarəyə götürdükləri geyimlərlə müsahibələr verirdilər. İndi hamı geyimləri özü alır. Əvvəl avtobuslarda, taksilərdə gəzirdilər. Mən elə bir ailədə yaşamışam ki, maddi çətinlik çəkməmişik, amma elə sərt qadağalar qoyulub ki. Rəngli saç broşları çoxları üçün əlçatan idi, alverçidən nisyə götürüb istifadə edirdilər. Amma mənim üçün olmazdı, çünki "sənin yaşının o vaxtı deyil" qadağası vardı.
R.Xəlil: Sirr deyilsə, indi mahnı neçəyə başa gəlir və ən bahalı bəstəniz hansıdır?
- Bəstələməyin qiyməti yoxdur. Bəlkə də, bunun olmaması pisdir. Mənim üçün, doğrudan da, musiqinin qiyməti yoxdur. Amma onun hansı studiyada hazırlanması şərtdir. Ən çox vəsait xərclənən mahnım "Day after day" olub. Mayamidə, Londonda "Beatles" qrupunun studiyasında yazılıb. O studiya çox dəhşətli idi, divarlara əlimizi vururduq. Bundan başqa, Ukraynada aranjiman olunub. Bakıda Elçin Əliyev, Yaşar Baxış, bizim kamera orkestri ilə yazdıq. Qürurla deyə bilərəm ki, "Eurovision"un səhnəsində məhz bizim Azərbaycan versiyamız səsləndi. Mən demişdim və əmin idim ki, bu aranjiman ən güclüdür.
"Day after day"i işıqfordan işıq çəkib yazdıq"
N.Ehlamqızı: Azərbaycanın "Eurovision" səhnəsində iştirak etdiyi illər ərzində "Day after day" yeganə mahnı idi ki, onu yerli mütəxəssislərimiz hazırladı. Amma indi də etiraf olunur ki, elə ən güclü mahnını da özümüzünkülər hazırlamışdı.
- Bu fikirlə razıyam. Mənim mahnım olduğu üçün demirəm. İlk dəfə azərbaycanlılara tapşırıq verilmişdi və biz Azərbaycanımızı Avropada təmsil etməli idik. Mən də, Yaşar Baxış da 20 Yanvar hadisələrində iştirak etmişik, bizim video materiallarımız var, Yaşar ANS-in komandasında idi. Allah şəhidlərimizə rəhmət eləsin! Amma biz bir az başqa ruhda tərbiyə olunmuşuq, müharibə dövrünün uşaqlarıyıq. Bu cür tapşırıqlara zövq və şou kimi yox, başqa cür baxırıq. Bizdə komanda var. Azərbaycanı təmsil etmək deyəndə səfərbərlik başlandı. Tanrıma şükür, ilham pəriləri gəlib qondu, 3 günün içərisində mahnı yazılıb. Özü də binada işıq kəsilmişdi, işıqfordan işıq çəkib yazmışdıq. Bəxtimə Elnurla Samir düşdü, iki tərkidünya gənc. O qədər istedadlıdırlar ki, onları ağılla idarə etmək mümkün deyil, onlar bu dünyada deyillər. Bu iki uşaq o qədər mobildirlər ki, hansı səviyyəyə desən, çıxıb özlərini itirməzlər. Fikirləşirdik ki, elə edək, Avropa bizi yad kimi qəbul eləməsin, ikincisi, bugünkü standartlara uyğun olsun və mənim üçün ən vacibi bizim brendimizin imzası olsun. Bunun üçünü də 3 dəqiqəlik mahnıda yerləşdirmək lazım idi. Bizə deyilməmişdi ki, gedin birinciliyi götürün, tapşırığımız bu idi: Azərbaycan haqqında təəssürat yaradıb vizit kartımızı təqdim etmək. Sonrakılar isə Avropanın şərtlərinə, müsabiqənin tələblərinə uyğun mahnılar seçməyə başladılar. O, artıq başqa tapşırıq idi, birinciliyi də götürdük.
