“Ermənilərlə eyni mövqedən çıxış edən müxalifətçilər var”
“Brifinq”in növbəti qonağı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər namizədi Hikmət Babaoğludur. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri, Azərbaycanda ABŞ-a dair dinləmələr kimi dolu gündəm barədə H.Babaoğlu “Gündəlik Teleqraf”çıların suallarını cavablandırdı. “Beşinci kolon”un məqsədi, formalaşma tələbindən danışan Yeni Azərbaycan Partiyasının rəsmi qəzetinin baş redaktoru medianın durumuna da münasibət bildirdi.
“Nizaminin Leylisi Füzulinin Leylisi ilə müqayisədə daha azaddır”
T.Şahsuvarlı: Hikmət müəllim, Avropa mədəniyyətinin, elm və texnikasının inkişafına əsas səbəb o oldu ki, renessans dövründə dindən, mifologiyadan, folklordan imtina edildi, yeni - mədəniyyətə, elmə meyillənmiş şüur formalaşdı. Biz o prosesi niyə keçə bilmirik.
- Əslində, biz o prosesi avropalılardan əvvəl keçmişik. XIV əsrdə dinə tənqidi münasibət mövcud idi, açıq dini müzakirələr keçirilirdi. Ona görə də İslam cəmiyyəti inkişaf edirdi. XV-XVI əsrlərdən sonra geriləmə başladı. İndi nə qədər klassik görünsə də, məsələn, Nizami Gəncəvinin “Leyli”si ilə, Məhəmməd Füzulinin “Leyli”sini müqayisə edəndə görürük ki, qadın azadlığı XII əsrlə müqayisədə XVI əsrdə daha sərt, pis idi. Qadınlar aşağı görünürdü. İslam ictimai fikrinin nəhəngləri də o dövrdə yetişdi, İslamda təbabət də, texniki tərəqqi də, yeni kəşflər də baş verdi. Sonrakı dövrdə İslam dininin hakim olduğu cəmiyyətlərdə ehkamlar yarandı, din doğru şərh olunmadı, beləliklə, bizdə İslam dini buxova çevrilməyə başladı. Avropada isə bu proses tərsinə getdi. Əslində, Avropada heç vaxt din Roma dövründən üzü bəri tam həyat tərzi və yaşam fəlsəfəsi kimi qəbul olunmayıb. Avropalıların genetik yaddaşında bütpərəstlik olduğu və vahid tanrı inancı olmadığı üçün onlar dini tam mənimsəyə bilməyiblər. Türklərin isə ibtidai dinlər kimi səciyyələndirə biləcəyimiz ilkin dinləri belə səmavidir, tanrıya söykənir. Avropalılarda isə fərqlidir. Ona görə də Roma imperiyası uzun müddət xristianlığın yayılmasına qarşı mübarizə apardı, amma yenə də axırda xristianlıq yayıldı. Adı xristianlıq olsa belə, Attila Romanı mühasirəyə alanadək Avropada olan katolik xristianlıq iudaizmin bir forması idi. Avropadakı bugünkü xristianlıq isə klassik tanrıçılıqdır. Katolik xristianlığı bütün məbədləri, ritualları, simvolları ilə Attilanın verdiyi dindir. Attila Romanı mühasirəyə alanda kilsəni təmsil edən papa II Leoya çox maraqlı şərtlər qoyur. Biz Attilanın möhtəşəmliyini orada görürük. Leo deyir ki, hansı şərtlərin varsa, qəbul edirik, Roma şəhərinə girmə. Attila çalışır ki, elə qəbuledilməz şərtlər qoysun ki, Romaya daxil olsun. Onun şərtləri arasında çox önəmli şərtlərini vurğulamaq istərdim: Deyir ki, imperatorun bacısı ilə evlənəcəyəm, Roma torpaqlarının üçdə birini cehiz verəcəksiniz. Bu cür ağır şərti qəbul etmək olarmı? Söhbət torpaqdan gedir. Dövlətçilik nöqteyi-nəzərindən maraqlı şərt bilirsinizmi hansı idi? Deyirdi ki, mənim, yaxud sizin ərazinizdə sizin xeyrinizə casusluq edib sizə sığınan insanları mən cəzalandıracağam. Bu, müasir mərhələdə “beşinci kolon” məsələsidir. Yəni, deyir ki, ərazimdə bir nəfər sizin xeyrinizə casusluq edib Romaya qaçıbsa, onu mənə verəcəksiniz, o, mənim qanunlarımla mühakimə olunacaq. Görün, nə qədər sərt dövlət qanunları və funksional dövlət varmış.
