Bu gün səhərdən etibarən Rusiyanın “Russia Today” telekanalının Argentinanın dövlət teleşəbəkəsində pulsuz yayımı dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Russia Today” məlumat yayıb. Buna baxmayaraq kanalın kabel yayımı dayandırılmayıb.
Artıq Rusiyanın Argentinadakı diplomatik nümayəndəliyi kanalın yayımının dayandırılmasına reaksiya verib.
Rusiyanın Buenos-Ayresdəki səfiri Viktor Koronelli RİA-Novostiyə bildirib ki, əgər telekanalın pulsuz yayımı həqiqətən dayandırılacaqsa, Argentina rəhbərliyinin bu addımı iki ölkənin bütün sahələri əhatə edən hazırkı əməkdaşlıq əlaqələrinin ruhuna cavab verməyəcək.
Diplomat bildirib ki, hələlik Rusiya tərəfinə bununla bağlı heç bir rəsmi məlumat verilməyib: “Biz ən qısa zamanda bu informasiyanı dəqiqləşdirməyə çalışırıq. Əgər həqiqətdirsə, bu qərar çox qəribə təsir bağışlayır və onun motivinin nədən ibarət olması başa düşülmür”.
Onun sözlərinə görə, bu qərar Argentina əhalisinin dünyada baş verənlərlə bağlı obyektiv informasiya almaq imkanlarını məhdudlaşdıracaq. Koronelli ümid etdiyini bildirib ki, ölkə hakimiyyəti bu məsələyə dair öz münasibətini bildirəcək.
Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov bu addımı Argentinanın yeni hökumətinin Amerika oriyentasiyası ilə əlaqələndirib:
“ABŞ-ın əlaltısı Argentinanın rəhbəri olandan dərhal sonra “Russia Today”ı milli teleyayımdan çıxarmaq qərarı verdilər”.
A.Puşkov “Bəs bizim bazarları onların ətindən müdafiə etmək lazım deyilmi?” deyə ritorik sual verərək Argentinaya qarşı atılacaq addımların mümkün istiqamətlərini göstərib.
Qeyd edək ötən ilin noyabrında Argentinada hakimiyyət dəyişikliyi baş verib. Sol siyasi qüvvələri təmsil edən Kristina Fernandes de Kirşner ikinci prezidentlik müddətinin sonunda postundan əl çəkib. Sağçı müxalifətin namizədi Maurisio Marki prezident seçilib. Bu ilin mayında de Kirşner maliyyə maxinasiyalarında şübhəli bilinərək barəsində cinayət işi qaldırılıb.
Səxavət