N.Muradova: Samir və Elnurdan sonra "Eurovision"dakı mahnılardan hansını bəyəndiniz?
- Fərid Məmmədovun mahnısını çox bəyəndim.
N.Muradova: Bəs Dilarəni?
- Yox, Dilarənin mahnısını bəyənmədim. Şəhriyar adına Mədəniyyət Mərkəzində rəhbər işləyən dövrdə şərait yaratdığımız rok qruplarından birinin solisti idi, bizim tələbələrimizdən sayılır. Dilarənin imkanlarını göstərmək üçün öz stilində mahnı olsaydı, super performans göstərəcəkdi. Təşkilat Komitəsinin hazırladığı məhsuldur. "Eurovision" səhnəsinə gedən ifaçı, sadəcə, icraçıdır. Ona nə deyirlər, etməlidir. Bir not, hərəkət belə əlavə etmək olmaz. İfaçı orada robot səviyyəsində olur.
"Hər gün məşqdən sonra onların kürəyinə yod vururdum"
N.Ehlamqızı: Safuranın ifası xoşunuza gəldi?
- Çox gənc və səhnədə tək idi. Geyimi də ağır idi. Bizdə uşaqların qanadları 16 kiloqram idi. Hər gün məşqdən sonra onların kürəyinə yod vururdum. Görünməyən tərəflər var, ağır proses idi.
D.Əhməd: O istedadlı uşaqlar hanı? İndi nə işlə məşğuldurlar?
- Deyilənlərə görə, Elnur Avropadadır. Samir ötən gün gecə, saat 3-ün yarısı yadına düşmüşdüm, zəng eləmişdi, cavab vermədim.
N.Muradova: Zənginə niyə cavab vermədiniz?
- Gecə 3-ün yarısında edilən zəngə cavab vermirəm. Bildim ki, deyəcək, mahnı yazdırmaq istəyirəm, studiyaya nə zaman gəlim? 1 ay sonra zəng edəcək ki, nə var, nə yox?
N.Muradova: Bəs gecə kimin zənginə cavab verirsiniz?
- Ancaq ailə üzvlərindən kimsə zəng edirsə, dəstəyi qaldıra bilərəm. Bəzən ailə məsələlərində, ölüm-itim xəbərləri almışam. Olub ki, səhər tezdən tədbir olub, gecə vaxtı işləmişik, elə zənglər ola bilər.
"O hiss bir sevgidə bir də musiqidə var"
R.Xəlil: Bəstəkar olmaq üçün istedad, yoxsa təcrübə və ali təhsil əsasdır?
- Fitri istedad əsasdır. Tərki-dünya olanlara, dərvişlərə qeyri-adi baxırlar. Amma onu düz deyirlər, bir ab-hava var, gözlə görmədiyin, əllə tutmadığın, ancaq beyninlə olan bir vəziyyətdir. Musiqidə elə qüvvə var, o, sənin sinirinə toxunur. Sinirinə toxunmayan şeyi ifa edirsənsə, deməli o, hələ musiqi deyil, sənin peşəkarlığındır. Mən bunun formasını öyrənmişəm və səslərdən musiqi düzüb-qoşuram. Muğamlarımıza, xarici ölkələrin etnik mahnılarına baxaq, bəzən deyirik ki, bu necə səs idi, tüklərim biz-biz oldu. O hiss bir sevgidə var, bir də musiqidə. Başqa heç nə o nöqtəyə toxunmur. Təhsillə bəstəkar olmurlar. Konservatoriyada ildə nə qədər bu ixtisası bitirən məzunlar var. Bizə bir az anormal insanlar lazımdır. Bu sözümü düzgün başa düşün. Normal insan qeyri-adi bəstəkar ola bilməz. Qurban olduğum elə yaradıb ki, hamıda fitri istedad olmur. Rəssamlar, şairlər ömrü boyu dəli olublar. Amma danışanda elə danışırlar, fikirləşirsən ki, hə, bu, düz deyir, əslində, mənəm dəli. Niyazidə fitri istedad vardı, küçədən keçəndə gəlib məşq zalına daxil olub və əlindəki çubuğu hansısa ifaçının üstünə atıb, deyib ki, çıx zaldan, sənin qulağın eşitmir. Bunun üçün fitri istedad lazımdır. Mən zalda olsaydım, bunu duymazdım.
