29 Noyabr 2014 12:39
3 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Brifinq"in budəfəki qonağı tanınmış iqtisadçı Vüqar Bayramovdur. Gürcüstanın Batumi şəhərində "Avropa Birliyinin Şərq Tərəfdaşlığı" çərçivəsində keçirilən Vətəndaş Cəmiyyəti Forumu hələ də müzakirə mövzusudur. Forumda Azərbaycan nümayəndə heyətinin rəhbəri olan Vüqar Bayramov sözügedən tədbir ətrafında yaranan qalmaqala təffərrüatı ilə aydınlıq gətirdi, "People in Need"in təəssübkeşləri üçün təşkilatın fəaliyyəti barədə faktları sadaladı. İqtisadçı ailə büdcəsini formalaşdırmasından tutmuş, siyasi proseslərə qatılmama səbəblərinə qədər suallarımızı cavablandırdı.

“Helikopterin vurulması ilə bağlı erməni tərəfinin bəyanatını necə dəstəkləmək olar?”

Nərgiz Ehlamqızı: Vüqar müəllim, Batumi forumu həm mediada, həm də sosial şəbəkələrdə kifayət qədər müzakirə olunur. Sizcə, bu müzakirələr fonunda hələ də aydın olmayan məsələ qalıbmı?
- Güman etmirəm ki, aydın olmayan məsələ qalıb. Gürcüstandan Bakıya qayıdandan sonra bir sıra beynəlxalq qurumlar və səfirliklərdə görüşüm oldu, Batumidə baş verənlər müzakirə edildi. Beynəlxalq qurumlar Batumi hadisələrini birmənalı şəkildə bizim qiymətləndirdiyimiz və ya bizə yaxın formada dəyərləndirdilər. Batumidə yalnız Azərbaycanla bağlı bəyanatların hazırlanması qəbuledilən deyildi. Sərgidə iki çox böyük yanlışlıq vardı: onlardan biri ölkə rəhbərliyinin fotosunun sərgidə nümayiş etdirilməsi; digəri isə həmin sərginin yalnız Azərbaycanla bağlı olması idi. Bu iki böyük yanlışlıq hətta həmin təşkilatın erməniyönlü olub-olmamasını müzakirə etmədən belə qiymətləndirməyə imkan verir. Azərbaycana qarşı birmənalı şəkildə qərəzli mövqe vardı. Eyni zamanda, vətəndaş cəmiyyəti forumunun siyasiləşdirilməsinə cəhdlər oldu. İstənilən məsələdə fərqli fikirlərin olması normaldır. Amma onların əsaslandırılmasına ehtiyac var. Çox təəssüf ki, bəzi hallarda hətta fərqli arqument gətirənlər Azərbaycan nümayəndə heyətinin deyil, həmin sərgini təşkil edənlərin və bəyanatları hazırlayanların tərəfində olur. Başa düşmürəm, helikopterin vurulması ilə bağlı erməni tərəfinin bəyanatını necə dəstəkləmək olar? Fərqli düşünsən belə, nəzərə almalıyıq ki, azərbaycanlıyıq. Erməni tərəfi helikopterin vurulması ilə bağlı bəyanatında Azərbaycanı birmənalı şəkildə ittiham edirsə, hətta təhqiredici fikirləri bəyanata daxil edirsə, biz o bəyanatın qəbul edilməsinə gözmü yummalıydıq? Məncə, milli məsələlərdə fərqli münasibətlərin olması arzuolunan deyil. Batumi forumu həm də vətəndaş cəmiyyəti üçün bir sınaq idi. Çoxluq olaraq vahid mövqe nümayiş etdirməyimiz imkan verdi ki, həm Batumidə bu tip cəhdlərin qarşısı alındı, eyni zamanda, bu forumda praktik olaraq Azərbaycanın əleyhinə heç bir bəyanat qəbul edilmədi. Bəyanat nəinki Azərbaycan, eyni zamanda, Gürcüstan, Ukrayna, Belarus, Avropa Birliyindən olan nümayəndə heyətləri tərəfindən rədd edildi. Mən nümayəndə heyətinin rəhbəri idim. Vahid mövqe və müzakirələr Batumidə qələbənin əldə edilməsinə imkan yaratdı.

