Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Artak Zakaryan Rusiya-Ermənistan münasibətlərinin cari vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Teleqraf.com Ermənistan mediasına istinadla xəbər verir ki, komissiya sədri Rusiya və Ermənistanın birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında imzaladığı sazişin müvafiq vaxtda nəzərdən keçiriləcəyini deyib. O qeyd edib ki, hazırda parlament hakimiyyətdən daxil olmuş qanun layihələrini nəzərdən keçirir: “Xatırlatmaq istəyirəm ki, bu, ikitərəfli prosesdir və saziş Rusiya parlamenti tərəfindən də ratifikasiya olunmalıdır. Bu proses hələ yekunlaşmayıb”.
Bununla belə, parlamentin komissiya sədri Rusiya-Ermənistan münasibətlərinin özünün pis dövrünü yaşaması barədə səslənən fikirləri “əlavə spekulyasiya” adlandırıb.
Artak Zakaryan Qaregin Nidjedə abidə qoyulmasına Moskvadan verilən reaksiyalara da münasibət bildirib. Qeyd edib ki, Qaragen Nidjeni xaricilərin tanımaması günah deyil: “Mən də başqa xalqların görkəmli xadimlərinin fəaliyyəti ilə dərindən tanış olmaya bilərəm. Ancaq əminliklə deyirəm ki, erməni hərbçisi və dövlət xadimi Qaregin Nidjenin adı erməni xalqının tarixində vətənpərvərliyin şanlı nümunəsi kimi qalacaq. Problem ondadır ki, bu polemika Rusiya-Ermənistan münasibətlərini qəbul etməyən Azərbaycandan qaynaqlanır”.
Bu il mayın 28-də İrəvanda İkinci dünya müahribəsi zamanı III Reyxlə əməkdaşlıq etmiş Qaregin Nidjeyə abidə qoyulması Rusiyada narazılıqla qarşılanıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qaregin Nidjeyə abidə qoyulmasını anlamadıqlarını bildirib. Bu açıqlama Ermənistanda etiraz doğurub.
Səxavət