N.Ehlamqızı: Mahnını sözün üzərinə bəstələyirsiniz?
- Nə hiss edirəm, ancaq onu yazıram. Mahnıları bir cümlədən yazmağa başlayıram. Məsələn, hansısa bir obraz, söz birləşməsindən musiqi bəstələyirəm. "Dəyərsiz imişəm sənin üçün" cümləsi məni tutdusa, bütün hadisənin təsviri mənim mahnımda oturacaq. "Belə olarmı" mahnısında insanın hərəkətinə deyirsən "belə olarmı?". "Ömür bumu" mahnısında həyata olan küskünlüklərin hamısını mahnıda təsvir edirəm. Bu, qeyri-adi, fəlsəfi bir şey deyil. Bu, hər bir insanın həyatında yaşanan bir şeydir. İnsanlar xəyanət, yalan, ədalətsizlik görəndə özlüyündə deyir, "budur həyat, ömür budur"? Gün-çıxdı, bahar gəldi, nə gözəldir, sevgi coşub yazaq? Quşlar uçur da, gərək ondan yazasan?
N.Muradova: Türkiyənin tanınmış müğənnisi Nilufərlə işbirliyiniz nə yerdədir?
- Mahnı hazırdır, amma özüm mahnıya həsrət qalmışam. Amma Türkiyədə yaradıcılıqla bağlı çox gözəl qanunlar var. Mahnını satanda müqavilədə 2 ilə qədər bu mahnını Türkiyədə heç kəsə satmayacağıma dair bəndə qol çəkirəm. Çünki müğənni bilir ki, albom çıxandan sonra başqa birisinə satsam belə, onun albom çıxarmağına 2 il vaxt lazım olacaq. O müddət ərzində özü rahat oxuyacaq. Albom çıxandan sonra təqdimat olacaq. Bu, hər kəsə aiddir. Mahnı yazılıb, 6 aydır, deyirəm qoyun da dinləyim. Deyirlər ki, albom hələ çıxmayıb axı. Söyləyirlər ki, bağlantı qurarıq, ancaq bir hissəsini dinləyərsiniz, amma qəti şəkildə səsini yazmayacaqsınız. Mahnının bəstəkarıyam, Azərbaycanda olsaydı, aləmi dağıdardıq ki, qulaq asım, bəstəkarı özüməm. Amma Türkiyədə imza da atmışam, qanun bu cürdür, nə deyə bilərəm. Çox maraqlıdır, İzzət Bağırovun "Bəs mən indi neyləyim"ini Nilufər necə oxuyacaq.
N.Muradova: Nilüfərin özü ilə görüşdünüz?
- Özü ilə 2006-cı ildə görüşmüşük. Onlarda sənət aləmində hansı ailədən çıxmağına, təhsili olub-olmadığına baxmayaraq, hamısında yüksək etik tərbiyə parametrləri var. O tətildə idi, mən də ailəmlə getmişdim, heç işbirliyinə görə yox. O, tətildən gəlib mənimlə görüşdü, çox gözəl sözlər dedi. Amma mahnını 2013-cü ildə məndən götürdü. O vaxtadək seçirdik. Sonra anası rəhmətə getdi, xəstəliyi başladı, qismət olmadı. Amma axırda İzzətin mahnısının üstündə dayandı. İzzət oxuyanda mahnı onlara yaxın gəlir.
N.Ehlamqızı: İzzət etiraz etmir ki, mənim mahnımı niyə başqa müğənniyə vermisiniz?
