Avropanın həmişə "uzaqvuran silah" saydığı demokratiya bu dəfə Almaniya və Avstriyadan sonra Hollandiyanı vurub. Uzaqdan yox, çox yaxından, düşünmə qabiliyyətini itirmiş başların alnından və İslamı terror kimi qələmə verməklə hansı yalanı söylədiklərinin, necə təhlükəli və fəsadlı mövqe tutduqlarının fərqinə varmayan qəlblərindən.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyini Türkiyəyə qarşı təzyiq göstərməyə son qoymağa çağıranda, bəzi ölkələrin, xüsusilə də Almaniya və Hollandiyanın hakimiyyət dairələrinin Ankara ilə bağlı davranışlarında neonasizm meyllərinin sezildiyini deyəndə, Fransa və digər ölkələrin də Avropa İttifaqından ayrılması prosesinin getdiyini deyəndə Qərb sinirlənirdi.
Türkiyə prezidenti onillərdən bəri Avropa Birliyinin sonsuz vədlərinə rəğmən, ölkəsinin bu quruma üzv qəbul edilməməsini ikili standartlar siyasəti və aşkar qərəz sayanda, Ankaranın alternativlərdən biri qismində Şanxay Əməkdaşlıq Təşkilatını saydığını bəyan edəndə isə Avropa Birliyi çılğına döndü.
Nəhayət, rəsmi Ankara Türkiyə vətəndaşlarının Avropa İttifaqına vizasız daxil olması barədə vəd yerinə yetirilməzsə, Türkiyə Avropa İttifaqı ilə miqrasiya prosesinin tənzimlənməsinə dair keçən il imzalanan sazişdən imtina edəcəyini bildirəndə Qərb "valı dəyişmək" qərarına gəldi.
Və Hollandiyada biabırçı olayların təməli belə qoyuldu.
Türk nazirə hədə: "Gedin, yoxsa sizə pis olar"
Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın ölkə ərazisini dərhal tərk etməsini istəyib.
Hollandiyalı məmurlar türk nazirə türk dilində müraciə edib və polis maşınlarının müşayiəti ilə Türkiyəyə dönməsini istəyiblər.
Rotterdam şəhərində, Türkiyənin baş konsulluğundan 30 metr aralıda saxlanmış nazir Kaya "xalqımla, həmvətənlərimlə 5 dəqiqə danışmaq istəyirəm" söyləsə də, polislər onu dinləməyiblər.
"Ölkəmin ərazisi olan baş konsulluğa girişimə maneələr yaradılır. Mədəniyyətin beşiyi, Avropanın göbəyi və il də 2017... Avropanın hər yerindən vətəndaşlarımız yanımızdadır. Onlarla görüşməyə maneələr yaradan düşüncəyə tabe olmayacağıq. Sadəcə, bir nazir yox, Türkiyə vətəndaşı və qadın olaraq bu qanunsuzluğa, hüquqların pozulmasına tabe olmayacağıq", - Kaya deyib.
Polis zabitləri isə "Buyurun, rəisimiz sizinlə danışmaq istəyir" deyirlər və həmin "rəis" türk xanım nazirə amiranə səslə söyləyir: "Yüksək səviyyədən əmr gəldi. Dərhal Hollandiyanı tərk etməlisiniz. Biz sizi müşayiət edəcəyik. Sizin üçün xüsusi təyinatlı polis qrupu gəlib. Maşınınıza oturaraq Almaniyaya getməlisiniz. Ən qısa yolla!"
Fatma Betül Sayan Kaya tabe olmayıb, sinirlənib: "Konsulluğumuzun binasına daxil olacağam. Bura ölkəmin ərazisidir və mən də ölkəmin naziriyəm. Heç bir beynəlxalq qanunda belə yasaq yoxdur. Bunu qəbul etmirəm, rədd edirəm! Almaniyaya da getmirəm!"
Polis rəisi səsini qaldırıb: "Belədirsə, zəng vuracağam. Başqa qərarlar ola bilər. Sizin üçün çox pis ola bilər!"
