31 Mart 2017 20:38
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın yeni prezidenti, nəhayət ki, aparacağı xarici siyasətlə bağlı müəyyən fikirlər səsləndirib. O, “ABC” və “FoxNews” telekanallarına verdiyi müsahibədə konkret olaraq Suriya, Meksika, Rusiya və Avropa istiqamətlərində həyata keçirmək istədiyi xəttin müəyyən məqamlarına toxunub. Ekspertlər vurğulayırlar ki, ABŞ-ın yeni dövlət başçısı kifayət qədər sərt və bir qədər də radikal siyasi xəttə üstünlük verir. O, Meksika ilə sərhəddə divar hörülməsində israrlıdır. Suriya məsələsində “İŞİD-in canını almaq” arzusundadır və təhlükəsizlik zonası yaratmağı düşünür. Avropanın miqrantların ayağı altında qalmasını “fəlakət” adlandırır. Rusiya məsələsində isə Kremllə anlaşmağa meyilli olduğunu ifadə edir. Ancaq bütün bunları deyərkən D.Trampın öncə Amerikanı düşündüyü də açıq hiss olunur. Məsələn, Yaxın Şərqdən danışanda, ABŞ-da problemlərin onsuz da çox olduğunu qeyd edir.

İraq səhvi: nəticə çıxarılırmı?

Amerikanın yeni prezidenti Donald Tramp televiziyaya ilk müsahibəsini verib. O, “ABC” kanalının əməkdaşı Devid Mura həyata keçirmək fikrində olduğu bir neçə plan barədə danışıb. Eyni zamanda, D.Tramp Vaşinqtonun son illər yeritdiyi xarici siyasətə, ölkənin düşdüyü vəziyyətə toxunub. ABŞ-ın dövlət başçısı dünyanın maraqla gözlədiyi Suriya məsələsinə Ağ evin münasibətindən də danışıb (bax: ABC News anchor David Muir interviews President Trump / "abcnews.go.com", 25 yanvar 2017).

D.Tramp Yaxın Şərqdə geosiyasi mənzərənin kifayət qədər mürəkkəb olduğunu etiraf edib. O, obrazlı şəkildə “dünyada zatən böyük hirs var və bizim atacağımız addımlar bunu dəyişdirməyəcək” kimi cümlələr işlədib (bax: əvvəlki mənbəyə). Ekspertlər bu kimi fikirləri ABŞ-ın dövlət başçısının ifadə etməsini pis əlamət hesab edirlər. Çünki əslində, Yaxın Şərq də daxil olmaqla əksər regionlarda indi müşahidə olunan “hirs və nifrətin” yaranmasında böyük dövlətlərin rolu az olmayıb. İlk növbədə Vaşinqtonun dünyaya ağalıq iddiasından qaynaqlanan kifayət qədər müdaxilə faktları vardır.

Bunların bir qismini D.Tramp verdiyi müsahibədə etiraf edir. Onun sözlərinə görə, ümumiyyətlə, İraqa hərbi müdaxilə yanlış addım idi. Amerika indiyə qədər Yaxın Şərqə 6 trilyon ABŞ dolları xərcləyib, lakin konkret bir nəticə yoxdur. Bundan başqa, Barak Obamanın prezidentliyi dövründə növbəti səhv buraxılıb. D.Tramp İraqdan çəkilərkən neftə nəzarəti saxlamaq lazım olduğunu deyib. Ancaq Vaşinqton bunu etmədi və meydana İŞİD çıxdı. Bu terror təşkilatı məhz neftdən əldə etdiyi gəlirlər hesabına indi dünyaya meydan oxuyur (bax: əvvəlki mənbəyə).

Deməli, D.Tramp açıq etiraf edir ki, hazırda Yaxın Şərqdə müşahidə edilən ixtilafların kökündə Amerikanın xarici siyasətinin qüsurları dayanır. Birincisi, həmin region dövlətlərinin daxili işlərinə hərbi müdaxiləyə yol vermək olmazdı. İkincisi, oradan hərbi qüvvələri çəkməklə faktiki olaraq ölkələri müdafiəsiz qoyurlar. Bunun da əsas səbəbi odur ki, Qərb müsəlman dövlətlərinin güclü hərbi strukturunun yaranmasına mane olur ki, bu da təhlükəsizlik sahəsində problemlər yaradır. Eynilə, ABŞ İraq ordusunu dağıtdı, hakimiyyəti zəiflətdi və özü təhlükəsizliyi təmin edə bilmədi. Nəticədə, radikal qruplar yaranmış situasiyadan istifadə etməkdədirlər. Bunlar onu sübut edir ki, dolayı da olsa, Vaşinqton Yaxın Şərqdəki münaqişələrin yaranmasında Qərbin oynadığı həlledici rolu etiraf edir.

Lakin bu anlama ola-ola, D.Tramp əvvəlki prezidentlərin səhvlərini təkrar edir. Belə ki, o, Suriyada təhlükəsizlik zonaları yaracağını kəskin dillə deyir, sanki Suriyanın ağası odur. ABŞ-ın yeni prezidenti deyib: “Suriyada xalq üçün qəti surətdə təhlükəsizlik zonaları yaradacağam. Məncə, Avropa milyonlarla insanın Almaniya və digər ölkələrə axmasına izn verməklə böyük bir xata etdi. İndi orada baş verənlər tam bir fəlakətdir” (bax: əvvəlki mənbəyə). Bununla Tramp nəticəni səbəb kimi göstərməyə çalışır.

Günahkar axtarışı, yaxud vəziyyətdən çıxış yolu: mövqe qeyri-müəyyənliyi

Proseslər Suriyanın daxili işlərinə kobudcasına müdaxilə ilə başlayıb. Milyonlarla insanlar bu səbəbdən yurdlarını tərk ediblər. Məhz buna imkan vermək olmazdı. Avropaya gəldikdə isə miqrantları humanizm xatirinə qəbul etməlidirlər, onlar həm də baş verənlərə görə müəyyən dərəcədə məsuliyyət daşıyırlar. Belə bir vəziyyətdə Türkiyə çoxdandır ki, təhlükəsizlik zonası yaratmaqdan danışır. Ancaq böyük dövlətlər onu qəbul etmək istəmirdilər. Bunun yeganə səbəbi isə ondan ibarətdir ki, ABŞ, Avropa və Rusiya yalnız öz maraqlarına uyğun “təhlükəsizlik” arzulayırlar. İndi D.Trampın Suriyada “qəti təhlükəsizlik zonası” yaratmaqdan danışması elə də səmimi təsir bağışlamır. Lakin bu da irəliyə doğru bir addımdır. Əgər Vaşinqton həqiqi mənada təhlükəsizlik zonaları yaratsa, suriyalıların evlərinə qayıtma şansları artmış olar.

Rusiyalı analitiklər Amerika prezidentinin bu təklifinə birmənalı yanaşmırlar. Onların sırasında D.Trampın Rusiyanı Suriyadan sıxışdırmaq niyyətinin olduğunu iddia edənlər də var. Onlar hesab edirlər ki, ABŞ uçuşa qadağa qoyulan ərazilər elan etməklə rus qırıcıları və Bəşər Əsəd təyyarələrini oralardan vurub çıxara bilər ki, bu da Rusiyanın Suriyadakı aparıcı roluna uyğun gəlmir. Rəsmi Moskva da ABŞ prezidentinin təklifi üzərində düşünməyin lazım olduğunu bildirib. Dmitri Peskov deyib ki, Amerika təhlükəsizlik zonaları yaratmağın verə biləcəyi nəticələri də nəzərə almalıdır və bu qərarı o, bizimlə razılaşdırmayıb (bax: Trump'a Türkiye ve Rusya'dan 'Suriye'de güvenli bölge' yanıtı / "Habertürk", 26 yanvar 2017).

Bunlar onu ifadə edir ki, Kreml Vaşinqtonun dediklərini avtomatik qəbul etmək fikrində olmayıb, özünün maraqlarının nəzərə alınmasında israrlıdır. Ayrıca, Moskva özünü Suriyada vəziyyətə hakim hesab edir. Bu səbəbdən D.Trampın sözləri hələ konkret işə keçmək əlaməti sayıla bilinməz. Ekspertlərə görə, Suriya ətrafında belə bir situasiyanın yaranması Yaxın Şərqdə ABŞ-Rusiya qarşıdurmasının hələ davam edəcəyi anlamına gəlir. İndi real vəziyyət tərəflərin konkret hansı addımlar atacağından xeyli dərəcədə asılı olacaq. Burada ABŞ-İslam ölkələri münasibətlərinin necə olacağı da ciddi əhəmiyyət kəsb edir.

Məsələ ondan ibarətdir ki, D.Tramp telemüsahibəsində Meksika ilə sərhəddə divar hörülməsini və müsəlmanlarla miqrasiya aspektlərində çox sərt danışmaq lazım gəldiyini bildirib. O, “Meksika bütün xərcləri ödəyəcək” kimi cümlə işlədib (bax: Trump: Suriye'de kesinlikle güvenli bölgeler oluşturacağım / "Habertürk", 26 yanvar 2017).

Amerikanın yeni prezidenti bir az da qabağa gedərək, ifadə edib ki, əgər Meksika bunu etməsə, prezident Enrike Nyetonun Vaşinqtona səfərini ləğv edə bilər. Cavabında Meksikanın dövlət başçısı “ABŞ-a getmirəm” mesajını verib. Ekspertlər bu dialoqu Trampın xarici siyasəti baxımından müsbət qiymətləndirmirlər. Belə güman edilir ki, D.Tramp çevik və incə olmayan hərəkətləri ilə münasibətləri gərginləşdirə bilər.

Eyni fikir Amerikanın dövlət başçısının müsəlman ölkələri haqqında dediklərindən yaranır. O, bir sıra ölkələrin vətəndaşlarına ABŞ-a getmək üçün ağır şərtlər qoyulmasının tərəfdarı olduğunu deyib. İslam ölkələrinin buna münasibətinin pis ola biləcəyinə isə prezident onsuz da vəziyyətin yaxşı olmadığını deyib. Bununla aydın olur ki, Vaşinqton mümkün problemləri nəzərə alaraq hərəkət edir. Bu da bütövlükdə situasiyanın gərginliyindən və mürəkkəbliyindən xəbər verir.

Amerikanın dövlət başçısının yuxarıda vurğulanan fikirləri beynəlxalq miqyasda həssas proseslərin meydana çıxa biləcəyini göstərir. Vaşinqtonun Yaxın Şərqdə daha sərt mövqe tutması ehtimal olunur. Orada Qərbin Rusiya ilə münasibətlərində yeni ziddiyyətlər özünü göstərə bilər.

Hərçənd, son günlər KİV D.Trampın İŞİD-ə qarşı Rusiya ilə birgə hərəkət etməyə hazır olması barədə informasiyalar yayır. Bu barədə ABŞ prezidenti “Fox News”a verdiyi müsahibədə vurğulayıb, D.Tramp deyib ki, biz Rusiya ilə birlikdə “İŞİD-in canını ala bilərik” (bax: Trump defends order for visa crackdown, refugee halt: 'We can't take chances' / "foxnews.com", 27 yanvar 2017). Buna baxmayaraq, dünyanın iki böyük dövlətinin konkret olaraq hansı punktlarda razılaşa biləcəkləri aydın deyil.


Müəllif:

Oxşar xəbərlər