- Niyə eləsin ki? Sabah İzzət deyəcək ki, Nilufərlə mən eyni mahnını oxumuşuq.
"Məndən soruşdu ki, "siz bayansınız?"
N.Muradova: Ya da deyəcək ki, mənim mahnımı Nilufər oxuyub.
- Bəyəm, onun üçün pisdir? Bütün Türkiyə o mahnını İzzətin ifasında bəyənib. Onu mən oxuyub göndərsəydim, bəyənəcəkdilər? Yox! Göz dəyməsin, Azərbaycan müğənniləri ilə münasibətlərim çox yaxşıdır, səhnə arxasında bir-birimizə dəstəklərimiz olur. Elə müğənni var ki, mahnını pis oxuyub, onu Bülənt Ərsoya versəm, o mahnı həmin müğənnin ifasında unudulacaq. Elə mahnıları vermirəm. Bir şey də deyim, Türkiyədə bəstəkarın kimliyi vacib deyil. Deməli, bir nəfər 6-7 il bundan qabaq mənə qayıtdı ki, "siz bayansınız?" Dedim, bəli, fikirləşdim görəsən, nə olub? Dedi, "mən sizi erkek düşünmüşdüm". Bu, məni şoka salmışdı. Amma sevindim ki, deməli, bunlar mahnını bəyənsə, götürür, onu kimin bəstələdiyi vacib deyil..
R.Xəlil: Müğənnilərə mahnı verdiyinizə görə təəssüfləndiyiniz olub?
- Çox olub. Leyla, Səbinə var, heç onları tanımırsınız. Mənim qəbiristanlıq mahnılarım var ki, deyəcəksiniz, hanı bu mahnılar? Albom buraxsam, üzə çıxmayan mahnıları daxil edəcəyəm. Eybəcərləri demirəm, o qədər bacarıb oxuyub, bəlkə, mən də o qədər peşəkar olmamışam ki, onu normal oxutdura bilməmişəm.
R.Xəlil: Sərdar Ortaç Baloğlan Əşrəfovun "Nədəndir" mahnısını oxuyan kimi dərhal reaksiya verildi...
- Təqdimatdan çox şey asılıdır. Türkiyə sənət aləmi, ağıllı prodüserlər, menecerlər Sərdar Ortaçı istedadlı sənətkar kimi formalaşdırıblar. Maykl Cekson hansısa mahnıdan bir bəndi öz stilində təqdim etsəydi, o, qəbul olunacaqdı. O qədər peşəkar edib ki, bütün çirki üstündən yuyub. Bütün dünya qəbul edirsə, bizim xalq da qəbul edəcək. Söhbət kimin təqdimatından gedir.
"Türkvision" 5 ildən sonra yüksək səviyyəyə gələcək"
D.Əhməd: Ötən il türk xalqlarının "Türkvision" yarışması keçirildi. Sizin mahnınız qalib gəldi. Sizcə, bu yarışma "Eurovision"a alternativ ola bildi?
