1 Mart 2017 10:16
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çin Suriyada kimyəvi silah hücumu təşkil etdiyi təsbit olunan Bəşər Əsəd rejiminə qarşı sanksiya tətbiq olunmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamə layihəsinə veto qoyub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Suriyada kimyəvi silah tətbiq edən tərəflərin müəyyən edilməsi məqsədilə BMT və Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) tərəfindən yaradılan missiyanın (JIM) hesabatında Əsəd rejiminin üç dəfə, İŞİD terrorçularının da bir dəfə kimyəvi silahdan istifadə etdiyinin müəyyən olunduğu bildirilib.

Bu hesabatdan sonra Böyük Britaniya, ABŞ və Fransa Suriyada kimyəvi silah hücumları təşkil edənlərə qarşı sanksiya tətbiq olunmasını tələb edən qətnamə layihəsi hazırlayıblar.

Ötən ilin dekabrından etibarən davam edən müzakirələrdən sonra şurada səsverməyə çıxarılan qətnamə layihəsinə Rusiya və Çin veto qoyublar. Veto səlahiyyəti olmayan Boliviya da qətnamənin əleyhinə səs verib, Efiopiya, Misir və Qazaxıstan bitərəf qalıblar. 9 ölkə qətnamə layihəsinin lehinə səs verib.


Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında bir layihənin qəbul olunması üçün şuranın 15 üzvündən ən azı 9-nun lehinə səs verməsi və daimi üzvlər olan Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniyanın veto hüququnu tətbiq etməməsi lazımdır.


Bu, Rusiyanın Suriyada vətəndaş müharibəsinin əvvəlindən etibarən BMT TŞ-nın Suriya layihəsinə qarşı 7-ci vetosudur.

Bu arada, Fransa xarici işlər naziri Jan Mark Ero Suriya barədə qətnamə layihəsinə veto qoyan Rusiyaya sərt reaksiya göstərib.

O verdiyi açıqlamada deyib ki, ABŞ, Fransa və İngiltərə tərəfindən təqdim olunan qətnamə layihəsinə veto qoyan Rusiya Suriya xalqı və bəşəriyyətin qarşısında ağır məsuliyyət daşıyır. ero əlavə edib ki, dinc əhaliyə qarşı kimyəvi silah tətbiq edənlər qətiyyən cəzasız qalmamalıdır.

Samir


Müəllif:

Oxşar xəbərlər