”"People in Need" təşkilatının qondarma “DQR”lə bağlı təşəbbüsü olub”

N.Ehlamqızı: Bir qrup şəxs "People in Need"i ermənipərəst adlandırmanızdan narazıdır. Bu QHT-nin qondarma "Dağlıq Qarabağ Respublika"sı ilə bağlı təşəbbüsü olubmu?
- Təbii ki, "People in Need" təşkilatının qondarma "DQR"lə bağlı təşəbbüsü olub. "People in Need"in yaradıcıları və rəhbərləri daimi olaraq Dağlıq Qarabağa səfərlər edir. Bu faktla yanaşı, PİN münaqişəli ərazilərin, o cümlədən qondarma respublikanın forumda təmsil olunmasının tərəfdarıdır. Sadəcə, PİN-in rəhbərinin Dağlıq Qarabağa qanunsuz səfərini nəzərə alsaq, o zaman qiymət vermək olar ki, bu təşkilat ermənipərəstdir, ya yox. PİN-in rəhbəri Azərbaycanın "arzuolunmaz şəxs"lər siyahısındadırsa və daimi olaraq Azərbaycana məlumat vermədən işğal olunmuş ərazilərimizə səfərlər təşkil edirsə, o zaman həmin təşkilatı necə ermənipərəst adlandırmayaq?

Dilqəm Əhməd: Sizcə, Xədicə İsmayıl və Zöhrab İsmayılın "People in Need"i dəstəkləməkdə və Azərbaycan nümayəndə heyətinə qarşı çıxmaqda məqsədi nədir?
- Əks arqumentlər gələndə nümayəndə heyətinin üzvlərindən biri qeyd etdi ki, onsuz da bu insanlar bizim və sizin haqqınızda yazırlar və nə isə deməyi xoşlayırlar. Məncə, məqsəd təkcə fərqli və daha demokratik görünmək məsələsi deyil. Təbii, onlar düşünürlər ki, buna qarşı çıxmaqla daha demokratik görünürlər. Bu gün həmin adamların üzv ola bilmədiyi beynəlxalq təşkilatların İdarə Heyətinin üzvü və sədri kimi gizli səsvermə ilə seçildiyimi nəzərə alsaq, o baxımdan, harada demokratiya qurtardığını, harada milli maraqların başladığını və bu ikisinin vəhdətinin nə olduğunu gözəl bilirəm. 10 ildən artıqdır ki, Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edirəm. Məqsədin nə olmasından asılı olmayaraq, yanaşma yanlışdır. O şəxslərin xaricdə yerləşən təşkilatı özünə bütövlükdə 25 üzvü olan nümayəndə heyətindən daha yaxın hesab etdiyini anlamaq olmur. Bunlar şəxsi münasibətlər fonunda nümayəndə heyətinin üzvlərinə olan qərəzli fikirlərdir.

“Maaş alan gün heç vaxt bazarlığa getmirəm”

Naibə Qurbanova: Ailədə büdcəni necə idarə edirsiniz, iqtisadçı olmağınız köməyinizə yetirmi?
- Ailə büdcəsinin planlaşdırılması Azərbaycan ailələrinin ən ciddi problemlərindən biridir. Apardığımız monitorinq göstərir ki, ailə büdcəsini planlaşdıran ailələrin sayında xeyli artım var. Təxminən 20 faiz ailə öz büdcələrini planlaşdırır. Ailə büdcəsinə ən çox önəm verən xalq ingilislərdir. İngiltərənin Statistika Komitəsinin rəsmi saytında ailə büdcəsinin planlaşdırılması üçün xüsusi sayğac var. Hər bir ailə həmin sayğacda öz gəlirini daxil etməklə əsas və yardımçı xərcləri qruplaşdırır. Burada, eyni zamanda, inflyasiya səviyyəsi nəzərə alınır. Sayğac ailənin ərzaq, təhsil üçün nə qədər xərcləməli olduğunu müəyyənləşdirir. Bu da ailənin aylıq xərcini öncədən müəyyənləşdirməsinə imkan verir. Etiraf edim ki, ailə büdcəsini tək özüm planlaşdırmıram. Evdə müəyyən məsləhətləşmələr apararaq xərclərin həyata keçirilməsi barədə qərar veririk. Amma çox önəmli məqamlardan biri odur ki, maaş alan gün heç vaxt bazarlığa getmirəm. Çünki cibdə çox pul olanda adam daha çox xərcləyir. Cibdə çoxlu pul sənə psixoloji olaraq dəstək verir ki, çoxlu ərzaq alasan. Şəxsən mən qənaətciləm və qənaətə çox önəm verirəm. Məcburi köçkün olduğum üçün kommunal xidmətlər bizdə güzəştlidir. Buna rəğmən otaqdan çıxıramsa, mütləq işığı söndürürəm, pulsuz olsa belə, suya qənaət edirəm. Amerikalılarda belə deyim var ki, qənaətcil olmayan insan yaxşı iqtisadçı ola bilməz.