“Beşinci kolon” milli dövlətlərin içərisinə yeridilən Troya atıdır"
T.Şahsuvarlı: “Beşinci kolon” məsələsi
- Dövlətçiliyi ayaqda tutmaq üçün indiki terminlə desək, “beşinci kolon”un nümayəndələri mütləq cəzalandırılmalı imiş. Attila da böyük dövlət xadimi kimi bunu dərindən bilirdi. Biz bu dövlətçilik mədəniyyətindən gəlmişik. Müasir mərhələdə Azərbaycanda “beşinci kolon” institutuna olan münasibət buradan yaranıb. Milli dövlətçiliyimizi qorumaq üçün ictimai müqavimət olduqca vacibdir. Biz eramızdan əvvəl 22-18-ci əsrlərdə Yunan-Troya müharibələri dövründə “beşinci kolon” faciəsini yaşamışıq. Hesab edirəm ki, Troya dövlətçiliyi türk dövlətçiliyinin tərkib hissəsi idi. Burada heç bir vasitə ilə Troyanı məğlub edə bilməyən yunanlar atı qənimət kimi döyüş səhnəsində qoyub qaçırlar. Bir əsgəri öyrədirlər ki, siz Troyaya deyin ki, Allah bu atı yunanlara töhfə kimi göndərib, yunanlar bundan imtina edib qaçdılar. Ona görə də Allah onları cəzalandıracaq. Troyalılar böyük həvəslə atı qalanın içinə gətirdilər ki, Allah onları mükafatlandıracaq. Aldadıcı bir hərəkət idi, Troya atının içərisində yunan əsgərləri vardı. Allahın onlara sovqat göndərdiyinə sevinən troyalılar gecə qalanın içində kef məclisi düzəldirlər, şərab içib sayıqlıqlarını itirirlər. Bugünkü “beşinci kolon” milli dövlətləri içərisinə yeridilən Troya atıdır. Sayıqlığımızı itirməməliyik.
“Bu gün biz ”azadlığ"a yas tuturuq"
T.Şahsuvarlı: Azərbaycana o atı neçə dövlət göndərir?
- Azərbaycana Troya atı ixrac edən ölkələr çoxdur. Onlar bir sıra Qərb ölkələri, Qərbin islamafob dairələri, Avroatlantik bloku təmsil edən ən hegemon güclər, postbipolyar beynəlxalq sistemdə özünü hegemon güc kimi göstərən “azadlıq imperiyası”nı quranlardır. Bu gün çox təəssüf ki, XXI əsrdə “azadlıq imperiyası” fəlsəfəsi ilə dövlət quranlar azadlığı bir dəyər kimi gözdən salırlar. “Azadlıq imperiyası” dövlətçiliyinin fəlsəfəsi belədir ki, biz - ABŞ dünyanın hər hansı guşəsində öz azadlıqları naminə insanları öldürə bilərik. Azadlıq anlayışının bu qədər eybəcər interpretasiyası heç bir yerdə olmayıb. Azadlığın bir dəyər kimi gözdən salınması, ucuzlaşdırılması dünyada bu cür baş tutmayıb. Azadlıq haqqında belə düşünmək üçün, görünür, yalnız amerikasayağı təfəkkürə malik olmaq lazımdır. İnsanı öldürəndən sonra ona nə vermək olar? Bu fəlsəfə insanı “azadlıq”la ələ salmaq deməkdir. Bu, ABŞ timsalında azadlığın edamı deməkdir. Bu gün biz “azadlığ”a yas tuturuq.