Naçar qalan Kaya polisin tələbinə əməl etmək məcburiyyətində qalıb.
Fatma Betül Sayan Kaya Hollandiyanı insan haqlarını kobul şəkildə pozmaqda suçlayıb. O, Hollandiyanı tərk edərək Almaniyanın Düsseldorf şəhərinə yollanıb.
İt dişlərinin arasındakı demokratiya
Hollandiyanın Rotterdam şəhərində, Türkiyənin baş konsulluğunun binasının qarşısına toplaşan, Avropanın ən müxtəlif ölkələrindən gələn türklər etiraz aksiyası keçiriblər. Onlar Hollandiyanın hakimiyyət dairələrinin Türkiyəyə, türk nazirlərə qarşı davranışını qınayıblar.
Polis 14 min nümayişçiyə qarşı dəyənəklərdən, su şırnağından, itlərdən istifadə edib.
Süvari polislər nümayişçiləri döyüblər.
Bu azmış kimi polislər xüsusi təlim görmüş köpəkləri türklərin üzərinə qısqırdıblar. Onlarla nümayişçini köpəklər dişləyib.
Süvari holland polisinin döydüyü şəxslər arasında türk jurnalistlər də var.
Sol göstərib sağ vuran Hollandiya
Hollandiyanın hazırda iqtidarda olan koalisiyası rəsmən solçu sayılsa da, radikal sağçıların hakimiyyətə gəlməsinə mane olmaq üçün sağçılardan da sağçı olmağa qərar verib.
Hər şey ötən həftə Almaniyadakı olaylardan sonra başlandı. Aprelin 16-da Türkiyədə Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı referendumu keçiriləcək. İqtidarda olan AKP də referendum ərəfəsində mitinqlər, görüşlər keçirir, müzakirələr aparır. Təbiidir, demokratik ölkədə belə də olmalıdır.
Üstəlik, rəsmi Ankara Avropa Birliyi ölkələrində yaşayan türkləri də unutmayıb, çünki həmin türklərin çoxu Türkiyə vətəndaşlarıdır və bu səbəbdən də nazirlər türk icmalarının daha çoxsaylı olduğu ölkələrə yollanaraq təşviqat kampaniyasına başlamaq qərarına gəlmişdilər.
Almaniyada mitinqlər və görüşlər yasaqlanandan sonra "ruhlanan" Hollandiya hökuməti Türkiyənin XİN başçısı Mövlut Çavuşoğlunun ölkəyə girişini əngəlləmək üçün onun təyyarəsinin enişini yasaqladı.
Hollandiya rəhbərliyi türk nazirlərin Türkiyədəki referendumla bağlı ölkələrinə gəlməsini istəmədiklərini desə də, praktik addımlar atmaqdan çəkinirdi. Fəqət Hollandiyada ifrat sağçı, irqçi və şovinist Azadlıq partiyasının lideri Gert Vilders ötən həftə Haaqada Türkiyə səfirliyinin qarşısında antitürk nümayişi keçirmiş, "Hollandiya hökuməti Türkiyəyə qarşı çox yumşaq davranır!" demiş, türk nazirləri müvəqqəti olaraq Hollandiyada arzuedilməz şəxslər elan edilməsini tələb etmişdi.
Hollandiyanın baş naziri Mark Ryutte də seçkilər ərəfəsində sağçıların mövqelərinin güclənməsini istəmədiyindən tələm-tələsik mətbuat konfransı keçirərək demişdi: "Mövlut Çavuşoğlunun, habelə digər türk nazirlərin Hollandiyada siyasi aksiyalara qatılmalarını, təbliğat və təşviqat səciyyəli görüşlər keçirmələrini istəmirik. Türk nazirlər başqa məqsədlərlə ölkəmizə gələ bilərlər".