- "Eurovision" müsabiqəsinə çatmaq hələ çox çətindir. Açığı, Konçitadan sonra Avropa çılpaqlığını açıb ortalığa qoydu. Nə yaşayırlarsa, şəxsi işləridir, bağlı qapı arxasında, evində gördüyü hadisənin bizə aidiyyəti yoxdur. Amma cəmiyyətə uyğun olmayan bir halı evindən çıxarıb cəmiyyətə təqdim etmək artıq şəxsi iş deyil. Avropada yaşanan həyat tərzinə verilən bu qədər dəstəyi ölüm hadisələri, Allaha zidd qanunlar olan anormallıq, homoseksuallıqdan irəli gələn iyrəncliklər, narkomaniya, azyaşlı uşaqların pozulmasına qarşı mübarizədə görmürük. Cinayətkarlığa qarşı çıxmağın əvəzinə, onu nümunə kimi göstərirlər. Gözəl sənətkar ola bilər, amma o, cinayətkardırsa, mən onu psixoloji olaraq qəbul eləmirəm. Konçitanın ifasını gözyaşardıcı saymıram, deyə bilmirəm ki, o birinci yeri götürməsəydi, dünya sənəti dayanacaqdı. O, nə Selin Diondur, nə də Tina Törnerdir. "Türkvision"la müqayisədə "Eurovision" təşkilati işlərinə, tamaşaçı auditoriyasına, mexanizminə görə çox fərqlidir. Düzdür, "Qremmi"də olmamışam. Amma onu deyim ki, "Qremmi" də o qədər maraqlı deyil. Çünki ulduzların albomları da satılıb, hər şeyi görmüşük, sadəcə, bir paraddır. "Eurovision"da xalqların etnik xüsusiyyətləri ilə tanış olmaq imkanı yaranır. Mexanizm dəhşətli dərəcədə güclüdür. Proqnoz verirəm, türk xalqları çox ciddi və məsuliyyətlə çalışsalar, "Türkvision" 5 ildən sonra yüksək səviyyəyə gələcək. Dünyada elə bir xalq yoxdur ki, orada türkdilli xalq yaşamasın. Etiraf edirəm ki, bizim xalqlar haqqında bu qədər bilgili deyildim. Rusiyadan 12 türkdilli xalq gəlmişdi. "Türkvision"da islam, milli tərbiyə var.
D.Əhməd: Bu il Kazanda olacaq. Bizdən kimsə gedəcək?
- Bu il mən o müsabiqəyə dəvətli deyiləm. Mən "Eurovision" hazırlıqlarını görmüşəm, istəyirəm "Türkvision"da da belə olsun.
"Cinsi azlıqların özünün fəlsəfəsi var"
N.Ehlamqızı: Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bəyan etmişdi ki, "Eurovision" geylərin paradıdır və o müsabiqədə Azərbaycan iştirak etməməlidir. Bu fikirlərə münasibətiniz necədir?
- Bəyəm cinsi azlıqlar ancaq geylərdir? Burada transvistitlər, lezbiyanlar var. Artıq "gey" sözünü deyirsə, deməli, bilgisi yoxdur. Cinsi azlıqların özünün fəlsəfəsi var. Bir az onlarla maraqlananda çox kənara çəkildim. Orada anormallıq və mürəkkəblik, bəzilərinin rəsmi cəmiyyətləri var. Aramızda gəzən böyük səlahiyyətləri olan insanlar da var. Sadəcə, düşüncələri o cürdür. Avropa ona başqa cür baxır. Biz onlara geylərin paradı deyirik. O deyir ki, hansı gey, sol qollu, yoxsa sağ qollu? Baxıb deyirsən, bunlar nə danışır? Bu sözü deyəcəksənsə və müzakirə edəcəksənsə, bu işin içinə girəcəksən, onları dərindən öyrənib bunlara məntiqlə, arqumentlə qarşı çıxaracaqsan. Üzbəüz çıxıb sözünü deyib sübut etməyəcəksənsə, kənardan çox söz demək olar. "Biz "Eurovision"a getməyək" sözünü demək çox asandır. Bütün Avropanı əhatə edən yeganə arenadır ki, milyonlarla əhali o səhnəyə baxır, sən o əhali ilə körpü qurmaq, özünü tanıtdırmaq üçün, öz sənətini onlara çatdırmaq üçün o səhnəyə çıxacaqsan. Biz burdan qışqırıb heç kəsə heç nəyi eşitdirə bilmərik. Bugünkü siyasi durum bizi məcbur edir. Bəlkə, geylərə təsir edib, əksinə, onların gözünü açacağıq? O bədbəxt tamaşaçıya nə vaxtacan geyləri təqdim edəcəklər? Bəlkə, bizim ardımızca gələcəklər? Bu gün şou-biznesimiz bərbaddır, "biz batırıq yazmaq" nəyə lazımdır? Bu sözlərdən sonra düşmənimiz haqqımızda ağızlarına gələni yazır, bu, bizim şou-biznesi düzəltdi? Yox. Düzəltmək istəyirsən? Get bir işlə məşğul ol. Edə bilməyəcəksənsə, nəyə qışqırırsan, guya biz bilmirik?
N.Muradova: Yaratdığınız "ADA" rok qrupunun "Eurovision"da iştirak etmək şansı var?
- Ümumiyyətlə, "Eurovision"la əlaqə qurmaq barədə da fikrim yoxdur. Azərbaycan brendini çıxarmaq lazım olsa, çağırılıb tapşırıq verilsə, canla-başla edəcəyəm. Konçitadan sonra heç marağım yoxdur. Rok qrupuna gəlincə, Azərbaycanda rok sıfır dərəcədədir, biz qrupun üzərində çalışırıq ki, rok auditoriyalarına girək, orada da Azərbaycandan kimsə olsun. Bu da savadlı olmalıdır ki, cılız görünməyək. Qrupda aparıcı gitarist Yaşar Baxışın oğlu Hafiz Baxışdır. Yaşara arxayın olub yükü onun üzərinə tökmüşəm. Yaşar 30 ildir məndən canını qurtara bilmir. Amma neyləyək, çox peşəkar insandır. Azərbaycanın "Eurovision"a gedən mahnılarının 80-90 faizinin son versiyasını Yaşar düzəldir.
N.Muradova: Yaşar Baxışla necə işləyirsiniz?
- Həmişə deyirəm ki, uğurumun 50 faizi Yaşarındır. O, mahnıya məndən fərqli, qeyri-adi elə bir şey əlavə edir ki, mahnımın oxşarlığı aradan götürülür. Mahnını götürür, tam başqa stilə çevirir, görürəm, bu, heç ağlıma gəlməyib. İzzət Bağırovun "Yar aman yar" mahnısı lirik mahnı idi, Yaşar bunu rok mahnı formasına salıb, zəng edib ki, çox gözəl mahnı alınıb. Tər məni basdı, dedim, mahnını yüz faiz səhv salıb. Gəldim, dedim sən İzzəti tanıyırsan, eşitmisən nə oxuyur? Dedi, onlar eyni şeyi həmişə oxuyur da, qoy bir dəfə də fərqli mahnı olsun. İzzət də zəng edir ki, mahnı nə oldu, mən də telefonu götürmürəm, axırda dedim, "İzzət, Yaşar onu rok edib, amma bunu elə-belə eləyib, hazırlayacağıq". Dedi, yox gəlib qulaq asım. Mən də qorxdum, qulaq asıb deyəcək, bu nədir? Bir də gördüm İzzət zəng vurub dedi ki, xoşuma gəldi, soruşdum, lağ edirsən, dedi yox, mənim üçün yenilikdir, qoy bu da olsun. İzzətin də Şəhriyar Mədəniyyət Mərkəzində 4-5 gün dalbadal konserti gedən günlər idi. Qızlar da biletləri alıb gəlirdi. Mən də o zaman direktor idim, dedim, ay Allah, bununla da konsertlər batdı, kim gələcək, deyəcəklər "Gövhər İzzətin yaradıcılığını sındırdı". Amma qəbul olundu. O da Allahın işidir. Mən bəyəm rok demişdim, İzzət rok sifariş vermişdi? Sadəcə, Yaşarın beyninə rok gəlmişdi. Bax, Yaşar həmin Yaşardır.
D.Əhməd: Sanki İzzət də həminki İzzət deyil.
- İzzətin də həvəsi qalmayıb. İzzət radio yox, konsert müğənnilərindəndir. Özü də onunku tamaşaçıdır, fonoqram sevmir. Artist ansamblı əli ilə saxlayır, söz deyir, onun üçün o cür zövqlü və rahatdır.
"Heç mənə lazım da deyil" çox xoşuma gəldi
N.Muradova: Toylar üçün mahnılar bəstələyirsiniz?