“Onlara nə qədər azadlıq verirsinizsə, verin kifayət etməyəcək”
Dilqəm Əhməd: O güclər bir insanı öz kolonlarına necə daxil edirlər. Məsələn, bir azərbaycanlı necə öz milli maraqlarını satır? Bunu pul, yoxsa güc üçün edir?
- Bütövlükdə postsovet məkanı üçün belə bir ictimai zəmin formalaşdırırlar, insanların şüuruna manipulyasiya edirlər, yeni növ insan yetişdirirlər. Biz bilirik ki, idraki, əqli resurslarına söykənərək hərəkət edən insan homo sapiensdir, ağıllı insan deməkdir. Ancaq sosial media, internet resursları vasitəsilə kodlaşdırılmış informasiya əsasında hərəkət edən yeni insan növü formalaşdırırlar. Bunun da adı homo informatikusdur. Onlar özlərindən asılı olmayaraq aldıqları informasiya əsasında hərəkət edirlər. Bəzi dəyərlər ideallaşdırılaraq bir növ kodlaşdırılıb və o insanların beyninə yerləşdirilir - azadlıq, insan hüquqları, demokratiya. Mən deyərdim ki, bu cür insanlar demokratiya idealları ilə zombiləşdirilib. Onlara nə qədər azadlıq verirsinizsə, verin, yenə kifayət etməyəcək. Bunlar real demokratiya platformasından xəyali, romantik bir dünya təsəvvür edirlər. Kommunizm ideologiyası cəmiyyət üçün nə qədər zərərli idisə, istismarçı demokratiyanı təmsil edən, onun formalaşdırdığı auditoriya bir o qədər təhlükəlidir. Biz siyasi keçmiş etibarilə postsovet məkanına aidik. Keçmiş postsovet məkanında bu cür insanları öz millətinə qarşı qoymağın xüsusi təcrübəsi mövcuddur. Müxtəlif Qərb institutları, imperialist mərkəzlər xüsusi sosioloji, genetik, milli-psixoloji araşdırmalar aparıblar, hansı xalqla necə davranmağın lazım olduğunu mənimsəyiblər. Nəticədə görmək istədikləri formada nümunələr yetişdirə bilirlər. Burada maddi həvəsləndirmə, ideoloji təbliğat, manipulyativ düşüncə tərzinin təlqin olunması və mənimsənilməsi var.
T.Şahsuvarlı: Tip olaraq kimi yetişdirə biliblər?
- Azərbaycanda da imperialist mərkəzlərin toruna düşənlər var. Bunlar əsasən romantik və radikal insanlar olurlar. Normal düşüncə sahibləri ilə işləmək onlar üçün bir qədər çətindir. Daxilində neqativ enerji çox olan adamları daha asan idarə edirlər. Çox təəssüf ki, neqativ enerji ünvanına doğru yönəlmədi. Əslində, bizim neqativ enerjimizin yönələcəyi istiqamət düşmən tərəf, torpaqlarımızı işğal edən Ermənistan olmalı idi. Amma Qərb institutları Azərbaycana ayaq açar-açmaz bu enerjini çox böyük ustalıqla idarə edib yönləndirməyə başladılar. Bu gün görürük ki, Azərbaycanda elə radikal müxalifət nümunələri var ki, ermənilərlə eyni mövqedən çıxış edir. Bunu söz xatirinə demirik, reallıqdır. Bir də görürsünüz ki, eyni məsələ ilə bağlı imperialist mərkəzlərin qeyri-hökumət təşkilatları nə deyirsə, Azərbaycandakılar mexaniki olaraq onu təkrar edirlər. Bütün bunlar nəticə etibarilə ona gətirir ki, milli dövlətlər sıradan çıxsın.