Mövlut Çavuşoğlu da Hollandiyaya yollanmazdan əvvəl CNN Türk telekanalında qatıldığı proqramda söyləmişdi: "Əgər Hollandiya təyyarəmin enişini yasaqlasa, bu ölkəyə qarşı siyasi və iqtisadi sanksiyalarımız çox ağır ola bilər. Rotterdama gedəcəyəm. Onların nazirin uçuşunu yasaqlaması nə deməkdir? Hollandiya belə yanlış siyasətindən əl çəkməlidir".
Ryuttenin cavabı gecikmədi: "Biz Çavuşoğlunun gəlişini ictimai-siyasi sabitlik və təhlükəsizlik baxımından yasaqlamışıq. Sanksiya təhdidləri isə problemin həllini mümkünsüz edir".
Situasiya ilk baxışdan gerçəkdən də absurddur, Hollandiya rəhbərliyinin siyasi həyasızlığı və diplomatik qaydalarla yanaşı, beynəlxalq qanunları kobud şəkildə pozmasıdır.
Hər hansı ölkənin XİN başçısının təyyarəsinin enişinə əvvəlcədən, müvafiq prosedurlara uyğun olaraq yazılı icazə verilməsi, sonra da rəsmi qaydada enişin yasaqlanması iki ölkə arasındakı diplomatik təmasların son həddi, uçurumun kənarıdır. Beynəlxalq hüquq bir yana - demokratik dəyərlər və normalar, Avropanın Türkiyəyə və habelə, Azərbaycana "aşılamağa" çalışdığı prinsiplər, ölkələr arasındakı münasibətlər, ən nəhayət, Türkiyə və Hollandiya arasındakı 405 illik dostluq belə siyasi əxlaqsızlığa yol verənləri düşünməyə vadar etməli idi.
Dava yorğan davasıdır
"Bizdə siyasət yorğandır - kim güclüdürsə, öz tərəfinə çəkir". Üç əsr əvvəl Rotterdamda van Berqin söylədiyi bu ifadə o vaxtdan bəri ölkə siyasətinin ən dayanıqlı prinsiplərindən birinə çevrilib.
Almaniya və Avstriyadan sonra Hollandiyanın da Türkiyəyə qarşı aqressiv mövqe tutmasının yetərincə konkret, sadə səbəbləri var. Ölkədə iqtidarda olan siyasi qüvvə martın 15-də, çərşənbə günü keçiriləcək parlament seçkilərində uduzmaq istəmir.
Son sorğulara görə, ifrat sağçı və irqçi Gert Vildersin başçılıq etdiyi Azadlıq partiyası 18 faizlik səslə liderdir. Baş nazir Mark Ryuttenin başçılıq etdiyi partiya isə 16 faizlik səslə ikinci yerdədir.
Ümumiyyətlə, hazırda ölkənin əsas siyasi partiyalarının parlament seçkiləri ərəfəsindəki səs imkanları belədir:
Azadlıq Partiyası (PVV) - 18%;
Azadlıq və Demokratiya Partiyası (VVD) - 16%
Xristian-Demokratik Çağırış Partiyası (CDA) - 11%
Demokratlar 66 (D66) - 11%
Solçu Yaşıllar (GL) - 9,5%
Sosialist Partiyası (SP) - 8%
Əmək Partiyası (PvdA) - 7%
Təqaüdçülər Partiyası (50PLUS) - 6%
Yerdə qalan partiyaların, yəni Heyvanların Müdafiəsi (PvdD), İslahatçılar (SGP), Türklər (Denk), Demokratiya Uğrunda Forum (FvD), Hollandiya Uğrunda (VNL) partiyalarının toplaya biləcəkləri ümumi səslər 5 faizdən artıq deyil.
Hollandiyanın baş naziri Mart Ryuttenin lideri olduğu, guya sağçı-liberal mövqelər tutan Xalq Azadlıq və Demokartiya Partiyası (VVD) məğlub olmamaq üçün ifrat sağçı, irqçi bəyanatlara çıxış etməyə başlayıb.
