Türkiyə Xarici İşlər Nazirliyi Avropa İttifaqının nümayəndələrinin Ankara-Amsterdam arasındakı siyasi böhrana qarşı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə XİN Avropa İttifaqını qeyri-obyektivlikdə suçlayıb:
"Avropa İttifaqı baş verən hadisədən sonra Türkiyəni Hollandiya və digər Avropa ölkələrindəki vəziyyəti daha da pisləşdirməyə yönələn hərəkətlərdən çəkinməyə çağırıb. Bu, qeyri-obyektiv yanaşmadır. Bu açıqlama anti-türk qüvvələrinə haqq qazandırır. Hollandiya 1961-ci ildə imzalanmış Diplomatik Əlaqələr Haqqında Vyana müqaviləsi ilə 1963-cü ildə imzalanmış Konsulluq Əlaqələri Haqqında Vyana razılaşmasını, Avropa İnsan Haqları Müqaviləsini pozur. Avropa Birliyinin bu bəsirətsiz açıqlaması ölkəmiz üçün heç bir dəyər daşımır".
Bu arada, Avropa İttifaqının sabiq məsul komissarı Günter Verhoyqen Türkiyəni müdafiə edib. Alman millət vəkillərinin "Türkiyəli nazirlərini istəmirik" sözlərinə Verhoyqen belə cavab verib: “Almaniyada 4 milyondan çox türk yaşayır. Yerli siyasətçilər bu adamları və rəsmi nümayəndələri dinləməlidir. Almaniyada söz azadlığı yoxdurmu? Avropa İttifaqı Türkiyəyə verdiyi vədləri tutmur. Buna görə Avropa öz mövqeyini dəyişməlidir”.
Samir