“Azərbaycan iqtisadiyyatının 69 faizi qeyri-neft sektoru ilə formalaşır”
T.Şahsuvarlı: Biz Ermənistanı forpost adlandırırıq. Onların da bizə qarşı tezisi budur ki, Azərbaycanın müstəqilliyi neft amilindən asılıdır, neft, transmilli şirkətlər olmazdısa, bizim müstəqilliymiz olmazdı. Bu, nə qədər doğru iddiadır?
- Bu fikrə çox ciddi rəqəmlərlə cavab vermək olar. Bu gün Azərbaycan iqtisadiyyatının 69 faizi qeyri-neft sektoru ilə formalaşır. Təkcə bu arqumentlə ermənilərin bizə qarşı iddia etdiyi fikirləri alt-üst etmək olar. Neft faktorundan, əlbəttə, Azərbaycan olduqca effektiv istifadə etməyi bacardı. Bu, danılmaz həqiqətdir. Biz neft faktorundan istifadə edərək müstəqilliyimizi gücləndirdik, onun iqtisadi əsaslarını yaratdıq. IV Bakı Beynəlxalq Humanitar Forumunda cənab Prezident qeyd etdi ki, iqtisadi müstəqilliyimiz bizim siyasi müstəqilliyimizi təmin edən vasitədir. Bu iqtisadi müstəqillik təkcə neft faktoru ilə məhdudlaşmır. Bu gün Azərbaycanda ciddi sənaye formalaşıb, ölkəmizdə tarixən son 200-250 ildə olmayan yeni sənaye növləri, hərbi sənaye növü yaranıb. Aqrar potensialını güclü şəkildə realizə etməyi bacarır, kənd təsərrüfatı məhsulları ixrac edir. Hər bir xalqın milli təhlükəsizliyi üçün əsas məsələlərdən biri olan ərzaq təhlükəsizliyini öz daxili resursları hesabına təmin edib. 2015-ci ili cənab Prezident kənd təsərrüfatı ili hesab elədi. Bu, ərzaq təhlükəsizliyimizi formalaşdırmaq üçün ciddi bir məsələ olacaq. Ən azı 10 min və daha çox hektar torpağın əkin dövriyyəsinin qazandırılmasından söhbət gedir. Eldar düzü və Ceyrançöl massivində minlərlə hektar torpağın suvarılması üçün xüsusi suvarılma kanalları çəkilir. Bu, o şəraitdə baş verir ki, Azərbaycanın ət və buğda anbarı hesab olunan Qarabağ və Dağlıq Qarabağ işğal altındadır. Buna baxmayaraq Azərbaycanın illik buğda tələbatı 3 milyon tondur, 2 milyon 700 min ton buğda istehsal olunur. Ölkəmizin ət anbarı dediyimiz Laçın, Kəlbəcər, Zəngəzur yaylaqları əlimizdə olsaydı, görün nə qədər ət istehsal olunardı. Aran Qarabağın ən münbit əkin torpaqları əlimizdə olsaydı, aqrar sektor, kənd təsərrüfatı necə inkişaf edəcəkdi.
“Milli dövləti öz qurucu ünsürünün əli ilə yıxırlar”
D.Əhməd: Ölkə Prezidenti İlham Əliyev Türkiyəyə səfər etdi. Görüşdən gözləntiləriniz nədir? Yeri gəlmişkən, Azərbaycanla yanaşı Qərbdən Türkiyəyə də eyni ittihamlarla təzyiqlər olur. Bu, eyni mərkəzdən idarə olunur?