Artıq iki həftədir ki, VVD partiyasının bəyanatlarında deyilir: "Hollandiyadakı insanlar ya normal davranmalı, ya da krallığı tərk etməlidirlər".
Bu ultimatum təbii ki, ilk əvvəl holland olmayan sakinlərə ünvanlanıb.
Hollandiyanın Baş Ştatlarına, yəni ölkə parlamentinin aşağı palatasına seçkilər martın 15-də olacaq.
Gert Vildersin ifrat sağçı Azadlıq Partiyası (PVV) seçkilərə mövcud siyasi isteblişmentə, Avropa Birliyinə, İslama qarşı şüarlarla gedir.
Son olaylardan sonra isə G.Vilders Twitter-dəki mikrobloqunda yazıb:
"Ərdoğan ilə eyni fikirdə olan, Hollandiyada yaşayan türklərə deyirəm: Türkiyəyə qayıdın və əsla geri gəlməyin! On illərdən bəri davam edən açıq sərhədlər, böyük miqrasiyalar, mədəniyyətin qorunmaması, inteqrasiyanın sıfır səviyyədə olması, ikili vətəndaşlıq - bu da sonucu. Şəhərin mərkəzində türklər "Allahu əkbər!" qışqırır. Bu şəhəri, bu ölkəni onlardan təmizləmək gərəkdir. Ərdoğan Hollandiyaya "faşist" deyir, türklər də Rotterdamda Türkiyə bayrağı yelləyirlər. İyrənclikdir!"
Hollandiya krallığında sağçı-irqçi populist və antimiqrant partiyalar çox idi, onların bəziləri hətta parlamentdə də yer almışdılar. Lakin aralarındakı didişmələr onları zəiflətdi, meydana Gert Vilders çıxdı.
Hollandiyanın siyasi sisteminin əsas özəlliyi odur ki, seçkilərdə qalib gələn partiya hökuməti təkbaşına formalaşdıra bilmir.
Bu səbəbdən Gert Vilders indi siyasətçiyə çevrilmiş telejurnalist Yen Rosun "Hollandiya Üçün" Partiyası (VNL) ilə danışıqlar aparır.
Son sorğuların nəticələrinə görə, Vildersin PVV partiyası seçkilərdə qalib gələcək, Nümayəndələr Palatasında başqa partiyalardan çox yer alacaq. Buna rəğmən, PVV mandatların ən yaxşı halda 25 faizinə yiyələnəcək.
İkinci Dünya Müharibəsindən sonra Hollandiyada 3 dəfə seçkilərdə qalib gəlmiş partiya ümumiyyətlə, iqtidara gələ bilməmişdi. 1971, 1977 və 1982-ci illərdə belə olmuşdu.
Martın 15-dəki seçkilərdən sonra çox yəqin ki, Hollandiyada 4-5 solçu və sağçı-mərkəzçi partiyanın koalisiyasından ibarət hökumət qurulacaq.
Hollandiyada 150 deputatdan ibarət Nümayəndələr Palatasında koalisiya yaratmaq üçün 76 mandat gərəkdir. Üstəlik, yeni hökumət qurulsa belə, Nümayəndələr Palatası ilə bahəm, Senatda da üstünlük əldə etməlidir. Senat isə birbaşa səsvermə ilə müəyyənləşdirilmir.
Hollandiyanın hakimiyyət dairələri indi antitürk və anti-İslam populizminə qapılmasının əsas səbəbi parlament seçkilərində uduzmamaq istəyidirsə, başqa məqam da var. Belə ki, Hollandiyadakı seçkilər bu il Avropa Birliyində ifrat sağçı populistlər üçün ilk ciddi sınaqdır.
Üstəlik, hollandların seçimi Fransa və Almaniyadakı parlament seçkilərinin "baş məşqi"nə də çevriləcək. Gert Vildersin PVV-nin qələbəsini Avropa Birliyindəki irqçilər, sağçılar və radikal populistlər "xalqın mövqeyi və seçimi" kimi qələmə verəcəklər. Hollandiyada Vildersin qələbəsi Fransada Marin Le Pen, Almaniyada "Almaniya üçün Alternativ" üçün çox yaxşı nəticə olacaq: fransız və alman populist sağçılar Vildersin partiyasının rəsmi müttəfiqləridir.
