ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinnin Rusiya ilə daha bir gizli əlaqəsi üzə çıxıb. “Wall Street Journal”ın etibarlı mənbəyə istinadən yaydığı məlumata görə, Flinn kəşfiyyat tarixini öyrənən rusiyalı tələbə qızla ünsiyyətdə olub və bu barədə heç kimə məlumat verməyib.
M.Flinn Rusiya və Böyük Britaniya vətəndaşlığı daşıyan tələbə qızla söhbət etməsi barədə Pentaqonu məlumatlandırmayıb. Məlumata görə, həmin görüş 2014-cü ilin fevralında Böyük Britaniyada keçirilib. M.Flinn həmin vaxt ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini daşıyırmış. Qəzetin informasiyasına görə, söhbət kəşfiyyat üzrə Kembric seminarından gedir. Bildirilir ki, Flinn Svetlana Loxova adlı qızla ünsiyyətdə olub. S.Loxova həmin vaxt tələbə olub və Rusiya kəşfiyyatının tarixini araşdırırmış.
Qeyd edək ki, M.Flinn bu il fevralın ortalarınadək ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olub. O, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla əlaqələrinin üzə çıxmasından sonra qalmaqalın hədəfi olub. “The Washington Post”un ilk gündən yazdığına görə, Flinn Trampın inauqurasiyasınadək mütəmadi olaraq Kislyakla Rusiyaya qarşı sanksiyalar məsələsini müzakirə edib.
M.Flinn özü isə Kislyakla sanksiyalar məsələsində söhbət etdiyini təkzib edib. Az sonra o, səfirlə söhbət zamanı sanksiyalar məsələsini müzakirə edib-etmədiyini 100 faiz əminliklə deyə bilməyəcəyini vurğulayıb. M.Flinn bu qalmaqalın fonunda fevralın 14-də istefa verib.
Səxavət