- Türkiyə-Azərbaycan münasibətləri strateji münasibətlərdir. Əksər hallarda Türkiyəyə olan münasibət Azərbaycana da şamil olunur və ya əksinə. Ona görə də ulu öndərimiz Heydər Əliyevin bir millət, iki dövlət kimi səciyyələndirdiyi Türkiyə-Azərbaycan münasibətləri həm daxili, milli, tarixi, etnik faktora, həm də müasir beynəlxalq münasibətlərdəki yanaşmaya söykənir. Ona görə də bu gün Türkiyə və Azərbaycan geniş mənada beynəlxalq münasibətlərdə bəzi hegemon güclər tərəfindən eyni prizmadan təhlil olunur. Bugünkü şərtlər iki ölkənin müttəfiqliyini əslində diktə edir. “Beşinci kolon” məsələsi təkcə Türkiyə və Azərbaycanda deyil, bütün dünyada aktualdır. Çünki milli dövlətləri dağıdan yumşaq güc kimi formalaşdırılıb. Netokratiya adlı şəbəkə hakimiyyəti vasitəsilə hərbi gücə ehtiyac qalmadan imperialist mərkəzlər öz maraqlarını milli dövlətlərə diktə etməyin yeni formalarını tapdılar. Türkiyədə son dövrlər baş verən hadisələr, Azərbaycanda 2011-ci ildən başlayaraq Avropada bəzi gənclər tərəfindən başlanan çağırışlar, qisas günü tipli şüarlar eyni imperialist mərkəzin vahid layihəsidir. Amma milli xüsusiyyət və mentalitetə uyğun olaraq bunların həyata keçirilməsi bəzən uğurlu, bəzənsə uğursuz olur. Müsəlman, ərəb dünyasında bu, çox asanlıqla baş tutdu. Milli dövləti öz qurucu ünsürünün əli ilə yıxırlar. Dövləti vətəndaşlar, xalq, insanlar qurur. Ərəb baharı adında bütün Şimali Afrika və Yaxın Şərqdə bu, baş tutdu. Amma o cəmiyyət ki, inkişaf edir, prosesləri dərk edir, orada bu məsələ uğurlu alınmır. Azərbaycan cəmiyyətində də, Türkiyə cəmiyyətində də o cür oldu. Gəzi parkı olayları, paralel dövlət proyektlərini misal gətirmək olar. Bu gün iki qardaş və müttəfiq dövlətlər arasında bundan sonrakı mərhələdə də dövlətlərarası münasibətlərin inkişafı, qarşılıqlı yatırımlarla bağlı məsələlər müzakirə olunan məsələlər olmalıdır.
Vasif Həsənli: Azərbaycan, Türkiyə və Rusiyanın birgə əməkdaşlığa başlaması Qərbdə fəallaşmanı artırıb. Ərdoğan və Putin arasındakı görüşdən sonra Azərbaycan və Türkiyəyə qarşı təzyiqlər fəallaşdı. Bu, görüntüdür, yoxsa doğrudan da belədir.
- Hər bir milli dövlət üçün əsas məqsəd hansı vasitə ilə olursa olsun, milli maraqları təmin etməkdir. Azərbaycan da buna istinad edir. Azərbaycan çox çevik və ağıllı diplomatik fəaliyyət həyata keçirə bilir. Şərqi Avropanın iki nəhəng dövləti olan Rusiya ilə Ukrayna arasında çox ciddi hadisələr baş verdi. Hər iki ölkə Azərbaycanla tarixi ənənəvi əlaqələri olan ölkələrdir. Amma bu mərhələdə, hadisələrin tarixi kökü, bugünkü beynəlxalq münasibətlərdə statusu nə olursa olsun, bütün hallarda Azərbaycan bu hadisələrin hər birindən öz milli maraqları üçün faydalanmağı bacardı. Bəzi hallarda hətta ziddiyyətli görünürdü ki, Rusiya Ukraynanın ərazisi olan Krımı işğal etdi, Azərbaycan diplomatiyası burada özünü necə apardı? Bu hadisələrdən çevik və milli maraqlarımıza uyğun istifadə edərək elə bəyanatlar verdi ki, Rusiya ilə münasibətlər korlanmadı, əksinə oradakı nümunədən Dağlıq Qarabağın azad olunması üçün bir siyasi qənaət ifadə olundu. Milli diplomatiya siyasi elmdə milli gücün beyni hesab olunur. Rusiya-Azərbaycan-Türkiyə üçbucağında baş verənlərə gəlincə, milli maraqlar olan yerdə nə əbədi düşmən var, nə də əbədi dost var. Avropanın Rusiya ilə, Rusiyanın Türkiyə ilə münasibətləri necə olacaqsa olacaq, Azərbaycan milli maraqlarımız üçün mübarizə aparacaq.