Tarixi presedentlər də Hollandiyanın Avropada siyasi dəyişikliklərin "qaranquşu" olduğunu göstərir. Məsələn, 1994-cü ildə Hollandiyada Əmək Partiyasının parlament seçkilərində qələbəsi və bu partiyanın lideri Vik Kokun baş nazir postuna yiyələnməsi Avropada mərkəzçiliklə liberalizmə söykənən sol-mərkəzçi dönüşün əsasını qoydu, Britaniyada Toni Bler, Almaniyada Gerhard Şröder seçkiləri uddular.
Bu dəfə də Hollandiyadakı seçkilər Avropanın siyasət meydanında sol mərkəzçilərlə sağ mərkəzçilər arasında ənənəvi mübarizənin sağ millətçilərlə irqçilərin ön plana çıxmasına təkan verə bilər.
...Hollandiyada siyasətçilər orta statistik seçiciləri, adi vətəndaşları "Henk və İnqrid" adlandırırlar.
Həmin o Henklə İnqridin dəstəyi almaq üçün rəsmi Amsterdam Türkiyənin XİN başçısı Mövlut Çavuşoğlunun şənbə gününə təyin olunmuş mitinqinə qatılmaması üçün onun təyyarəsinin enişini yasaqlayıb, nazir Kayanı ölkədən çıxarıb, türk nümayişçiləri döyüb, onların üzərinə polis köpəklərini qısqırdıb. Hollandiyada parlament seçicilərinə 3 gün qalsa da, seçicilərin 70 faizi kimə səs verəcəklərini hələ dəqiq bəlirləməyiblər.
Məhz budur baş nazir Mark Ryutteni ifrat sağçı və irqçi mövqelər tutaraq əsas rəqibi, qorxu mənbəyi olan Gert Vildersi zəiflətməyə, ona veriləcək səsləri oğurlamağa çalışmağa vadar edən.
Fəqət, çoxdan bəri Qədim Roma İmperiyasına çevrilmiş Avropa Birliyi laxlayır, çat verir və Vilders kimi irqçilər, İslam düşmənləri bu konstruksiyanı içdən gəmirərək dağıtmağa çalışırlar.
Avropadakı bəlli qurumlar, AŞPA-dakı qruplar, xüsusilə də Hollandiya hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda dərs verməkdə və başqalarına, ələlxüsus Türkiyə ilə Azərbaycana iradlar tutub şərtlər irəli sürməkdə qərarlıdır. Adət ediblər belə davranışa.
İnsan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyini bəyan etsə də, rəsmi Amsterdam Türkiyə rəsmilərinə qarşı təzyiq vasitələrinə əl atır, Hollandiyadakı yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan vermir, onlara qarşı güc tətbiq edir.
Bu, qərəzdir, bəyanatlarla reallıqlar arasında kəskin ziddiyyətdir, diplomatik və konsulluq münasibətləri haqqında Vyana konvensiyasının, insan hüquqlarının, sərbəst toplaşmaq və ifadə azadlığını ifadə etmək kiçi kimi demokratiyanın təməl prinsiplərinin ayaqlar altına salınmasıdır.
Belə qərarlar, belə davranış diplomatiya ilə yanaşı, elementar etika çərçivəsindən də kənar olmaqla yanaşı, Avropa Birliyi ölkələrinlə taun kimi yayılan islamofobiyanın, müsəlman düşmənçiliyinin, ksenofobiyanın və irqçiliyin ciddi problemə döndüyünü göstərir.
Bizə dərs verməyə çalışan Avropanın özünün tolerantlıq, siyasi mədəniyyət, multikulturalizm, anlaşma dərslərinə ehtiyacı var.
Elçin Alıoğlu
Milli.Az