“Azərbaycanlılar zibil yeşiklərinə ən çox çörək atan millətdir”

N.Qurbanova: Bizdə qənaət, xərcləmək mədəniyyəti hansı səviyyədədir?
- Xaricdə olduğum ölkələrdə gözlə apardığım monitorinqlər göstərir ki, azərbaycanlılar zibil yeşiklərinə ən çox çörək atan millətdir. Biz həm də ət məhsullarından çox istifadə edirik. 2009-cu ildə Qazaxıstanda işləyəndə qazaxlar israfçılıqdan gileylənirdilər, deyirdilər ki, biz əti çox yeyirik, ət bahalıdır, çörəyi atırıq və s. Onlarda belə deyim var ki, qazaxlar dünyada ikinci ən çox ət yeyən millətdir. Sual edəndə ki, bəs birinci kimdir, deyirlər canavarlar (gülür). Bizim mətbəximiz də bahalıdır.

Sevil Hilalqızı: Həm də mətbəximiz planlaşdırılmayan mətbəxdir.
- Bəli, hətta daha çox ətdən istifadə edildiyinə görə insanın qocalmasına xidmət edən mətbəximiz var. Mətbəx mədəniyyətimiz bizə qənaət etməyə imkan vermir. Avropada mətbəx mədəniyyəti başqadır. Mən ABŞ-a qayıdanda qonağımız gəlirdi, həyat yoldaşıma təklif etdim ki, öncə şorba, ardınca da yemək və qarnir gəlsin, dedi ki, belə şey qəbuledilən deyil, gərək stolun üstünü dolduraq, bir neçə yemək bişirək, müxtəlif çeşiddə salat hazırlayaq. Əslində, mənim üçün də başadüşülən deyil ki, stolun üstündə olanların hamısı yeyilmirsə, niyə bu qədər yemək hazırlanır. Bu, bir ənənədir. Toylarımız, hətta yas mərasimlərimiz israfçı olduğumuzu göstərir. ABŞ-ın üstünlüyü ondan ibarətdir ki, orada ənənələr, baxışlar hətta iqtisadi nəzəriyyələr tez-tez dəyişir.

S.Hilalqızı: İnzibati metodların yas mərasimlərinə müəyyən qədər təsiri oldu...
- İnzibati metodlar arzuolunan deyil. Tacikistanda toy mərasimlərində inzibati metod tətbiq edilir. Orada toya 250 nəfərdən artıq adam dəvət etmək olmaz. Amma qonaq sayı 250 nəfərdən artıqdırsa, hər nəfərə 50 dollar vergi ödənməlidir. Yəni toya 500 nəfər dəvət edə bilərsən, onun 250 nəfərinə vergi ödəmirsən, digər 250 nəfərinə vergi ödəməlisən. Bu da artıq toya dəvət edilənlərin müəyyən qədər azalmasına gətirib çıxarır. İnanıram ki, bizdə hətta 100 dollar vergi tətbiq etsən belə, 500 nəfəri dəvət edən onsuz da toya çağıracaq. Hətta bəlkə də dəvətnaməyə 100 dollarlıq vergi daxil deyil yazacaq (gülür).