“Media yumşaq gücdür, milli təhlükəsizliyi təmin edən əsas vasitələrdən biridir”
Nərgiz Ehlamqızı: Mətbuat orqanı tərəfsiz və qərəzsiz olmalıdır. Bir partiyanın rəsmi orqanı olan qəzetin hansı əlavə imkanları və çərçivələri olur?
- Bir neçə gün əvvəl bir məqalə yazmışdım: “Media qlobal dəyərlər kontekstində informasiya vasitəsi, yoxsa yumşaq güc”. İndiki mərhələdə medianın informasiya ötürücüsü olmasını, yaxud obyektiv və qərəzsizliyi kimi idealist baxışları qəbul etmirəm. Media bu gün gücdür. O, ölkənin hərbi təhlükəsizliyini, milli maraqları müdafiə edəcək hərbi güc kimi, daxili sabitliyi qoruyacaq, hüquq-mühafizə orqanları qədər, ondan da böyük gücdür. Ona görə də mediaya informasiya alıb-ötürən, sadə mexanizm kimi baxmaq qətiyyən düzgün deyil. Media yumşaq gücdür, milli təhlükəsizliyi təmin edən əsas vasitələrdən biridir. Azərbaycan Prezidentindən yenə sitat gətirəcəyəm. Cənab prezident söyləyir ki, deyirlər media IV hakimiyyətdir, əgər internet resurslarını, sosial medianı da nəzərə alsaq, media bu gün ikinci hakimiyyətdir. Burada söhbət medianın hərfi mənada hakimiyyət olmasından getmir. Söhbət medianı hakimiyyət resurslarını formalaşdıran vasitə kimi görməkdən gedir. İndiki mərhələdə internet dövründə, sosial media erasında necə qərəzsiz və tərəfsiz, obyektiv, operativ informasiyadan danışa bilərsiniz. İnformasiya agentlikləri də sosial şəbəkələrdə yayılan informasiyalarla ayaqlaşa bilmir. Çünki agentliklərin informasiyanı əldə edib yaymaqla bağlı yazılı kodeksləri var. Bizim qəzetin tirajı 8 minə yaxındır, tək mənim 4 mindən çox virtual dostum var. “Yeni Azərbaycan” qəzetinin 3 əməkdaşının sosial şəbəkədə olan dostlarının sayı qəzetimizin tirajının sayından çoxdur. Bu informasiyalar haradan tez gələcək? Çap mediası, informasiya agentlikləri sosial şəbəkənin qarşısında operativlikdən danışa bilmərik. Peşəkar öhdəliyi olan medianın dövlət maraqlarını, milli maraqları qorumaq kimi öhdəçiliyi var. Ona görə də bu, real, yumşaq gücdür. Vaxtilə ideallaşdırılmış qərəzsizlik, obyektivlik, operativlik, dəqiqlik kimi prinsipləri qəbul etmirəm.
Sevil Hilalqızı: Hikmət müəllim, hazırda mobil telefonlar, planşetlərdəki oyunlar uşaqlarımızın əksəriyyətinin marağındadır. Folklor İnstitununun alimləri ciddi narahatlıq keçirilər ki, uşaqlarımız Uolt Disney qəhrəmanlarının əsirinə çevrilib, onları bu girdabdan qurtarmaq üçün bu institutda müasirləşdirilə biləcək, hələ işıq üzü görməyən oyunlar da var. Təhsil Nazirliyi də bildirib ki, onlar az sayda milli formatda oyunlar hazırlayıblar. Sizcə, uşaqlarımızı necə xilas edək?