- O gün bir mahnı eşitdim, "Heç mənə lazım da deyil". Bu mahnıdan çox xoşum gəldi, sümüyümə düşdü. Əvvəllər kütləvi mahnılar deyilən anlayış olub, o, bu gün gündəmdən silinib. İstəyirəm, bu məsələni gündəmə gətirək. Bu mahnıları niyə itələyirik? Bu gün Üzeyir, ya kimsə, Azərbaycan kökənli birisi mahnı oxuyur, başqa bir azərbaycanlı onu dinləyirsə, burada etik normalardan kənar, sənətimizə ziyan verəcək heç bir eybəcərliklər yoxdursa, bu da bizim sənətin bir qoludur. Kütlənin dinlədiyi və reaksiya verdiyi mahnılardır. O kütlə kimdir? Bizim xalqımızdır. O, həmin xalqdır ki, "Day after day" "Eurovision"da səslənməsəydi, heç kəs onu bəyənməyəcəkdi. Deyəcəkdilər, rok nədir, onu söndürün. Hər şey təqdimatdan asılıdır. Biz öz mövqeyimizi ortaya qoyduq. Sabah farslar, özbəklər, taciklər "Heç mənə lazım da deyil", "Can-cana" mahnısını "Gangnam style" kimi dünyaya çıxarsalar, sintez etsələr, biz ha qışqırsaq ki, filankəsin mahnısıdır, bəyənmədik itələdik, orada melodiyanı götürdünüz, eşidən olmayacaq.
"1996-cı ildən YAP-ın üzvüyəm"
N.Ehlamqızı: Hansısa siyasi partiyanın üzvü deyilsiniz?
- Yeni Azərbaycan Partiyasının üzvüyəm. İlk quruculuq dövründən, 1996-cı ildən üzv yazılmışam. Siyasi əqidəm var, amma sənətimlə məşğulam, yaradıcı insanam. Partiyanın qurultayına dəvətli olanda gedib iştirak edirəm, amma məni tribunalarda görməmisiniz. Mədəniyyətin siyasi ideoloji işləri ilə məşğulam. Konsertlərdə milliliyimizin, milli atributlarımızın önə çəkilməsinə diqqət yetiririk. Mən sənət baxışından siyasətçiyəm. Müxalifət partiyalarının heç biri ilə nə problem yaşamışam, nə də yaxın münasibətim olub. Şəhriyar adına Mədəniyyət Mərkəzində direktor olduğum dövrdə Müsavat Partiyası həmin binanın bir hissəsində oturub, amma təmasda olmamışıq.
"Sənətçilər siyasətçi kimi dnışanda əsəbləşirəm"
N.Ehlamqızı: Gələn il parlament seçkiləri ilidir, deputat olmaq istəmirsiniz?
- Mənə heç kəs belə təklif verməyib. Heç iddialı da deyiləm. Sənət adamlarımız siyasətçi kimi danışanda, siyasi fikir yürüdəndə əsəbləşirəm. Siyasətin içində deyilsənsə, prosesin gedişatından xəbərin yoxdursa, bağlı qapılar arxasında danışıqlarda iştirak etməmisənsə, kənardan mülahizə yürütmək ən böyük səhvdir. Xalqın sənətçisinin mövqeyi qarşı tərəfdən xalqın mövqeyi kimi qəbul oluna bilər. Mən çox danışanda evdə deyirlər ki, yaxşı ki, deputat deyilsən (gülür). Düşünürəm ki, siyasətdə o qədər də yoxam. Siyasətlə siyasətçilər məşğul olsalar, daha yaxşı olar. Bu gün Azərbaycanın müstəqilliyinin qorunması üçün nə lazımdırsa, o ideyada, o hərəkatda həmişə dəstək olacağam. Dövlətimizin güclü olması üçün sənət baxımından üzərimə düşən hər şey edərəm.
Nərgiz Ehlamqızı
Foto: İsmi Şahzadə