“Müəllim və həkimlərin əmək haqlarının artırılması olduqca vacibdir”

Dilqəm Əhməd: Bayaq ingilislərin ailə büdcəsi ilə bağlı sayğacdan bəhs etdiniz. Parlamentin sonuncu iclasında da həkim və müəllimlərin maaşı məsələsi müzakirə olundu. Sizcə, bizdə müəllim və həkimlərin əmək haqqını o sayğaca əlavə etsək, bölünmədə təhsilə, qidaya pul qalacaqmı?
- Həkim və müəllimlərin maaşını sayğaca əlavə etsək, sayğac xarab olacaq (gülür). Müəllim və həkimlərin qazancı ilə bağlı ən ciddi problemlərdən biri ondan ibarətdir ki, onların bir real, bir də qeyri-leqal əmək haqqı var. Dünya bankının qiymətləndirməsinə görə, bütün səhiyyə sektorunun xərclərinin 70 faizi qeyri-rəsmi xərclərdir və onların rəsmiləşdirilməsinə ehtiyac var. Təbii ki, bütün müəllim və həkimlərin qeyri-leqal əmək haqqı yoxdur. Bu da qeyri-bərabərlikdir. Müəllim və həkimlərin əmək haqlarının artırılması olduqca vacibdir, amma islahat aparmaqla mümkündür. Hökumət indiki büdcə gəlirləri baxımından müəllim və həkimlərin əmək haqqını artıra bilər. Amma bunu nə qədər davamlı edə biləcək? Azərbaycanın "Büdcə sistemi haqqında" qanununa əsasən, əmək haqları müdafiə olunan xərclərdir. Müdafiə olunan xərclər heç zaman azaldıla bilməz. Hətta neftin dünya bazar qiyməti 50 dollar düşsə belə, Azərbaycan hökumətinin mövcud qanunvericiliyə əsasən, müəllim, həkim yaxud büdcədən maliyyələşən işçilərə verilən əmək haqqını azaltmağa hüququ yoxdur. O baxımdan, yaxşı olardı ki, maaşlar tam büdcədən asılı olmasın. Büdcə 300 manat versin, amma digər 500 manat büdcədənkənar maliyyə mənbələri hesabına formalaşsın. Onlardan biri səhiyyə sistemində icbari sığorta sisteminin tətbiq edilməsidir. Bu sistemin tətbiqi səhiyyə müəssisələrinə imkan verəcək ki, büdcədənkənar maliyyə mənbələrinə malik olsunlar. Təhsildə təklif edirdik ki, xüsusi aparatlar quraşdırılsın. Çünki ABŞ-da belə edirlər. Onlar istəyirlər ki, övladları daha isti və yaxşı məktəbdə oxusunlar. Yardım üçün pul nağd formada sinif rəhbəri və direktora verilməməlidir. Xüsusi maşınlar quraşdırmaq lazımdır. Valideyn yardım etmək istəyirsə, maşına müəyyən məbləğdə pul ödəsin və maşın da avtomatik olaraq vəsaiti məktəbin hesabına yönəltsin. O zaman həm Təhsil Nazirliyi biləcək ki, ay ərzində həmin məktəbə nə qədər pul köçürülüb, həm də direktor köçürülən vəsait və xərc istiqamətləri ilə bağlı hesabatlı olmağa məcbur olacaq. İslahat aparmaqla problemi həll etmək və sayğacı xarab olmaqdan qorumaq mümkündür.

S.Hilalqızı: Müəllimlər və təhsil ekspertləri təklif edir ki, müəllimin 5 şagirdi ali məktəbə qəbul olursa, ictimai baxımdan faydalılıq gətirirsə, onun səriştəsinə görə də əmək haqqı müəyyən olunsun. Sizcə, mexanizm necə qurulmalıdır?
- Bu məsələ əhəmiyyətli məsələdir, yəni kəmiyyət deyil, keyfiyyət qiymətləndirilməsinə ehtiyac var. Müəllimin neçə sinfə və nə qədər şagirdə dərs deməsi əhəmiyyəli olmamalıdır. Müəllimin necə dərs keçməsi, yaxud, siz dediyiniz kimi, neçə tələbəsinin universitetə qəbul olunmasına diqqət yetirmək lazımdır. Boloniya sisteminin özü də kəmiyyətdən çox keyfiyyətə önəm verir. Şagirdə və tələbəyə müəllimləri seçmək hüququ verilib, konkret meyarlar əsasında müəllimin maaşının müəyyənləşməsinə şərait yaradır. Orta məktəbdə şagirdə 11-ci sinfə qədər çoxlu sayda müəllimlər dərs deyir, bu zaman hansı müəllimin əməyinin daha çox olduğunu müəyyənləşdirmək nisbətən çətin olur. Biz təklif edirik ki, məktəblərə maliyyə muxtariyyəti verilsin və əvvəlki ilin yekunları da nəzərə alınsın. Birinci növbədə məktəbi stimullaşdırmaq lazımdır. O zaman direktor da müəllimi stimullaşdıracaq. Məktəbdən ali məktəbə qəbul olunmuş və balı 600 baldan çox olan tələbələrin sayı əsasında, məktəb növbəti ilin dövlət büdcəsindən vəsait ala biləcək.