- Bu gün qlobal informasiya məkanı var. Milli informasiya məkanının sərhədlərinin harada qurtardığını, qlobal informasiya məkanının harada başladığını bilmirik. Bu sərhədi müəyyənləşdirmək də mümkün deyil. Hər bir milli dövlət öz milli məkanını qorumalı və idarə etməlidir. İndi informasiya hər bir müasir cəmiyyəti dilemma qarşısında qoyur: ya siz informasiya məkanınızı idarə edəcəksiniz, ya da informasiya sizi idarə edəcək. Vay o gündən ki, informasiya sizi idarə etməyə başladı. O zaman milli əxlaq da, mədəniyyət də gedəcək, milli mənsubiyyət də itəcək. Təkcə Azərbaycanın yox, bütövlükdə milli dövlətlərin qarşısında duran əsas məsələ bundan ibarətdir ki, o, milli informasiya məkanını qorusun. Bu prosesdə, eyni zamanda, təmkinli olmaq lazımdır. Uşağın 5-8 yaşına qədər olan dövrlərində onların informasiya ilə davranış qaydasında yaxşı olar ki, milli axtarış sistemi formalaşdırılsın. Valideynlərin nəzarəti altında uşaqlar “Google” tipli milli axtarış sistemində tariximizi öyrənsin, milli oyunlarımızı, nağıl, dastan qəhrəmanlarımızı tanısın. Bunu etmək mümkündür. Hesab edirəm ki, hər bir ailə müəyyən dövrə qədər uşağa nəzarət edə bilir. İlkin milli şüurun püxtələşməsindən sonra onu geniş qlobal məkana buraxmaq olar. Fəsadlardan qorumağın bir yolu kimi mən bunu görürəm. Hətta o olmasa belə övladlarımızın qlobal informasiya məkanına yönləndirilməsi mümkündür. Bizim nəsil üçün internet məkanı yaddır. Uşaq isə orada doğulub və böyüyür. Ona görə də onu bu doğmalıqdan qopara bilmərik. Ancaq onu yönləndirmək olar.
“Xizək yarışması üzrə çempion olmuşam”
N.Ehlamqızı: Mədəni istirahətinizi necə keçirirsiniz? Axırıncı dəfə teatra nə zaman getmisiniz? Azərbaycan müğənnilərindən kimlərin ifasını dinləyirsiniz?
- Axırıncı dəfə teatra nə zaman getdiyimi xatırlamıram. Birincisi, vaxt olmur. İkincisi, daha çox aktiv istirahətə meyil salmışam və zəruri hesab edirəm. 48 yaşım var, yaş dövrü ilə əlaqədar passiv istirahət mənə uyğun deyil. Yeni il ərəfəsində Qarsda Sarıqamışda oldum. Orada yaxşı xizək mərkəzləri var. Mən xizək yarışması üzrə çempion olmuşam. Doğulduğum rayonda belə yarışlar keçirilirdi, 8-ci sinifdə oxuyanda rayon çempionu olmuşam. Sarıqamışdakı qardan, xizək sürməkdən böyük zövq aldım. Bir də atlarla ünsiyyətdə olmağı, at minməyi, hərəkət etməyi çox sevirəm. Mahnılara gəlincə, Azərbaycan müğənnilərindən Röyanın səsini çox sevirəm. Xəyyam Mustafazadənin səsini bəyənirəm. Muğam ustalarımızdan Təyyar Bayramovun ifasını dinləməyi xoşlayıram. Aygün xanım Bayramovanın xalq mahnılarımızı simfoniya, orkestrlə ifadə etməsi xüsusi ləzzət verir.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD