Sentyabrın 4-5-də Çində keçiriləcək "Böyük iyirmilik" ölkələrinin liderlərinin sammitində vacib görüşlər keçiriləcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bütün diqqət Vladimir Putin, Barak Obama və Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq ikitərəfli görüşlərə yönəlib.
Türkiyə prezidentinin rəsmi nümayəndəsinin verdiyi məlumata görə, Ərdoğan Obama ilə görüşdə Fətullahçı Terror Təşkilatının lideri Fətullah Gülənin ekstradisiyasını müzakirə edəcək. Bundan başqa, Ərdoğan sentyabrın 3-də rusiyalı həmkarı Vladimir Putinlə bir araya gələcək. Liderlər iki ölkə arasında əvvəlki münasibətlərin bərpa olunması, ən yüksək səviyyədə iş birliyinin qurulması, iqtisadiyyat, ticarət və energetika sahəsində birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edəcəklər.
Kremlin sözçüsü Dmitri Peskov Obama və Putin arasında görüşün planlaşdırıldığını deyib. Görüş zamanı Suriya böhranı prioritet məsələ olacaq. Peskov jurnalistlərin "Normand dördlüyü" ilə bağlı sualını da cavablandırıb: "Belə bir görüş olmayacaq. Vladimir Putin Obama ilə yanaşı, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandla təkbətək görüşlər keçirəcək".
Samir