“AMEA-nın gəncləşdirilməsi və innovasiyaların artırılması daha məqsədəuyğundur”

D.Əhməd: Milli Məclisdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı qızğın müzakirələr oldu. Sizcə, xaricdəki sistemlərin Azərbaycana tətbiqi daha yaxşıdır, yoxsa ənənəvi sistem qalmalıdır? - Elmlər Akademiyası sistemi inkişaf etmiş ölkələrin heç birində yoxdur. Keçmiş SSRİ ölkələri bu sistemi saxlayıb və sistemdən çıxmaq çox çətindir. Azərbaycanda kifayət qədər tanınmış və sanballı insanlar akademiklərdir, həmin insanlardan akademik titulunu almaq doğru deyil. Amma islahatların aparılmasına ehtiyac var. İndiki məqamda AMEA-nın ləğv edilməsi və yeni qurumun yaradılması ciddi şəkildə zaman alan və həyata keçirilməsi heç də asan olmayan bir islahatdır. Bu, uzun müddəti əhatə etdiyi üçün onun təsirləri də müsbət olmaya bilər. AMEA-nın gəncləşdirilməsi və innovasiyaların artırılması daha məqsədəuyğundur. Düşünmürəm ki, AMEA-ya ayrılan vəsait 3 dəfə artsa, Azərbaycan elmi 3 dəfə inkişaf edəcək. Bu, praktik baxımdan mümkün deyil. AMEA vəsaiti keyfiyyət göstəricisi əsasında almalıdır. Əgər AMEA 2014-cü ildə innovativ layihə həyata keçiribsə, ölkə daxili və xaricində tədqiq olunubsa, o zaman 2015-ci ildə AMEA-ya daha çox vəsait ayrılsın.

N.Qurbanova: Hələ AMEA-nın keçmiş prezidenti Mahmud Kərimovun dövründə maliyyə naziri Samir Şərifov dedi ki, AMEA ortaya konkret iş qoysun, biz də lazımi maliyyə ayıraq. O, AMEA-nı ölü qurum kimi dəyərləndirirdi. Avtomatik olaraq gənc kadrların ölkəyə qayıtması və gənc alimlərin potensialının gücləndirilməsi məsələsi gündəmə gəlir. Dünya standartlarına uyğun kadr yetişdirilməsi üçün nə etmək olar?
- Yalnız AMEA-nı da ittiham etmək doğru deyil. Bu qurumda elə institutlar var ki, hazırladıqları layihə və məhsulları sınaqdan çıxarmaq üçün onlarda modern laboratoriyaya ehtiyac var. Digər tərəfdən, dövlət dəstəyi də lazımdır. Əgər AMEA-da çalışan əməkdaş 200 manat əmək haqqı alırsa, o, bu əmək haqqı ilə innovativ nə isə etməyəcək. AMEA-nın səmərəliliyini artırmaq üçün birinci addımı dövlət atmalıdır. Burada çalışanların əmək haqlarını nəzərə almalı, laboratoriya və digər imkanlar genişləndirilməlidir, bunlardan sonra artıq AMEA-dan iş tələb etmək olar. Sual yaranacaq ki, 200 manat əmək haqqı alan tədqiqatçının maaşı 2 min manat olsa, innovativ bir iş görə biləcəkmi? Bu suala da birmənalı cavab vermək çətindir. Amma ən azı xaricdə təhsil almış gəncləri cəlb etmək mümkün olacaq. Əvvəllər pulsuz mənzil təminatı vardısa, indi bu da yoxdur. Pulsuz mənzil təminatı, yüksək əmək haqqı yoxdursa və müəllimin əvvəlki cəmiyyətdə olduğu qədər mövqeyi yoxdursa, o zaman xaricdə təhsil almış gənc bu quruma üz tutmayacaq.

“Yaxşı iqtisadçının siyasi mövqeyi olmamalıdır”

N.Ehlamqızı: Azərbaycanın düşdüyü durumdan dolayı üzdə olan şəxslərin bir çoxu vaxtilə istəyərək yaxud istəməyərək ictimai-siyasi proseslərdə iştirak etməli olub. Qardaşınız Qubad İbadoğlunun partiya mənsubiyyəti var, amma deyəsən, Siz heç vaxt siyasi proseslərdə iştirak etməmisiniz.
- Yox, siyasi proseslərdə olmamışam. Hesab edirəm ki, yaxşı iqtisadçı hökmən müstəqil olmalı və siyasi baxımdan yönü olmamalıdır. Azərbaycanda institutların yeni formalaşdığını nəzərə alsaq, müstəqil olmaq iqtisadçı kimi sənə proseslərə daha çox təsir etmək imkanları verir. Müstəqil olursansa, sənin təkliflərini daha çox eşidirlər, partiya mənsubiyyətin olmursa, hökumət hansısa doğru addım atırsa, onu asanlıqla deyirsən, səni kimsə ittiham etmir ki, sən müxalifət partiyasının üzvüsən, amma hökumətin bu addımı təqdir edirsən. Heç zaman partiya mənsubiyyətim olmayıb.

N.Ehlamqızı: Azərbaycanda belə tendensiya var ki, kimsə bir partiyanın üzvüdürsə, bütün qohum-əqrəbası həmin partiyaya üzv yazılır. Belə çıxır ki, Qubad İbadoğlunun Sizə təsiri olmayıb...
- Səhv etmirəmsə, qardaşlarımdan yalnız Qubad bəyin partiya üzvlüyü var.

“Avropada qardaşının mövqeyinə görə səni ittiham etməzlər”

N.Ehlamqızı: Müsavat Partiyasında qurultay sonrakı gərgin müzakirələrdə adınız də çəkilirdi. Qubad bəyə görə Siz də ittiham olunurdunuz.
- Hərdən bu ittihamlar qarşılıqlı olur. Bəzən mənə görə Qubad bəyi, bəzən də Qubad bəyə görə məni ittiham edirlər. Qurultay öncəsi mənim müstəqil sferada olmağımı əsas gətirərək Qubad bəyi ittiham edirdilər. O zaman da açıqlama vermişdim ki, mənim hansısa addımımı Qubad İbadoğlunun addımı ilə qiymətləndirməyin. Eyni zamanda, Qubad bəyin addımları mənim addımlarımla eyni deyil. Hərəyə öz işinə görə qiymət verilməlidir. Bu, əslində, bilərəkdən edilən və qərəzli yanaşmadır. Polşada ötən seçkilərdə qardaşlardan biri prezident, digər qardaşsa müxalifət partiyasının lideri idi. Avropada qohumluq əlaqəsi deyəndə həyat yoldaşı və uşaqları nəzərdə tutulur. Praktik olaraq qardaş da, bacı da qohumdur, amma onlar müstəqildirlər. Avropada qardaşının mövqeyinə görə səni ittiham etməzlər.

“Parlamentdə olsam, töhfə vermək imkanlarım olacaq”

N.Ehlamqızı: Ziyad Səmədzadə, Vahid Əhmədov, Əli Məsimli kimi tanınmış iqtisadçılar parlamentdə təmsil olunurlar. 2015-ci ildə parlament seçkilərində Siz də şansınızı yoxlayacaqsınız?
- Parlament seçkilərinə xeyli müddət qalıb, sözün düzü, indidən proqnoz vermək olduqca çətindir. Bütövlükdə parlamentdə yeni nəfəsin, gənclərin, eləcə də iqtisadçı kadrların gəlməsi vacibdir. Amma 1 il öncədən parlamentdə iştirak edib-etməməklə bağlı qərar vermək elə də asan deyil. Ümumilikdə isə düşünürəm ki, parlamentdə olsam, daha çox töhfə vermək imkanlarım olacaq. Önəmli olan mənim parlamentdə olmağım deyil, vacibi parlamentdə layiqli insanların olmasıdır.

“Sosial ipoteka kreditlərinin faizləri yüksəkdir”

Leyla Əliyeva: Dünya Bankının araşdırmalarına görə, Azərbaycanda mənzil problemini həll etmək üçün 6 milyard vəsaitə ehtiyac var. İldən-ilə büdcədən ipoteka kreditlərinə ayrılan vəsaitin həcmi artırılır. Bununla belə, İpoteka Fondunun xətti ilə verilən kreditlərin həcmi 5 faiz azalıb. Mərkəzi Bank isə hər ilin sonunda növbəti il proqramın təkmilləşəcəyini vəd edir. Gələn il nə isə ümid edək?
- İpoteka kreditləşməsinin müsbət tərəfi odur ki, vətəndaş pul götürüb ev alır. Mənfi tərəfi isə daşınmaz əmlak bazarında aktiv tələb formalaşdırır. O baxımdan, bir sıra ölkələrdə ipoteka kreditləşməsi ilə yanaşı, sosial və ya xalq evləri tətbiq olunur. Bu sistemin tətbiqi ipoteka kreditlərinin aktiv tələbdən passiv tələbə çevrilməsinə imkan verir. Belə halda dövlət bazara pulla deyil, evlə daxil olur. Yəni, büdcədən vəsait ayrılır, mənzil inşa olunur, tikinti xərclərinə uyğun olaraq, 20 il müddətinə gənclərə verilir. Dövlət bununla tələbin bir hissəsini bazardan çıxarır. Təklif artdığından qiymətlər azalır. Bunları nəzərə aldıqda ipoteka proqramının təkmilləşdirilməsi, genişləndirilməsi vacibdir. Məsələn, sosial ipoteka proqramının ən çatışmayan cəhəti kreditlərin gənc ailələr üçün nəzərdə tutulmasıdır. Amma xeyli sayda gənc var ki, məhz evi olmadığından ailə qurmur. Bütün dünyada olduğu kimi, subayların da güzəştli ipotekadan yararlanmaq hüququ olmalıdır. Sosial ipoteka kreditlərinin faizləri də yüksəkdir. Norveçdə kommersiya ipoteka kreditlərinin faizləri 3,5 faizdir. Dövlətin ayırdığı kreditlər 1-1,2 faizlə verilir. Yeri gəlmişkən, Azərbaycan Norveç modeli tətbiq etdiyi üçün bu ölkəni misal gətirirəm. Digər ölkələrdə faizlər daha yüngüldür. Vəsait dövlət büdcəsinindirsə, kommersiya xarakterli ola bilməz. O ki qaldı proqramın təkmilləşdiriləcəyi ilə bağlı vədlərə, 2011-ci ildən Mərkəzi Bank belə bəyanat verir. Növbəti ildə dəyişiklik baş vermir. Artıq bu məsələ tapmacaya çevrilib.

“Disksatan dedi ki, Rəşid Behbudovun yox, Elarizin diski var”

N.Ehlamqızı: Rəqəmlərdən yorulanda necə dincəlirsiniz? Musiqi, kitab yoxsa idmanla yorğunluğunuzu çıxarırsınız?
- Düzü, bədii kitab oxumağı sevirdim, amma indi bədii kitab oxumağa çox az vaxtım var. Brüselldə olanda Con Qrişamın “Gray mountain” kitabını almışdım, təxminən bir aydır özümlə gəzdirirəm, amma oxuyub qurtara bilmirəm. Vaxt az olur, çalışıram ki, bestseller kitabları alıb oxuyum. Musiqini isə maşında radioda dinləməyi xoşlayıram. Amerikada olanda ən çox Rəşid Behbudovun ifalarına qulaq asırdım, həm nostalji idi, tələbəlik illərimi xatırlayırdım. Azərbaycanla bağlı universitetdə tədbir keçiriləndə mütləq Rəşid Behbudovun ifasında musiqi qoyurduq. Bizdə, yəqin, rast gəlmisiniz, yol kənarında disk satırlar, mən də bir gün rayona gedirdim, disk satandan soruşdum ki, Rəşid Behbudovun diski varmı? Qayıtdı ki, Rəşid Behbudovun diski yoxdur, amma Elarizin var. Dedi, Behbudovun diskini alan yoxdur. Təəssüf ki, klassik müğənnilərimizə qulaq asanların sayı xeyli azalıb.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər